Məhkəmə qərarları › İş №e-2-1(112)-7311/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7311/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7311/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “müsahibəyə buraxılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vəkillər X3 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi, iddiaçının Vəkillər Kollegiyasının İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə təşkil olunan şifahi müsahibəyə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2003-2008-ci illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsində təhsil almış və Dövlət Attestasiya Komissiyasının 05 noyabr 2008-ci il tarixli qərarı ilə ona “ümumi iqtisadiyyat, iqtisadi kibernetika” ixtisası üzrə bakalavr diplomu verilmişdir. 2017-ci ildə isə o, X6 Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə magistr pilləsini bitirmiş və qeyd olunan universitetin Dövlət İmtahan Komissiyasının 16 dekabr 2017-ci il tarixli 2 №-li protokoluna əsasən iddiaçıya “hüquqşünaslıq” ixtisası üzrə magistr diplomu verilmişdir. Həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə iddiaçı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Qeyd olunan diplomun ölkə ərazisində tanınması üçün iddiaçı Agentliyin sifarişinə uyğun olaraq X7 tərəfindən keçirilmiş test imtahanında iştirak edərək 30 mümkün sualdan 24-nə doğru cavab vermişdir. Bundan sonra Agentlik tərəfindən ona X6 Universiteti tərəfindən verilmiş diplomun Azərbaycan Respublikası ərazisində Akademik və Peşə tanınması ilə bağlı NS00028558 nömrəli şəhadətnamə verilmişdir. Şəhadətnamədə təhsilin pilləsi kimi Ali, ekvivalent ixtisas növü kimi “hüquqşünaslıq”, verilmiş şəhadətnamənin ona ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verdiyi qeyd edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq üçün aidiyyəti üzrə müraciət etmiş və xx.xx.2024-cü il tarixində Vəkillər Kollegiyasının sifarişi əsasında DİM tərəfindən təşkil olunmuş test imtahanında iştirak edərək, mümkün 100 sualın 79-na doğru cavab vermiş, bununla da növbəti mərhələyə, yəni şifahi müsahibə mərhələsinə keçmək hüququ əldə etmişdir. Vəkillər Kollegiyasının İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədilə təşkil olunan şifahi müsahibədən ibarət olan ixtisas imtahanında iştirak etmək üçün xx.xx.2024-cü il tarixində tələb olunan sənədləri Azərbaycan Respublikası Vəkillər X4 təqdim etmişdir. X5 xx.xx.2025-ci il tarixli məktubu ilə ona imtina cavabı gəlmişdir. Rəyasət Heyəti onun şifahi müsahibədə iştirak etməyinin mümkün olmadığını onun Bakı Dövlət Universitetinin “tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin “ümumi iqtisadiyyat, iqtisadi kibernetika” ixtisası üzrə bakalavr pilləsinə yiyələnməyi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (ölkədə ali təhsilin keyfiyyətinə nəzarət edən yeganə orqan) X6 Universiteti tərəfindən ona verilmiş diplomun Azərbaycan Respublikası ərazisində Akademik və Peşə tanınması ilə bağlı NS00028558 nömrəli şəhadətnamə vermişdir. Şəhadətnamədə təhsilin pilləsi kimi Ali, ekvivalent ixtisas növü kimi “hüquqşünaslıq”, verilmiş şəhadətnamənin ona ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verdiyi qeyd edilmişdir. Qeyd olunan diplomun və bu diplom əsasında verilmiş şəhadətnamənin onun ali hüquq təhsilinə malik olmağını təsdiq edən dövlət sənədinin olması işin mübahisəsiz halıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 1.3-cü bəndinə əsasən ali təhsilin dövlət standartı aşağıdakıları, ali təhsilin səviyyələri (bakalavr, magistr) üzrə təhsilin məzmununu müəyyən edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununun 22.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi- pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: bakalavriat (əsas (baza ali) tibb təhsili); magistratura (rezidentura); doktorantura (adyunktura). Həmin qanunun 17.2-ci maddəsinə əsasən təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Həmin qanunun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmipedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Həmin qanunun 22.4-cü maddəsinə əsasən magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Həmin qanunun: 8-ci maddəsinə əsasən, bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. 27-ci maddəsinə əsasən, ixtisaslaşma - müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisasıdır. 34-ci maddəsinə əsasən, magistratura - ali təhsilin ikinci səviyyəsidir. 35-ci maddəsinə əsasən, magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.5.6-cı yarımbəndinə əsasən kvalifıkasiyanın peşə tanınması (bundan sonra - peşə tanınması) - xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsidir. Vəkillər Kollegiyası ilə əmək müqaviləsi bağlamadığından iddiaçının bu Qaydalara istinadı elə onun iddiasının əsassız olmasını göstərir. Qaydalar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərini aradan qaldıra bilməz. Qeyd olunan normalardan müəyyən olunur ki, Azərbaycan Respublikasında ali təhsil üç səviyyəlidir (bakalavriat, magistratura və doktorantura) və həmin səviyyələr arasında qarşılıqlı əlaqə və varislik təmin olunmalıdır. Belə ki, bakalavr səviyyəsini bitirmiş şəxs artıq ali təhsilli hesab olunur və həmin şəxs peşəsi üzrə, elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər istiqamətlər üzrə geniş fəaliyyət göstərə bilər. Magistr səviyyəsini alan şəxs isə, əlavə olaraq ixtisaslaşmalar üzrə hər hansı sahəni elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və peşəkar fəaliyyətlə yanaşı elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququnu verir. Bununla belə nəticə yaranır ki, şəxsə peşəkar fəaliyyətini həyata keçirmək hüququnu verən əsas ali təhsil səviyyəsi bakalvr səviyyəsidir, magistr səviyyəsi isə əlavə ali təhsil səviyyəsi olaraq ixtisaslaşmalar, yəni müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə, dərin biliklərin əldə edilməsini və elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmasını nəzərdə tutur. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan X6 Universitetinin 107704 ******* nömrəli xx.xx.2017-ci il tarixli diplomundan görünür ki, iddiaçı magistr dərəcəsi üzrə hüquqşünaslıq ixtisasını bitirmiş və bu barədə ona müvafiq diplom verilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş NS00028558 nömrəli ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamədən görünür ki, həmin diplom üzrə iddiaçının magistr dərəcəsi üzrə aldığı ali təhsilə aid kvalifikasiya tanınmış, ekvivalent ixtisas hüquqşünaslıq, ekvivalent ixtisaslaşma mülki və təsərrüfat hüququ müəyyən edilmişdir. İşdə olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Vəkillər Kollegiyasına ünvanladığı məktubda qeyd olunmuşdur ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydalar) əsasən bu sahədə fəaliyyətin həyata keçirilməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (bundan sonra – Agentlik) səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə icraat Qaydalara uyğun olmaqla aparılır və ilkin olaraq tanınması üçün müraciət olunmuş kvalifikasiyaların Qaydalarda əks olunmuş tanınmaya dair tələblərlə uyğunluğu müəyyən edilir. Qaydaların 1.2-ci bəndinə əsasən tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə həmin kvalifikasiyalar üzrə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. Qeyd olunanlara əsasən ərizəçilərin xarici dövlətdə əldə etdiyi ali təhsilə aid kvalifikasiyası üzrə peşə tanınması Qaydaların 6-cı hissəsinə əsasən yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması zəruri sayılan hallarda tətbiq edilir və bununla bağlı olaraq hüquqşünaslıq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası X7nin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması tələb olunur. Hazırkı sorğu üzrə vətəndaş İddiaçı X8 Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, № 107704 ******* nömrəli diplom üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na uyğun olaraq (060212) Hüquqşünaslıq ixtisasının, Mülki və təsərrüfat hüququ istiqaməti üzrə ekvivalent ixtisas müəyyən olunduğu üçün Agentliyin müvafiq göndəriş siyahısına əsasən vətəndaş xx.xx.2024-cü ildə DİM-in təşkil etdiyi peşə tanınması üzrə sınaq imtahanında iştirak etmiş, imtahan zamanı təqdim olunan ümumi 30 sualdan 23-nü cavablandırıraq peşə tanınması üzrə sınaq imtahanında müvəffəq hesab edilmişdir. Buna müvafiq olaraq qeyd edirik ki, Qaydaların 7.8.5-ci yarımbəndinə əsasən tanınma xarici dövlətdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyalara nisbətdə təhsilin növbəti pilləsinə qəbul olunmaq və peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarını özündə ehtiva edir. Yekunda qeyd edilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, müvafiq sahə və ya vəzifə üzrə ali hüquq təhsilli olmaq barədə tələb həmin sahədə müvafiq səlahiyyətli orqan və ya işəgötürən tərəfindən hüquqşünaslıq ixtisası üzrə bakalavr yaxud magistr dərəcəsinə sahib olmaq kimi müəyyən oluna bilər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-29/2-Q- 1056-4/2025 nömrəli məktubdan görünür ki, iddiaçı ali təhsil pilləsinin bakalvriat səviyyəsi üzrə İqtisadi kibernetika ixtisasını, magistratura səviyyəsi üzrə isə Hüquqşünaslıq ixtisasını bitirmişdir. İddiaçının magistratura səviyyəsində Hüquqşünaslıq ixtisası üzrə əldə etdiyi təhsil haqqında sənədini Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən xarici kvalifikasiyaların tanınması barədə şəhadətnamə ilə tanınmışdır. Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2025-ci il tarixli, 161 nömrəli məktubundan görünür ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin İ hissəsinə əsasən ali hüququ təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanına buraxılır. Qanunvericiliyin tələblərinə əsasən, iddiaçının Bakı Dövlət Universitetinin “tətbiqi riyaziyyat və kibernetika” faküləsinin “ümumi iqtisadiyyat, iqtisadi kibernetika” ixtisası üzrə bakalavr pilləsinə yiyələndiyi nəzərə alınaraq, vəkilliyə qəbulla bağlı ixtisas imtahanına buraxılmağı üçün hüquqi əsas yoxdur. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirərək, onun Vəkillər Kollegiyasının İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə təşkil olunan şifahi müsahibəyə buraxılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, işin yuxarıda istinad olunan hallarına əsasən iddiaçının bakalvriat səviyyəsi üzrə İqtisadi kibernetika ixtisasını, magistratura səviyyəsi üzrə isə Hüquqşünaslıq ixtisasını bitirməsi işin mübahisələndirilməyən halıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra –Qanun) 8-ci maddəsinə əsasən ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. Cavabdeh hazırda iddiaçının ali hüquq təhsilli olmadığını iddia edir, iddiaçı isə əks mövqe olaraq magistr dərəcəsi üzrə hüququ təhsili aldığını, onun ali təhsilin bir pilləsi olduğunu qeyd etməklə, onun ali hüquq təhsilinə malik olduğunu bildirir. Məhkəmə qeyd edir ki, “Təhsil haqqında” Qanununa əsasən: - maddə 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir; - maddə 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir; -maddə 1.0.26. ixtisas - müvafiq təhsil haqqında dövlət sənədində təsbit olunan peşə, bir peşə daxilində fəaliyyət növüdür; - maddə 1.0.27. ixtisaslaşma - müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisasıdır; -maddə 1.0.34. magistratura - ali təhsilin ikinci səviyyəsidir; - maddə 1.0.35. magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir; - maddə 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.5. Ali təhsil: 17.1.5.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 17.1.5.2. magistratura (rezidentura); 17.1.5.3. doktorantura (adyunktura). -maddə 17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla yekun attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır. - maddə 22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: 22.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 22.2.2. magistratura (rezidentura); 22.2.3. doktorantura (adyunktura). - maddə 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İstinad edilən normalardan görünür ki, bakalavriat və magistratura ali təhsilin iki ardıcıl səviyyəsidir. Əgər bakalavriat ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlayırsa, magistratura həmin mütəxəssislərin ixtisaslaşmalar üzrə seçdiyi ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən: - bənd 1.2. Bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. -bənd 1.5. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. -bənd 1.6.Bakalavriat təhsili almış məzun elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na əsasən: -bənd 1.2. Magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar (sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri) üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar ixtisasın təhsil proqramı ilə müəyyən olunur. -bənd 2.1. Magistratura — ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Göründüyü kimi, istinad olunan Qaydalarda da təsbit edilmişdir ki, bakalavr hazırlığı mütəxəssis hazırlığının həyata keçirilməsini, magistratura təhsili isə həmin mütəxəssisin bakalavr hazırlığında seçdiyi ixtisas üzrə sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri üzrə ixtisaslaşmasının həyata keçirilməsini təmin edir. İşdən görünür ki, iddiaçı magistraturada hüquqşünaslıq ixtisasının mülki və təsərrüfat hüququ üzrə ixtisaslaşmasını həyata keçirsə də, onun bakalavr ixtisası hüquqşünaslıq deyil, ümumi iqtisadiyyat, iqtisadi kibernetika olmuşdur. Belə olan halda, müvafiq sahədə Azərbaycan Respublikası qanununvericiliyinin tələbini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı ali hüquq təhsilli şəxs sayıla bilməz, çünki o həmin ixtisas üzrə deyil, başqa ixtisas üzrə mütəxəssis kimi hazırlıq keçmiş, yəni bakalavr təhsilini digər sahə üzrə bitirmiş, magistraturada isə mütəxəssisi olmadığı sahə üzrə ixtisaslaşmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, hüququşunaslıq ixtisası üzrə bakalavr dərəcəsi olmadan, həmin ixtisas üzrə magistratura səviyyəsində ixtisaslaşma, özlüyündə şəxsin hüquq sahəsi üzrə mütəxəssis sayılmasını, yəni ali hüquq təhsilli olmasını ehtiva etmir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsini istisna edəcək zəruri şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar