Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7215/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Üçüncü şəxsin vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Dövlət Neft Şirkəti ) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Dövlət Neft Şirkəti ) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində də iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir və fasiləsiz onun istifadəsindədir. Torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı üçün müraciət etmiş, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, 01 yanvar 2001-ci il tarixdən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyətinin səlahiyyətləri xaricində olmuşdur. İddiaçının təqdim etdiyi sərəncam 30 yanvar 2018-ci il tarixlidir. Torpaq sahəsinin faktiki sahəsi 378 kv.m təşkil edir və torpaq sahəsi Dövlət Neft Şirkətinin ərazisi daxilindədir. Cizgidə istinad və məsafələr dəqiq göstərilməyib. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Pirallahı Rayon İcra Hakimiyyətinin sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2013-cü il tarixli Sərəncamı əsasında yerli icra hakimiyyəti orqanına ayrılmış ərazidən iddiaçıya fərdi yaşayış evinin inşa edilməsi üçün 0,04 ha ölçüdə torpaq sahəsi iddiaçıya ayrılmışdır. Yerləşmə cizgisindən görünür ki, ayrılmış torpaq sahəsinin yerləşmə sxemi yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2013-cü il tarixli Sərəncamından görünür ki, Pirallahı qəsəbəsinin şimal-qərb hissəsində 3,8 ha ölçüdə torpaq sahəsi Pirallahı Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 20 fevral 2014-cü il tarixli sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2013-cü il tarixli Sərəncamında 3,8 ha ifadəsi 5 ha ifadəsi ilə əvəz edilmişdir. Fərdi yaşayış evinin layihəsindən görünür ki, tərtib edilmiş layihə yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. İmtina məktubunda qeyd edilir ki, 01 yanvar 2001-ci il tarixdən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyətinin səlahiyyətləri xaricində olmuşdur. İddiaçının təqdim etdiyi sərəncam 30 yanvar 2018-ci il tarixlidir. Pirallahı Rayon İcra Hakimiyyətinin 27 fevral 2025-ci il tarixli məktubunda qeyd edilir ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 86 nömrəli 2016-ci il 25 fevral tarixli Qərarına əsasən dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi 5 il müddətinə rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilirdi. Torpaq sahəsi və fərdi yaşayış evinə baxış keçirilmişdir. Həmin ərazi sərəncam əsasında ayrılmış sahə daxilindədir. Fərdi yaşayış evi qanunvericiliyin tələblərinə uyğun inşa edilmişdir. Əlavə 7,5 kv.m olan yardımçı tikili istisna olmaqla fərdi yaşayış evi irad bildirilməyən tikinti tələblərinə uyğundur. Müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 378 kv.m təşkil edir. Fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğundur. Pirallahı Rayon İcra Hakimiyyətinin 22 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçıya torpaq sahəsi fərdi yaşayış evinin inşa edilməsi üçün daimi istifadə növündə ayrılmışdır. Eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2013-cü il tarixli sərəncamı əsasında həmin ərazidə çoxmənzilli yaşayış binası inşa edilmiş və mənzillər üzərində hüquqlar qeydiyyata alınmışdır. İddia olunan ərazi Dövlət Neft Şirkətinin də məktubla razılıq verdiyi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında olan ərazi hüdudlarındadır. Dövlət Neft Şirkətinin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 16 avqust 2013-cü il tarixli məktubundan görünür ki, fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş sahələrin ayrılmasına etiraz edilməmişdir. Cavabdehin 11 dekabr 2025-ci il tarixli məktubunda qeyd edilir ki, torpaq sahəsi Dövlət Neft Şirkətinin ərazisidir. Sahə dövlət mülkiyyətindədir, ətrafında daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə Pirallahı rayonu ərazisində yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədardır. Məhkəmə hesab edir ki, təqdim edilən sənədlər və işin digər faktiki halları nəzərə alınmaqla iddia fərdi yaşayış evi üzərində (7,5 kv.m sahə nəzər alınmamaqla) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hissəsində qanuni və əsaslı olsa da, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi zamanı iddia qanuni və əsaslı olmamışdır. Belə ki, “Torpaq islahatı haqqında”Qanunun: Maddə 25. Keçid müddəaları Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.[ “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin:
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.16. Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində: 4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); Göründüyü kimi yerli icra hakimiyyəti orqanları tərəfindən torpaq sahələrinə dair qəbul edilmiş inzibati akt torpaq sahəsi üzərində mülkiyyət hüququ yox, yalnız istifadə və icarə hüququnun qeydiyyatı üçün əsas ola bilər. Mülkiyyət hüququ üzrə torpaq sahəsinin ayrılması səlahiyyəti həmin dövrdən etibarən yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindən kənardır. Digər tərəfdən isə təqdim edilən sənədlərdən də görünür ki, yerli icra hakimiyyəti orqanı kimi Pirallahı Rayon İcra Hakimiyyəti fərdi yaşayış evinin inşası məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün mülkiyyətə yox, istifadəyə verilməsi ilə əlaqədar ayrılmışdır. Başqa sözlə, iddiaçının istinad etdiyi sərəncamda yerli icra hakimiyyəti orqanının iradə ifadəsi mülkiyyət yox istifadə ilə əlaqədardır. Yuxarıda göstərilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi yerli icra hakimiyyəti orqanları torpaq sahəsinin istifadə verilməsi səlahiyyətinə malikdir. Düzdür Əsasnamə ilə həmin səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətində olmuş olsa da, rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi ilə həyata keçirilməsi nəzərdə tutulsa da, təqdim edilən sənədlərdən görünür ki, Pirallahı Rayon İcra Hakimiyyəti həmin sərəncamı Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətverici sərəncamı əsasında həyata keçirmişdir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin istifadəyə verilməsi barədə sərəncam istifadə hüququnun qeydiyyata alınması üçün əsas yaratsa belə, həmin sərəncam mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas yaratmamaqdadır. Həmin sərəncam fərdi yaşayış evinin inşası üçün dövlət orqanı tərəfindən istifadəyə verilmişdir. Pirallahı Rayon İcra Hakimiyyəti məhkəməyə göndərilmiş məktublarda da qeyd edir ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 86 nömrəli 2016-ci il 25 fevral tarixli Qərarına əsasən dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi səlahiyyəti əsasında torpaq sahəsi istifadə məqsədi ilə ayrılmışdır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsində mülkiyyət hüququnun qeydiyyatından imtinada cavabdeh qanuni və əsaslı davranış həyata keçirsə də, fərdi yaşayış evinə münasibətdə imtina qanuni və əsaslı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, yuxarıda adıçəkilən Qanunun 8-ci maddəsinin tələbinə əsasən tikiliyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün torpaq sahəsinə müstəsna olaraq mülkiyyət hüququna dair sənədin təqdim edilməsi zərurəti yoxdur. Şəxs dövlət mülkiyyətində olan istifadə və icarə üçün ayrılmış torpaq sahəsində də tikili inşa etmək hüququna malikdir ki, həmin tikiliyə mülkiyyət hüququ mövcud ola bilər. Hazırkı işin faktiki hallarından da görünür ki, istifadə məqsədləri ilə inzibati orqan tərəfindən vətəndaşa ayrılmış torpaq sahəsi fərdi yaşayış evlərinin inşa edilməsi ilə əlaqədardır. Həmin fərdi yaşayış evləri isə torpaq sahəsindən fərqli olaraq mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmalıdır. Bu zaman, torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisi daxilində olmasına dair dəlil də qanuni və əsaslı hesab edilə bilməz. İlkin olaraq qeyd edilir ki, təqdim edilən sənədlərdən də görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş fərdi yaşayış evlərinin inşa edilməsi üçün nəzərdə tutulmuş iddiaçının da torpaq sahəsinin daxil olduğu əraziyə torpaq sahələrinin ayrılması barədə Dövlət Neft Şirkətinin hələ sərəncam qəbul edilərkən razılığı olmuşdur. Digər tərəfdən həmin razılıq olmasa belə, göstərilən hal fərdi yaşayış evinə hüququn tanınmasından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, göstərilən sərəncamla istifadə hüququ iddiaçıda müəyyən edilməkdədir ki, etibarlı, ləğv edilməmiş inzibati akt əsasında etimad hüququ qorunur. “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə görə, müraciətə baxılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı səlahiyyətli olub-olmadığını müəyyən etmək inzibati orqanın xidməti vəzifəsinə aiddir. Şəxsin üzərinə aidiyyəti orqana müraciət edilməsi ilə bağlı mütləq öhdəliyin qoyulması və ya səlahiyyətin müəyyən olunması ilə bağlı neqativ nəticələrin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Odur ki, fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatı həyata keçirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, yerli icra hakimiyyəti orqanının məhkəmələrə ünvanlanmış məktublarından görünür ki, fərdi yaşayış evi qanunvericiliyin tələblərinə uyğun inşa edilmişdir. Əlavə 7,5 kv.m olan yardımçı tikili istisna olmaqla fərdi yaşayış evi irad bildirilməyən tikinti tələblərinə uyğundur. Fərdi yaşayış evinə layihə də iş materiallarından görünür ki, yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, müayinə aktından görünür ki, fərdi yaşayış evi layihəyə uyğundur. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqdim edilən tikilinin qeydiyyatı baxımından 7,5 kv.m olan yardımçı tikili nəzərə alınmamaqla fərdi yaşayış evinə mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Belə ki, hüquqların qeydiyyatı üçün tikinti-texniki tələblərlə bağlı yoxlama səlahiyyəti olan inzibati orqan kimi yerli icra hakimiyyəti orqanı tikinti-texniki tələblərə uyğunluq baxımından 7,5 kv.m hissədə yardımçı tikiliyə münasibətdə istisna müəyyən etmişdir ki, məhkəmə hesab edir ki, yardımçı tikili nəzərə alınmamaqla fərdi yaşayış evinin qeydiyyatı həyata keçirilməlidir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia qismən təmin edilsin. Bakı ş, Pirallahı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə (7,5 kv.m ölçüdə yardımçı tikili nəzərə alınmamaqla) mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov