Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7261/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) “torpaq sahəsinə dair cizginin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, ona Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı və Bakı şəhəri Cavabdeh Başçısının 6 saylı, xx.xx.1992-ci il tarixli protokol qərarına əsasən şəxsi mənzil tikmək üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) tərtib edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı və Bakı şəhəri Cavabdeh Başçısının 6 saylı, xx.xx.1992-ci il tarixli protokol qərarına əsasən təsərrüfatın yaşayış sahəsinin əvvəlcədən ayrılmış sərhədi daxilində boş olan yerdə İddiaçı şəxsi mənzil tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin 90 kv.m (10m x 9m) hissəsində fərdi yaşayış evi inşa etmiş, qeyd olunan torpaq sahəsinə və üzərində inşa etdiyi fərdi yaşayış evinə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri toplayarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən torpaq sahəsinin ayrılması barədə qərara həmin torpaq sahəsinin yerləşmə cizgisi (sxemi) əlavə edilməmişdir. Bu isə həmin torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasında maneə təşkil edir. İddiaçı cavabdehə ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) tərtib edilməsi barədə müraciət etmiş, cavabdeh tərəfindən torpaq sahəsinin ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı məlumat olmadığından müraciətin təmin edilməsinin imkan xaricində olduğu bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, inzibati məhkəmə icraatı qaydasında iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
3. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı 600 kv.m torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair yerləşə sxeminin verilməsi barədə Cavabdehndə məlumat yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc akrı, baş plan və koordinatlar Sabbunçu Rayon İcra Hakimiyyətinə olmadığından hesab edilir ki, imtina əsaslı olmuşdur. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur.
4. Bakı Şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumat olmadığından müraciətinizin təmin edilməsi imkan xaricindədir.”
5. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı böyük həcmlidir və həmin sərəncama əsas olunmuş sənədlər əlavə edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 134 saylı, xx.xx.1991ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamının çıxarışına əsasən, Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin Zabrat istixana zavodunun tələbi təmin edilmiş, kənddə fərdi yaşayış binalarının lahiyələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
6. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının torpaq sahəsi ayrılması haqqında olan 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı böyük həcmlidir və həmin sərəncam ilə İddiaçı aid hissə aşkar edilməmişdir.
7. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının 6 saylı, xx.xx.1992-ci il tarixli protokol qərarına əsasən şəxsi mənzil tikmək üçün 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
18. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir
19. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
20. İşin faktiki hallarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 134 saylı, xx.xx.1991ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı ilə Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin Zabrat istixana zavoduna fərdi yaşayış binalarının lahiyələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Sözügedən sərəncamın mövcudluğu məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş arxiv çıxarışı ilə təsdiqlənir. Lakin həmin sərəncam ilə İddiaçı torpaq sahəsinin ayrılması halı aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin Zabrat istixana zavodunun torpaq sahəsi ayrılması səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmamışdır.
21. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
22. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva