Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7362/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 900 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahəsinin özəlləşdirilməsi barədə” 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncam verilmişdir. Sahə 9 sot ərazidə yerləşir. Həmin ərazi elə şəraitdə yerləşir ki, onun sahə parametrlərinin dəyişdirilməsi qeyri mümkündür. Ərazi artıq 1995-ci il tarixdə hasara alınıb və yaşıl bağ sahəsi kimi istifadə edilməkdədir. Ərazinin ətrafında çoxlu yaşayış sahələri mövcuddur və onlara müvafiq çıxarışlar verilmişdir. Qeyd olunan sahə iddiaçının qanuni və faktiki istifadəsindədir. Onun sahəsində daxili kanalizasiya xətti mövcuddur. Bundan başqa bütün kommunal xidmətlərə qoşulmaq imkanları mövcuddur. Uzun müddətdir həmin xidmətlərdən qonşuları maneəsiz istifadə edirlər. İddiaçının torpaq sahəsi ilə bağlı mübahisəsi yoxdur. İddiaçıya təqdim edilmiş sərəncam və sahənin yerləşmə planı ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh iddiaçıya imtina cavabı vermişdir. İmtina qanunsuz verilmişdir. Ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi mövcuddur. Həmin cizgi üzrə sahənin harada yerləşməsini dəqiq müəyyən etmək olur. Ona görə də cavabdehin imtinasının əsası yoxdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbi ilə bağlı cavabdehə müraciət etmiş və ona xx.xx.2021-cü il tarixli, **********59 nömrəli məktub verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən yerləşmə sxemində istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin, konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Bundan əlavə təqdim edilmiş xx.xx.1995-ci il tarixli, 807 nömrəli sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdeh tərəfindən təqdim edilmiş ilkin müayinə aktı səhv verilib. Belə ki, həmin müayinə aktının iddiaçının torpaq sahəsinə aidiyyəti yoxdur. Göründüyü kimi müayinə aktında ilkin sənədin nömrəsi və tarixi də tamam fərqli göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 900 kv.metrdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 05 mart 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 807 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Səbail rayon İcra Hakimiyyətinin başçısının 807 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evlər tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin 3/104 №-li, xx.xx.1991-ci il tarixli sərəncamına və rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akt və yerləşmə cizgisinə istinad edərək “Köhnə bağ” sahələrindən birinin iddiaçının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Sərəncama torpaq sahəsinin yerləşmə sxemi əlavə edilmişdir. X1 və Ekspertiza Mərkəzi MMC-nin 73 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, naturada təqdim olunan, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısı 11 mart 1995-ci il tarixli 807 saylı sərəncamı ilə “Badamdar qəsəbəsində ərazisində mövcud sahəsinin İddiaçı adına sənədləşdirilməsinə və orada fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyəti həmin torpaq sahəsinə dair tərtib olunmuş yerləşmə sxeminə uyğundur. Naturada təqdim olunan torpaq sahəsi dövlət mülkiyyəti olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir, konfiqurasiyası və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Sözügedən torpaq sahəsi digər torpaq sahələri ilə üst-üstə düşmür, su, elektrik və qaz xətlərinin mühafizə zonasında yerləşmir. Cavabdeh tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktına əsasən Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən torpaq sahəsi cizgiyə əsasən 200 kv.metr, faktiki ölçüsü 182,0 kv.metr (18,0 kv.metr az) təşkil edir. Torpaq sahəsi hər tərəfdən daş hasarla və tikilinin çöl divarı ilə sərhədlənmişdir. Qonşu sahələr və dalan yol ilə əhatələnmişdir. Üzərində 1-mərtəbəli fərdi yaşayış evi vardır. Cizgidə göstərilən sahə ilə faktiki sahə arasında fərq vardır. Faktiki sahənin yerləşməsinə dair koordinatlar baxılması üçün əlavə edilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 25 aprel 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, "Badamdar qəsəbəsində "Köhnə bağlar" ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə" Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 807 saylı sərəncamı və həmin sərəncamın verilməsinə əsas olan sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya etirazla oxşar məzmunlu imtina məktubu verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli, xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılmışdır. Həmçinin həmin torpaq sahəsinə dair iddiaçıya plan-sxem verilmişdir. Hazırda iddiaçı həmin sərəncama əsaslanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, təqdim edilən yerləşmə sxemində istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin, konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Bundan əlavə təqdim edilmiş xx.xx.1995-ci il tarixli, 807 nömrəli sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi məsələlər formal əsaslar olmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə almaqdan imtina üçün əsas deyildir. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamına əlavə edilmiş torpaq sahəsinin plan-sxemindən görünür ki, torpaq sahəsinin eni bir tərəfdən 17 metr, digər tərəfdən 30 metr, uzunluğu isə bir tərəfdən 56 metr, digər tərəfdən 46 metr göstərilmişdir. Yəni nəzəri hesablama yolu ilə də iddiaçıya ayrlan torpaq sahəsinin ölçüsünün 900 kv.metr təşkil etdiyi müəyyən edilir. X1 və Ekspertiza Mərkəzi MMC-nin 73 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində də torpaq sahəsinin faktiki ölçülərinin yerləşmə sxeminə uyğun olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi əsaslar həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 900 kv.m olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 900 kv.m olan torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-7362/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7362/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver