Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7285/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********1 nömrəli, 06.05.2021-ci il tarixli imtina məktubunda iddiaçının ümumi iş stajının 01.01.2006-cı il tarixinədək 25 ildən az (24 il 3 ay 11 gün) olduğu üçün onun tələbinin icrasının mümkün olmadığını bildirmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.05.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddiasını dəyişdirərək, iddia tələbinin “ona 15.04.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmənin 22.09.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (bundan sonra - 2 nömrəli Siyahı) təsiri altına düşən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır. İddiaçı AR Milli Arxiv İdarəsinin Astara rayon Dövlət arxivindən verilmiş arxiv arayışının cavabdeh tərəfindən nəzərə alınmış olduğu təqdirdə tələb olunan 25 il əmək stajının tamam olduğunu əsas gətirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 fevral 1984cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 3 ay 11 gün) təşkil edir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsinə gəldikdə isə əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, НЗ №4428111 nömrəli hərbi biletin, ИТ-İ №0687950 nömrəli əmək kitabçasının surətləri, Astara rayon Dövlət Arxivinin 111/1 nömrəli, 06.07.2020-ci il tarixli arayışı, BiYui Kaspian Limited şirkətinin 18.08.2020-ci il tarixli arayışı) müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, 1979-cu ilin may ayından 1980-cı ilin iyul ayına kimi Astara rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” sovxozunda, 05.02.1981-11.05.1981-ci il tarixlərində Astara rayon sabiq Kalakos kənd Partiyasının XXİİ qurultayı adına sovxozda fəhlə işləmiş, 16.05.1981- 10.06.1983-cü il tarixlərində hərbi xidmətdə olmuş, 13.09.1983-cü ildə Cənub Rayon Dəniz Neft Donanmasının t/x “PSK-29” gəmisinə şagird matros peşəsinə işə qəbul edilmişdir. 28.11.1983-cü ildə “PSK-29” gəmisinə 2-ci dərəcəli matros peşəsinə, 04.08.1987-ci ildə “Orion-15” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmiş, 10.10.1996-cı ildə X4 Donanmasına keçirildiyi üçün işdən azad edilmişdir.10.10.1996-cı il tarixdən 26.08.1998-ci il tarixədək BUE Caspian ltd. şirkətinin gəmilərində kapitanın 2-ci köməkçisi və kapitanın baş köməkçisi vəzifələrində işləmişdir. 27.09.1998-ci ildə köçürmə yolu ilə “İsrafil Hüseynov” gəmisinə kapitanın 2-ci köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. 09.10.2000-ci ildə “İsrafil Hüseynov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. 01.02.2002-ci ildə İcarədə olan gəmilərə göndərilməsi ilə əlaqədar işdən azad edilmişdir. 01.02.2002-ci ildə X3 Konstrakşn İnk. 10-cu dərəcəli baş köməkçi vəzifəsinə İ.Hüseynov barjaya işə qəbul edilmiş, 30.05.2008-ci ildə layihənin bitməsi ilə əlaqədar işdən azad edilmişdir. 02.06.2008-ci ildə “İsrafil Hüseynov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. 01.08.2008-ci ildə icarədə olan gəmilərə göndərilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. 15.08.2009-cu ildə “İsrafil Hüseynov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. 01.06.2011-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 16.03.2012-ci ildə “BMP-701” gəmisinə şkiper vəzifəsinə işə qəbul edilmişdir. Hazırda “Üzən Kopyor-315” gəmisində kapitan vəzifəsində çalışır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən yuxarıdakı iş materiallarına əsasən İddiaçı 2006-cı ilin yanvarın 1-dək 25 ildən artıq (25 il 8 ay 23 gün) ümumi iş stajına malik olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda İddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə aid olması konkret olaraq göstərilmişdir, sənəd məzmunca İddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Belə ki, iddiaçının iş yeri olan X4 Donanması tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair 26.08.2020-ci il tarixli, EN01/02-224 saylı arayışdan, habelə BiYui Kaspian Limited şirkətinin 18.08.2020-ci il tarixli arayışlara əsasən, İddiaçının tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nın gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (1) Üzən heyət; Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) – ind.: 23003010 ) güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 22 il 2 ay 21 gün güzəştli iş stajı olmuşdur. Beləliklə, işin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi əmək stajının olması və onun 12 il 6 ay müddətini 2 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahələrdə işləməsi tam sübuta yetirildiyindən onun 57 yaşdan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdehin imtinasının və etirazının əsas dəlilini ümumi iş stajının 25 ildən az (24 il 3 ay 11 gün) olması təşkil edir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, işdən görünür ki, cavabdeh iddiaçının stajını mübahisələndirsə də, hansı dövrü nəzərə almadığını qeyd etməmiş, məhkəmə iclasında nümayəndənin izahatına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmayan 1979-cu ilin may ayından 1980-cı ilin iyul ayına kimi Astara rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” sovxozunda, 05.02.1981-11.05.1981-ci il tarixlərində Astara rayon sabiq Kalakos kənd Partiyasının XXİİ qurultayı adına sovxozda fəhlə kimi işlədiyi dövrün sığorta stajı kimi qəbul edilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vaxt qüvvədə olan SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 23.09.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin yuxarı instansiya məhkəmələrinin qərarlarında da (Ali Məhkəmənin İnzibati kollegiyası qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı 22 iyul 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı 26 avqust 2020-ci il tarixli qərarları) 1 yanvar 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir. Göstərilənlərə əsasən məhkəmə, cavabdehin arxiv arayışı ilə təsdiq edilən dövrü sığorta stajına daxil etməməsini əsassız hesab edir, cavabdeh özü də bunu əsaslandırmamış, hansı əsasla qəbul etməməsini göstərməmişdir. Buna görə də cavabdehin bu dəlili iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. İddiaçının “ödənilməmiş (fərq) pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (30.11.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (10.03.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Göründüyü kimi qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının pensiya hüququ qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra, 15.04.2020-ci il tarixdə yarandığından iddia tələbi ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsində əsaslı olsa da, həmin məbləğin “birdəfəlik” ödənilməsi hissəsində əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 15.04.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7285/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7285/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver