Məhkəmə qərarları › İş №e-2-1(112)-7443/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7443/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7443/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçünün və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən sahəsi 1000 kv.m olan “400A” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Yelkən” bağçılıq-yoldaşlığının İdarə Heyətinin xx.xx.2005-ci il tarixli, 08 nömrəli protokolundan çıxarışa əsasən “Yelkən” bağçılıq- yoldaşlığının üzvü X2 adı 400A nömrəli bağ sahəsindən çıxarılmış və ümumi sahəsi 1000 kv.m olan 400A nömrəli bağ sahəsi iddiaçının adına keçirilmiş, üzvlük kitabçası verilmişdir. İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən sahəsi 1000 kv.m olan “400A” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli, **********24 saylı imtina əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh İdarənin arxivində saxlanılan “Yelkən” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında iddiaçının adının aşkar edilmədiyini bildirmişdir. Bundan əlavə, İdarənin arxiv əsaslarında mövcud olan bağçılıq-yoldaşlığın bölgü sxemi ilə torpaq sahəsinin yerləşməsində uyğunsuzluq olduğu qeyd edilmişdir. Bildiriş məktubundan da göründüyü kimi cavabdeh orqan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsini 2 əsasla əsaslandırır: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, idarənin arxivində olan siyahı bağçılq-yoldaşlığın üzvlərinin ilkin siyahısdır. Həmin siyahda iddiaçının adı ola da bilməzdi. Çünki iddiaçıya bağ sahəsi xx.xx.2005-ci il tarixli, 08 nömrəli protokol ilə ayrılmışdır. İddiaçı tərəfindən üzvlərin iclasının protokolundan çıxarışı cavabdeh orqana təqdim olunmuş, həmin protokolun saxlanması və nəzarətin edilməsi vəzifəsi bağçılıq-yoldaşlığın üzvlərinin deyil, bağçılıq-yoldaşlığın özünə aid olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsi”nin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək İdarənin vəzifələrinə aid edilmişdir. Məlum olduğu kimi torpaq sahəsi ayrılan zaman bağçılıq-yoldaşlq tərəfindən köməkçi vasitə kimi tərtib edilmiş koordinatsız və istinad məsafələri olmayan sxemlərdən istifadə olunurdu. Həmin sxemdə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşməsini faktiki vəziyyətə uyğunlaşdırmaq Əsasnamədən də göründüyü kimi cavabdehin vəzifəsidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmşdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən sahəsi 1000 kv.m olan “400A” saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh- Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Belə ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində saxlanılan “Yelkən” bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında təqdim edilən protokoldan çıxarışda qeyd edilən X2 adı aşkar olunsa da, iddiaçının adı aşkar olunmamışdır. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və iddiaçıya xx.xx.2023cü il tarixli, **********24 saylı cavab məktubu ünvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********24 saylı məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -“Yelkən” bağçılıq-yoldaşlığın İdarə heyətinin xx.xx.2005-ci il tarixli, 08 nömrəli prokolundan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 “Yelkən” bağçılıq-yoldaşlığın “V” sektorunun hissəsində suyun dərinliyi çox olduğuna görə ona verilən 400 a torpaq sahəsindən imtina etmişdir. Ona 399 a saylı bağ sahəsi verildiyindən onun adına olan 400 a saylı bağ sahəsi adından silinməlidir. İddiaçı müraciət edərək 400 a saylı bağ sahəsinin ona verilməsini xahiş etmişdir. “Yelkən” bağçılıq-yoldaşlığın üzvü X2 adında olan 400a nömrəli bağ sahəsi onun adından silinmiş və ümumi sahəsi 400 a nömrəli bağ sahəsi İddiaçı adına keçirilmişdir. Protokol “Yelkən” b/y İdarə heyətinin sədri V.Osmanov tərəfindən imzalanıb təsdiq edilmişdir. -İddiaçı xx.xx.2005-ci il tarixdən doldurulmağa başlanan ******* nömrəli əmək kitabçasının “Azərbaycan X7” QSC tərəfindən təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdən Azərbaycan Dövlət X7ndə əmək fəaliyyətinə başlamış və hazıradək işləyir. Müvafiq sorğu əsasında cavabdeh tərəfindən “Yelkən” bağçılıq-yoldaşlıq təsərrüfatının arxiv əsaslarında olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Bakı səhəri X3 İcraiyyə Komitəsi tərəfindən 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı Qərarı ilə X5 Dənizçiləri və Sahil işçiləri üçün Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində 436 nəfərlik torpaq (bağ) sahəsi ayrılmışdır. -X7 QSC-nin Dənizçilərin və Sahil işçilərinin Hövsan qəsəbəsi ərazisində yerləşən “Yelkən” bağçılıq-yoldaşlığının “V” sektoru üzvlərinin siyahısından görünür ki, X2 adına “400a” və “399a” saylı bağ sahələri ayrılmışdır. Siyahı “Yelkən” b/y İdarə heyətinin sədri V.Osmanov tərəfindən imzalanıb təsdiq edilmişdir. -Azərbaycan Dövlət X7 tərəfindən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2010-cu il tarixli, 102 nömrəli məktubda aşağıdakılar bildirilmişdir: Azərbaycan Dövlət X5 struktur bölmələrinin işçiləri üçün Bakı şəhər Sovetinin “Bağçılıq yoldaşlığı yaradılması üçün torpaq sahəsinin ayrılması barədə” 12 oktyabr 1985-ci il tarixli, 16/358 nömrəli və 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarları ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan massivində ayrılmış bağ sahələrinin səmərəli istifadəsi, gəmiçiliyə aidiyyəti olmayan kənar şəxslərə verilməsinin qarşısının alınması və əvvəllər keçmiş “Gəmitəmirçisi” bağçılıq yoldaşlığın sədri Kəmalə Əhmədova tərəfindən yol verilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə göstərilən bağ sahələrinə nəzarət və torpaq sahələrindən yalnız gəmiçilik işçiləri üçün istifadənin həyata keçirilməsinin təşkili “Yelkən” bağçılıq yoldaşlığının idarə heyətinə və idarə heyətinin sədri Vaqif Osmanova həvalə edilmişdir. Qeyd olunanları nəzərə alaraq “Yelkən” bağçılıq-yoldaşlığının ştamp və möhürünün nümunələrini sizə göndəririk. Göstırilən massivdəlki bağ sahələri barədə sənədlərin yalnız “Yelkən” bağçılıq yoldaşlığının möhürü ilə təsdiq edildiyi təqdirdə baxılmağa qəbul edilməsi barədə göstəriş verməyinizi xahgiş edirik. -“Yelkən” bağçılıq-yoldaşlığının “V” sektorunun bölgü sxemindən görünür ki, iddiaçının iddia etdiyi 400 a saylı bağ sahəsi sxemdə mövcuddur və Çingiz Quliyevin adına qeyd olunmuşdur. -Məhkəmənin sorğusuna cavabdeh tərəfindən verilmiş məktubda bildirilmişdir ki, göstərilən 400a saylı bağ sahəsi vətəndaş tərəfindən əlavə edilmiş bölgü sxeminə uyğun gəlsə də, idarənin arxiv əsaslarında mövcud olan bağçılıq-yoldaşlıq bölgü sxeminə əsasən digər hissədə yerləşir və həmin sözügedən digər hissə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan-ölçüsündə göstərilən koordinatlara uyğun olaraq (410a saylı bağ sahəsi kimi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı səhəri X3 İcraiyyə Komitəsi tərəfindən 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı Qərarı ilə X5 Dənizçiləri və Sahil işçiləri üçün Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində bağçılıq yoldaşlıq təsərrüfatının yaradılması üçün torpaq sahəsi ayrılmış, torpaq sahəsinin planı və bağların bölgüsü tərtib edilmişdir. “Yelkən” bağçılıq-yoldaşlığının İdarə Heyətinin xx.xx.2005-ci il tarixli, 08 nömrəli protokolundan çıxarışa əsasən “Yelkən” bağçılıq-yoldaşlığının üzvü X2 adına ayrılmış 400A nömrəli bağ sahəsi İddiaçı adına keçirilmişdir. İddiaçı sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2.1-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının 400a saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı iddia etdiyi bağ sahəsinə dair “Yelkən” bağçılıq təsərrüfatının səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmiş üzvlərin iclasının protokolundan çıxarışı təqdim etmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh istinad edir ki, İdarəyə təqdim edilmiş “Yelkən” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Lakin işdəki sənədlərdən müəyyən olunur ki, iddiaçının adı həqiqətən də bağçılıq yoldaşlığının üzvlərinin siyahısında olmasa da, 400a saylı bağ sahəsinin əvvəlki sahibi X2 adı həmin siyahıda göstərilmişdir. Sonradan sözügedən bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 08 saylı, 10 may 2005-ci il tarixli protokol qərarı ilə iddiaçıya mübahisəli bağ sahəsi verilmişdir. Bununla da, iddiaçı faktiki olaraq bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “Yelkən” bağçılıq-yoldaşlıq təsərrüfatı X5 işçiləri üçün təşkil edilmiş və iddiaçının da ona bağ sahəsi ayrılan zaman həmin təşkilatda işləməsi onun əmək kitabçasındakı qeydlərlə təsdiqini tapmışdır. Bununla yanaşı aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 400a saylı bağ sahəsi “Yelkən” bağçılıq-yoldaşlıq təsərrüfatının “V” sektorunun bölgüsündə mövcuddur və bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin bağ sahəsinə digər şəxsin müraciəti qeydə alınmamışdır. Belə olan halda, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı müəyyən edilmədiyindən və cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına sala bilən tutarlı dəlil təqdim edilmədiyindən, məhkəmə iddiaçının ona Hövsan qəsəbəsindəki 400a saylı bağ sahəsinin ayrılması barədə təqdim etdiyi sənədləri mötəbər sübut kimi qiymətləndirir. Cavabdehin digər dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Həmin Fərmanın 3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; Məhkəmə qeyd edir ki, bağların bölgü sxemində həm 400a saylı, həm də 410 saylı bağ sahələri nəzərdə tutulmuşdur və iddiaçı məhz 400a saylı bağ sahəsinə iddia edir. Başqa sözlə iddia olunan 400a saylı bağ sahəsinin 410 saylı bağ sahəsinin ərazisinə uyğunluğu (və yaxud əksinə) müəyyən olunsaydı belə, bu hal vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Çünki yuxarıda istinad olunan normalardan da göründüyü kimi bu uyğunsuzluqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, qeyd olunan dəlillər iddiaçının məsuliyyət sferasına aid olmadığından və qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 15, 17 və 19-cu maddələrinin tələblərinə zidd olduğundan iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən sahəsi 1000 kv.m olan “400A” saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən sahəsi 1000 kv.m olan “400A” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar