Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7442/2023 12.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi X3 , Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı “təhsil haqqının ödənilməsindən azad edilmə və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı oğunun (bundan sonra – İddiaçı) atası X5 ərizə ilə cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə müraciət edərək, təhsil haqqı ilə bağlı güzəştin oğluna tətbiq edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 010-036-1xx/xx/2023 nömrəli məktubla ərizəni təmin etməkdən imtina etmiş və bildirmişdir ki, UNEC-də təhsil haqqından azadolma komissiyası fəaliyyət göstərir və təhsilalanların güzəştlərini müəyyən etmək üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş təsdiqedici sənədlərə baxaraq rəhbərlik qarşısında vəsatət qaldırır. Təhsil haqqı güzəştini müəyyən etmək üçün M.Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sistemində sonuncu müayinəsinə aid məlumat olmadığı səbəbindən magistrant İddiaçı barədə qərar qəbul etmək mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilmiş, bununla əlaqədar olaraq, H.Əliadənin Universitetə xx.xx.2023-cü il tarixinədək təhsil haqqının ödənilməsinə möhlət verilməsi haqqında (D/O/V-93/2023 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli) ərizə ilə müraciət etmişdir. Məmməd Əliyevə aid məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq alt sistemində yerləşdiriləndən sonra təhsil haqqı güzəştinin müəyyən edilməsi məsələsinə baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş, 2007-ci ildən 2-ci qrup müddətsiz Müharibə əlili olmuş X2 övladı kimi təhsil haqqından azad edilməli olan tələbələr siyahısına daxil edilməsi və bununla bağlı müvafiq əmrin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir mişdir. II. Tərəflərin əsaslandırması: İddia tələbini bununla əsaslandırılmışdır ki, iddiaçının atası- 30 sentyabr 1973-cü ildə Füzuli rayonunda anadan olmuş X5 1-ci Qarabağ Müharibəsində iştirak etməklə 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı sol kürək nahiyəsindən aldığı kor güllə yaralanması nəticəsində sol korpücükaltı arteriya, vena zədələnmiş, döş qəfəsinin sol yarısında 3-4-5-6-cı qabırğalar sınmış və nəfəs darlığı diaqnozu ilə o AR MN-nin Hərbi Həkim Ekspert Komissiyasının 1994-cü il 812 saylı Xəstəlik barədə şəhadətnaməsi əsasında hərbi xidmətə yararsız hesab olunmuş,1995-ci ilin avqust ayından hərbi xidmətdən tərxis edilmiş və 1996-cı ilin noyabr ayından ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı travma ilə bağlı 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. İddiaçının atası 2007-ci ildən müddətsiz əlildir. İddiaçı Bakı Dövlət Universitetinin hüquq fakültəsini 2022-ci ildə bitirmiş və magistraturaya keçirilən qəbul imtahanlarında 71 bal toplamaqla cavabdeh Azərbaycan İqtisad Universitetinin MBA təhsil Proqramını seçmiş və atası M.Əliyevin 2-ci qrup Qarabağ Müharibəsi əlili olması ilə bağlı iddiaçının təhsil haqqından azad edilməli olduğunu bilərək atasının əlilliyi ilə bağlı bütün tələb olunan sənədləri cavabdehə təqdim etmişdir. Lakin həmin sənədlərin 2022-ci ilin sentyabr ayından təqdim olunmasına baxmayaraq cavabdeh təşkilat həmin sənədləri yetərli hesab etməmiş və iddiaçıdan atasının-2007-ci ildən müddətsiz əlil olan bir şəxsin son müayinəsi ilə bağlı altsistem arayışının olmadığını səbəb kimi gətirməklə onun barəsində təhsil haqqından güzəştə dair qərar verməmişdir. Hətta 2023-cü ilin yanvar ayında cavabdeh illik təhsil haqqını ödəməyi tələb etmiş və iddiaçı M.Əliyevin adının altsistemə salınması ilə bağlı məhkəmədə iddia qaldırdığını bildirdikdən sonra təhsil haqqı ödənişinə xx.xx.2023-cü il tarixə kimi möhlət verilməsi barədə ərizə yazmaq məcburiyyətində qalmışdır. İddiaçının cavabdehə təqdim etdiyi arayışlardan da aydın olur ki, atası Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2-ci qrup əlil olmuş, bununla bağlı ona Prezident təqaüdü təyin edilmiş, avtomaşın, mənzil və birdəfəlik sığorta ödənişləri ilə təmin edilmişdir. O hazırda 400 manat Prezident təqaüdü, 327 manat pensiya alır. Lakin bütün bunlara baxmayaraq cavabdeh iddiaçıdan atasının son müayinəsi ilə bağlı altsistem arayışını da tələb edir, halbuki 2007-ci ildə müddətsiz əlillik təyin edilən zaman «altsistem» olmamışdır və bu səbəbdən də onun son müayinəsi ilə bağlı məlumatın altsistemdə olması mümkünsüzdür. İddiaçının atasına müddətsiz əlillik dərəcəsi təyin olunan vaxt ona TSEK tərəfindən bu barədə arayış verilmişdir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdi. III. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Belə ki, hazırkı mübahisə publik hüquqi şəxs kimi cavabdehin qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələrinin iddiaçıya münasibətdə icra edilməməsi ilə bağlı yaranmışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı hazırkı məzmunda iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan AZ-İ № 011667 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə doğulmuşdur, atası X5, anası Nümayəndədır. İşdə olan TSEK-da müayinə aktından çıxarışlardan görünür ki, X4 Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.1996-cı il tarixdə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra əlilliyin müddəti 1 il artırılmaqla, xx.xx.2007-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan 38 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli 129 nömrəli məktubundan da görünür ki, X5 1994-cü il tarixindən 15 saylı TSH-də (poliklinikanın əvvəlki adı) ambulator qeydiyyatda olmuşdur. 1996-cı il tarixindən TSEKtərəfindənl İİ d. əlillik təyin edilmişdir. TSEK-ə sonuncu göndəriş 2007-ci ildə olmuşdur - Dz: “Döş qəfəsinin sol yuxarı payında kor güllə yaralanması. İll, İV, V, Vİ qabırğaların sol, körpücük sümüyünün arteriya vena orta və mil sinirinin zədələnməsindən sonrakı hal. Sol yuxarı ətraf funksiyasının pozğunluğu. Tənəffüs çatmamazlığı”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, X5 ikinci dərəcə müharibə əlili kimi təqaüd və əlilliyə görə pensiya alır. İddiaçı hazırda istinad edilənlərə əsasən atasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması nəzərə alınaraq onun adının imtiyazdan istifadə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 347 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 aprel 2023-cü il tarixli məktubunda Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli 347 nömrəli sərəncamının icra mexanizmi ilə bağlı bildirilmişdir ki, təhsilalanlar tərəfindən müvafiq imtiyaza sahib olmalarını təsdiq edən sənədlər təhsil müəssisəsinə təqdim edildikdən sonra, təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən aidiyyəti üzrə yoxlanılaraq hər tədris ilinin əvvəlində təhsilalanlarla bağlı müvafiq məlumatlar müəssisə rəhbərinin imzası ilə Nazirliyə rəsmi formada təqdim edilir. Nazirliyə təqdim edilən məlumatlar əsasında da Maliyyə Nazirliyi tərəfindən həmin şəxslərin sayı nəzərə alınmaqla hər ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait proqnozlaşdırılır və aidiyyəti üzrə icra olunur. Beləliklə, istinad olunanlardan məlum olur ki, Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli 347 nömrəli Sərəncamına əsasən ödənişli əsaslarla təhsil alanların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün:
1. valideyni Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olmalıdır;
2. təhsil alan bununla bağlı sənədləri təhsil müəssisəsinə təqdim etməlidir;
3. təhsil müəssisəsi müvafiq məlumatları yoxlayaraq tədris ilinin əvvəlində təhsilalanla bağlı müvafiq məlumatları Nazirliyə təqdim etməlidir. İşin halları ilə müəyyən edilir ki, iddiaçının atası Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxs olmuş, bununla bağlı TSEK-də müayinə aktından çıxarışı cavabdehə təqdim etmişdir. Deməli, iddiaçının təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün məlumatlarının Nazirliyə göndərilməsini tələb etmək hüququ mövcud olmuşdur. İşdən görünür ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçının atasının əlilliyi ilə bağlı məlumatın olmamasına istinad edərək ona imtina cavabı vermişdir. Məhkəmə bu imtinanı qanuni hesab etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə əsasən: - 1.2. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. - 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir: 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; - 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması - 5.0. MEİS-in operatoru Nazirlikdir. MEİS-in operatorunun aşağıdakı funksiyaları vardır: 5.0.1. MEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı işləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun formada aparmaq; 5.0.6. müvafiq sahədə xidmətlər göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya MEİS-də və ya digər dövlət informasiya ehtiyatında və sistemində olduqda həmin informasiyanın ilkin mənbədən əldə edilməsini Qaydalara uyğun təmin etmək; 5.0.13. MEİS-də yaradılan elektron imkanlar vasitəsilə, istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək; İstinad olunanlardan görünür ki, “Əlillik” (TSERAS) altsisteminin daxil olduğu MEİS-in operatoru Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir və şəxslər barədə məlumatın daxil edilməsi həmin inzibati orqanın vəzifəsidir. İddiaçının atası Məmməd Əliyevə 2007-ci il tarixdə təyin edilmiş əlilliyin müddətsiz olması, həmin əlilliyin hazırda qüvvədə olmaqla, əlilliyə görə iddiaçıya pensiya və təqaüd ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, yalnız müvafiq məlumatın üçüncü şəxs tərəfindən informasiya sisteminə daxil edilməməsi iddiaçının hüquqlarının pozulması üçün əsas təşkil edə bilməz. İşdə olan Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4383/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş və 2007-ci ildən müddətsiz 2-ci qrup əlil olmuş X2 əlillik məlumatlarının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSERAS) “Əlillik” və “Zəfər” altsistemə ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş X2 övladı kimi İddiaçı adının təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən tələblərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova