Məhkəmə qərarları › İş №e-2-1(112)-7315/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7315/2022

09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7315/2022 09.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və bu qərara görə yaranmış vergi üzrə borc və faiz məbləğlərinin silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, iddia müddəti ilə bağlı mümkünlük şərtləri ödənilir. Belə ki, istər vergi orqanının qərarlarının elektron qaydada göndərilməsi ilə bağlı tələblərə riayət edilməməsi, istərsə də iddiaçının həmin qərarlardan inzibati qaydada şikayətlər verməsi iddia müddətinin ötürülmədiyinə əsas yaradır. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin 2-1(102)-30/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da analoji mövqedən çıxış edilmiş və qeyd edilmişdir ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir Ali Məhkəmə 2-1(102)-462/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında və digər qərarlarında da aidiyyəti mövqedən çıxış etmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan xaricdən cəmiyyətin bankda olan hesablaşma hesabına manata ekvivalent məzənnə ilə 161.725,84 manat məbləğində vəsaitin daxil olduğu və 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin vergi orqanı tərəfindən kassa metodu ilə qəbul edildiyi nəzərə alınaraq, 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral qaydada hesablanmış vergi məbləği 9.327,29 manat məbləğdən 7.628,79 manat məbləğə (1698,5 manat azaldılaraq) saxlanılmaqla, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********886400 nömrəli qərar qəbul etmişdir. Cavabdeh hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinin tələbləri baxımından sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır. İddiaçı isə bu halı təkzib edərək, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu məhdudlaşdıran kateqoriyaya aid olunması üçün hər hansı əsasın mövcud olmadığına istinad etmişdir. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən qəbul edilən qərarın əsaslı olubolmamasının müəyyən edilməsi üçün sadələşdirilmiş vergi ödəyicisinin anlayışına nəzər yetirilməli, hansı hallarda şəxsin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olduğu, hansı hallarda isə bu hüquqa malik olmamasının əsasları müəyyən edilməlidir. Bu hissədə qiymətləndirilmənin aparılması isə aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 6.1.3. əlavə dəyər vergisi; 6.1.4. aksizlər; 6.1.5. hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; 6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; 6.1.7. yol vergisi; 6.1.8. mədən vergisi; 6.1.9. sadələşdirilmiş vergi; 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. 218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər; 218.4.2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər; 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; 218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər. 218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: 218.5.1. aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər; 218.5.2. kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar; 218.5.2-1. Bu Məcəllənin 218.5.2-ci və 218.5.10-cu maddələrinin müddəaları icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir. 218.5.3. qeyri-dövlət pensiya fondları; 218.5.4. əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər; 218.5.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri; 218.5.6. mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər 218.5.7. publik hüquqi şəxslər; 218.5.8. işçi rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər; 218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər; 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla); 218.5.11. qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər; 218.5.12. xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər; 218.5.13. icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər. VM-nin XVİİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər, həmçinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləridirlər. Nəzərə alınmalıdır ki, vergi münasibətlərini tənzimləyən qanunvericilik həm sadələşdirilmiş vergi ödəyiciləri hesab olunan, həmçinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmayan şəxslərin əhatə dairəsini müəyyən etmiş və ayrıayrı müddəalar altında səciyyələmişdir. İnzibati icraat materiallarından (qərarlardan) görünür ki, Cəmiyyət tərəfindən tərəfindən 2020-ci il ərzində göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə Belarus Respublikasında ümumilikdə 195 695,89 manat gəlir məbləğinin əldə olunduğu və həmin gəlir məbləğindən Belarus Respublikasının dövlət büdcəsinə vergi məbləğinin ödənilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan agent müqaviləsinə əsasən, Belarusiya Respublikasının “V.İ.KOZLOV adına X1” Açıq Səhmdar Cəmiyyətinə (sifarişçi) Cəmiyyət tərəfindən agent qismində xidmətlərin göstərildiyi müəyyən edilmişdir. Təqdim edilmiş müqavilələrin predmetində Cəmiyyət tərəfindən xarici hüquqi şəxsin fəaliyyət sahəsinə dair malların (məhsulların) potensial alıcılarının aşkar olunması predmeti ilə bağlı Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının daxili bazarlarının öyrənilməsi, sövdələşmələrin həyata keçirilməsi üçün onların etibarlılıq predmeti ilə bağlı alıcılara verilən informasiyanın toplanması və ümumiləşdirilməsi, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının ərazisində məhsulların tədarükü üzrə müqavilənin alıcılar ilə bağlanması və icra olunması üçün onların layihələrinin sifarişçiyə göndərilməsi, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının ərazisində idxalat və ixracat əməliyyatlarının dövlət tənzimlənməsində aparılan dəyişikliklər haqqında məlumatlandırılması, hərracların (müsabiqələrin, tenderlərin) aparılması şərtlərini və qaydasını tənzimləyən Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının qanunvericiliyi haqqında məlumatlandırmaq və aparılan hərrac (müsabiqələr, tenderlər) haqqında sifarişçinin məlumatlandırılması, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının ərazisində alıcıların ünvanına sifarişçi tərəfindən göndərilən malların (məhsulların) daxil olmasına nəzarətin təmin olunması, zəruri hallarda onların dəmiryolu və avtomobil nəqliyyatı ilə daşınmasını təşkil etməklə Belarusiya Respublikasından alıcılara göndərilən malların (məhsulların) daxil olmasına nəzarətin təmin olunması əks etdirilmişdir. Müqavilənin 4.1-ci bəndinə müqavilə ərazisində alıcı tərəfindən hazırlanmış müqavilə (kontraktı) üzrə ödəniş sifarişçi-prinsipalın hesablaşma hesabına tam və ya qismən daxil olduqdan və mal (məhsul) göndərildikdən sonra Agent Sifarişçi-prinsipala göstərilmiş xidmətlər barədə aktı və hesab-fakturanı təqdim etməlidir. Aktda aşağıdaki məlumatlar qeyd olunmalıdır: -göstərilmiş xidmətlərin adı; -göstərilmiş xidmətləri dəyəri; -tərəflərin razılığına əsasən digər məlumatlar. Məhkmə qeyd edir ki, iddiaçının bank hesabına qeyri-rezident hüquqi şəxs Belarusiya Respublikasının “V.l.KOZLOV adına X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vergi ödəyicisinin bank hesabına vəsaitlərin mədaxili, agent müqavilələrinə əsasən, həmin qeyri-rezidentə agent qismində xidmətlərin göstərildiyin müəyyən edildiyindən, onun Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır. Məhkəmə xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, maddənin tələblərində istisna kimi yalnız iki hal göstərilmişdir: - vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərdən xidmətin yalnız əhaliyə münasibətdə göstərilməsi; - Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçının xidmət göstərdiyi şəxs - əhali hesab olunmur. Həmin şəxs qeyri-rezident hüquqi şəxs olaraq Belarusiya Respublikasında qeydiyyatda olan “V.l.KOZLOV adına X1” Açıq Səhmdar Cəmiyyətidir. Başqa sözlə desək iddiaçı tərəfindən göstərilən xidmət vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxsə münasibətdə göstərilmişdir. Digər tərəfdən isə hazırki mübahisə üzrə iddiaçı sadələşdirilmiş vergi ödəyicisi hesab olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinin ikinci hissəsində qeyd olunan istisna halın da təsiri altına düşmür. Məhkəmə hesab edir ki, inzibati aktların, qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu vergi orqanı tərəfindən sübut edildiyindən mübahisələndirmə növündə hazırkı iddianın təmini əsası mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar