Məhkəmə qərarları › İş №e-2-1(112)-7310/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7310/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7310/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 10 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21219,00 manat artıq ödənilmiş pul məbləğinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmaların aparılmasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlər ilə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsi və artıq ödəmənin ləğv edilməsi; iyul 2023-cü il tarixdən hal-hazıradək ödənilməmiş qalıq məbləğinin birdəfəlik ödənilməsi və iyul 2023-cü il tarixdən sonrakı dövr üçün əmək pensiyasının tam məbləğdə – 3452,65 manat olmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 11716/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, 21219 manat artıq ödənilmiş pul məbləğinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmaların aparılmasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlər ilə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsi və artıq ödəmənin ləğv edilməsi; iyul 2023-cü il tarixdən hal-hazıradək ödənilməmiş qalıq məbləğinin birdəfəlik ödənilməsi və iyul 2023-cü il tarixdən sonrakı dövr üçün əmək pensiyasının tam məbləğdə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan SSR Dövlət Plan Komitəsinin aparatında, Azərbaycan Respublikası İqtisadiyyat və Planlaşdırma Nazirliyinin aparatında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparatında, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək isə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin aparatında dövlət qulluğuna daxil olan müxtəlif vəzifələrdə işləmişdir. Dövlət qulluğunda qulluq stajı 34 ildən çoxdur. Ümumi əmək stajı isə 40 ildən çoxdur. İddiaçı xx.xx.2014-cü il tarixdən yaşa görə dövlət qulluqçusu olaraq 1280,37 manat məbləğində pensiya təyin edilmişdir. 15 iyul 2023-cü ilədək əlavələr və artımlar nəzərə alınmaqla 3452,65 manat məbləğinədək pensiya hesablanmışdır. 15 iyul 2023-cü il tarixdən etibarən isə onun razılığı və məlumatı olmadan pensiya məbləği azaldılmış və 2762,11 manat müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən dəfələrlə, o cümlədən xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət olunaraq, xx.xx.2014-xx.xx.2023-cü il tarixədək həyata keçirilmiş bütün ödənişlər barədə (pensiyanın hesablanma mexanizmi və ödənilmə meyarları göstərilməklə və pensiya məbləğinə edilmiş artımlar, əlavələr və yenidən hesablamalar barədə xx.xx.2014-xx.xx.2023-cü ilədək olan dövrlər üzrə ayrı-ayrılıqda müfəssəl izah verilməklə) məlumatın verilməsi xahiş edilmişdir. Bununla belə, inzibati orqan tərəfindən vətəndaşa, onun qeydiyyat ünvanına heç bir cavab məktubu göndərilməmişdir. İddiaçı özü dəfələrlə cavabdehə şəxsən yaxınlaşaraq cavab məktublarını özü götürmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlər ilə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubuna görə, “guya son 3 il üzrə ona ümumilikdə 21219 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 21219 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunur” qeyd olunub. Halbuki, heç bir artıq ödəmədən söhbət gedə bilməz. Əgər belə bir hal mövcud olsaydı belə, bu məsuliyyət pensiyanı hesablayan orqanın məsuliyyətsizliyi və səriştəsizliyi olardı. Tərəfindən ərizə ilə xx.xx.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət olunaraq, 21219 manat artıq ödənilmiş pul məbləğinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmaların aparılmasına dair qanunsuz hərəkətlərin dayandırılması və artıq ödəmənin ləğv edilməsi; 21219,00 manat artıq ödənilmiş pul məbləğinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmaların aparılmasına dair “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərar mövcuddursa, sözügedən Qərarın təsdiq edilmiş surətinin təqdim edilməsi, o cümlədən sözügedən Qərarın “artıq ödəmə” hissəsində ləğv edilməsi; İyul 2023-cü il tarixdən hal-hazıradək ödənilməmiş qalıq məbləğin birdəfəlik ödənilməsi; İyul 2023-cü il tarixdən sonrakı dövr üçün əmək pensiyasının tam məbləğdə - 3452,65 manat olmaqla ödənilməsinin bərpa edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlər ilə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-36947/2024 nömrəli mətubunda qeyd edilmişdir ki, “1 yanvar 2024-cü il tarixdən hesablanmaqla əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar pensiyanız 3071,47 manata artırılıb. Həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 309,36 manat fərq məbləği hesablanıb. Həmin 309,36 manat fərq məbləği sizə artıq ödənilmiş 21219,00 manat pul məbləğindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 20909,64 managt pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur ". Göründüyü kimi, iddiaçının razılığı və məlumatı olmadan qanunsuz olaraq 309,36 manat artıq ödənilmiş 21219,00 manat pul məbləğindən çıxılmışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıq ödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 5 may 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 267 manat, ixtisas dərəcəsinə görə əlavəsi 115 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 133,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 296,67 manat olmaqla orta aylıq əmək haqqı 1702,17 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 34 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1702,17 manat) 80 faizi-1361,74 manat məbləğində müəyyən edilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 980,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 294,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 115,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 147,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 326,67 manat olmaqla orta aylıq əmək haqqının 1862,67 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1862,67 manat) 80 faizi- 490,14 manat məbləğində müəyyən edilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 441 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 220,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 115 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 490,00 manat olmaqla orta aylıq əmək haqqı 2736,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (2736,50 manat) 80 faizi-2189,20 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2736,50 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 21892 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 2762,11 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 3452,65 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 4143,24 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq, iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 656,76 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, ona xx.xx.2014-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 26692 (21892+4143,24+656,76) manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələblərinə uyğun olaraq ona artıq ödənilmiş pul vəsaiti son üç il üzrə məhdudlaşdırılaraq 21219 manat məbləğində müəyyən edilib. Eyni zamanda, iddiaçının əmək pensiyası hesablanarkən Azərbaycan Respublikası 1 saylı Bakı inzibatiiqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)- 2874/2017 nömrəli qərarı nəzərə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1,9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Məlumat üçün bildirilir ki, 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar pensiyası cari ayda 3071,47 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 309,36 manat fərq məbləği hesablanıb. Həmin 309,36 manat fərq məbləği ona artıq ödənilmiş 21219 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 20909,64 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia üzrə birinci tələb (qərarın ləğv edilməsi) mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İrəli sürülmüş iddia üzrə ikinci tələb (tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması) öhdəliyin haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-11716/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, inventarizasiya ilə əlaqədar iddiaçının pensiya məbləği 3452,65 manatdan 2189,20 manata endirilmişdir. “Pensiya təyinatı” altsistemindın çıxarışdan görünür ki, iddiaçının pensiyasından bugünədək aparlmış tutulmanın məbləği 309,36 manat olmuşdur. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.(xx.xx.2017-dək qüvvədə olan redaksiya) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından müəyyən edilir ki, iddiaçının 05 may 2014-cü il tarixində əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 34 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1702,17 manat) 80 faizi-1361,74 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini onunla izah edir ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 441 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 220,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 115 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 490,00 manat olmaqla orta aylıq əmək haqqı 2736,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (2736,50 manat) 80 faizi-2189,20 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2736,50 manat məbləğində köçürülüb. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifə (şöbə rəisi) üzrə vəzifə maaşı 1 sentyabr 2019cu il tarixindən 1470 manat olmuşdur. Belə olan halda iddiaçıya əmək haqqının 80 faizi olan 2189,20 manat əvəzinə əmək haqqının tam məbləğində - 2736,50 manat əmək pensiyasının ödənilməsi əsassız olmuşdur. Qeyd edilənlərə əsasən mübahisələndirilən qərarla xx.xx.2022-ci il tarixədək iddiaçının pensiyasının 2189,20 manat müəyyən edilməsi qanuni və əsaslıdır. Məhkəmə ikinci tələbə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin tutulmaların aparılmasına dair hərəkətləri qanunsuz hesab olunduğundan onun nəticələri də aradan qaldırılmalı iddiaçıya ödənilən pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia “tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” hissəsində təmin edilməli, qalan hissə isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən - tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması hissəsində təmin edilsin. Cavabdehin İddiaçı pensiya məbləğindən tutulmalar aparması qanunsuz hesab edilsin və tutulmuş 309,36 manat pensiya məbləğinin geri qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar