Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7236/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6, X7, X8, X9) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ərizədə qeyd edilən 4 şəxsin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə etdiyi çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun tam mülkiyyətindədir. Hal-hazırda isə həmin yaşayış sahəsində X4, X3, X10, X11 qeydiyyatı mövcuddur. (Daşınmaz əmlakın reyestr nömrəsi **********56-10301). Yuxarıda adıçəkilən şəxs (şəxslər) Bakı şəhəri, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Qeyd edilən şəxslər bu günə kimi həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxmamışdır. Hazırda isə şəxslər həmin fərdi yaşayış evində deyil, xarici ölkədə yaşayırlar. Onların fərdi yaşayış evində qeydiyyatı isə formal olaraq qalıb və ordan istifadə etmək hüququ da mövcud deyil. Qeydiyyatda olanların mülkiyyətində olan mənzildən çıxarılması ilə bağlı 5 Fevral 2024-cü ildə ərizə ilə DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə də müraciət etmişdir. Həmin orqan tərəfindən ona göndərilən xx.xx.2024-cü il tarixli cavab məktubunda onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7236/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Binəqədi Rayon Polis İdarəsi ilə əvəz edilmiş, X6, X7, X8, X9 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışına əsasən xx.xx.1959-cu il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.1985-ci il təvəllüdlü X6 Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında 0.0140 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 115.80 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-13445/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanına X6 və X7 xx.xx.2017-ci il tarixdən, X15 və X14 isə xx.xx.2018-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişlər. Qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Məhkəmə sorğusuna cavab olaraq 21 saylı Notariat Ofisindən daxil olmuş xx.xx.2023-cü il tarixli 4Ə-796 reyestr nömrəli müqavilənin notariat işinin surətindən görünür ki: -xx.xx.2023-cü il tarixli alqı-satıq və ipoteka müqaviləsinə əsasən satıcı X7 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evini alıcı- ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. -X6 xx.xx.2023-cü il tarixli ərizəsində Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin satılmasına, ipoteka qoyulmasına etiraz etmədiyini, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********01 nömrəli sorğuda qeyd olunan digər şəxslərin Bakı şəhəri, ünvan 2 ünvanında mülkiyyət, istifadə və digər məhdud əşya hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-46/2-K-11612 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X6, X7, X8, X5 Bakı şəhəri, ünvan 2 ünvanından yaşayış yeri üzrəq eydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi X7 mənzilin keçmiş mülkiyyətçisi, X6, X8, X1 qohumlarıdır. Belə ki, X2 fərdi yaşayış evini xx.xx.2023-cü il tarixli alqı-satıq və ipoteka müqaviləsinə əsasən İddiaçı satmış, müqavilədən sonra həmin ünvandan qeydiyyatdan çıxmamışdır. Eyni zamanda müqavilə bağlanarkən X6 mənzilin satılmasına notarial qaydada razılıq vermiş olsa da alqı-satqıdan sonra həmin ünvandan qeydiyyatdan çıxmamış, eləcə də yetkinlik yaşına çatamayan üçüncü şəxslər həmin ünvanda qeydiyyatda qalmışlar. Hazırda adları çəkilən üçüncü şəxslər iddiaçıya məxsus sözügedən ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da hazırkı mülkiyyətçinin ailə üzvü deyildirlər, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların evə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus evə dair əmlak hüquqları olmayan şəxslər olduqlarından evin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X6, X7, X15 və X12 Bakı şəhəri, ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X6, X7, X15 və X12 Bakı şəhəri, ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7236/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7236/2024
29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver