Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7290/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının Vəkil2 nümayəndəsinin iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə qarşı "qərarların etibarsız hesab edilməsi və sair" tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı 05 fevral 2008-ci il tarixli (Protokol № 02) qərarının etibarsızlığının tanınması, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi arasında bağlanmış 06 fevral 2008-ci il tarixli, 02 nömrəli müqavilə (143 800 kv.m.), 08 fevral 2008-ci il tarixli, 03 nömrəli müqavilə (157 000 kv.m.), 15 fevral 2008-ci il tarixli, 04 nömrəli müqavilə (97 000 kv.m.),20 fevral 2008-ci il tarixli, 05 nömrəli müqavilə (50 000 kv.m.), 22 fevral 2008-ci il tarixli, 06 nömrəli müqavilə (40 000 kv.m.) və 03 mart 2008-ci il tarixli, 07 nömrəli müqavilə (36 000 kv.m.) alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsindən 1 424 736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pulun tutulması və İddiaçınə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Kürdəxanı Bələdiyyəsinin 05 fevral 2008-ci il tarixli (2 saylı protokol) və 05 mart 2008-ci il tarixli (04 saylı protokol) qərarlarının etibarsız hesab edilməsi, İddiaçı MMC ilə Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış 06 fevral 2008-ci il tarixli 02 nömrəli müqavilənin (143.000 m2), 08 fevral 2008-ci il tarixli 03 nömrəli müqavilənin (157.000 m2), 15 fevral 2008-ci il tarixli 04 nömrəli müqavilənin (97.000 m2), 20 fevral 2008-ci il tarixli 05 nömrəli müqavilənin (50.000 m2), 22 fevral 2008-ci il tarixli 06 nömrəli müqavilənin (40.000 m2), 03 mart 2008-ci il tarixli 07 nömrəli müqavilənin (36.000 m2) etibarsız hesab edilməsi, cavabdeh Kürdəxanı Bələdiyyəsindən 1.424.736 manat məbləğində pulun tutulması və İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi 05 fevral 2008-ci il tarixli (Protokol № 02) qərar vermişdir. Sözügedən Qərar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi arasında Cavabdehin guya mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçının mülkiyyətinə verilməsi haqqında aşağıdakı müqavilələr bağlanmışdır: 06 fevral 2008-ci il tarixli, 02 nömrəli müqavilə (143 800 kv.m.); 08 fevral 2008-ci il tarixli, 03 nömrəli müqavilə (157 000 kv.m.); 15 fevral 2008-ci il tarixli, 04 nömrəli müqavilə (97 000 kv.m.); 20 fevral 2008-ci il tarixli, 05 nömrəli müqavilə (50 000 kv.m.); 22 fevral 2008-ci il tarixli, 06 nömrəli müqavilə (40 000 kv.m.); 03 mart 2008-ci il tarixli, 07 nömrəli müqavilə (36 000 kv.m.). Həmin müqavilələr əsasında iddiaçı cavabdehdən ümumilikdə 52,38 ha torpaq sahəsi almış və bu torpaq sahəsinə görə aşağıdakı ödənişləri həyata keçirmişdir: 143 800 kv.m torpaq sahəsi - 391 136 manat (08 fevral 2008-ci il tarixli nömrəsiz ödəniş tapşmğı, həmin tarixdə icra edilmişdir); 157 000 kv.m torpaq sahəsi - 427 040 manat (12 fevral 2008-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığı, 13 fevral 2008-ci il tarixdə icra edilmişdir); 97 000 kv.m torpaq sahəsi - 263 840 manat (19 fevral 2008-ci il tarixli nömrəsiz ödəniş tapşırığı, həmin tarixdə icra edilmişdir); 50 000 kv.m torpaq sahəsi - 136 000 manat (22 fevral 2008-ci il tarixli nömrəsiz ödəniş tapşırığı, həmin tarixdə icra edilmişdir); 40 000 kv.m torpaq sahəsi -108 800 manat (25 fevral 2008-ci il tarixli 086 nömrəli ödəniş tapşırığı, 26 fevral 2008-ci il tarixdə icra edilmişdir); 36 000 kv.m torpaq sahəsi - 97 920 manat (04 mart 2008-ci il tarixli nömrəsiz ödəniş tapşırığı, həmin tarixdə icra edilmişdir). Bağlanmış 6 (altı) müqavilə üzrə ümumilikdə 52,38 ha torpaq sahəsinin alınması üçün iddiaçı cavabdehə cəmi 1 424 736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pul vəsaiti köçürmüşdür. İddiaçı yuxarıda qeyd olunan 52,38 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə 01 iyun 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Xidmət İddiaçının müraciətinə baxaraq, 04 iyul 2017-ci il tarixli məktubu ilə İddiaçının Sahəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı, mülkiyyət hüquqlarının məhkəmə qaydasında qeydiyyata alınması üçün iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Nəticədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 fevral 2020-ci il tarixli 2-1(102)- 347/2020 nömrəli qərarı ilə yekun məhkəmə aktı çıxarılmış və İddiaçının iddia tələbləri təmin olunmayaraq, onun mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə aktlarından göründüyü kimi, Sahəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamasının əsası odur ki, həmin Sahə bələdiyyənin deyil, dövlət mülkiyyətindədir. Cavabdehə dəfələrlə pretenziyalar göndərilmiş, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 fevral 2020-ci il tarixli 2-1(102)-347/2020 nömrəli qərarı təqdim edilmişdir. Lakin, Cavabdeh bu pretenziyalara ümumiyyətlə cavab verməmiş, hər hansı əməli tədbir həyata keçirməmişdir. Cavabdehə Mediasiya prosesi üçün təklif göndərilmiş, 2 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən ilkin sessiya təyin edilmiş, lakin Cavabdeh ilkin sessiyada iştirak etməmişdir. Bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Sonradan İddiaçı ödənilmiş vəsaitin geri qaytarılması məqsədilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin, Bakı Kommersiya Məhkəməsi hesab etmişdir ki, bu mübahisə Bakı İnzibati Məhkəməsinin aidiyyətində olduğundan, iddia ərizəsini geri qaytarmışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadından şikayət versə də, yuxarı instansiya məhkəməsi qərardadı qüvvədə saxlayaraq, aidiyyətin Bakı İnzibati Məhkəməsinə aid olduğunu hesab etmişdir. İddiaçı Cavabdehə növbəti dəfə məktub göndərmiş və Qərarın və müqavilələrin ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçının məktubunu 13 may 2022-ci il tarixdə alsa da, İddiaçıya nə vəsaiti geri ödəmiş, nə də ki əsaslandırmış imtina vermişdir. Cavabdeh barəsindən Qərar verdiyi Sahələr onun mülkiyyətindən deyil, dövlət mülkiyyətində olmuşdur. Sahələrin dövlət mülkiyyətində olması da onu ehtiva edir ki, Cavabdehin həmin Sahələrlə bağlı Qərar vermək səlahiyyəti olmamışdır. Digər tərəfdən, Cavabdeh Sahələr barədə Qərar verərək, İddiaçı ilə müvafiq müqavilələr bağlasa da, bu Sahələr dövlət mülkiyyətində olduğuna görə, onlarla bağlı İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna etmişdir ki, Qərarın icrası qabaqcadan mümkünsüz olmuşdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmişdir. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-673/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Təkrar məhkəmə baxışı zamanı məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin ümumi iclasının 05 fevral 2008-ci il tarixli 02 nömrəli protokoluna əsasən ünvan 1 ünvanda yerləşən “DELTA LƏND“ MMC-nin Bakı Şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə müraciətinə əsasən 28 dekabr 2007-ci il tarixdə 1616 saylı icarə müqaviləsi əsasında Kürdəxanı ərazisinin bağ torpaq sahəsindən sahibkarlıq məqsədilə icarəyə götürdüyü 143800 kv. metr torpaq sahəsinin və həmin yerdən əlavə olaraq sahibkarlıq məqsədilə 344000 kv. metr torpaq sahəsinin hissə-hissə alqı-satqı qaydasında xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmin qərara əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində olan Kürdəxanı qəsəbəsi, Ləhiş bağları masssivində torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi haqqında aşağıdakı müqavilələr bağlanmışdır: 06 fevral 2008-ci il tarixli, 02 nömrəli müqavilə (143 800 kv.metr torpaq sahəsi); 08 fevral 2008-ci il tarixli, 03 nömrəli müqavilə (157 000 kv.metr torpaq sahəsi); 15 fevral 2008-ci il tarixli, 04 nömrəli müqavilə (97 000 kv.metr torpaq sahəsi); 20 fevral 2008-ci il tarixli, 05 nömrəli müqavilə (50 000 kv.metr torpaq sahəsi); 22 fevral 2008-ci il tarixli, 06 nömrəli müqavilə (40 000 kv.metr torpaq sahəsi); - Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin ümumi iclasının 05 mart 2008-ci il tarixli 04 nömrəli protokoluna əsasən 7 № li müqavilə əsasında Kürdəxanı bağ sahəsində “DELTA LƏND “ MMC-yə icarəyə götürdüyü 36000 kv. metr torpaq sahəsinin alqı-satqı qaydasında xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmin qərara əsasən Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 03 mart 2008-ci il tarixli, 07 nömrəli müqavilə (36 000 kv.metr torpaq sahəsi) bağlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-18837/2023 nömrəli qərardada əsasən 2008-ci ildə Kürdəxanı Bələdiyyəsinin “”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sabunçu filialındakı hesablaşma hesabına İddiaçı MMC tərəfindən (vaxtilə "xxxx" ASC-dəki hesabından) 1.424.736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat pulun köçürülməsi barədə məlumat "xxxx" ASC tərəfindən 10 (on) gün müddətində məhkəməyə təqdim edilməsi qərara alınmış, qərardad icra olunaraq aparılmış əməliyyatlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 4 fevral 2020-ci il tarixli 2-1(102)-347/2020 nömrəli qərarından görünür ki, idiaçı İddiaçı MMC 10 iyul 2017-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, istifadəsində olan 52,38 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 25/2019 saylı 21 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 2-1(103)-2046/2019 saylı 27 avqust 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 4 fevral 2020-ci il tarixli 2-1(102)-347/2020 nömrəli qərarı ilə iddiaçı “Delta Land" MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2046/2019 saylı 27 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə qərarında göstərmişdir ki, “...İddiaçı torpağın alqı-satqısı barədə müqavilə təqdim etsə də, aldığı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, bələdiyyə qərarının və aidiyyəti dövlət orqanlarının rəyləri barədə məhkəmələrə sübut təqdim etməmişdir. O da qeyd edilməlidir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış mütəxəssis rəyinə əsasən 52,38 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan ərazilərə aid olması müəyyən edilir. İddia olunan ərazilərdə digər fiziki şəxslərə məxsus tikililər və yaşayış evləri mövcuddur, bir çox vətəndaşların mülkiyyətindədir.” İddiaçı hazırda həmin qərara istinad edərək, cavabdeh tərəfindən ona torpaq sahəsinin ayrılması barədə qərarların etibarsız olduğunu, buna görə də ödədiyin pulun geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli qərarların qəbul edildiyi 05.02-xx.xx.2008-ci il tarixlərdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - maddə 6.7-ci bəndinə əsasən bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: - bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -bənd 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. İstinad olunan normalardan müəyyən olunur ki, 05.02.-xx.xx.2008-ci il tarixlərdə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Lakin işdən görünür ki, Kürdəxanı bələdiyyəsi torpaq hərracları və ya müsabiqələri keçirmədən xx.xx.2008 və xx.xx.2008-ci illərdə keçirdiyi iclas əsasında protokol qaydasında həmin torpaq sahəsini bilavasitə iddiaçıya satmışdır. Bunda əlavə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi, ümumiyyətlə, bələdiyyənin deyil, dövlətin mülkiyyətində olan torpaq sahəsi olmuşdur, həmin torpaq sahəsində digər fiziki şəxslərə məxsus tikililər və yaşayış evləri mövcuddur, bir çox vətəndaşların mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, inzibati aktın etibarsızlığının tanınmasından ibarət iddia o halda əsaslı sayıla bilər ki, inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – İİQ) 65-ci maddəsinə əsasən etibarsız olsun. Həmin maddəyə əsasən isə aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göründüyü kimi, həmin maddəyə əsasən yalnız aydın şəkildə anlaşıla bilən müstəsna hallar inzibati aktın etibarsız sayılması nəticəsinə gəlməyə əsas verir. Qeyd olunan bu müstəsna hallar mövcud olduqda, inzibati aktın qanuna zidd deyil, birbaşa etibarsız sayılması onsuz da heç bir sual doğurmur. Lakin şəxs həmin inzibati aktın icra olunması təhlükəsi ilə qarşılaşdıqda hüquqi müəyyənliyin təmin edilməsi məqsədilə inzibati aktın etibarsızlığının tanınması barədə iddia qaldırır. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi cavabdehin xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli qərarlarını (protokolları) yuxarıda istinad olunan normaların tələbləri baxımından yoxladıqda aydın olur ki, həmin inzibati aktlar İİQ-nun 65.1.2-ci maddəsinə əsasən etibarsız inzibati aktdır. Belə ki, həmin normaya əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. İşin yuxarıda qeyd olunan hallarından məlum olur ki, birincisi, həmin dövrdə bələdiyyənin torpaq hərracları və ya müsabiqələrindən kənar, birbaşa torpaq sahəsi ayırmaq hüququ olmamış, bu qanunvericiliyin tələbi olmaqla, hamıya bəlli olan hal olmuş, ikincisi, cavabdeh özünə məxsus deyil, dövlət mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermişdir, hansı ki, onun belə bir səlahiyyəti olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, İİQ-nun 65.1.2-ci maddəsinin tələbləri baxımından Kürdəxanı Bələdiyyəsinin 05 fevral 2008-ci il tarixli (2 saylı protokol) və 05 mart 2008-ci il tarixli (04 saylı protokol) qərarları etibarsız inzibati aktdır. İİQ-nın 64.4-ü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunun 70-ci maddəsinə görə hər hansı hüququ təsdiq etmək və ya həyata keçirmək üçün inzibati akt əsasında verilmiş sənədlər və ya əşyalar, həmin inzibati akt etibarsız sayıldıqdan və ya ləğv edildikdən sonra müvafiq inzibati orqan tərəfindən tələb oluna bilər. Həmin sənədlərə və ya əşyalara faktiki sahib olan şəxs onları qaytarmağa borcludur. İstinad olunan normlardan bəlli olur ki, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur, heç bir hüquqi nəticə yaratmır, həmin akt əsasında əldə edilənlər onları verən şəxsə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehin ididaçıya torpaq sahəsinin ayrılması barədə 05 fevral 2008-ci il tarixli (2 saylı protokol) və 05 mart 2008-ci il tarixli (04 saylı protokol) qərarları etibarsız inzibati aktdır, deməli həmin akt əsasında bağlanmış 06 fevral 2008-ci il tarixli, 02 nömrəli, 08 fevral 2008-ci il tarixli, 03 nömrəli, 15 fevral 2008-ci il tarixli, 04 nömrəli müqavilə, 20 fevral 2008-ci il tarixli, 05 nömrəli və 22 fevral 2008-ci il tarixli, 06 nömrəli müqavilə də etibarsızdır və həmin müqavilələr əsasında iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti ona geri qaytarılmalıdır. Belə ki, İİQ-nın 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (maddə 89.2). Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmə qeyd edir ki, qəbul edilmiş inzibati aktlar əsasında mülkiyyətinə verilmiş torpaq sahəsinə görə iddiaçı tərəfindən cavabdehə 1.424.736 manat məbləğində pulun ödənilməsi, lakin həmin inzibati aktların etibarsız olması səbəbində torpaq sahəsinə iddiaçının hüququn qeydə alınmaması, həmin torpaq sahəsindən digər şəxslərin istifadə etməsinə görə iddiaçıya təhvil verilməməsi işin halları ilə tam təsdiq olunur. Belə olan halda aydındır ki, cavabdehin onun səlahiyyətinə aid olmayan torpaq sahəsi ilə bağlı qərar qəbul etməsi hüquqa zidd olmuş, bu hərəkəti nəticəsində iddiaçıya zərər vurulmuş, cavabdehin hərəkəti ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə mövcud olmuşdur. Buna görə də, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 05 fevral 2008-ci il tarixli (2 saylı protokol) və 05 mart 2008-ci il tarixli (04 saylı protokol) qərarları, həmin qərarlar əsasında İddiaçı MMC və Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış 06 fevral 2008-ci il tarixli 02 nömrəli, 08 fevral 2008-ci il tarixli 03 nömrəli, 15 fevral 2008-ci il tarixli 04 nömrəli, 20 fevral 2008-ci il tarixli 05 nömrəli, 22 fevral 2008-ci il tarixli 06 nömrəli və 03 mart 2008ci il tarixli 07 nömrəli müqavilələr etibarsız hesab edilsin. 1.424.736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pulun İddiaçı MMC-yə ödənilməsi öhdəliyi cavabdeh Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7290/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7290/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver