Məhkəmə qərarları › İş №e-2-1(112)-7272/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7272/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7272/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "informasiya sorğusuna cavab verilməsi və d." tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin üzərinə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli müraciətlərə və 22.12.24cü il tarixli və 27.12.24-cü il tarixli "informasiya sorğu"lara mahiyyəti üzrə baxılması, nəticələr üzrə müvafiq "əsaslandırılmış qərar"lar qəbul edilməsi, bu qərarların qanunla müəyyən edilmiş müddətlərdə ona göndərilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüququndan istifadə edərək, eləcə də "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq normalarına əsaslanmaqla cavabdehin ünvanına 7 (yeddi) müraciət göndərmişdir. Bunların hamısına mücərrəd, məzmunsuz olmaqla cəmi 2 cavab almışdır. Onların da məzmunu göstərir ki, müraciətlərə baxılmamışdır. Orada qaldırılan məsələlər araşdırılmamış, qiymətləndirilməmiş, onun arqumentlərinə əhəmiyyət belə verilməmişdir. Cavabların bir özəlliyi də ondadır ki, ilk 5 müraciətə "məcmu" cavab verilmişdir. Cavabın məzmunu belədir: "Hörmətli Anar bəy, "xxxx" ASC-yə ünvanlanılmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətə baxılmışdır. Bildirilir ki, araşdırma nəticəsində məktublarda qeyd edilən halların Bankla hər hansı əlaqəsinin olmadığı müəyyən edilmişdir". İkinci cavab oxşar məzmunludur. Fərq yalnız "məcmu"ya daxil olan müraciətlərin sayındadır. Birinci cavabda 5 müraciətə bir cavab verilmişdisə, 2-ci cavabda 2 müraciətə 1 cavab verilmişdir. Mətndən açıq-aydın görünür ki, müraciətə baxılmanın yekunu "qərarla", özü də "əsaslandırılmış qərar"la rəsmiləşdirilməlidir. Qərarın qəbul edilməsi və onun ərizəçiyə göndərilməsi qaydası şəxsin Konstitusiyada nəzərdə tutulmuş "məhkəməyə müraciət" hüququnun həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Əgər belə qərar çıxarılmırsa və ərizəçiyə göndərilmirsə, nəinki inzibati orqana müraciət hüququnun, ən əsası "məhkəməyə şikayət" hüququnun təmin edilməsindən söhbət gedə bilməz. Müraciətlərdən savayı, ABB ASC ünvanladığı 2 "informasiya sorğusu" (22.12.24-cü il və xx.xx.2024-cü il tarixli) ümumiyyətlə cavabsız qalmışdır. Belə ki, 22.12.24cü il tarixli "informasiya sorğusu"nda Cavabdehdən xahiş etmişdir ki, "X3, X2 və X1 adlarına ABB ASC-də bank hesabları (depozit və ya kredit) olub-olmaması, olubsa, 2019-cu ilin aprel ayının 1-dən may ayının 15-nə kimi bu hesablar üzrə mədaxil və məxaric əməliyyatları barədə Qanunun yuxarıda sadalanmış normaları ilə müəyyən edilmiş qaydada və müddətlərdə onun ünvanına rəsmi (ədalət mühakiməsinin həyata keçirilməsi zamanı sübut kimi istifadə ediləcəyi nəzərə alınmaqla təsdiq edilmiş formada) məlumat göndərilməsinə göstəriş verilmişdir". Cavabdehin yazılı vəsatətindən görünür ki, sözügedən iddia mümkün sayılmamalıdır və bununla bağlı qərardad qəbul edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 33-cü maddəsinə əsasən vermiş və xahiş etmişdir ki, cavabdehin üzərinə xx.xx.2024-cü il tarixli, 21,12.2024-cü il tarixli, 08.01,2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli müraciətlərə və 22.12.24-cü il tarixli və 27.12.24cü il tarixli "informasiya sorğu'lara mahiyyəti üzrə baxılması, nəticələr üzrə müvafiq "əsaslandırılmış qərar"lar qəbul edilməsi, bu qərarların qanunla müəyyən edilmiş müddətlərdə mənə göndərilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilsin. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilən siyahıda "xxxx" ASC-nin adı yoxdur. Bu o deməkdir ki, "xxxx" ASC inzibati orqan deyil və inzibati akt qəbul etmək səlahiyyətinə malik deyil. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən bəlli olur ki, "xxxx" ASC kommersiya qurumudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5-cü maddəsinə əsasən, fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan hüquqi şəxs kommersiya hüquqi şəxsləri hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə, o cümlədən İPM-in 35.3-cü maddəsinə əsaslanaraq İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "qərarların qəbul edilməsi" tələbinə dair e-2-1(112)- 7272/2025 nömrəli iş üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 6-2-136/2-M-221/3-21/2025 saylı məktubdan görünür ki, "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli və xx.xx.2025ci il tarixli müraciətlərə baxılmışdır. Bildirilir ki, araşdırma nəticəsində məktublarda qeyd edilən halların Bankla hər hansı əlaqəsinin olmadığı müəyyən edilmişdir. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 6-2-136/2-M-4-21/2025 saylı məktubdan görünür ki, "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müraciətlərə baxılmışdır. Bildirilir ki, araşdırma nəticəsində məktublarda qeyd edilən halların Bankla hər hansı əlaqəsinin olmadığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli İnformasiya soğusundan görünür ki, X3, X2 və X1 adlarına ABB ASC-də bank hesabları (depozit və ya kredit) olub-olmaması, olubsa, 2019-cu ilin aprel ayının 1- dən may ayının 15-nə kimi bu hesablar üzrə mədaxil və məxaric əməliyyatları barədə Qanunun yuxarıda sadalanmış normaları ilə müəyyən edilmiş qaydada və müddətlərdə onun ünvanına rəsmi (ədalət mühakiməsinin həyata keçirilməsi zamanı sübut kimi istifadə ediləcəyi nəzərə alınmaqla təsdiq edilmiş formada) məlumat göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli İnformasiya soğusundan görünür ki, ABB ASC-nin Korporativ biznes departamentində kreditlərin rəsmiləşdirilməsi şöbəsinin müdiri vəzifəsində işləyən X3 bu vəzifədə işləyə-işləyə eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərmi? Bilərsə, bu, bankın hansı normativ hüquqi aktına əsasən mümkündür? Bu aktlar kredit üçün banka müraciət etmiş sahibkarı kredit almaq əvəzinə onunla birgə sahibkarlıq fəaliyyəti həyata keçirmək təklifi verməyə əsas yaradırmı?ABB ASC-nin işçisi (o cümlədən, Tural Nəzərli) həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, onun bankla əmək münasibətlərinə hər hansı bir dəyişiklik edilirmi (məsələn, onun üzərinə hansısa məlumatları təqdim etmək, icazə almaq və s. kimi öhdəliklər qoyulurmu)? Suallarının cavablandırılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarından: 7.1. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. .. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir və inzibati icraatı həyata keçirmək və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Bununla bağlı iddiaçıya hüquqi yardım göstərilərək "xxxx" ASC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığı izah olunmuşdur. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı tərəfindən verilmiş sorğular cavabdeh tərəfindən cavablandırılsa da, iddiaçı lazımi məlumatların verilməməsindən şikayətçidir. İddiaçının tələbi cinayət təqibi üzrə cinayətprosessual fəaliyyət çərçivəsində cinayət işinin ədalətli araşdırılmasına nail olmaq üçün vəkil sorğusu əsasında sübut əldə edilməsi ilə bağlıdır. İddiaçıya bununla bağlı çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi sübutun əldə edilməsi barədə müvafiq vəsatətlə cinayət təqibini həyata keçirən orqana müraciət etmək hüququ ona izah edilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Belə olan halda, prosessual qənaət prinsipindən çıxış edərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi sübutun əldə edilməsi barədə müvafiq vəsatətlə cinayət təqibini həyata keçirən orqana müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar