Məhkəmə qərarları › İş №e-2-1(112)-7194/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7194/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7194/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (bundan sonra mətndə X2 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 2020-ci il üzrə gəlirlər vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 noyar 2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi onun (bundan sonra - iddiaçı) qeydiyyatda olduğu cavabdeh vergi orqanı 2020-ci il üzrə analoji qaydada kameral vergi yoxlaması keçirmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 noyabr 2022-ci il tarixli qərar qəbul edərək, iddiaçıya 54032,23 manat məbləğində gəlir vergisi hesablamışdır. Qeyd edilən qərardan inzibati qaydada şikayət vermiş və 14 fevral 2023-cü il tarixli **********979600 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarla inzibati şikayət təmin edilməmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********987700 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh vergi orqanı tərəfindən hesablamaya əsas kimi uyğunsuzluq məktubunda aşağıdakılar göstərilmişdir: “Qarşılıqlı mübadilə çərçivəsində daxil olmuş məlumata əsasən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırılması nəticəsində vergi ödəicisinin əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Belə ki, 2020-ci il ərzində vergi ödəyicisinin səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəliri 385944,52 manat təşkil edildiyi və əldə edilmiş gəlirin bəyannamə təqdim edilməklə həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilməməsi vergidən yayınma halı kimi qiymətləndirilir”. Cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirərkən kobud prosessual və maddi hüquq normaların pozulmasına yol vermiş, iş üzrə bütün faktiki halları araşdırmamış, iddiaçı üçün əlverişli olan bütün halları aydınlaşdırmamış və nəticə etibarı ilə əsassız və qanunsuz qərar qəbul etmişdir. İddiaçı barəsində aparılan kameral vergi yoxlaması və onun nəticəsində qəbul edilmiş 16 noyabr 2022-ci il tarixli qərar 1 yanvar 2023-cü il tarixdən əvvəlki dövrə aid edildiyindən həmin kameral vergi yoxlamasının keçirilməsi üçün müddət kimi Vergi Məcəlləsinin 37.2-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 30 iş günü tətbiq edilməlidir. Cavabdeh vergi orqanı isə vergi ödəyicisini 2022-ci ilin iyul-avqust aylarında xaricdən daxil olmuş məlumat əsasında gəlirlərin əldə edilməsi ilə bağlı dəvət etmiş və xaricdən əldə olunan gəlirlərin araşdırılmasını aparmış, lakin buna baxmayaraq kameral vergi yoxlamasını məlumat daxil olduğu tarixdən 30 iş günü müddəti başa çatdıqdan sonra keçirərək müvafiq qərar qəbul etmiş, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktubundan da görünür ki, iddiaçı xarici ökədə şirkətlərin səhmlərin satışı ilə məşğul olmuşdur. “Azərbaycan Respublikası Hökuməti və X3 arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın 13-cü maddəsinin 4-cü bəndində təsbit edilmişdir ki, Razılığa gələn Dövlətin rezidentinin aktivləri əsasən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolayısı ilə ibarət olan şirkətin səhmdar kapitalının səhmlərinin və ya digər korporativ hüquqlarının özgəninkiləşdirilməsindən əldə etdiyi gəlirlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər. Göründüyü kimi, ikiqat vergitutmanın aradan qaldırılması haqında Sazişin müddəalarına görə də, əgər vergi ödəyicisi şirkətin səhmlərin və digər korporativ hüquqların özgəninkiləşdirilməsindən məşğul olmuşdursa, bu halda da həmin xarici dövlətdə vergiyə cəlb edilməlidir. İddiaçıdan 2020-ci il ərzində səhmlərin satışından məşğul olduğu zamanı ümumilikdə 29130,49 dolar (49521,83 AZN) məbləğində vergi və digər ödənişər tutulmuşdur. Qeyd edilən halı iddiaçının müraciəti əsasında hesabı olduğu bankdan əldə etdiyi məktub təsdiq edir. Cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirərkən qeyd olunan halları nəzərə almamışdır. Cavabdeh vergi orqanı 2020-ci il əzində vergi ödəyicisinin səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəliri 385944,52 manat təşkil edildiyi qənaətinə gələrək, həmin gəliri 14%-ə vurmaqla 54032,23 manat vergilər hesablamışdır. Vergi orqanı araşdırma apararkən vergi ödəyicisi tərəfindən xarici dövlətdə ödənilən vergilər, digər ödənişlər və bankın daxili komissiya xərclərini belə nəzərə almamışdır. Belə ki, iddiaçı 2020-ci il ərzində 29130,49 dollar (49521,83 AZN) məbləğində vergi və digər ödənişlər və 77484,28 dollar (131723,28 AZN) məbləğində bankın komissiya xərclərini ödəmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş **********103400 №-li, xx.xx.2023cü il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, aparılan araşdırılma zamanı, qarşılıqlı mübadilə çərçivəsində daxil olmuş məlumata əsasən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırması nəticəsində vergi ödəyicisinin əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Belə ki, 2020-ci il ərzində vergi ödəyicisinin səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəliri 385944,52 manat təşkil edildiyi və əldə edilmiş gəlirin bəyannamə təqdim edilməklə həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********037700 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə 54032,23 manat (664705,44 - 278760,92)*20% əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********987700 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən vergi orqanının qərarından xx.xx.2022-ci il tarixli inzibati şikayət verilmiş və vergi orqanının 14 fevral 2023-cü il tarixli **********979600 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Daxil olan məlumatlar əsasında fərdi sahibkarın Azərbaycan Respublikasından kənarda gəlir əldə etdiyi müəyyən edilmiş və fərdi sahibkarla Dövlət Vergi Xidmətinin inzibati binasında görüşlər keçirilmiş və müvafiq izahatlar və təsdiqedici sənədlər əldə edilmişdir. Fərdi sahibkar tərəfindən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırması nəticəsində onun əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Fərdi sahibkar xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (“Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” (DTA-02)) ilə xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etməsinə baxmayaraq, xarici dövlətdə vergilərin ödənilməsini sübut edən sənədlər müraciətə əlavə edilməmişdir. Qeyd olunan sənəd müvafiq dövlət qurumları tərəfindən təqdim olunur. Vergi orqanına ünvanlanmış müraciətdə DTA-02 forması fərdi sahibkar tərəfindən müraciətə əldə edilmiş və müvafiq bank tərəfindən təqdim edilmiş məktubda dövlət rüsumu və yığımlarının fərdi sahibkar tərəfindən ödənilməsi əks olunmasına baxmayaraq, adıçəkilən məktubda vergilərin ödənilməsinə dair heç bir qeyd nəzərdə tutulmamışdır. Eyni zamanda xarici dövlətdə müvafiq vergilərin ödənilməsinə dair sənədlər həmin dövlətlərin buna səlahiyyəti olan müvafiq dövlət qurumları tərəfindən təqdim edilməsinə baxmayaraq, fərdi sahibkar tərəfindən ərizə (DTA-02) ilə müraciət edə zaman qeyd olunan müvafiq sənədləri vergi orqanına təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı da iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Şikayət instansiyasının qərarının 14 fevral 2023-cü il tarixdə qəbul edildiyini, iddiaçının hazırki iddia ərizəsinin isə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etmişdir. İddia mümkündür.

İşin halları.

İş materiallarında olan; X2 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi (VÖEN: **********) İddiaçı ünvanlanmış “Kameral vergi yoxlaması (vergi növü: Gəlir vergisi; vergi dövrü: xx.xx.2020xx.xx.2020-ci illər üzrə) üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktubda İddiaçı bildirilmişdir ki, qarşılıqlı mübadilə çərçivəsində daxil olmuş məlumata əsasən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırması nətiəsində onun əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Belə ki, 2020-ci il ərzində onun səhm satışından ümumi gəlirinin 664705,44 manat və xərclərinin 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəlirinin 385944,52 manat təşkil edildiyi və əldə edilmiş gəlirin bəyannamə təqdim edilməklə həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilməməsi vergidən yayınma halı kimi qiymətləndirilir. Vergi ödəyicisinə kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıda göstərilmiş zəruri olan sənədlərin (məlumatlar) təqdim olunması təklif edilmiş və təqdim olunmadığı halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olması izah olunmuşdur: - Müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri; - Xarici dövlətlərdə əldə edilmiş gəlirlər həmin ölkədə vergiyə cəlb edilibdirsə, bununla bağlı müvafiq sənədlər; - Ətraflı izahat məktubu; - Araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi sənədlər. X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********987700 №-li, xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı kameral qaydada 2020-ci il gəlir vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi və sığorta haqqı kimi 54.032,23 manat vergi hesablanmışdır. Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra mətndə Dövlət Vergi Xidməti) İnzibati şikayətin təmin edilməməsi haqqında **********979600 №-li xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********, AZ 1025, Bakı şəhəri, Xətai rayonu, 4-cü Qaraşəhər küçəsi, ev 9, mənzil 20) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin araşdırılması nəticəsində fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi, X2 Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********987700 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır: İddiaçı məxsus şəxsi hesab vərəqəsinin surətindən müəyyən olunur ki, sonuncunun xx.xx.2023-cü il tarixə cəmi ödənilməli borc məbləği 73753,99 manat təşkil edir (hesablanmışdır 54032,23 manat, çap tarixinə faiz borcu 19721,76 manat, əhatə etdiyi dövrün son taixinə saldo - 73753,99 manat, çap tarixinə saldo -73753,99 manat). Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********390800 №li məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı 2020-ci il üzrə hesablanmış vergi məbləği ilə bağlı hesablama cədvəllərində olan məlumatlardan müəyyən olunur ki, İddiaçı ümumi cəmi gəlir məbləğinin – 391003,20 ABŞ dolları, ümumi cəmi zərərin - - 163977,01 ABŞ dolları təşkil etdiyi nəzərə alınmaqla, 227026,19 ABŞ dolları (385944,52 manat) vergiyə cəlb edilən gəlir məbləğinə 14 % - 54032,23 manat məbləğində gəlir vergisi hesablanmışdır. - Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********677200 №li məktubda göstərilmişdir ki, İsveçrə Konfederasiyasının səlahiyyətli orqanlarından 23 sentyabr 2021-ci il tarixində daxil olmuş Azərbaycan Respublikasının rezidentləri olan fiziki və hüquqi şəxslərin 2020-ci hesabat ili ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirdikləri maliyyə əməliyyatları barədə elektron məlumatların təhlili nəticəsində vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) İsveçrə Konfederasiyasında bank hesabının açdığı və həmin bank hesabı üzrə 2841,5 ABŞ dolları məbləğində divident və 8892530,94 ABŞ dolları məbləğində maliyyə aktivlərinin təqdim edilməsindən gəlir əldə etdiyi müəyyən olunmuşdur. Lakin daxil olmuş məlumat yalnız ümumi gəlirləri (xərclər nəzərə alınmadan) əks etdirdiyi və təsdiqedici sənədlər olmadığı üçün, vergi ödəyicisinin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədilə İddiaçı 8 iyul 2022-ci il tarixli **********3636300 nömrəli məktubla Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin nümayəndələri ilə görüşə dəvət edilmişdir. İddiaçı ilə 21 iyul 2022-ci il tarixində Dövlət Vergi Xidmətinin inzibati binasında görüş keçirilmiş, xarici ölkələrdə əldə edilmiş gəlirlər və həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər barədə məlumat və sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Nəticədə, İddiaçı İsveçrə Konfederasiyasında açdığı bank hesabından çıxarış şəxsən vergi ödəyicisi tərəfindən 28 iyul 2022-ci il tarixində Dövlət Vergi Xidmətinin inzibati binasında videoçəkiliş ilə keçirilmiş görüş zamanı təqdim edilməsi təmin edilmişdir. Belə ki, vergi orqanlarının apardığı araşdırma İsveçrə Konfederasiyasının səlahiyyəli orqanlarından 23 sentyabr 2021-ci il tarixində təqdim etdiyi elektron məlumat əsasında deyil, İddiaçı şəxsən təqdim etdiyi sənədlər əsasında həyata keçirilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi sənədlər əsasında aparılmış araşdırmanın nəticəsində İddiaçı 2020-ci il üzrə divident və səhm satışından ümumi gəlirin 664705,44 manat və xərclərinin 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəlirinin 385944,52 manat, Vergi Məcəlləsinin 99.3-cü maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinin xaricdə əldə etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid olduğundan, Məcəllənin 101.2-ci maddəsinin müddəalarına əsasən gəlir vergisinin məbləğinin 54032,23 manat təşkil etdiyi müəyyən edilmişdir.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Vergi Məcəlləsi. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (1 yanvar 2023-cü il tarixədək qüvvədə olan redaksiyada). 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır.

Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların əsaslı olubolmaması Vergi Məcəlləsinin müddəaları əsasında müəyyən edilir. Cavabdehin mübahisəli qərarı 1) inzibati orqan (Bakı şəhəri X2 üzrə Baş İdarəsi) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hüquqi şəxs olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (vergi ödəyicisi olan iddiaçıya əlavə vergi hesablanması) qərar formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan "İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2. inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Göründüyü kimi qanunvericlik vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir və vergi orqanı tərəfindən kameral vergi yoxlaması vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, qarşılıqlı mübadilə çərçivəsində vergi orqanına daxil olmuş məlumata əsasən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırması nətiəsində İddiaçı əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Belə ki, 2020-ci il ərzində onun səhm satışından ümumi gəlirinin 664705,44 manat və xərclərinin 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəlirinin 385944,52 manat təşkil edildiyi və əldə edilmiş gəlirin bəyannamə təqdim edilməklə həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və vergi ödəyicisinə kameral vergi yoxlamasının başa çatdırılması üçün xx.xx.2022-ci il tarixli məktub bildiriş göndərilərək, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələrini, xarici dövlətlərdə əldə edilmiş gəlirlər həmin ölkədə vergiyə cəlb edilibdirsə, bununla bağlı müvafiq sənədləri, ətraflı izahat məktublarını, araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi sənədlərin təqdim olunması təklif edilmişdir. X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********987700 nömrəli “Vergilərin hesablanması barədə” qərarın surətindən müəyyən olunur ki, İddiaçı təqdim etdiyi sənədlər əsasında aparılmış araşdırmanın nəticəsində onun 2020-ci il üzrə divident və səhm satışından ümumi gəlirin 664705,44 manat və xərclərinin 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəlirinin 385944,52 manat, Vergi Məcəlləsinin 99.3-cü maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinin xaricdə əldə etdiyi gəlirlər qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərə aid olduğundan, Məcəllənin 101.2-ci maddəsinin müddəalarına əsasən gəlir vergisinin məbləğinin (14%) 54032,23 manat təşkil etdiyi müəyyən edilmişdir. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar və s.) istifadə etməklə hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə əməl olunmuşdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar maddi-hüquqi baxımdan da əsaslıdır. Belə ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən iddiaçı - fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs”dən ibarət olduğu və uçot-baza məlumatlarına əsasən vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 97.3. Gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir.

101. Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur: 1-ci cədvəl Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği 2500 manatadək 14 faiz 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi 149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: 149.1.4. xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər. Azərbaycan Respublikasının 10 aprel 2007-ci il tarixli 384-İİİQ №li Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Hökuməti və X3 arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın 13-cü maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, razılığa gələn Dövlətin rezidentinin, aktivləri əsasən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolayısı ilə ibarət olan şirkətin səhmdar kapitalının səhmlərinin və ya digər korporativ hüquqlarının özgəninkiləşdirilməsindən əldə etdiyi gəlirlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər. Həmin maddənin 5-ci hissəsində göstəriımişdir ki, 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində qeyd olunanlar istisna edilməklə, istənilən əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər yalnız əmlakı özgəninkiləşdirən şəxsin rezident olduğu Razılığa gələn Dövlətdə vergiyə cəlb edilir. Azərbaycan Respublikasi Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli **********009300 nömrəli Qərarı ilə təsiq olunmuş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) Qaydaları: Bənd 1. Ümumi müddəalar. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları (bundan sonra - Qaydalar) “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin 14-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsi qaydalarını müəyyənləşdirir. Bənd 4. Razılığa gələn digər dövlətdə ödənilmiş və Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmalı olan vergi məbləğinin təsdiq edilməsi. 4.1. Razılığa gələn digər dövlətdə ödənilmiş vergilərin həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 127-ci maddəsinin, həm də beynəlxalq müqavilənin müddəalarına müvafiq qaydada Azərbaycan Respublikasında hesablanan vergidən çıxılması üçün rezident tərəfindən özünün uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (bundan sonra – DTA-02 forması) (Əlavə №3) təqdim edilməlidir. 4.2. DTA-02 formasına xarici dövlətdə əldə edilmiş gəlir və həmin gəlirdən ödənilmiş (tutulmuş) vergilərlə bağlı bütün təsdiqedici sənədlərin (müqavilələr, xarici dövlətdə vergilərin ödənilməsini sübut edən, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) bu Qaydaların 8.9-8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. 4.2-1. Xaricdə ödənilmiş vergilərin nəzərə alınması Vergi Məcəlləsinin, həm də beynəlxalq müqavilənin müddəalarına uyğun hesab edildiyi halda, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №4) üzrə razılıq məktubu tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra elektron formada imzalanaraq, müraciət edən şəxsə göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir. 4.2-2. Bu Qaydaların 4.2-1-ci bəndində qeyd edilən razılıq məktubu rezident fiziki şəxslər tərəfindən gəlir vergisinin bəyannaməsi, rezident hüquqi şəxslər tərəfindən isə mənfəət vergisinin bəyannaməsi ilə birlikdə xaricdə ödənilmiş verginin nəzərə alınması üçün müvafiq vergi orqanına təqdim olunmalıdır. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02) ilə xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etməsinə baxmayaraq, xarici dövlətdə vergilərin ödənilməsini sübut edən sənədlər müraciətə əlavə edilməmişdir. Qeyd olunan sənəd müvafiq dövlət qurumları tərəfindən təqdim olunur. Vergi orqanına ünvanlanmış müraciətdə DTA-02 forması fərdi sahibkar tərəfindən müraciətə əldə edilmiş və müvafiq bank tərəfindən təqdim edilmiş məktubda dövlət rüsumu və yığımlarının fərdi sahibkar tərəfindən ödənilməsi əks olunmasına baxmayaraq, adıçəkilən məktubda vergilərin ödənilməsinə dair heç bir qeyd nəzərdə tutulmamışdır. Eyni zamanda xarici dövlətdə müvafiq vergilərin ödənilməsinə dair sənədlər həmin dövlətlərin buna səlahiyyəti olan müvafiq dövlət qurumları tərəfindən təqdim edilməsinə baxmayaraq, fərdi sahibkar tərəfindən ərizə (DTA-02) ilə müraciət edə zaman qeyd olunan müvafiq sənədləri vergi orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Hazırki halda iddiaçı vergi orqanının hesablamalarının səhv olduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün m*üddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar