Məhkəmə qərarları › İş №e-2-1(112)-7369/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7369/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7369/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 4 saylı evin, 12 saylı mənzilin onun adına özəlləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 2 (iki) övladı ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Həmin mənzil vaxtilə keçmiş Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) xx.xx.1974-cü il tarixli protokolu əsasında verilmiş xx.xx.1974-cü il tarixli 136628 nömrəli orderlə vətəndaş Xeyransa Bədəl qızına verilmişdir. Xeyransa Bədəl qızı 26 may 1981-ci ildə vəfat etdikdən sonra həmin mənzilin şəxsi-maliyyə hesabı keçmiş Şaumyan rayon ZDS İK-nin xx.xx.1988-ci il tarixli 30/92 nömrəli qərarı ilə Xeyransa Bədəl qızının həmin mənzildə yaşayan qohumu X5 (yəni mərhum h/yoldaşının) adına dəyişdirilmişdir. H/yoldaşı X13, xx.xx.2019-cu ildə vəfat etmiş və bundan sonra Xətai RİH Başçısının xx.xx.2019-cu il tarixli 229 nömrəli sərəncamı ilə həmin mənzilin şəxsi-maliyyə hesabı onun adına dəyişdirilmişdir. Sözügedən mənzilin adına özəlləşdirilməsi üçün Əmlak Xidmətləri Məkanına və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində müvafiq “pəncərə”lərə özünün və nümayəndəsinin dəfələrlə müraciətləri zamanı tələb olunan sənədləri yığıb təqdim etsə də, mənzilin özəlləşdirilməsi istiqamətində ona heç bir köməklik edilməmiş, hər dəfə müxtəlif sənədlər tələb edilmişdir. Tələb olunan sənədləri əldə etdikdən və dəfələrlə get-gəldən və olmazın əsəb sarsıntılarından sonra, artıq dəfələrlə üz tutduğu 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində məsələyə baxan əməkdaş sənədləri ciddi-cəhdlə yoxladıqdan və hazırki iddia üzrə cavabdehin səlahiyyətli əməkdaşı ilə telefonla əlaqə saxladıqdan sonra həmin sənədləri qəbul edə bilməyəcəklərini bildirmiş, səbəbini isə onunla izah etmişdir ki, təqdim etdiyi sənədlər arasında mənzilin şəxsi-maliyyə hesabının X5 adına dəyişdirilməsi barədə keçmiş Şaumyan rayon ZDS İK-nin xx.xx.1988-ci il tarixli 30/92 nömrəli qərarının “arxiv arayışı” yoxdur. Göstərilən sənədin əslinin əlində olduğunu, onun arxiv arayışının əldə edilməsi barədə sorğularına isə arxivlərdən mənfi cavab verildiyini bildirsə də heç bir nəticəsi olmamış, nəhayət göstərilən halları təsdiq edən sənədlərin surətlərini müvafiq araşdırma aparılmaqla baxılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (yəni cavabdehə) poçtla göndərilməsi bizə tövsiyə edilmişdir. Həmin sənədləri ən azından 2 (iki) dəfə (yəni xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrlə) cavabdehə göndərsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh tərəfindən aparılan uzun-uzadı araşdırmalar zamanı səlahiyyətli əməkdaşlar tərəfindən bizə bir neçə dəfə zəng edilərək yuxarıda göstərilən qərarın əslinin olub-olmadığı barədə sorğu-sual edilmiş, hətta evə bir neçə dəfə mütəxəssis də göndərilmişdir. Hər dəfə telefonla olunan sorğu-suala müsbət cavab verdiyinə və evinə mütəxəssis göndərildiyinə görə mənzilin özəlləşdiriləcəyinə ümid etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, 2023-cü ilin sentyabr ayında sonuncu zəng olmuş və mənzilin özəlləşdirilməsi üçün zəruri olan sənədlərin əsli bu günədək istənilməmişdir. Məsələ məhkəmə qaydasında həll edilməli, cavabdehin üzərinə mənzilin adıma özəlləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququmu təsdiq edən müvafiq çıxarış verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, İlqar Zülfüqarov küçəsində yerləşən 4 saylı evin yaşadığı 12 saylı sahəsi 14 kv.m olan mənzili üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı “cavabdeh - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 4 saylı evin, 12 saylı mənzilinin adına özəlləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********08 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan 1 (bir) otaqlı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 4 saylı evin, 12 saylı 1 (bir) otaqlı mənzilinə dair Xətai Rayon İcra Hakimiyyəti başçısının 229 saylı sərəncamı xx.xx.2019-cu il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilə bitişik əlavə 1 (bir) otaq da ərizəçinin istifadəsində olduğu, həmçinin faktiki ümumi sahəsinin 37,4 kv.m olduğu müəyyən edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış S-131-012 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) xx.xx.1988-ci il tarixli, 30 saylı protokolunun və ona aid olan sənədlərin surətinin verilməsi barədə müraciətə Xətai Rayon İcra Hakimiyyətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 1999-cu il tarixli № 694-1Q Fərmanına əsasən sənədlər (protokollar, sərəncamlar və onlara aid olan) 5 il müddət keçdikdən sonra Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialına daimi saxlanmaq üçün təhvil verilir. Hal-hazırda Rayon İcra Hakimiyətində 1988-ci ilə aid hec bir sənəd olmadığı üçün xahişini yerinə yetirmək imkan xaricindədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış BA-00052-2022 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Şaumyan Rayon XDS İK-nın arxiv fondu üzrə 30 saylı xx.xx.1988-ci il tarixli protokol və ona aid olan sənədlər təhvil verilməmişdir. Bununla əlaqədar Xətai Rayon İcra Hakimiyyətinin arxivinə müraciət etmək tövsiyə olunur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış BA-04948-2022 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, X10 Sovetinin İK-nın 34 saylı xx.xx.1974-cü il tarixli protokolundan təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. X10 Sovetinin İK-nın 34 saylı xx.xx.1974-cü il tarixli protolkolundan çıxarışa əsasən Xeyransa Bədəl qızına Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesində 4 saylı evin, 10,96 kv olan bir otaqlı 12 saylı mənzilinə dair order verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-1777/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Xətai rayon İH-nin arxiv fondu üzrə 2019-cu ilə dair arxiv sənədlər, o cümlədən xx.xx.2019-cu il tarixli, 229 saylı sərəncam Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Xətai rayon İH-nə müraciət etmək xahiş olunur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3- 52/2-2871/2024 saylı 2 avqust 2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı Şəhər Xətai rayon İcra Hakimiyyətinin (keçmiş Şaumyan rayon X14 İcraiyyə Komitəsi) qərar və orderləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-11/2-1298/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, yaranmış zərurətlə əlaqədar rayon XDS-ti İK-nin xx.xx.1974-cü il tarixli protokolu əsasında verilmiş xx.xx.1974-cü il tarixli, 136628 nömrəli orderin və rayon XDS-ti İK-nin xx.xx.1988-ci il tarixli bütün qərarlarının, eyni zamanda sözügedən mənzilin şəxsi-maliyyə hesabının həmin mənzildə yaşayan qohumu X5 adına dəyişdirilməsi barədə məlumatın olduğu halda qərarın məhkəməyə təqdim edilməsi tələb olunur. Son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətinizə mahiyyəti üzrə baxılması imkan xaricindədir. ünvan 5 ünvanında yerləşən 12 saylı mənzilinin şəxsi-maliyyə hesabının vətəndaş X5 adına dəyişdirilməsi barədə Rayon İcra Hakimiyyətində məlumat aşkarlanmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-715/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 4 saylı yaşayış binası və orada yerləşən 12 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-17974/2024 **********74 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 6 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-37933/2024 **********33 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 4 ünvanında yerləşən çoxmərtəbəli binaya dair məlumat aşkar edilməmişdir. İdarənin arxivində aşkar edilən ünvan 7 ünvanına dair texniki pasportun təsdiq edilmiş surətləri təqdim edilmişdir. 46 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 974 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı həqiqətən Xətai rayonu İlqar Zülfüqarov küçəsindəki 4 №-li evin 14,0 kv.m sahəsi olan birotaqlı 12 №-li mənzilində yaşayır (ailə tərkibi – X7 və X9). 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 760 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı həqiqətən Xətai rayonu İlqar Zülfüqarov küçəsi prospekti 4 saylı evin 12 saylı mənzilində qeydiyyatdadır. Həmin mənzil Xətai Rayon İcra Hakimiyyətinin balansındadır. Mərhum ev sahibi X13 xx.xx.1980-ci il tarixdən burada qeydiyyatda olub və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. (Ailə tərkibi: Arvadı İddiaçı və qızları X7 və X9). **********854 saylı və **********855 saylı xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X7 və X9 qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, 4 saylı evin 12 saylı mənzilinin sosial kirayə müqaviləsinin anası X2 adına dəyişdirilməsinə razıdırlar və heç bir etirazları yoxdur. AZ-İİ seriyalı 007449 saylı xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə ölmüşdür. V-ЖГ seriyalı 483047 saylı xx.xx.1992-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X13 və X3 nikaha daxil olmuşlar. 2 saylı Bakı şəhəri Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 05/4847/69 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2019-cu il tarixədək aparılmışdır. Əri – X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X1 (xx.xx.1993) və X6r (xx.xx.1999). 6 saylı ASAN Xidmət mərkəzində xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X7 və X9 qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, 4 saylı evin 12 saylı mənzilinin X2 adına özlləşdirilməsinə razıdırlar və heç bir etirazları yoxdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, məktubda icraatda olan iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş məhkəmənin icraatında olduğunu bildirərək yaranmış zərurət ilə əlaqədar Xətai rayonu, İ.Zülfüqarov küçəsi, ev 4 ünvanında yerləşən 12 saylı mənzilə dair Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 229 saylı sərəncamın və həmin sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunur. Xətai rayonu İ.Zülfüqarov küçəsində yerləşən 4 nömrəli evin, 12 saylı mənzili Xətai Rayon İcra Hakimiyyətinin balansındadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-1580/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Xeyransa Bədəl qızı barəsində X10 Sovetinin İK-nın 34/11-b saylı xx.xx.1974-cü il tarixli qərarının surəti məhkəməyə təqdim edilmişdir. Bildirilmişdir ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Vətəndaşlara mənzillərə dair verilmiş orderlər, o cümlədən vət. Xeyransa Bədəl qızına verilmiş xx.xx.1974-cü il tarixli, 136628 saylı order və mənzilin şəxsi-maliyyə hesabının dəyişdirilməsi barədə arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Xeyransa Bədəl qızı barəsində X10 Sovetinin İK-nın 34/11-b saylı xx.xx.1974-cü il tarixli qərarına əsasən Xeyransa Bədəl qızına Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesində 4 saylı evin, 10,96 kv olan bir otaqlı 12 saylı mənzilinə dair order verilməsi təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş X10 Sovetinin İK-nın 30/92 saylı xx.xx.1988-ci il tarixli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Xeyransa Bədəl qızının xx.xx.1974-cü ildə ölməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesində 4 saylı evin, 14 kv.m olan bir otaqlı 12 saylı mənzilinə dair şəxsi maliyyə hesabı onun qohumu X5 adına dəyişdirilmişdir. AZ-İİ seriyalı 007449 saylı xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 229 saylı xx.xx.2019-cu il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, İlqar Zülfüqarov küçəsində yerləşən 4 saylı evin yaşayış sahəsi 14,0 kv.m olan 1 otaqlı 12 saylı mənzilin kirayə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanmış və şəxsi maliyyə hesabında dəyişiklik edilərək İddiaçı mənzilin əsas kirayəçisi hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 28-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; - 148-ci maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X16 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi. - və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Cavabdehin imtina əsası kimi Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 4 saylı evin, 12 saylı 1 (bir) otaqlı mənzilinə dair Xətai Rayon İcra Hakimiyyəti başçısının 229 saylı sərəncamı xx.xx.2019-cu il tarixdə verilməsi, mənzilə texniki baxış keçirilən zaman bitişik əlavə 1 (bir) otaq da ərizəçinin istifadəsində olduğu, faktiki ümumi sahəsinin 37,4 kv.m olduğu müəyyən edilməsi qeyd edilmiş və hesab edilmişdir ki, iddiaçı barədə hüquqmüəyyənedici sənəd olan sərəncam 2009-cu ildən sonrakı tarixli olmaqla “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən özəlləşməyə əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq - yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (latridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X12 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X8-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecky Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecky Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Beläne Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə Xətai Rayon İcra Hakimiyyəti başçısının 229 saylı sərəncamı xx.xx.2019-cu il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair order səlahiyyətli qurum tərəfindən 1974-cü ildə verilmiş, xx.xx.1988-ci il tarixdə iddiaçının əriQ.Q.Salayevin adına dəyişdirilmişdir. İddiaçı qeyd edilən mənzildə yaşamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə Xətai Rayon İcra Hakimiyyəti arasında müqavilənin bağlanması haqqında xx.xx.2019-cu il tarixli sərəncam faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər dövlət tərəfindən əvəzsiz olaraq həmin mənzilin kirayəçisinə verilmişdir. İddiaçının ailə üzvləri-qızları X7 və X9 6 saylı ASAN Xidmət mərkəzində xx.xx.2024cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdə bildirmişlər ki, qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, 4 saylı evin 12 saylı mənzilinin X2 adına özlləşdirilməsinə etirazları yoxdur. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Xətai rayonu İlqar Zülfüqarov küçəsində yerləşən 4 saylı evin sahəsi 14 kv.m olan 12 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar