Məhkəmə qərarları › İş №e-2-1(112)-7313/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7313/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7313/2024 26.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi kimi qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi ev 17-də yerləşən 2 nömrəli mənzilin təyinatının fərdi yaşayış evinə dəyişdirilməsi, bu dəyişikliyin dövlət reyestrində qeydiyyatına alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********69- 05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra “iddiaçı”) məxusudur. Həmin ev qeyd olunan çıxarışda mənzil kimi göstərilsə də faktiki olaraq qeyd olunan ərazidə bina yoxdur və fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evi 530,37 kv.m sahəsi olan və uzun illərdir iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərində yerləşir. Sözügedən mənzilə dair çıxarışda daşınmaz əmlakın növünün dəyişdirilərək fərdi yaşayış evi kimi qeyd edilməsində və bununla bağlı müvafiq tədbirlərin görülməsində köməklik göstərilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********54 nömrəli 11.01,2023-cü il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd ounan iradlar aradan qaldırılmamışdır”. Cavabdeh orqanın bu cavab məktubu tamamilə əsassızdır. Belə ki, cavab məktubunda qeyd edilən 11.01,2023-cü il tarixli məktub yuxarıda qeyd edilən məsələ ilə, yəni daşınmaz əmlakın təyinatının dəyişdirilərək fərdi yaşayış evi kimi qeyd edilməsi ilə bağlı deyildir. Cavabdeh orqanın bəhs etdiyi müraciət sözügedən fərdi yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi cavabdeh orqan iddiaçının hazırki müraciətinə, yəni daşınmaz əmlakın növünün dəyişdirilərək fərdi yaşayış evi kimi qeyd edilməsi məsələsinə heç bir münasibət bildirməmiş, müraciət üzrə müvafiq tədbirlərin görülməsindən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı ryonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi ev 17-də yerləşən 2 nömrəli mənzilin təyinatının fərdi yaşayış evinə dəyişdirilməsi, bu dəyişikliyin dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********54 xaricolma nömrəli məktubla cavab verilmişdir. Bakı şəhəri, Suraxanı ryonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi ev 17-də yerləşən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanıilə təsdiq edilmiş “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi ərazidə mənzilə bitişik 45.0 kv.m əlavə tikilinin inşa olunduğu və mənzilin ətrafında yerləşən 460 kv.m torpaq sahəsinin hasara alınaraq istifadə olunduğu aşkar edilmişdir. Həmçinin 1995-ci ildə tərtib edilmiş texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü fərqi vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin xx.xx.1995-ci il tarixli 52245 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 X2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən X2 adına tərtib olunmuş fevral 1995-ci ildə tərtib edilmiş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportuna əsasən ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 45.2 kv.m, yaşayış sahəsi 34.1 kv.m olan, 1-ci otaq – 26.0 kv.m, 2-ci otaq – 8.1 kv.m, mətbəx – 7.8 kv.m, ön giriş – 1.6 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 229956 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 46.6 kv.m olan 2 saylı mənzil X1 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 229956 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 46.6 kv.m olan 2 saylı mənzil İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********69-05101-093002 reyestr nömrəli texniki pasporta əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17 ünvanında yerləşən 2 saylı mənzil İddiaçı mülkiyyətindədir. -Binanın yerləşdiyi torpaq sahəsinin planı M1:500, faktiki sahə 0.01528 ha və tikinti altı sahəsi 0.01528 ha təşkil edir. -Mənzilin yerləşdiyi mərtəbə 1; Otaqların sayı 2; Ümumi sahəsi 46.6 kv.m; Yaşayış sahəsi 34.1 kv.m-dir. Dəhliz-2.0 kv.m, sanitar qovşağı 1.7 kv.m, mətbəx 8.8 kv.m, yaşayış otağı 8.1, digəri isə 26.0 kv.m-dir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********98 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17 yerləşən 2 saylı mənzilin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən mənzil hüquqmüəyyənedici sənəd üzrə 34.1 kv.m., faktiki 12.5 kv.m artıqdır. Mənzil 1; 2 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin 1 hissəsində yerləşir. Mənzilə bitişik 45.0 kv.m əlavə tikili inşa olunmuşdur. Mənzil ətrafı 460 sahəsi daş hasara alınaraq ərizəçinin istifadəsindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********22 nömrəli idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi ərazidə mənzilə bitişik əlavə tikilinin inşa olunduğu və mənzilin ətrafında yerləşən 460 m2 torpaq sahəsinin hasara alınaraq istifadə olunduğu aşkar edilmişdir. Əlavə olaraq qeyd edirik ki, mənzilin yerləşdiyi torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən ətraflı araşdırma aparmaq mümkün olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak ilkin olaraq X2 adına xx.xx.1995-ci il mənzil kimi qeydiyyata alınmış, daha sonra vərəsəlik qaydasında ümumi sahəsi 46.6 kv.m mənzil olmaqla İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırkı iddiasında İddiaçı mülkiyyətində olan daşınmaz əmlakınmənzilin təyinatının dəyişdirilərək fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınmasını mübahisələndirir. Cavabdehin mübahisəli əmlakı fərdi yaşayış evi kimi qeydiyyata alınmasından imtina əsası ondan ibarət olmuşdur ki, iddiaçı mənzilin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, cavabdeh orqandan əldə edilmiş sözügedən əmlaka dair təqdim edilmiş arxiv sənədlərindən də müəyyən olunur ki, işin mübahisələndirilməyən halı iddia predmeti olan əmlakın yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”da sadalanan torpaq sahəsinin ayrılmasına dair ilkin torpaqayırma sənədlərinin mövcud olmamasıdır. Lakin işin bu halında məhkəmə qeyd edir ki, iddiaçının tələbi mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması deyil, adına reyestrdə qeydi aparılmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması ilə bağlıdır. Odur ki, cavabdehin məhz əmlakın yerləşdiyi tikintialtı və ya həyətyanı sahə ilə bağlı torpaq sahəsinə dair hüquqmqəyyənedici sənədlərin təqdim edilmədiyinə istinad etməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, sözügedən yaşayış sahəsi mənzil qismində qeydiyyata alınmış əmlak olsa da, lakin tikili olaraq mənzil olaraq texniki göstəricilərə deyil, fərdi yaşayış evinə xas olan yerləşmə və texniki xüsusiyyətlərə malikdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir Qeyd olunan normalardan görünür ki, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsi olsa da, lakin fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. Hazırkı iş üzrə mübahisəli əmlakın texniki pasportundan görünür ki, mənzil ümumi sahəsi 46.6 kv.m olmaqla 0.01528 ha ölçüdə torpaq sahəsi üzərində yerləşir. Mənzil tikinitaltı torpaq sahəsi olmaqla, çoxmənzilli binanın struktur bölməsi kimi çıxış etmir. Başqa sözlə, mənzil faktiki cəhətdən çoxmənzilli binaya aidiyyatı olmayan ayrıca sahəli mənzil deyil, məhz fərdi müəyyən edilmiş evdir. Belə olan halda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış mənzil texpasportundakı məlumatlara əsasən və qanunla yuxarıda göstərilən fərdi yaşayış evi meyarlarına cavab verdiyinə görə onun fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkündür və əsaslıdır. Mənzilə bitişik 45.0 kv.m əlavə tikilinin inşa olunması və mənzilin ətrafında yerləşən 460 kv.m torpaq sahəsinin hasara alınaraq istifadə olunması belə hazırkı iddianın təmin edilməsini istisna etmir. Belə ki, iddiaçının tələbi nə inşa olunmuş əlavə tikilinin, nə də istifadədə olan torpaq sahəsinin qeydiyyataı ilə bağlı deyidir. İddiaçının tələbi 46.06 kv.m ölçüdə mülkiyyət hüququ tanınmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyatı ilə bağlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17, 2 nömrəli mənzilin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın veriməsi cavabdehə həvalə ediıməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17, 2 nömrəli mənzilin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın veriməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar