Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7413/2024 31.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı adlanacaq) atasından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 20\180 saylı evin 91 saylı mənzil (bundan sonra mənzil adlanacaq) üzərində vərəsəlik hüququnun sənədləşdirilməsi zamanı, həmin mənzil üzərində məhdudiyyət olduğuna görə müvafiq sənədləşdirilmə işlərinin aparılmasını həyata keçirə bilməmişdir. Bu işlə bağlı iddiaçıya ünvanlanmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin(bundan sonra cavabdeh adlanacaq) xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “... xx.xx.2023-cü il tarixə olan məlumata əsasən mənzil üzərinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(206)-2120\2008 saylı, xx.xx.2008-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. İddiaçı ərizə ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və mənzil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini və məhdudiyyətin götürülməsi barədə məlumatın cavabdehə verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(206)-2120\2008 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə- Ərizə təmin edilməmişdir. Qərardadın 3-cü səhifəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(206)-2120\2008 nömrəli Qərardadı xx.xx.2009-cu il tarixdə icra edilərək,Bakı şəhəri, Salatın Əsgərova küçəsi 213 saylı evin 3 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür.” Qərardadın 3-cü səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, “Məhkəmə qeyd edir ki, 2(206)-2120\2008 nömrəli mülki işin materialları araşdırılaraq müəyyən edilmişdir ki, hazırkı Ərizə ilə məhdudiyyətin götürülməsi tələb edilən mənzil həmin mülki iş üzrə məhkəmə araşdırılmasının predmeti olmamış, məhkəmə Qərardadı ilə həmin mənzilin deyil, Bakı şəhəri, Salatın Əsgərova küçəsi 213 saylı evin 3 saylı mənzilin üzərinə həbs qoyulmuş və sonra götürülmüşdür. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XidmətiDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsininxx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(206)-2120\2008 saylı, xx.xx.2008-ci il tarixli məktubu isəBakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 20\180 saylı evin 91 saylı mənzili üzərinə məhdudiyyət qoyulması üçün əsas ola bilməzdi. Çünki həmin məktub mülki iş üzrə məlumat məzmununda olmuşdur. Beləliklə, ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 20\180 saylı evin 91 saylı mənzili üzərinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(206)-2120\2008 saylı, xx.xx.2008-ci il tarixli məktubu əsasında qoyulmuş məhdudiyyətin götürülməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırması zamanı həmin mənzilin üzərinə məhdudiyyətin qoyulması halı müəyyən edilməmişdir.” Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-213-30\2-3039\2024-**********39 nömrəli “Əmlak üzərinə qoyulmuş məhdudiyyətin müəyyən edilməsi barədə” məktubda göstərilir ki, “ Bildiririk ki, xx.xx.2023-cü il tarixlinə olan məlumata əsasənBakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 20\180 saylı evin 91 saylı mənzili üzərinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(206)- 2120\2008 saylı, xx.xx.2008-ci il tarixli məktubuna əsasən qadağa qoyulmuşdur. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(206)- 2120\2008 saylı, xx.xx.2008-ci il tarixli məktubuarxiv qovluğunda saxlanılmaması səbəbindən surətinin Sizə göndərilməsi mümkün olmamışdır. (həmin məktub xx.xx.2024cü il tarixdə 1-1070\24 nömrə ilə qeydə alınmışdır) Göründüyü kimi, cavabdehin bilə-bilə qanunsuz və qərəzli hərəkləri nəticəsində iddiaçının qanunla müdafiə olunan hüquqlarının həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(206)-2120\2008 saylı, xx.xx.2008-ci il tarixli məktubuna əsasən qadağanın qoyulması cavabdeh tərəfindən bildirilsə də, həmin məktubun arxiv qovluğunda saxlanılmaması qeyd olunur. Halbuki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(206)-2120\2008 saylı məhkəmə işi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 20\180 saylı evin 91 saylı mənzil ümumiyyətlə məhkəmə araşdırılmasının predmeti olmamışdır. Həmin məhkəmə işi üzrə isə Bakı şəhəri, Salatın Əsgərova küçəsi 213 saylı evin 3 saylı mənzilin üzərinə üzərinə həbs qoyulması barədə, xx.xx.2008-ci il tarixli Qərardad çıxarılmış və Məhkəmənin xx.xx.2008-ci il tarixli 2(206)-2120\2008 nömrəli Qərardadı ilə həmin mənzilin üzərindən həbsin götürülməsi qərara alınmışdır. Eləcə də, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(206)-2120\2008 nömrəli Qərardadının xx.xx.2009cu il tarixdə icra edilməsi və həmin mənzil üzərindən həbsin götürülməsi cavabdeh tərəfindən də etiraf edilmişdir.(cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubu) Digər tərəfdən, yuxarıda göstərilən faktlar və tərəflərin hüquq münasibətləri Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(206)-2120\2008 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə də müəyyən edilmişdir. Eyni zamanda, həmin Qərardad ilə-Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(206)-2120\2008 saylı, xx.xx.2008-ci il tarixli məktubuna hüquqi qiymət verilmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin məktubla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 20\180 saylı evin 91 saylı mənzili üzərinə məhdudiyyət qoyulması üçün əsas hesab edilə bilməz. Belə olan hal da hesab edirik ki, qanunla iddiaçının mülkiyyəti hesab edilən miras əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində baş vermiş, heç bir əsas olmadan iddiaçının hüququ məhdudlaşdırılmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 20/180 saylı evin 91 saylı mənzili üzərinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2120/2008 saylı, xx.xx.2008-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmuna uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 20/180 nömrəli evin 1 nömrəli mənzil üzərində X2 xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçmiş və bu barədə qeydiyyat aparılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 28 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2008 nömrəli, 13 avqust 2008-ci il tarixli qətnaməsi ilə X1 iddiası təmin edilmiş, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda reyestr kitabında 4ə/1-166 saylı qeydə alınmış X3 ilə X4 arasında Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 saylı evin 3 saylı mənzilinə dair bağlanmış bağışlama müqaviləsi etibarsız sayılmış, X1 həmin mənzilə mülkiyyət hüququ bərpa edilmiş və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2008 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı “Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 20/180 nömrəli evin 1 nömrəli mənzil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə” ərizə (mənzil üzərində məhdudiyyət mövcud olmadığından) təmin edilməmişdir. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 20/180 nömrəli evin 1 nömrəli mənzilin üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2008 saylı, xx.xx.2008-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2008 nömrəli, 01 aprel 2024ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2008 saylı, xx.xx.2008-ci il tarixli məktub aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2008 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); 8.0-ci maddədə daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. 9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Cinayət Prosessual Məcəllənin 249.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1.məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2.məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Həmin Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 20/180 saylı evin 91 saylı mənzil üzərinə qoyulmuş məhdudiyyətin əsasını Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2120/2008 saylı, xx.xx.2008-ci il tarixli məktubu təşkil edir. Halbuki, qeyd edilən cinayət prosessual qanunvericiliyin normalarının tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər. Hazırkı iş üzrə isə iddiaçıya məxsus əmlak üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarının, nə də müstəntiqin əsaslandırılmış qərarının qəbul olunduğu müəyyən olunmamışdır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, cavabdeh əmlak üzərinə qoyulmuş məhdudiyyətin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2120/2008 saylı, xx.xx.2008-ci il tarixli məktub ilə əlaqədar olduğunu bildirsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi belə bir məktubun olmadığı ilə bağlı məhkəməyə məlumat təqdim etmişdir. Bundan başqa qeyd olunmalıdır ki, doğrudur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 213 saylı evin 3 saylı mənzili üzərinə həbs qoyulmuşdur. Lakin daha sonra mənzil üzərinə qoyulmuş həmin həbs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 8(006)-803/2008 nömrəli qərardadı ilə götürülmüşdür. Göstərilən bu halların hər biri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2008 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərardadında öz təsdiqini tapmışdır ki, məhz həmin qərardad ilə məhkəmə əmlak üzərində hər hansı məhdudiyyətin mövcud olmadığına əsaslanaraq İddiaçı ərizəsini təmin etməmişdir. Göründüyü kimi mülki məhkəmə icraatı çərçivəsində məhdudiyyət qoyulan və daha sonra da məhkəmə qərardadı ilə məhdudiyyət götürülən əmlak Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 213 saylı evin 3 saylı mənzili olmuşdur. Lakin cavabdeh ümumiyyətlə heç bir məhkəmə qərardadı ilə məhdudiyyət qoyulmayan, dislokasiya baxımından fərqli yerdə yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 20\180 saylı evin 91 saylı mənzili üzərində məhdudiyyəti saxlamaqda davam etmişdir. Məhkəmə hesab edir ki, hal-hazırda mənzil üzərinə məhdudiyyətin qoyulmasını təsdiq edən sənədlər olmadığından, həmçinin mülki mübahisə ilə əlaqədar mənzil üzərinə qoyulmuş məhdudiyyət hazırki mübahisə predmetini təşkil edən əmlak ilə bağlı olmadığından və hətta həmin əmlak, yəni Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 213 saylı evin 3 saylı mənzil üzərinə qoyulan məhdudiyyət məhkəmə qərardadı ilə aradan qaldırıldığından, cavabdehin əsassız olaraq mənzil üzərində məhdudiyyəti saxlamaqda nümayiş etdirdiyi hərəkətlər qanunaziddir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Belə olan halda aydındır ki, cavabdehin məktuba əsaslanaraq mübahisəli əmlaka dair məhdudiyyəti qeydə alması əsaslı olmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2071/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, əmlak üzərində həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2 - 177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər (CPM-in 248.1.1; 249.2; 249.5-ci maddələri). Hazırkı halda, iddiaçı, cavabdeh tərəfindən əmlak üzərində CPM-in müddəalarına uyğun həbs qərarı olmadan onun mülkiyyət hüququnun məhdudlaşdırılması halına istinad edir ki, bu halda, işə baxan aşağı instansiya məhkəmələri cavabdehin inzibati orqan kimi hərəkətlərinin qanuniliyinə qiymət verməlidirlər. Başqa sözlə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh yalnız daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslar olmadan inzibati orqan daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması ilə bağlı hərəkətlər həyata keçirirsə, bu halda mülkiyyətçinin həmin hərəkətlərin qanuniliyini mübahisələndirmək imkanları da mövcuddur. Belə ki, cavabdeh hər bir inzibati orqan kimi fəaliyyətində qanunun müddəalarını rəhbər tutmaqla hərəkət etməlidir. Bu növ iddia isə İPM-in 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi CPM-in 253-cü maddəsi isə hazırkı hala şamil edilə bilməz. Belə ki, həmin maddəyə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Qeyd edilən maddə o halda tətbiq oluna bilər ki, əmlak üzərində həbsin əsasında CPM-in 249-cu maddəsinə uyğun məhkəmə və ya müstəntiqin qərarı dayansın. Hazırkı işin hallarında isə belə bir qərarın mövcudluğu müəyyən olunmur. Göründüyü kimi Ali Məhkəmə məhkəmə və müstəntiqin qərarının mövcud olmadığı halda əmlak üzərində məhdudiyyətin məktub əsasında qoyulmasına dair iddiaya münasibətdə mövqe nümayiş etdirmiş ki, məhkəmə həmin mövqe nəzərə alınmaqla da hesab edir ki, məhdudiyyətin qoyulmasına dair cavabdehin hərəkətləri qanunsuz və əsassız olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 20\180 saylı evin 91 saylı mənzili üzərindən məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7413/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7413/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver