Məhkəmə qərarları › İş №e-2-1(112)-7361/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7361/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7361/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “sərhədkeçməyə məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “sərhədkeçməyə məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas olmadığı halda onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair cavabdehlərin hərəkətlərinin dayandırılması və onun ölkədən çıxmasına mane olmamaq öhdəliyinin müvafiq olaraq cavabdehlərin üzərinə qoyulması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 455 manat 46 qəpik, mənəvi ziyana görə isə 1000 manat olmaqla, cəmi 1455 manat 46 qəpik məbləğində kompensasiyanın müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 06 fevral 2025-ci il tarixdə ölkədən çıxarkən sərhəd buraxılış məntəqəsinə yaxınlaşıb pasport qeydiyyatından keçən zaman sərhəd xidmətinin əməkdaşları onu sərhəddən buraxmayaraq polis orqanları tərəfindən ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilmişdir. Belə ki, bütün prosedurları keçməyinə baxmayaraq sonda ümumvətəndaş pasportuna Dövlət Sərhəd Xidməti tərəfindən vurulmuş xx.xx.2025-ci il tarixli çıxış ştampı ləğv edilmiş və o, Azərbaycan Respublikasının sərhəddindən kənara buraxılmamışdır. Onun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün heç bir hüquqi əsas, o cümlədən məhkəmə qərarı yoxdur. Belə ki, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı elektron hökumət informasiya resurslarında heç bir məlumat yoxdur. İnzibati orqanların əsassız hərəkəti ona narahatlıq və təşviş yaşatmışdır. Ona qarşı sərhəd xidmətini keçən digər şəxslərdən onlar gözü qarşısında fərqli prosedur tətbiq edilməsi insanlarda ona qarşı neqativ fikir formalaşdırmışdır. İnsanlar onun hər hansı qanunsuz fəaliyyətlə məşğul olduğunu düşünmüş və hətta bununla bağlı ona suallar da vermişlər. Bu da ona çox pis təsir edir, psixoloji durumununa mənfi təsir göstərmiş, bu hiss nəticəsində iztirab keçirmişdir. Bundan əlavə ona maddi ziyan da dəymişdir. Belə ki, təyyarə biletini almaq üçün ödədiyi 455 manat 46 qəpik pul vəsaiti də ona geri qaytarılmamışdır. Hesab edir ki, onun Azərbaycan Respublikasının hüdudlarından kənara getmək hüququnun məhdudulaşdırılması əsassız və qanunsuzdur. Ona görə də cavabdehlərin onun ölkədən getmək hüququnu məhdudlaşdırılan hərəkətləri təcili dayandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə təqdim edilmiş, cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sərhədkeçməyə məhdudiyyətin götürülməsinə nail olmaqdan ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X1:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məzmunundan müəyyən olunur ki, iddiaçının tələbi hüquqi şəxsin əməllərində cinayət hüquqi xarakterli əməllərinin olması barədə ərizəyə münasibət verilməsindən ibarət olmaqla cavabdehin cinayət prosessual fəaliyyəti ilə bağlıdır və iddiaçı ilə cavabdehlər arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz.

Məhkəmə iddia tələbinin mümkünlüyü ilə bağlı gəldiyi nəticəni aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş, ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Əsasnamə: ...

2. “Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - Sistem) - xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir: 2.1. şəxsiyyət vəsiqələri, pasport-viza və digər sərhədkeçmə sənədlərinin fərdi olaraq doldurulması və verilməsi; 2.2. yaşayış və olduğu yer üzrə qeydiyyat; 2.3. Sistem çərçivəsində istifadə olunan sənəd blanklarının və onların hərəkətinin uçotu; 2.4. ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması; 2.5. şəxslərin, sənədlərin, nəqliyyat vasitələrinin nəzarət siyahıları ilə yoxlanılması və sərhədkeçmə uçotu; 2.6. şəxslərin identifikasiyası, sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədlərin həqiqiliyinin müəyyənləşdirilməsi; 2.7. Sistemin tərkibinə daxil olan paylanmış, habelə onunla qarşılıqlı əlaqədə olan digər informasiya sistemləri arasında uzlaşmanın aparılmasında iştirak edilməsi; 2.8. biometrik məlumatlar üzrə informasiya resurslarının formalaşdırılması məqsədilə məlumatların toplanılması.

3. Sistemin informasiya resurslarının formalaşdırılması və onlardan istifadə edilməsi insan hüquq və azadlıqlarına riayət olunmaqla həyata keçirilir.

6. Sistem bir-birinin təminat vasitələrindən və paylanmış informasiya resurslarından qarşılıqlı istifadə edən aşağıdakı altsistemlərdən, aidiyyəti dövlət orqanlarında olan müvafiq lokal seqmentlərdən ibarətdir: ... 6.10. “Sərhədkeçməyə məhdudiyyət”; ...

8. Dövlət orqanları tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: 8.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi: ... 8.1.12. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi; ... 8.1.14. öz səlahiyyətləri daxilində “Sərhədkeçməyə məhdudiyyət siyahısı”nın aparılması, bu sahədə informasiya proseslərinin idarə və mühafizə edilməsi; ... 12.6. “Sərhədkeçməyə məhdudiyyət” altsistemi: 12.6.1. altsistem vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən verilən məlumatlar Sistemin "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlərlə istifadə olunur: 12.6.1.1. sərhədkeçmə zamanı şəxsin saxlanılaraq aidiyyəti dövlət orqanına təhvil verilməsi; 12.6.1.2. şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması; 12.6.1.3. şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi; 12.6.2. “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi üçün əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişilir;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş, ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları: 4.2. “Sərhədkeçməyə məhdudiyyət” altsistemi – “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na qanunvericiliklə müəyyən olunmuş və bu Qaydalarda göstərilən məlumatların daxil edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi və altsistemin proqram-texniki vasitələri ilə Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilmiş forma üzrə həyata keçirilir. Məhdudiyyət siyahısına məlumatlar İAMAS-dan müvafiq məqsədlə istifadə səlahiyyəti verilmiş İAMAS-a qoşulmuş dövlət orqanlarının məsul əməkdaşları tərəfindən daxil edilməli və təsdiqlənməlidir. 6.7. “Sərhədkeçməyə məhdudiyyət siyahısı” informasiya resursu üzrə: 6.7.1. Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə məhdudiyyət qoyulan şəxslər barədə aşağıda göstərilən məlumatlar İAMAS vasitəsilə elektron formada yaradılır və yalnız Əsasnamə ilə səlahiyyət verilmiş dövlət orqanları tərəfindən və onların sistemdaxili səlahiyyət bölgüsünə uyğun istifadə olunur, müvafiq əsaslar aradan qalxdıqda aktiv statusu dəyişdirilir: 6.7.1.1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatlar; 6.7.1.2. xarici ölkəyə daimi yaşamağa getmək hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış, dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vətəndaşlar haqqında məlumatlar; 6.7.1.3. terrorçuluqda və digər transmilli mütəşəkkil cinayətlərdə şübhəli bilinən, habelə ölkədə olması milli təhlükəsizlik baxımından arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar; 6.7.1.4. ölkədə olması arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar; 6.7.1.4-1. Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar; 6.7.1.5. sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış şəxslər, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış əcnəbilər haqqında məlumatlar; 6.7.1.6. müəyyən müddətə azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə, islah işləri, ictimai işlər, cərimə növündə cəzalara məhkum olunmuş şəxslər haqqında məlumatlar; 6.7.1.7. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən şəxslər haqqında məlumatlar; 6.7.1.8. məhkum edilmiş, lakin cəzasının çəkilməsi təxirə salınan şəxslər haqqında məlumatlar; 6.7.1.9. tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslər haqqında məlumatlar; 6.7.1.10. borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məlumatlar; 6.7.1.11. miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbilər haqqında məlumatlar; 6.7.1.12. intizam xarakterli hərbi hissədə saxlanılan şəxslər haqqında məlumatlar; 6.7.1.12-1. müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar haqqında məlumatlar; 6.7.1.12-2. hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxslər haqqında məlumatlar; 6.7.1.12-3. inzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar; 6.7.1.13. etibarsız hesab edilmiş, itmiş, oğurlanmış və saxta pasportlar, vizalar, vəsiqələr haqqında məlumatlar; 6.7.1.14. axtarışda olan nəqliyyat vasitələri haqqında məlumatlar.

Qeyd olunan normalardan göründüyü kimi, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə şəxslər haqqında məlumatların daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi yalnız yuxarıda qeyd olunan Əsasnamə ilə həmin informasiya resurslarından istifadəyə buraxılmış dövlət orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və s.) səlahiyyətindədir. Bununla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-825/25 №-li cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə”nin 12.6.1.2-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün xx.xx.1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə dövlət sərhədindən hərəkəti zamanı Daxili İşlər Nazirliyi tərəfindən İAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Bu konteksdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş, ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Əsasnamənin 8.1.12ci bəndinə əsasən, axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, iddiaçı barəsində məlumatlar “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil edilmişdirsə aktiv statusunun dəyişdirilməsi (məhdudiyyətin götürülməsi) də həmin qurumun səlahiyyətindədir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının ölkədən çıxışına aparılan hər hansı cinayət təqibinin gedişində qadağa qoyulmuşdursa, həmin məsələnin mübahisələndirilməsi də yenə cinayət-mühakimə icraatı qaydasında aparılmalıdır. Çünki bu zaman tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin və yenə publik hüquqa əsaslanılmaqla qəbul edilmiş qərarlarının qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan cinayət işinin istintaqı zamanı həyata keçirilən fəaliyyətlə bağlı tətbiq edilən hüquq isə inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutulması və həbsdə saxlanılması; 449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən mübahisələndirilən məsələnin CPMin 449.3-cü maddəsində aşkar şəkildə sadalanmaması sözügedən məsələyə məhkəmə nəzarəti qaydasında baxılmalı olması halını dəyişdirmir. Çünki yuxarıda da qeyd edildiyi kimi, istintaq orqanı tərəfindən bu tədbir cinayət təqibinin gedişində tətbiq edilmişdir. Odur ki, həmin tədbirinin tətbiq edilməsinin qanuniliyi və əsaslılığına da yenə cinayət təqibi çərçivəsində məhkəmə nəzarəti qaydasında qiymət verilməlidir. Sözügedən məsələyə məhkəmə nəzarəti qaydasında baxılmalı olması həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 avqust 2009-cu il və 12 mart 2015-ci il tarixli qərarlarındakı hüquqi mövqelərdən də irəli gəlir. Belə ki, həmin qərarlarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliklə müəyyən məsələnin tənzimlənməməsi və ya qismən tənzimlənməsi şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqlarının prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avquts 2009-cu il tarixli qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli qərarda isə göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Odur ki, CPM 449.1 və 67.3-cü maddələrinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə məhkəmə nəzarətini həyata keçirən ümumi məhkəmələr (rayon (şəhər) məhkəməsi) tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 3.2.1-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Göründüyü kimi hazırkı mübahisənin yaranmasına səbəb olan münasibətlər bilavasitə cinayət təqibinin həyata keçirilməsi ilə yaranmışdır ki, bu növ münasibətlər cinayət prosessual fəaliyyətindən irəli gəlir. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 3.2.1-ci maddəsinin tələblərinə nəzər yetirdikdə məlum olur ki, Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Bu zaman iddiaçının həmin cinayət işi üzrə təqsirləndirilən və ya şübhəli şəxs olub-olmaması da mübahisənin cinayət prosessual fəaliyyət sferasında yaranmasına halında hər hansı dəyişikliyə səbəb olmur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia tələbi mümkünlük şərtlərini ödəmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə xüsusilə qeyd edir ki, şəxsin barəsində cinayət təqibi orqanı tərəfindən cinayət işinin istintaqı ilə bağlı tətbiq edilmiş ölkədən çıxışa məhdudiyyət qoyulmasına dair tədbirin mübahisələndirilməsinə dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni 2018 № 1 Büllet; https://supremecourt.gov.az/storage/pages/887/bulletenler/Bulleten_2018_1.pdf ) “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “şəxsin ölkədən getmək hüququnun məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar