Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7373/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azneft” İstehsalat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş, xx.xx.2021-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanda yerləşən 0,04 ha, “yaşayış məntəqlərinin torpaqları” kateqoriyalı torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra - iddiaçı) məxsusdur. İddiaçı ona məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, həmin tikiliyə eskiz layihəsi tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…elektron kadastr məlumatına əsasən göstərilən fərdi yaşayış evinin yaxınlığında ləğv edilmiş neft quyusu yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinə verilmiş sorğuya 14-2/2-3560/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 2983/2985 saylı ləğv olunmuş neft-qaz quyusunun 24 metrlik məsafəsində 2955 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 44 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respubllkası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallannm qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərlən xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşən və adına reyestrdən çıxarışa malik olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bundan irəli gələrək hüquqmüəyyənedici sənədlərin (texniki pasport, çıxarış və s.) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsində fərdi evin faktiki mövcudluğu 2000-ci illərin əvvəllərindən olmuş və bununla bağlı bütün dövlət orqanlarından lazımi icazə və sənədlər alınmışdır. Belə ki, ilkin olaraq bütün lazımi sənədləşmələr mərhum həyat yoldaşı X1 adına rəsmiləşdirilmişdir. Həyat yoldaşı 5 yanvar 2021-ci ildə vəfat etdiyindən (ölüm haqqında Şəhadətnamə əlavə olunur) onun həmin əmlak üzrə vərəsəsi “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə (7 iyul 2021-ci il, reyestr nömrəsi 2V-388, Vərəsəlik işinin nömrəsi: V-56/2021, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3) əsasən o, yəni onun həyat yoldaşı İddiaçı müəyyən edilmişdir. Həmin ərazidə inşa edilmiş fərdi evə nəinki hər hansı bir dövlət qurumu tərəfindən etiraz edilmiş, əksinə oradakı fərdi yaşayış evinə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 6 fevral 2015-ci il tarixli “Qaz sayğacının istismara qəbulu haqqında” ******* nömrəli Akt imzalanmışdır. Habelə, işıq sayğacının quraşdırılması ilə bağlı “Bakı Elektrikşəbəkə”nin 204628 nömrəli aktı tərtib edilmişdir. Həmçinin inşa edilmiş fərdi yaşayış evinin 0.04 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MH seriyalı və ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ÇİXARİŞ" təqdim edilmişdir. Eyni zamanda torpağa dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Səlahiyyətli dövlət qurumunun təqdim etdiyi 3 aprel 2007-ci İİ tarixli Çıxarışda (qeydiyyat nömrəsi 110716938, reyestr nömrəsi: **********50, 59 nömrəli reyestr kitabının 5712 nömrəli vərəqi) torpağın kateqoriyası- “yaşayış məntəqələrinin torpaqları”, Məqsədli istifadə növü isə “fərdi yaşayış” göstərilmişdir. Həmçinin fərdi yaşayış evi buna lisenziyası olan "xxxx" MMC tərəfindən layihələndirilmişdir. Göründüyü kimi, bütün lazımi dövlət orqanlarının hüquqmüəyyənedici sənədləri və tələbləri əsasında inşa edilmiş fərdi yaşayış evinə dövlət qeyddiyatına alınmadan əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazları: Etiraz imtina məktubu ilə eyni məzmunludur. Üçüncü şəxs iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasına dair tələb olunan məlumatın və sənədlərin məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız məktubunuza baxılmış, qoşmada olan **********50 reyestr nömrəli torpaq sahəsinin AA-629369 nömrəli, xx.xx.2021-ci il tarixli planı və ölçüsü sənədində göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 2983/2985 saylı ləğv olunmuş neft-qaz quyusunun 24 metrlik məsafəsində, 2955 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 44 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edirik ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrıayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd edirik ki, sözügedən ərazilər Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 27/919 nömrəli Qərarı ilə neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istifadəsinə ayrılmış və sonuncu dəfə təkmilləşdirmələr aparılaraq 2008-ci ildə ərazinin xəritəsi təsdiq olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh və digər üçüncü şəxs “Azneft” İstehsalat Birliyi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi var. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı, mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə almağa yönəlmişdir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCARın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 2983/2985 saylı ləğv olunmuş neft-qaz quyusunun 24 metrlik məsafəsində, 2955 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 44 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.-cı maddəsinə əsasən aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2.1. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Hazırkı işdə mübahisənin predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, torpaq sahəsinin kateqoriyası – yaşayış mənətəqələrinin torpaqlarıdır. Göründüyü kimi, iddiaçı fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənədlərə malikdir. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasına əsaslardan biri həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 2983/2985 saylı ləğv olunmuş neft-qaz quyusunun 24 metrlik məsafəsində, 2955 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 44 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə sorğusuna 29 iyul 2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 2983/2985 saylı ləğv olunmuş neft-qaz quyusunun 24 metrlik məsafəsində, 2955 saylı ləğv olunmuş naft-qaz quyusunun isə 44 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin 0,30 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində çəkilmiş SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-108 mm-lik (istismara verildiyi tarix: 2014-cü il) yerüstü orta təzyiqli qaz kəməri keçir. Qeyd edilən halların araşdırılması məqsədi ilə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-7373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 10/5675 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, AzDTN 2.7-3 X6 Layihələndirmə Normalarına əsasən yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan tikilinin fərdi yaşayış evi olaraq göstərildiyini, tədqiq olunan fərdi yaşayış evinin faktiki olaraq 2 yaşayış mərtəbəsindən və mansard mərtəbəsindən ibarət olduğunu, fərdi yaşayış evinin 0.00 səviyyəsindən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 bəndinin - tələblərinə əsasən birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək olan məsafəsinin (hündürlüyünün) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 maddəsinin tələblərində nəzərdə tutulmuş 12.0 metr məsafədən artıq olmadığını, tikililərin faktiki texniki parametrlərinin AzDTN 2.7-3 X6 Layihələndirmə Normalarının tələblərinə uyğun olduğunu nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən fərdi yaşayış evinin AzDTN 2.7-3 X6 Layihələndirmə Normalarının və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinin mərtəbəliliyinin, ölçülərinin, texniki parametrlərinin, planlı yerləşməsinin və digər parametrlərinin həmin evə dair "xxxx" MMC tərəfindən tərəfindən tərtib edilmiş layihəyə uyğun olduğu müəyyən edilmişdir. Baxış zamanı hər hansı bir neft quyusu və yaxud neft kəməri təqdim edilmədiyindən suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göründüyü kimi, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarından biri kimi müəyyən olunmuş torpaq sahəsinin ləğv edilmiş neft quyuunun mühafizə zonası daxilində yerləşməsi faktı aşkar olunmamışdır. Cavabdeh orqan iddiaçının müraciəti ilə bağlı lazımi qaydada inzibati icraat aparmadan iddiaçıya məxsus fərdi yaşayış evinin olduğu torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşdiyini əsas gətirsə də, bu halları təsdiq edən sübutlar təqdim etməmişdir.. Ekspert rəyindən göründüyü kimi fərdi yaşayış evinin mərtəbəliliyinin, ölçülərinin, texniki parametrlərinin, planlı yerləşməsinin və digər parametrlərinin həmin evə dair "xxxx" MMC tərəfindən tərəfindən tərtib edilmiş layihəyə uyğun olduğu müəyyən edilmiş, Baxış zamanı hər hansı bir neft quyusu və yaxud neft kəməri təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh İdarə qeyri-dəqiq məlumatlara istinad edərək torpaq sahəsinin torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşdiyini iddia edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.1, 24.2, 24.3 Maddələr). Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh İdarə eyni ünvanda yerləşən (ünvan 2 iddiaçıya məxsus digər daşınmaz əmlak olan fərdi yaşayış evinə mülkiyyət hüququnu reyestrdə qeydə almışdır. Belə olan halda, cavabdeh İdarə eyni faktiki və hüquqi hallara dair fərqli praktika nümayiş etdirərək inzibati icraatın təməl prinsiplərindən olan bərabərlik vı etimadın qorunması prisipini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bundan irəli gələrək hüquqmüəyyənedici sənədlərin (texniki pasport, çıxarış və s.) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7373/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7373/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver