Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7321/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində (onun faktiki vəziyyətinə uyğun şəkildə) və onun üzərində inşa etdirdiyi tikili üzərində mülkiyyət hüqunun qeydə alınması öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi Bakı şəhəri, Badamdar yolu, ev 3 ünvanında yerləşən 445.6 kv.metr torpaq sahəsi və tikintialtı sahəsi 128 kv.metr olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 1995-ci il tarixli, 288 saylı sərəncamına əsasən, Badamdar qəsəbəsi, Badamdar şossesində 600 kv.m bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsinə və həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsində ümumi sahəsi 90 kv.metr olan fərdi yaşayış sahəsi inşa etmiş və mülkiyyət hüququm müvafiq qaydada qeydə alınmışdır. Bununla yanaşı, həmin torpaq sahəsində başqa bir fərdi yaşayış evi də tikdirmişdir. Bunun üçün, əvvəlcə tikiləcək evin eskiz layihəsini rayon icra hakimiyyətinə göndərərək, müvafiq razılaşdırılması xahiş edilmiş, bundan sonra 3 ay ərzində rayon icra hakimiyyətindən hər hansı bir etiraz məktubu daxil olmadığı üçün, tikintiyə başlanılmışdır. Ev artıq tikilmiş və orada yaşayış vardır. İddiaçı ev üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh təşkilata müraciət etmiş, sonuncu tərəfindən qeydiyyat üçün icra hakimiyyətinə sorğu verilməli olduğu bildirilmişdir. Sorğudan sonra icra hakimiyyəti sərti qaydada tədbirlər görməyə başlamış və evi sökməyə cəhd etmiş, lakin iddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiası təmin olunaraq tikilinin razılaşdırılması və qanuni hesab edilməsi, habelə, ona müdaxilə etməmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmışdır. Səbail Rayon İcra Hakimiyyəti həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qərarı ilə şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 3 iyun 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qərarı ləğv edilmiş, işə təkrar baxan apellyasiya məhkəməsi 6 noyabr 2014-cü il tarixli qərarı ilə əvvəlki məhkəmə qərarını qismən ləğv etmiş, tikilinin artıq hazır olduğunu nəzərə alaraq, tikiliyə müdaxilə ilə bağlı hissədə iddia rədd edilmiş, digər hissədə isə məhkəmə qərarı qüvvədə saxlanılmışdır. Həmin qərardan şikayət verilməmiş və hazırda qüvvədədir. Bundan sonra iddiaçı tikili üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün yenidən hazırkı cavabdehə müraciət etmiş, lakin sonuncu bir neçə dəfə qeydiyyatdan imtina etmişdir. İlkin imtinada torpaq sahəsində kiçik əldamının olmasını və torpağın 100 kv.m hissəsinin daş hasarla ayrılıb başqasının istifadəsində olması qeyd edilmiş, iddiaçıdan torpağın azalma və faktiki vəziyyətə uyğun şəkildə qeydə alınması barədə ərizə tələb edilmişdir. İddiaçı tərəfindən qeyd olunan ərizə verilmiş və əldamı da sökülmüşdür. Növbəti imtinada iddiaçının əvvəllər üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış evin altında olan zirzəminin qeyri- aşayış məqsədləri üçün istifadə edildiyi, habelə, torpağın cizgisində istinad və məsafələrin dəqiq olmadığından sənəd üzrə sahənin yerləşmə yerini müəyyən etmək mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin istinad ediyi hallar imtina üçün əsas ola bilməz və buna görə də, imtina qanunsuzdur. Belə ki, cavabdeh nəzərə almamışdır ki, imtinada göstərdiyi əsaslar yaşayış evinə aiddir ki, həmin ev üzərində iddiaçının mülkiyyət hüququ artıq reyestrdə qeydə alınmışdır. Bununla yanaşı, iddiaçının torpaq sahəsinə dair Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2012-ci ildə plan və ölçü sənədi verilmişdir. Qeyd olunan sənəddəki cizgini torpağın faktiki vəziyyətinə uyğunlaşdırmaq iddiaçının yox, məhz cavabdehin məsuliyyətinə aiddir. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən faktiki torpaq sahəsi ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi arasında konfiqurasiya fərqi mövcuddur və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr dəqiq göstərilmədiyindən sənəd üzrə sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsi texniki pasport və kadastr planında 531.08 kv.m göstərilsə də, faktiki 445.6 kv.m təşkil etməklə, torpaq sahəsinin 85.48 kv.m hissəsi qonşunun istifadəsindədir. Eyni zamanda, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman “A” tikilisinin zirzəmi və 1-ci mərtəbəsinə bitişik ölçüsü 26.8 kv.m olan əlavə sahənin inşa edildiyi və fərdi yaşayış evinin faktiki ölçüsünün 173.1 kv.m olduğu müəyyən edilmişdir. Eyni zamanda tikilinin zirzəmi mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Məlumat üçün bildirilir ki, torpaq sahəsində tikintialtı sahəsi 128 kv.m olan yeni ikimərtəbəli yaşayış evi inşa olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilənləri müdafiə edərək əlavə olaraq bildirdi ki, yeni inşa olunmuş fərdi yaşayış evi 2013-cü ildən sonra tikilmişdir. Həmçinin 445.6 kv.m torpaq sahəsinə üzərində hüquqların qeydiyyatına iddia edirlər. Göstərilənlərə əsasən tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubndan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Səbail rayon İcra Hakimiyyəti başçısının “Badamdar qəsəbəsində mövcud bağ sahəsinin sənədləşdirilməsi barədə” 23 yanvar 1995-ci il tarixli, 288 nömrəli Sərəncamından görünür ki, rayon icra hakimiyyəti başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən Badamdar qəsəbəsi, Badamdar şossesindəki mövcud bağ sahəsinin 20x30 m ölçüdə İddiaçı adına sənədləşdirilməsi və orada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Badamdar yolu, ev 3 ünvanındakı ümumi sahəsi 90.1 kv.metr olan, A literli, ümumi sahəsi 30.1 kv.metr olan B literli Təsərrüfat otağından ibarət, 0.01131 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 iyun 2011-ci il tarixli, MA seriyalı ******* saylı çıxarışı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində sahəsi 600 kv.metr 3 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin A№409351 saylı planı və ölçüsü tərtib edilmiş, X2 kitabında xx.xx.2012-ci il tarixdə 31891 nömrəsi ilə uçota alınmışdır. Beləliklə işin faktiki hallarından görünür ki, mübahisə predmetini təşkil edən əmlak ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 445,6 kv.m olan torpaq sahəsidir. İddiaçıya Səbail rayon İcra Hakimiyyətinin yuxarıda istinad olunan 23 yanvar 1995-ci il tarixli Sərəncamı əsasında qeyd olunan ünvanda fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin 90 kv metrdən ibarət olan hissəsində fərdi yaşayış evi tikərək, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq ona daşnmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan iddiaçı həmin torpaq sahəsi üzərində 2013-cü ildə başqa tikili inşa etmiş, hazırda sözügedən yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar (2.7) da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə ilk növbədə iddia olunan torpaq sahəsinə hüquqların qeydiyyatı ilə bağlı məsələyə münasibət bildirərək hesab edir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndindəki aktlara uyğun gəlir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 1995-ci il tarixli, 288 nömrəli Sərəncamı ilə Badamdar qəsəbəsi, Badamdar şossesindən 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmin torpaq sahəsinin kadastr göstəricilərini və koordinatlarını müəyyən edərək torpaq sahəsinin plan və ölçü sənədini vermişdir. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, habelə, qeyd olunan sərəncam və sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan sərəncam və digər sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Cavabdehin imtina məktubunda və yazılı etirazda göstərdiyi dəlillər aşağıdakılardır: -Elektron kadastr məlumatına əsasən faktiki torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi arasında konfiqurasiya fərqi mövcuddur; -Torpaq sahəsi texniki pasport və kadastr planında 531.08 kv.m göstərilsə də, faktiki 445.6 kv.m təşkil etməklə, torpaq sahəsinin 85.48 kv.m hissəsi qonşunun istifadəsindədir; -İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman “A” tikilisinin zirzəmi və 1-ci mərtəbəsinə bitişik ölçüsü 26.8 kv.m olan əlavə sahənin inşa edildiyi və fərdi yaşayış evinin faktiki ölçüsü 173.1 kv.m-dir, tikilinin zirzəmi mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə birinci imtina dəlili ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin ölçülərinin, konfiqurasiyası ilə yerləşmə cizgisindəki uyğunsuzluğun nədən ibarət olmasına dair cavabdeh inzibati orqan təfindən tutarlı dəlillər məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər belə uyğunsuzluq varsa belə, bu iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Həmçinin cavabdeh onu da nəzərə almamışdır ki, qeyd olunan torpaq sahəsində inşa olunan fərdi yaşayış evinə dair qeydiyyat hərəkətləri apararaq sahəsi 90,1 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyəti hüququnu qeydiyyata almış və bu barədə müvafiq çıxarış vermişdir. Bu isə özlüyündə həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması və bu halın cavabdeh orqan tərəfindən də mübahisəsiz hal kimi qəbul olunmasını ehtiva edir. Əks halda, həmin evin reyestrdə qeydiyyata alınıb mülkiyyətçiyə çıxarış verilməsi mümkünsüz idi. Odur ki, cavabdehin dəlili əsassızdır. Torpaq sahəsinin faktiki sahəsi ilə bağlı dəlilə gəlincə, dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi iddiaçı 445,6 kv.metr torpaq sahəsi üzərində hüquqların qeydiyyatına iddia edir. Odur ki, bu hissədə də imtina dəlili əsassızdır. Üçüncü dəlillə bağlı qeyd olunur ki, həmin xüsusatlar iddiaçının istifadəsində olan torpaq sahəsində mövcud olan və üzərində mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evi ilə bağlı olduğundan və mübahisə predmetinə aid olmadığından münasibət bildirilməsinə lüzum qalmır. İddiaçının digər tələbi həmin torpaq sahəsində inşa etdirdiyi tikintialtı sahəsi 128 kv.metr olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlıdır. Məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərinin anlayışı AR Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarında təsvir olunmuşdur. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79- 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.5-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 saylı Fərmanının 4.7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Məhkəmə qeyd edir ki, mövcud əmlak qanunvericiliyi 2013-cü il yanvarın 1-dək və həmin tarixdən sonra inşa edilmiş tikililərə münasibətdə şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün sənədlərin əhatə dairəsini fərqləndirmiş, 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş tikililəri məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərinə ayırmış, hər birinə xas olan göstəriciləri müəyyən etmişdir. Qanunverici məlumatlandırma icraatının tətbiq edilməli olduğu tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan quruma sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsininin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. Tikilinin məlumatlandırma icraatı tətbiq edildiyi tikili olması üçün isə həmin tikili aşağıdakı göstəricilərə malik olmalıdır: - mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa olunmalı; - yerüstü mərtəbələrinin sayı 3-dən çox olmamalı; - hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) çox olmamalı; - aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Göründüyü kimi tikilinin məlumatdırma icraatı tətbiq edildiyi tikili olması bilavasitə mərtəbələrin sayından, hündürlüyündən və aşırımların uzunluğundan asılıdır. Məhkəmə ilk növbədə bildirir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Badamdar yolu, ev 3 ünvanında inşa edilmiş fərdi yaşayış evinin məlumatlandırma icraatı tətbiq edilən tikili olması tərəflər arasında mübahisəsiz haldır. Eyni zamanda həmin tikilinin yuxarıda göstərilən parametrlərə cavab verməsi isə memarlıq-planlaşdırma həllində əks olunan layihədən də aydın şəkildə görünür. Cavabdeh tərəfindən əksini təsbit edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunan tikili məlumatlandırma icraatı tətbiq edilən tikili (xx.xx.2013-cü il tarixdən sonra inşa olunmuş) hesab olunduğundan, həmin tikili üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün sənədlərin əhatə dairəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsi ilə ehtiva olunur. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyatı üçün təqdim etdiyi sənədlər əsasında onun fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata almağa əsas verir. Belə ki, iddiaçı tikilinin inşa edildiyi toraq sahəsi üzərində hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədi və memarlıq-planlaşdırma həllində əks olunan layihəni cavabdehə təqdim etmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2472/2013 saylı qərarından görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh ünvan 3 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi tikili qanuni və cavabdehlə razılaşdırılmış hesab edilmiş, Bakı şəhəri, Badamdar yolu, ev 3 ünvanında yeni inşa etdiyi məznilin tikintisinə müdaxilə etməkdən çəkinmək öhdəliyi Bakı şəhəri Səbail RİH-in üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1231/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Səbail RİH-in apellyasiya şikayəti qismən təmin edilmiş, lakin Bakı şəhəri, Badamdar yolu, ev 3 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi tikili qanuni və cavabdehlə razılaşdırılmış hesab edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçının inşa etdiyi tikili qanuni və şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq aidiyyəti yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış hesab edilmişdir. Belə olan halda, iddiaçının sözügedən fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyatı üçün qanunla tələb olunan şərtlər ödənilir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Badamdar yolu, ev 3 ünvanında yerləşən 445.6 kv.metr torpaq sahəsi və tikintialtı sahəsi 128 kv.metr olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə onun adına dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Badamdar yolu, ev 3 ünvanında yerləşən 445.6 kv.metr torpaq sahəsi və tikintialtı sahəsi 128 kv.metr olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə onun adına dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7321/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7321/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver