Məhkəmə qərarları › İş №e-2-1(112)-7415/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7415/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7415/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “əmək pensiyasının yenidən hesablanması barədə” qərarının ləğv edilməsi, iddiaçıya pensiya ödənişinin qərardan əvvəlki tarixə uyğun ödənilməsinin (sonrakı artımlar-indeksasiya nəzərə alınmaqla)” bərpa edilməsi, qərara əsasən yaranmış fərqin hesablanaraq tutulmuş pul vəsaitinin geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-21625/2024 saylı qərarının ləğv edilməsi, iddiaçıya pensiya ödənişinin qərardan əvvəlki tarixə uyğun ödənilməsinin (sonrakı artımlar-indeksasiya nəzərə alınmaqla) bərpa edilməsi, qərara əsasən yaranmış fərqin hesablanaraq tutulmuş pul vəsaitinin geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçının pensiya məbləği cavabdehin əsassız qərarına əsasən aşağı salınmışdır. Belə ki, iddiaçının əmək kitabçasında olan qeydlərə və faktiki vəziyyətə uyğun olaraq xx.xx.2015-ci il tarixdə “’Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə, ləğv edilib” qeydi ilə iddiaçı tutduğu vəzifədən azad edilmiş və eyni təşkilat daxilində şənbə və bazar günü buraxıldıqdan sonra xx.xx.2015-ci il tarixdə digər vəzifəyə işə qəbul edilmişdir. Bunu əsas gətirən cavabdeh iddiaçını “işləməyən əmək pensiyaçısı kateqoriyasına” keçirməklə onun pensiya məbləğini azaltmış, bundan savayı qanunsuz tutulmalar həyata keçirmişdir. Pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilənə kimi (həmin qərar iddiaçıya təqdim edilmədən) iddiaçı əvvəl təyin edilmiş pensiyasını almış və ona irad bildirən olmamışdır. Cavabdeh müddət institutlarına məhəl qoymadan qanunvericiliyin tələblərini pozmaqla iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Cavabdehin ümumiyyətlə pensiyanın yenidən hesablanmasına heç bir əsası olmamışdır. İddiaçı əmək kitabçasında qeyd edillən tarixlərdə fasiləsiz olaraq əmək fəaliyyətini həyata keçirmişdir. Cavabdehin qeydlərinə əsasən iddiaçını (heç bir halda) işləməyən əmək pensiyaçı kateqoriyasına aid etmək əsaslı və qanuni hesab edilə bilməz. İddiaçının işdən çıxarıldığı gün həftənin 5-ci günü işə qəbul edildiyi gün isə həftənin 1-ci günü olmuşdur. Həmin aradakı günlər isə qanunvericilk tələbi baxımından qeyri-iş günü hesab edilir. Göründüyü kimi cavabdehin qərarı əsassız və yalnışdı. Pensiya məbləği əvvəl hansı qaydada hesablanıbsa, həmin qaydada da hesablanmalıdır. Cavabdeh tərəfindən əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən o ləğv edilməlidir. Cavabdeh inzibati orqandır. Onun qəbul etdiyi qərara dair vətəndaşların etimadı olur. İndiki halda isə cavabdeh etimad hüququnun pozulmasına səbəb olan qərar qəbul etmişdir. Cavabdeh tərəfindən dəfələrlə pensiya iş materiallarının araşdırılması imkanı olduğu halda onlar 10 il əvvəlki sənəd barəsində indiki dövrdə monitorinq aparmaları şübhə doğurmaya bilməz. Cavabdeh qanuni əliverişli inzibati aktın qəbul edildiyi vaxtdan 10 il sonra həmin qərarın hüquqi nəticəsini aradan qaldıran-pensiya hesablaması qaydasını dəyişdirməsinə nail olan pensiyanın yenidən hesablaması barədə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişlər. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, beləliklə də 57 yaşı xx.xx.2014-cü il tarixdə tamam olmuş, elə həmin tarixdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı təqdim edilmiş məktubda qeyd edilən məlumatların hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 və 39.1-ci maddələri təşkil etmişdir. İstinad edilən normadan da görünür ki, qanunverici yenidən hesablamanın 2 əsasla həyata keçirilməsini mümkün hesab edir: 1. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə; 2. Pensiyaçı əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə. İddiaçı əmək kitabçasındakı qeydlər də nəzərə alınmaqla, iddiaçı xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixlərdə işdən çıxdığına görə onun əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2015-ci il tarixdən 322,62 manatdan 330,03 manata, (indeksləşdirilərək xx.xx.2020-ci il tarixə 489,79 manat), xx.xx.2020-ci il tarixdən isə 489,79 manatdan 1061,35 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixə 1580,57 manat) artırılmalı idi. Lakin iddiaçının müraciəti araşdırılarkən vaxtilə əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının pensiyası səhvən xx.xx.2020-ci il tarixdən 478,76 manatdan 1135,29 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixə 1689,19 manata) artırılaraq ona artıq əmək pensiyası ödənilmişdir. İddiaçıya pensiya təyin olunduqdan sonra Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyası iki dəfə - xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixlərdə yenidən hesablanmalı idi. xx.xx.2020-ci il tarixdən etibarən iddaçının işləməyən pensiyaçı kateqoriyasına keçməsi müəyyən edilmədiyinə görə qeyd edilən tarixdən hazırkı tarixədək onun fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı son üç il üzrə 3498,96 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının yazılı razılığını qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın qərarından görünür ki, iddiaçıya 2 nömrəli siyahıya əsasən xx.xx.2012ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı ona əmək pensiyası təyin edildikdən sonra işləməyə davam etmiş, xx.xx.2015-ci ildə Heydər Əliyev adına Bakı neft emalı zavodu direktorunun əməyin mühafizəsi üzrə müavini vəzifəsinə başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmiş, xx.xx.2015-ci ildə həmin zavodun Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin 17-ci dərəcəli rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmiş; xx.xx.2016-cı ildə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərlə uyğun olaraq SOCAR-ın Heydər Əliyev adına Neft emalı zavodunun Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət Departamentinin rəisi vəzifəsinə təyin edilmiş; xx.xx.2020-ci ildə Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi ilə ləğv edilmiş; xx.xx.2020-ci ildə - əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə əsasən Texniki təhlükəsizlik şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmişdir, hazırda həmin vəzifədə çalışır. İşdən görünür ki, iddiaçı xx.xx.2018-ci ildə ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək yığılmış pensiya kapitalının hesablanmasını xahiş etmişdir. Cavabdehin pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2018-ci il tarixli sərəncamından görünür ki, iddiaçının əmək pensiyası, pensiya kapitalı əsasında yenidən hesablanmışdır. İşdə olan “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61710/2023 nömrəli qərardan görünür ki, iddiaçıya təyin edilmiş pensiyanın yaranma tarixi xx.xx.2014-cü il tarixə çəkilmiş, 3416,49 manat artıqvermə müəyyən edilməklə pensiyanın məbləği 1595,72 manatdan 1519,06 manata azaldılmışdır. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə ərizə ilə cavabdehə müraciət edərək, əmək pensiyası yenidən hesablandığı gündən sonra 6 il işlədiyindən əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-21625/2024 nömrəli qərarından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə xx.xx.2014-cü il tarixdə təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq pensiyanın məbləği 1689,19 manatdan 1580,57 manata azaldılmış, yenidən hesablamanın səbəbi kimi “işdən çıxmalar, 6 illik ləğv edildi, artiqvermə” göstərilmişdir. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirir. Cavabdeh isə iddiaçının tələbini qəbul etmir və bu zaman ona istinad edir ki, iddiaçının əmək pensiyası yenidən hesablanarkən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2015-ci il tarixindən 322,62 manatdan 330,03 manata, (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 489,79 manat), xx.xx.2020-ci il tarixindən isə 489,79 manatdan 1061,35 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1580,57 manat) artırılmalı olduğu halda, xx.xx.2020-ci il tarixindən 478,76 manatdan 1135,29 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1689,19 manata) artırılaraq iddiaçıya artıq əmək pensiyası ödənilmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanununa əsasən: - Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. - Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İşdən görünür ki, ilk dəfə iddiaçıya pensiya təyin edildikdən sonra 6 il işləməsi ilə bağlı 2018-ci ildə onun əmək pensiyası yenidən hesablanmış, daha sonra isə 3023-cü ildə inventar aparılması ilə bağlı yenidən hesablanmışdır. Cavabdeh bu hesablamalar zamanı iddiaçının 2015-ci ildə işdən çıxmasının nəzərə alınmadığını bildirməklə hesablamanın düzgün aparılmadığını, nəticədə isə artıqvermənin yarandığını iddia edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Həmin normaya əsasən qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İşin yuxarıda sadalanan hallarından görünür ki, inzibati aktın dəyişdirilməsini şərtləndirən hal iddiaçının xx.xx.2015-ci ildə işdən çıxmasının nəzərə alınmamasıdır. Həmin halın cavabdeh inzibati orqana məlum olmasına gəldikdə, işdən görünür ki, iddiaçı toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2018-ci ildə cavabdehə müraciət etmiş, bu zaman ərizəsinə ******* nömrəli əmək kitabçasını da əlavə etmişdir, hansı ki, həmin kitabçada iddiaçının xx.xx.2015-ci ildə Heydər Əliyev adına Bakı neft emalı zavodu direktorunun əməyin mühafizəsi üzrə müavini vəzifəsindən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə çıxamsı, xx.xx.2015-ci ildə həmin zavodun Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin 17-ci dərəcəli rəisi vəzifəsinə təyin edilməsi təsbit olunmuşdur. Belə olan halda aydın olur ki, inzibati aktın dəyişdirilməsini şərtləndirən hal pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2018-ci il tarixli sərəncam qəbul edilərkən inzibati orqana məlum olmuşdur. Qeyd edilməlidir ki, İİQ-nın 67.12-ci maddəsində “aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gün” dedikdə, inzibati orqanın həmin halı bildiyi və ya bilməli olduğu gün başa düşülür. Burada inzibati orqanın aktın ləğv olunmasını şərtləndirən halı bildiyi gün, səlahiyyətli şəxs tərəfindən qanun pozuntusunun tam şəkildə aşkar edildiyi gündür. Lakin əgər pozuntu sənədlərdən aşıq-aşkar görünürsə, inzibati orqan lazımi diqqət yetirməklə onu aşkar edə bilərdisə, lakin etinasızlığı nəticəsində həmin səhvi görməyərək qanunsuz inzibati akt qəbul etmişdirsə, burada 1 illik müddət həmin sənədlərin inzibati orqana təqdim edildiyi vaxtdan hesablanır. Yəni inzibati orqanın ehtiyatsızlığı 1 illik müddətin uzadılması üçün əsas ola bilməz. Məhz qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, 2018-ci ildə iddiaçının aktın dəyişdirilməsi üçün əsas olan halı bilməli olduğu halda, lazımı diqqət göstərərək müvafiq qərar qəbul etməmiş 2024-cü ildə isə həmin aktı dəyişdirmək üçün 1 illik müddəti ötürmüşdür. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən qanunvericiliyin tələblərinə uyğun hərəkət etməmişdir, bu səbbədən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 21625/2024 saylı qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-21625/2024 saylı qərardan əvvəlki məbləğinin bərpa edilməsi (sonrakı artımlar və indeksasiya nəzərə alınmaqla) və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar