Məhkəmə qərarları › İş №e-2-1(112)-7185/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7185/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7185/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük orqanının məktub əsasında gömrük borcunun tələb edilməsindən ibarət hərəkətlərinin mübahisələndirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük orqanının məktub əsasında gömrük borcunun tələb edilməsindən ibarət hərəkətlərinin mübahisələndirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə (bundan sonra mətndə Bakı Baş Gömrük İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə 6330,90 manat gömrük borcunun hesablanması ilə bağlı cavabdeh inzibati orqanın faktiki hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən hesablanmış həmin 6330,90 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, iddiaçının "xxxx" ASC və "xxxx" ASC-də olan hesablarının dondurulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının "xxxx" və "xxxx"da ayrı-ayrlıqda 6330,90 manat olmaqla, cəmi 12661,8 manat pul vəsaitlərinin dondurulması nəticəsində həmin məbləğin 3 misli qədəri iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 37985,40 (otuz yeddi min doqquz yüz səksən beş manat, qırx qəpik) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin dekabr ayında İddiaçı MMC-yə məlum olmuşdur ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-33-1100/2-010960/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-33-110/2-010959 saylı məktubları əsasında iddiaçının "xxxx" ASC və "xxxx" ASC-də olan hesabları dondurulmuş və hər iki hesabda olan 6330,90 manat, cəmi 12661,8 manat pul vəsaitlərinin üzərinə həbs (məhdudiyyət) qoyulmuşdur. Qeyd olunan hesblara hansı əsasla həbsin qoyulmasının araşdırılması, o cümlədən qoyulmuş həbsin götürülməsi ilə bağlı iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət olunmuş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-33/2-001268/2024 saylı məktubla cavab verilərək bildirilmişdir: “Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249-cu maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Eyni zamanda, yaranmış gömrük borcunun ödənilməsinin təmin edilməsinə dair Bakı Baş Gömrük İdarəsi tərəfindən 21 avqust 2023-cü il tarixli, 3- 33-1100/2-008141/2023 nömrəli məktubu və ona əlavə olunmuş bildiriş 21 avqust 2023cü il tarixdə cəmiyyətin rəsmi nümayəndəsi olan X4 təhvil verilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış gömrük borcunun müəssisə tərəfindən qısa müddət ərzində ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur”. Cavabdeh inzibati orqanın müraciətlərinə verdiyi cavabla razı deyillər və hesab edirlər ki, cavabdeh inzibati orqan tərəfindən gömrük borcunun hesablanmasına dair hərəkətlər qanunsuz və əsassız olmuşdur. Ona görə də iddiaçıya borcun hesablanması və iş üzrə 3-cü şəxs olan banklarda iddiaçının hesablarının dondurulması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməli, həmin borc məbləği silinməklə iddiaçının "xxxx" ASC-də Bank və "xxxx" ASC-də olan hesablarına qoyulmuş məhdudiyyət ləğv edilməlidir. Belə ki, iddiaçı tərəfindən 2018-ci ildə həyata keçirilmiş idxal əməliyyatı ilə bağlı **********1662 saylı, **********2421, **********9988, **********9954, **********9805, **********9834, **********9909, **********0132 saylı 8 (səkkiz) bəyannamə üzrə bəyan edilmiş mallar müvəqqəti gömrük saxlancına yerləşdirilmiş və həmin ildə də qeyd olunan bəyannamələr üzrə hesablanmış gömrük ödənişlərinin ödənilməsi iddiaçı tərəfindən tam şəkildə həyata keçirilmiş, yüklərin buraxılışı təmin olunmuş və hər hansı bir əlavə dəbbə pulunun ödənilməsinin zəruriliyi barədə iddiaçıya məlumat verilməmişdir. Bundan başqa keçən müddət ərzində də həmin bəyannamələr üzrə gömrük borcunun (dəbbə pulunun) ödənilməli olması barədə qanunla nəzərədə tutulmuş qaydada cavabdeh inzibati orqan tərəfindən iddiaçıya hər hansı rəsmi məlumat verilməmiş, inzibati orqan tərəfindən araşadırma aparılması barədə iddiaçıya məlumat verilməmiş, yaxud iddiaçı Cəmiyyətin səlahiyyətli şəxsi ilə söhbət aparılmamışdır. Yalnız 21 avqust 2023-cü il tarixli məktub iddiaçı Cəmiyyətin əməkdaşına təqdim edilərək, gömrük borcunun olması və ödənilməsi bildirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 2018-ci ildə həyata keçirilmiş idxal əməliyyatı ilə bağlı yuxarıda sadaladıqları 8 (səkkiz) bəyannamə üzrə gömrük borcunun olmasına dair 3 (üç) ildən sonra cavabdeh inzibati orqan tərəfindən 21 avqust 2023-cü il tarixli, 3-33-1100/2-008141/2023 nömrəli məktubun iddiaçıya verilməsi gömrük qanunvericliyinin tələblərinə zidd olmuşdur. İddiaçının cavabdeh inzibati orqana ünvanladığı məktubdan aylar sonra cavabdeh inzibati orqan gömrük borcları üzrə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin qanunla nəzərədə tutulan müddəti (üç il) keçdikdən sonra, o cümlədən gömrük orqanlarında daxili statusa malik olan və heç bir hüquqi statusu olmayan metodiki sənədə, yəni Komitə sədrinin 1000/234 saylı xx.xx.2020-ci il tarixli sərəncamına əsaslanıb iddiaçıya məxsus olan 2 ayrıayrı bank hesablarının dondurulması barədə müvəkkil banklara müraciət etmiş və qeyd olunan Banklar tərəfindən iddiaçının hesabları dondurulmuşdur. Hətta bundan sonra iddiaçı tərəfindən "xxxx" ASC və "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli məktub ünvanlaraq iddiaçının hesablarına qoyulmuş məhdudiyyətin aradan qaldırılması xahiş edilmişdir. Lakin buna baxmayaraq hesabların dondurulması hələ də davam etməkdədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-33- 1100/2-001906/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X6 Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən cavabdehin gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin, gömrük yığımlarının hesablanması və ödənişinin düzgünlüyü yoxlanılmış, aparılmış yoxlama zamanı məlum olmuşdur ki, "DAMBA MMC- nin adına 2018-ci ildə idxal olunan və müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.3-cü maddəsinin tələblərinə əsasən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmişdir. Nəticədə həmin malların sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilməsi məqsədilə tərtib edilmiş **********1662, **********2421, **********9988, **********9954, **********9805, **********9834, **********9909 və **********0132 sorğu nömrəli gömrük bəyannamələri müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatdıqdan sonra təqdim edildiyinə görə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinin tələblərinə müvafiq olaraq, ümumilikdə 9871.69 AZN məbləğində dəbbə pulu yaranmışdır. Dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərindən yayınma halı baş vermişdir. Odur ki, yoxlamanın nəticələrinin aradan qaldırılması məqsədilə, qeyd edilən gömrük bəyannamələr üzrə 9871,69 AZN məbləğində dəbbə pulunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3- 33-1100/2-008141/2023 nömrəli bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin tələblərinə əsasən İddiaçı MMC Firmasının bank hesablarının dondurulması məqsədilə müvəkkil banklara icra sənədi kimi “Sərəncam” məktubu göndərilmişdir. Gömrük borcu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X6 Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən qeyd edilən xidmət tərəfindən hesablandığından cavabdehin hesablama ilə bağlı hər hansı bir qərarı yoxdur. Hesab edirlər ki, həmin dəbbə pulu əsaslı hesablanmışdır və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərinə əsasən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3 və 2.2.4-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. İddiaçı qanunla ona verilmiş bu hüquqlarından istifadə edərək, hazırki tələb üzrə əvvəlcə inzibati orqana müraciət etmiş, daha sonra isə məhkəmədə iddia qaldırdırmışdır. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən faktiki hallarından müəyyən olunmuşdur ki; İddiaçı MMC- nin adına 2018-ci ildə idxal olunan və müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.3-cü maddəsinin tələblərinə əsasən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmişdir. Nəticədə həmin malların sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilməsi məqsədilə tərtib edilmiş **********1662, **********2421, **********9988, **********9954, **********9805, **********9834, **********9909 və **********0132 sorğu nömrəli gömrük bəyannamələri müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatdıqdan sonra təqdim edilməsi əsası ilə cavabdeh orqan tərəfindən iddiaçıya Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinin tələblərinə əsasən ümumilikdə 9871.69 AZN məbləğində dəbbə pulu hesablanmışdır. Qeyd edilən gömrük bəyannamələr üzrə 9871,69 AZN məbləğində dəbbə pulunun dövlət büdcəsinə ödənilməsi barədə cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 3- 33-1100/2-008141/2023 nömrəli bildiriş və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin tələblərinə əsasən İddiaçı MMC-nin bank hesablarının dondurulması məqsədilə müvəkkil banklara ("xxxx" ASC və "xxxx" ASC) icra sənədi kimi xx.xx.2023-cü il tarixli məktublarla 6330,90 manat məbləğinin dondurulması üçün müvafiq olaraq 07 dekabr 2023-cü il tarixli 1-4 və 1-8 №li “Dondurulmalı Sərəncam”lar göndərilmişdir. Gömrük borcu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X6 Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən qeyd edilən xidmət tərəfindən hesablandığından, cavabdehin hesablama ilə bağlı hər hansı bir qərarı mövcud deyil. İddiaçının müraciətinə cavab olaraq Bakı Baş Gömrük İdarəsi tərəfindən ona ünvanlanmış 30 dekabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin tələblərinə əsasən İddiaçı NNC firmasının bank hesablarının dondurulması məqsədilə müvəkkil banklara icra sənədi kimi “Sərəncam” ünvanlanmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli, № 3-23-3/2- 203/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 10 oktyabr 2022-ci il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X6 Xidmətinin 13 oktyabr 2022-ci il tarixli N-120 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının və ödənişinin düzgünlüyü yoxlanılmışdır. Bakı Baş Gömrük İdarəsində 23 aprel 2018-ci il tarixindən 01 avqust 2022ci il tarixə kimi olan dövrdə Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin vaxtında ödəmədiyi gömrük borclarına görə hesablanmalı olan dəbbə pulunun hesablanmaması halları aşkar edilmişdir. Yoxlama komissiyasının üzvləri tərəfindən Bakı Baş Gömrük İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin iştirakı ilə qeyd olunan nöqsanlar sənədləşdirilmiş, yoxlamanın nəticəsi Respublika Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə göndərilmiş, bir nüsxəsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmişdir. Göstərilənləri, habelə gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının yoxlanılmasının Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş sənəd və məlumatlar üzrə aparıldığının və həmin sənədlərin X6 Xidmətində olmadığının nəzərə alınmasını xahiş edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir (maddə 1.0.11). Mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifəsidir (maddə 8.0.6). Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqlara malikdirlər (maddə 9.0.3). Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir (madə 40.2) Bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər (maddə 82.1). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz (maddə 82.2). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir (maddə 82.3). Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır (maddə 104.1). Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır (maddə 104.2). Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz (maddə 105.1). Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir (maddə 105.2). Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir (maddə 146.1). Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir (maddə 146.2). Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır (maddə 152.3). Gömrük borcu malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir (madə 237.1.). Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır (maddə 238.2.). Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir(maddə 238.3.). İdxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır (maddə 239.1.): 239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.3. xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda. 239.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt aşağıdakılardan biri hesab olunur: 239.2.1. gömrük borcunun yaranmasına səbəb olan öhdəliyə əməl edilmədiyi, yaxud əməl edilməsinin dayandırıldığı vaxt; 239.2.2. malların müvafiq gömrük proseduru altına yerləşdirilməsi, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə faktiki əməl edilməməsi aşkar olunduğu halda, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün verilən gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt. 239.3. Bu Məcəllənin 239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər: 239.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs; 239.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş və ya bu öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxaran hərəkətlərdə iştirak etmiş şəxs (həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda); 239.3.3. malları əldə edərkən, yaxud saxlamaq üçün qəbul edərkən, onlarla bağlı öhdəliklərin yerinə yetirilmədiyini bilən, yaxud bilməli olan şəxs. 239.4. Bu Məcəllənin 239.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsinin tərtibi, yaxud malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatlardan istifadə nəticəsində idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azadolma baş verdikdə, gömrük bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi və ya bilməli olduğu halda, borclu hesab olunur. ... 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. .... 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia iddiaçının "xxxx" ASC və "xxxx" ASC-də olan hesablarının dondurulması ilə bağlı cavadeh orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının hazırki iddia tələbi dörd hissədən ibarətdir:

1. Cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə 6330,90 manat gömrük borcunun hesablanması ilə bağlı cavabdeh inzibati orqanın faktiki hərəkətlərinin qanunsuz hesab edilməsi;

2. Cavabdeh tərəfindən hesablanmış həmin 6330,90 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması;

3. İddiaçının "xxxx" ASC və "xxxx" ASC-də olan hesablarının dondurulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi;

4. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının "xxxx" ASC və "xxxx" ASC-də ayrı-ayrlıqda 6330,90 manat olmaqla, cəmi 12661,8 manat pul vəsaitlərinin dondurulması nəticəsində həmin məbləğin 3 misli qədəri iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 37985,40 (otuz yeddi min doqquz yüz səksən beş manat, qırx qəpik) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “İddiaçınə 6330,90 manat gömrük borcunun hesablanması ilə bağlı cavabdeh inzibati orqanın faktiki hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən hesablanmış həmin 6330,90 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ayrı-ayrlıqda 6330,90 manat olmaqla, cəmi 12661,8 manat pul vəsaitlərinin dondurulması nəticəsində həmin məbləğin 3 misli qədəri iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 37985,40 (otuz yeddi min doqquz yüz səksən beş manat, qırx qəpik) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissələrində iddia tələbi mümkün sayılmamışdır. Mübahisə üzrə ilkin müəyyənləşdirilməli olan hal, gömrük orqanları tərəfindən gömrük borcunun müəyyənləşdirilməsinin qanuni əsasları ilə bağlıdır. Buna görə, gömrük orqanları hər hansı gömrük borcunu mütləq bu barədə başlanılmış inzibati icraatın aparılması və müvafiq inzibati aktın (qərarın) qəbul etməsi nəticəsində müəyyən etməlidirlər. Bu, dövlət orqanlarının fəaliyyətində qanunçuluq prinsipinin rəhbər tutulmalı olduğundan irəli gəlir. Sözügedən prinsipə əsasən şəxslərin barəsində onların özünün bəyan etmədiyi əlavə gömrük öhdəliyi müəyyən edən qərarlar səlahiyyətli orqanlar tərəfindən qəbul edilməli, eləcə də həmin orqanlar qeyd edilən qərarları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada apardıqları icraatın nəticəsində çıxardıqları ayrıca inzibati aktla rəsmiləşdirməlidirlər. Bu kontekstdə, Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Qərardadında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutula bilər. Belə ki, məhkəmə təcrübəsi müəyyən edən qərardadda əks olunmuş hüquqi mövqeyə əsasən, vergi orqanları tərəfindən vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün ayrıca müstəqil inzibati aktların qəbul edilməsi tələb olunur, belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər. Bu qərardadda əks olunmuş mövqe analoji olaraq gömrük münasibətlərinə də tətbiq oluna bilər. Müvafiq olaraq hər iki münasibəti tənzimləyən qanunvericilik normaları mahiyyət etibarilə oxşar tələbləri müəyyən edir, hər iki halda inzibati orqanlar tərəfindən iddiaçının üzərinə sözügedən öhdəliklərin qoyulması zamanı müəyyən inzibati icraat çərçivəsində inzibati aktın qəbul olunması tələbi müəyyən olunmuşdur. Lakin hazırki iş üzrə cavabdeh orqanın lazımi qaydada icraat aparmaqla müvafiq öhdəlik müəyyən edən qərar qəbul etməsi faktı müəyyən olunmur. Cavabdeh tərəfindən iddiaçının müəyyən məbləğdə gömrük borcunun olması bildirilsə də, nəzərə almaq lazımdır ki, gömrük qanunvericiliyinə əsasən, gömrük borcunun ödənilməsinə dair bildiriş özlüyündə mövcud borcun ödənilməsinin təmin edilməsi üsuludur. Başqa sözlə, bu növ bildiriş borc məbləğini müəyyən edən inzibati akt kimi deyil, şəxsin mövcud gömrük borcunu ödəməsi üçün ona verilən bir xəbərdarlıq qismində çıxış edir. Bu konteksdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Nəzərə alınmalıdır ki, cavabdehin məktubu “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmədiyindən inzibati akt kimi qiymətləndirilə bilməz. Cavabdehin məktubunda iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraatın başlanılması və keçirilməsi əksini tapmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Gömrük Məcəlləsinin 48-ci maddəsinin tələb etdiyi qaydada mübahisə ilə bağlı gömrük orqanı tərəfindən iddiaçı müəssisə barəsində hər hansı yoxlama keçirilməsi, gömrük məsuliyyətinə cəlb olunmasına dair qərar qəbul edilməsi barədə məhkəməyə dəlil təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati icraatın aparılması təmin edilmədiyindən, eləcə də gömrük borcunun mövcudluğunu müəyyən edən ayrıca inzibati akt (qərar) qəbul olunmadığından iddiaçıya münasibətdə qanunla müəyyənləşdirilmiş qaydada yaranmış gömrük borcunun mövcudluğundan söz edilə bilməz. Bununla belə, hazırkı iş xüsusi hallara da malikdir. Belə ki, iddiaçıya münasibətdə cavabdeh konkret olaraq gömrük öhdəliyini müəyyən edən inzibati akt varmışcasına davranmış, buna uyğun olaraq iddiaçıdan gömrük borcunun ödənilməsini tələb etmiş və həmin borcun tutulması üçün iddiaçının bank hesablarına “Dondurulmalı sərəncam”lar göndərmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmənin hazırki iş üzrə gəlmiş olduğu mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1746/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında da nümayiş olunmuşdur. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1746/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, hazırkı iddia mümkün sayılmasa da, məhkəmənin mübahisənin mahiyyəti üzrə gəldiyi nəticə qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş bir inzibati akta (hüquqi əsasa) əsaslanmadığı üçün bildirişlə tələb olunan gömrük borcunun əslində mövcud olmadığına dairdir. Məhkəmənin sözügedən nəticəsi mübahisə üzrə tərəflərin sonrakı hərəkətlərini də müəyyən edir. Bu mənada, cavabdeh inzibati orqandan gözlənilən davranış qaydası ondan ibarətdir ki, o, inzibati praktikasında iddiaçıya münasibətdə sözügedən borcun tələb edilməsinə yönəlmiş hərəkətləri dayandırmalı, şəxsi hesab vərəqəsində və digər sənədlərdə lazımi düzəlişlər etməlidir. Belə ki, məhkəmə qərarlarının hüquqi nəticəsi inzibati orqanların praktikalarının dəyişdirilməsini də tələb edir. İnzibati orqanlar inzibati icraatın aparılmasına və həmin icraatda maddi hüquq normalarının tətbiqinə dair özlərinin inzibati praktikalarını məhkəmə təcrübəsini nəzərə almaqla formalaşdırmalı, eləcə də ehtiyac yarandıqda praktikanı həmin təcrübəyə uyğun dəyişməlidirlər. Beləliklə, hazırki qərardadda göstərilmiş hüquqi mövqeləri nəzərə almaqla cavabdeh mübahisələndirilən borca münasibətdə özünün yeni davranışı müəyyən etməlidir. Bu qaydada davranmadıqda isə iddiaçı həm tələb olunan borcun qanunsuzluğunun tanınması, cavabdehin idarəçiliyində olan sənədlərdə və sistem məlumatlarında sözügeden borcun göstərilməsinin və onun alınmasına yönəlmiş hərəkətlərin edilməsinin qadağan olunması, eləcə də vurulmuş zərərin əvəzinin ödənilməsi predmetli iddia qaldıra bilər.” İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 6330,90 (altı min üç yüz otuz manat 90 qəpik) manat məbləğində gömrük ödənişlərinin büdcə hesabına mədaxil edilməsi məqsədilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində və "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesablarının dondurulması ilə bağlı hərəkətləri (“Dondurulmalı sərəncam”ların qoyulması) qanunsuz hesab edilməklə, sərəncamların qoyulması qadağan olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar