Məhkəmə qərarları › İş №e-2-1(112)-7363/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7363/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7363/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi yerləşən torpaq sahəsində (yeni qaydalarla) Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56 A ünvanda (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024) xüsusi mülkiyyət hüququ ilə İddiaçı Bəxtiyar oğluna məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ilkin olaraq X5 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2-Yeni qaydalarla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56 A ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən 0.025 ha torpaq sahəsi iddiaçıya xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə hədiyyə edilmişdir. İddiaçıya məxsus olan Yeni qaydalarla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56 A ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən 0.025 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində bütün zəruri icazələr və razılaşdırılmalar aparılmaqla fərdi yaşayış evi inşa edilmişdir. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinəfərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınması ilə bağlı müraciət etdikdə cavabdeh qurum xx.xx.2024-cü il tarixdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş və imtinada 2 (iki) əsas göstərmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin göstərmiş olduğu həmin əsaslarla bağlı (1(fərdi yaşayış evinin bir hissəsi gərginlikli elektrik xəttinin mühafizə zonası) 2(SOCAR-ın mühafizə zonası)) müvafiq sənədlər, qanuni qüvvəsini alımış məhkəmə aktı cavabdeh quruma təqdim edilsədə yenidən cavabdeh qurum xx.xx.2025-ci il tarixdə mənə əsassız imtina vermişdir. Cavabdeh qurumun imtinasının əsassız olmasını göstəriciləri isə bundan ibarətdir ki, SOCAR-ın Vitse-prezidenti cənab İsmayıl Zərgərli tərəfindən xx.xx.2024-cü il tarixli 14-2/2- M14xx-xx/2024 saylı məktubda göstərilmişdir ki, ünvan 2 ünvanı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 213 nömrəli sərəncamına əsasən Neftçi MTK-nın daimi istifadəsinə ayrılmışdır. Azərişıq ASC-nin Nəzarət İdarəsinin rəisi cənab Ruslan Məmmədov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda göstərilmişdir ki, ünvan 2- Yeni qaydalarla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56 A ünvanında yerləşən fərdi yaşayış evi elektrik verlişi xəttinin istismarına maneəçilik törədmədiyini bildirilir və qeydiyyata alınmasına etiraz edilmir. Belə ki, əlavə məlumat üçün qeyd edirəm ki, X5 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2-Yeni qaydalarla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56 A ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsində X5 məxsus inşa edilmiş fərdi yaşayış evinin mülkiyyət hüquqları eyni cavabdeh qurum tərəfindən qeydiyyata alınmışdır. Lakin görünən odur ki, cavabdeh qurum qanunvericiliyin tələblərinə əməl etməmiş, hüquqların qeydiyyata alınmasında qanunvericiliyin tələblərinə əməl etməmişlər.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bəxtiyar oğlunun “Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi yerləşən torpaq sahəsində (yeni qaydalarla) Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56 A ünvanda (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024) xüsusi mülkiyyət hüququ ilə İddiaçı Bəxtiyar oğluna məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********36 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin yaxınlığında (42 metr məsafədə) ləğv edilmiş neft buruğunun olması barədə elektron bazada məlumat mövcuddur. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göndərilmiş sorğuya 14- 2/2-2975/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində, bir hissəsi isə 1077saylı ləğv olunmuş neft-qaz quyusunun 43 metrlik məsafəsində, 1120 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 64 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşir. Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə ləğv edilmiş quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********36 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmiş və həmin məktubda göstərilən iradlar tam aradan qaldırılmamışdır. Belə ki, elektron kadastr məlumatlarına əsasən, fərdi yaşayış evinin yaxınlığında ləğv edilmiş neft quyusunun olması barədə elektron bazada məlumat mövcuddur. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göndərilmiş sorğuya 14- 2/2-2975/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində, bir hissəsi isə 1077 saylı ləğv olunmuş neft-qaz quyusunun 43 metrlik məsafəsində, 1120 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 64 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Hüquqların dövlət qeydiyyatı haqqınnda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56) ünvanında yerləşən 0.0286 ha torpaq sahəsi X4 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır (torpaq sahəsinin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları).

6. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X7 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin 0.025 ha hissəsi hədiyyə alan İddiaçı mülkiyyətinə verilmişdir.

7. Hüquqların dövlət qeydiyyatı haqqınnda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56A) ünvanında yerləşən 0.0250 torpaq sahəsi İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır (torpaq sahəsinin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları).

8. SOCAR tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən tikinti işləri “Neftçi" MTK-ya ayrılmış ərazilərin hüdudları daxilində aparılır. Belə ki, həmin ərazi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 213 nömrəli sərəncamına əsasən "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmışdır.

9. X11 Cəmiyyəti tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 2.2 saylı bəndinə əsasən ona məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56 A ünvanında yerləşən fərdi yaşayış evi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan fərdi yaşayış evi elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyi bildirilir və qeydiyyata alınmasına etiraz edilmir.

10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli Müayinə (Baxış) Aktına əsasən iki torpaq sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir, 3 tərəf qonşu, 1 tərəf boş sahə. Yaşayış evinin 1-ci mərtəbəsində mətbəxdən meydançaya qapı açılmışdır, yarımzirzəmi mərtəbədə layihədə göstərilmiş otaqların arakəsmə divarı faktiki yoxdur və əlavə qapı açılmışdır. Torpaq sahəsinin arxa tərəfindən 7.5-8.5m məsafədən 6kv hava elektrik xətti və 8.1-9.0 m məsafədən 500 mm-lik su xətti keçir. Yaşayış evində təmir tamamlama işləri başa çatmamışdır. Torpaq sahəsi 19.1 kv.m artıqdır.

11. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd edilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********34 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa (surəti əlavə olunur) əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında ”Azərbaycan Respublikası xx.xx.2023-cü il tarixli Qanununa əsasən xx.xx.2024-cü il tarixindən etibarən respublika ərazisində tikintiyə və istismara icazə verilməsi, eləcə də məlumatlandırma icraatı üzrə sənədləşmə işləri elektron informasiya resursu (e-tikinti.gov.az) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada həyata keçirilir. İddiaçı tərəfindən rayon icra hakimiyyətinə təqdim edilən ********* nömrəli poçt məxaric qəbzindən (surəti məktuba əlavə olunur) görünür ki, o tikinti niyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Eyni zamanda “Azneft” İB-nin Geodeziya və hidroqrafiya şöbəsinin rəisi R.Mehdiyevin imzası ilə təsdiq etdiyi topoqrafik plandan (surəti məktuba əlavə olunur) çıxarışdan görünür ki, qeyd edilən torpaq sahəsi “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində yerləşir. Bu barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8682/2024 nömrəli qərardadında qeyd edilmişdir (“Azneft” İB-nin Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2000-ci il tarixli, 1032 nömrəli sərəncamın etibarsızlığının tanınması iddiasi).

12. SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi ilə bağlı icraatınızda olan e-2-1(112)-7363/2025 saylı iş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız sorğuya tərəfimizdən baxılmış, qoşmada olan “A” tikilisinin və əlavə torpaq sahəsinin koordinatları əsasında müvafiq araşdırma aparılmışdır. Əlavə torpaq sahəsinin koordinatlarının WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 19 kv.m əlavə torpaq sahəsinin XY 392762.6436 4463971.7945 392751.7500 4463971.7200 392751.7350 4463972.7010 392762.5314 4463972.7247 koordinatlarında olan 10 m2 hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCARın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində, XY 392762.6436 4463971.7945 392762.5314 4463972.7247 392772.2110 4463972.7460 392772.2200 4463971.8600 koordinatlarda olan 9 m2 hissəsi isə neft-qaz əməliyyatlarının aparılması üçün SOCARın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmaqla, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 6 may 2011-ci il tarixli 213 nömrəli Sərəncamı ilə "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 100 m2 “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin XY 392763.8822 4463961.5265 392763.8822 4463961.0042 392753.8822 4463961.0042 392762.8822 4463971.0042 392762.7389 4463971.0042 koordinatlarında olan 95 m2 hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCARın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində XY 392763.8822 4463961.5265 392763.7389 4463971.0042 392763.8822 4463971.0042 koordinatlarda olan 5 m2 hissəsi isə neft-qaz əməliyyatlarının aparılması üçün SOCARın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmaqla, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 6 may 2011-ci il tarixli 213 nömrəli Sərəncamı ilə "xxxx" Mənzil Tikinti Kooperativinə ayrılmışdır. Həmçinin bildirilir ki, əlavə torpaq sahəsi 1077 nömrəli ləğv edilmiş quyunun 44 metrlik, “A” tikilisinin yerləşdiyi torpaq sahəsi isə həmin quyunun 52 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017- ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, eləcə də quyuların mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaradır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci (Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri) və 28-ci (Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması) maddələrinin tələblərinə əsasən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (Bakı şəhəri, Səbail rayonu, Nefçilər prospekti 73) iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını, eləcə də iddia tələbinin rədd olunmasını sizdən xahiş edilir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56A) 0.0250 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışın verilməsini tələb etmişdir.

19. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

22. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

23. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

24. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

26. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 139-1.1.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56) ünvanında yerləşən 0.0286 ha torpaq sahəsi X4 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır (torpaq sahəsinin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları). - xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X7 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin 0.025 ha hissəsi hədiyyə alan İddiaçı mülkiyyətinə verilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56A) ünvanında yerləşən 0.0250 torpaq sahəsi İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır (torpaq sahəsinin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları).

31. Məhkəmə qeyd edir ki İddiaçı ərizə ilə Qaradağ Rayon İcra Hakimiyyətinə fərdi yaşayış evinin inşa edilməsi və sonrakı vəziyyəti ilə bağlı məlumat vermişdir. Belə ki, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd edilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********34 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa (surəti əlavə olunur) əsasən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən rayon icra hakimiyyətinə təqdim edilən ********* nömrəli poçt məxaric qəbzindən (surəti məktuba əlavə olunur) görünür ki, o tikinti niyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən məlumatlandırma icraatına riayət edilmişdir.

32. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etmişdir ki, fərdi yaşayış evinin yaxınlığında (42 metr məsafədə) ləğv edilmiş neft buruğunun olması barədə elektron bazada məlumat mövcuddur. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göndərilmiş sorğuya 14-2/2-2975/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində, bir hissəsi isə 1077saylı ləğv olunmuş neft-qaz quyusunun 43 metrlik məsafəsində, 1120 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 64 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşir. Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.

33. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Qaydaların 1.4-cü bəndinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu tələblərə əməl etməlidirlər. 34.Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

35. Məhkəmə nəzərə alır ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ilə qonşuluqda yerləşən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X4 (iddiaçının anası) mülkiyyət hüququ qeydiyyata alınmışdır. X2 məxsus 0,06 ha torpaq sahəsinin bir hissəsi (0,025 ha olmaqla) iddiaçıya bağışlammış və iddiaçı özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. 36.Beləliklə, iddiaçı ilə bitişik yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair hüquqlar qeydə alındığı təqdirdə iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə dair hüquqların qeydə alınmaması bərabər vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftardır. 37.Məhkəmə digər tərəfdən müəyyən edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan fərdi yaşayış evinin altındakı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ fiziki şəxsin (İddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda müvafiq torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmuşdur.

38. Məhkəmə eyni zmanda nəzərə alır ki, cavabdeh inzibati orqanın məlumatlandırma icraatı qaydasında inşa edilmiş fərdi yaşayış evinə dair hüquqların qeydiyyatının aparılması zamanı araşdırma predmeti icra hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü baxımından həmin icraata (məlumatlandırma) riayət edilməsi və inşa edilmiş fərdi yaşayış evinin texniki parametrlərinin (hündürlüyü, aşırımlarının uzunluğu və mərtəbəliliyi) Şəhəsalma və Tikinti Məcəlləsinə tələblərinə uyğunluğunun yoxlanması ilə məhdudlaşır. Hazırki işin hallarında görə məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən qeyd edilən uyğunsuzluq (məlumatlandırma icraatına riayət edilməməsi və tikilinin texniki parametrləri ilə bağlı normativləri aşma) aşkar edilməmişdir. Belə ki, qeyd edilən ərazidə fərdi yaşayış evinin inşasına etiraz etməyə səlahiyyətli qurum məhz yerli icra hakimiyyəti orqanıdır.

39. Məhkəmənin hazırki iş üzrə mövqeyi “vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti” anlayışlarına əsaslanır.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

41. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının qanuni mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

42. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

43. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü Lökbatan, 1-ci döngə, 56A) ünvanında yerləşən 0,025 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar