Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7306/2025 24.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X17 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “müqavilələrin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X14, üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X17 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “müqavilələrin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə inzibati işə 24 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən 0,0599 ha torpaq sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingiliyi 2 ünvanında yerləşən 0,175 ha torpaq sahələrinin istifadə hüquqlarının alqı-satqısının daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə X21 arasında xx.xx.2024-cü il tarixində reyestrdə 3M-1743 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısına dair bağlanmış müqavilənin, İddiaçı ilə X17 arasında xx.xx.2024-cü il tarixində Reyestrdə 3M-1950 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısına dair bağlanmış müqavilənin, İddiaçı ilə X23 arasında xx.xx.2024-cü il tarixində Reyestrdə 3M-1948 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısına dair bağlanmış müqavilənin, İddiaçı ilə X24 arasında xx.xx.2024-cü il tarixində reyestrdə 3M-1951 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısına dair bağlanmış müqavilənin dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə X17, X23, X21 və X24 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daimi istifadə hüququ əsasında ünvan 1 ünvanında yerləşən (əvvəlki çıxarışın Seriya RX 0034103, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** tarix xx.xx.2012, sonrakı çıxarışın qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********75 tarixi 03.03 2022, hazırkı çıxarışın qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********15 tarixi xx.xx.2024) 0.0599 ha torpaq sahəsinə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingiliyi 2 ünvanında yerləşən (əvvəlki çıxarışın Seriya RX 0036032, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** tarix xx.xx.2012, sonrakı çıxarışın qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********68 tarixi xx.xx.2022) 0.175 ha torpaq sahəsinə, ünvan 3 ünvanında yerləşən (əvvəlki çıxarışın Seriya RX 0034795, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** tarix xx.xx.2012, sonrakı çıxarışın qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********57 tarixi xx.xx.2021, hazırki çıxarışın qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********1 tarixi xx.xx.2024) 0.0291 ha torpaq sahələrinə malikdir. İddia ərizəsinin 1-ci hissəsində qeyd edilmiş 0.0599 ha torpaq səhəsi xx.xx.2024-cü ilə qədər 0.09 ha səhəsində idi. Belə ki xx.xx.2024-cü il tarixində Bakı şəhəri 18 saylı notariat kontorunun Xüsusi notariusu X22 tərəfindən təstiq edilmiş hüquqların alqı-satqı müqaviləsinə əsasən X4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq əmlaka dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir. Eyniliklə iddia ərizəsinin 3-cü hissəsində qeyd edilmiş 0.0291 ha torpaq səhəsi xx.xx.2024-cü ilə qədər 0.12 ha səhəsində idi, belə ki xx.xx.2024-cü il tarixində Bakı şəhəri 18 saylı notariat kontorunun Xüsusi notariusu X22 tərəfindən təstiq edilmiş hüquqların alqı-satqı müqavilələrinə əsasən torpaq sahəsinin 202 kv.m X15, 306 kv.m hissəsi X8, 192 kv.m hissəsi X12, 207 kv.m hissəsi isə X1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən qeydiyyata alınaraq əmlaka dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir. Bu hallar mübahisə doğurmamış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən onların qeydiyyata alınması ilə bağlı əlavə hər hansı sənədlər tələb edilmədən qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. Bundan sonra ünvan 1 ünvanında yerləşən 0.0599 ha torpaq sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingiliyi 2 ünvanında yerləşən 0,175 bha torpaq sahələrinin istifadə hüquqlarının alqı-satqısı həyata keçirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri 18 saylı notariat kontorunun Xüsusi notariusu X22 tərəfindən təstiq edilmiş hüquqların alqı-satqı müqavilələrinə əsasən 0.175 ha torpaq sahəsinin 400 kv.m X18, 0.0599 ha torpaq sahəsinin 174 kv.m hissəsini X13, 205 kv.m hissəsini isə X2. Bundan sonra sözügedən alqı-satqı müqavilələrinin qeydiyyatdan keçirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmişdir. Lakin məlum olmayan səbələrə görə əvvələr təstiq edilməsinə baxmayaraq, bu dəfə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi hər üç müqavilənin qeydiyyat alınmasına və müvafiq çıxarışların təqdim edilməsinə xx.xx.2025-ci il tarixli **********97 saylı və xx.xx.2025-ci il **********42 saylı məktublarla imtina edilmişdir, imtinanın əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1 və 19.2-ci maddələri rəhbər tutulmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur, bu səbəbdən cavabdehin üzərinə yuxarıda qeyd edilən əmlakların dövlət qeydiyyatına alınması və müvafiq çıxarışların verilməsi öhdəliyi qoyulmalıdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 19.1 -ci maddəsinə əsasən, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən, torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X23 iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X17 iddia tələbinə etiraz etmədiyini bildirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə X21 arasında xx.xx.2024-cü il tarixində bağlanmış reyestrdə 3M-1743 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın istifadə hüquqlarının alqı-satqısına dair müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 202 kv.metr hissəsinin daimi istifadə hüquqlarını X5. İddiaçı ilə X17 arasında xx.xx.2024-cü il tarixində bağlanmış reyestrdə 3M-1950 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın istifadə hüquqlarının alqı-satqısına dair müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 0.0599 ha torpaq sahəsinin 174 kv.metr hissəsinin daimi istifadə hüquqlarını X3. İddiaçı ilə X23 arasında xx.xx.2024-cü il tarixində bağlanmış reyestrdə 3M-1948 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın istifadə hüquqlarının alqı-satqısına dair müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 0.0599 ha torpaq sahəsinin 205 kv.metr hissəsinin daimi istifadə hüquqlarını X6. İddiaçı ilə X24 arasında xx.xx.2024-cü il tarixində bağlanmış reyestrdə 3M-1951 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın istifadə hüquqlarının alqı-satqısma dair müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingiliyi 2 ünvanında yerləşən 0,175 ha torpaq sahəsinin 400 kv.metr hissəsinin daimi istifadə hüquqlarını X7. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********68 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingiliyi 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0,175 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli **********15 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0,0599 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. ... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
4. Müəyyən edilsin ki: 4.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 4.2.4. 8.0.1-ci, 15.1.4-cü və 19.1-ci maddələrində müəyyən edilmiş “icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir; ... Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə üzrə müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısına dair bağlanmış müqavilələrin dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Məhkəmə qeyd edir ki, daşınmaz dövlət əmlak üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması qaydası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normanın tələbindən göründüyü kimi qanunverici daşınmaz dövlət əmlakı üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasını, daşınmaz dövlət əmlakı üzərində istifadə müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında nəzərdə tutmaqla imperativ qayda kimi göstərmişdir. Yəni, daşınmaz dövlət əmlakı üzərində istifadə müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti olmadığı təqdirdə daşınmaz dövlət əmlakı üzərində istifadə hüququ dövlət reyestrində qeydiyyata alına bilməz. Hazırkı işin materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahələri dövlət mülkiyyətindədir və bu halda mübahisə predmeti olan müqavilələrin dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının cavabdehə müraciəti olmalıdır ki, iddiaçı tərəfindən bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.2-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsi istifadəyə verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin planının əlavə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan müqavilələrdən göründüyü kimi iddiaçı tərəfindən torpaq sahələrinin tam deyil, bir hissəsi üzərində istifadə hüququnun alqı-satqısına dair müqavilə bağlanmışdır ki, bu halda istifadə hüququ satılmış torpaq sahələrinin yerləşmə yerinin və vəziyyətinin müəyyən edilməsi üçün torpaq sahələrinin planının müqavilələrə əlavə edilməsi reyestrin dəqiqliyi nöqteyi nəzərdən zəruridir. Lakin iddiaçı tərəfindən istifadə hüququ satılmış torpaq sahələrinin planı nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci və 19.2-ci maddələrinin tələbləri nöqteyi nəzərdən qanunidir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X17 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “müqavilələrin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Quliyev