Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7443/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “təsərrüfat subyektinin uçota alınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və xx.xx.2024-cü il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC (VÖEN**********) istifadəsində olan əmlak kompleksi kimi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması və bu barədə vergi ödəyicisinə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixində 12 saylı Ərazi Vergilər Baş İdarəsində (VÖEN **********) Nizamnamə kapitalı 100 manat olmaqla qeydiyyatdan keçərək spirt istehsalı ilə məşğuldur. MMC ünvan 1 ünvanında yerləşən obyektdə icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi üçün AQTA tərəfindən qida obyektinin təsdiqi barədə qida təhlükəsizliyi reyestrindən xx.xx.2024-cü il tarixli 10T-00014 nömrəli çıxarış alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən vergi orqanına ərizə ilə müraciət edərək təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınması üçün ərizə ilə müraciət etmişdir. Həmin maddənin tələbinə görə vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Bu normanın tələbinə əsasən MMC tərəfindən müxtəlif tarixlərdə, müntəzəm olaraq yuxarıda sözü gedən ərizə təqdim olunur. Lakin hər dəfə cavabdeh vergi orqanı tərəfindən imtina bildirişi təqdim olunur. İmtinaya əsas olaraq qeyd olunur ki, “təsərrüfat subyektinin (obyektin) qeydiyyatı ilə bağlı müraciətinizin icrası icarəyə götürdüyünüz təsərrüfat subyektinin (obyektin) icarəyə verən tərəfindən digər şəxs(lər)ə icarəyə verilməsi, yəni adınıza vergi orqanında yeni qeydiyyata alınacaq təsərrüfat subyekti (obyekti) üçün boş sahənin olmaması səbəbindən mümkün olmamışdır.” Verilən rədd cavabları əsassızdır. Çünki, müraciət ərizələrindən biri əsasında xx.xx.2024-cü il tarixdə təsərrüfat subyekti qeydiyyata alındıqdan bir gün sonra yenidən qeydiyyat ləğv edilmişdir (qeydiyyat bildirişinin surəti əlavə olunur). Bu da vergi orqanının rədd cavablarının əsassızlığını sübut edir. Həmçinin Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********554500 nömrəli əmri ilə təsdiq edilmiş, icrası vergi orqanları üçün məcburi olan “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”na və həmin Qaydanın 4.14-cü bəndinə əsasən yalnız Vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi digər təsərrüfat subyektinin (obyektinin) sahəsi icarəyə (subicarəyə) verilən digər təsərrüfat subyektinin (obyektinin) ümumi sahəsindən çox olduqda ərizəyə baxılmaqdan imtina olunmalıdır. Lakin reallıqda belə bir fakt mövcud deyil. Beləliklə cavabdeh vergi orqanı iddiaçı tərəfindən təqdim edilmiş ərizələri icra etməməklə hərəkətsizliyə yol vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, cəmiyyətin ünvan 1 ünvanda yerləşən obyektinin vergi uçotuna alıması ilə bağlı müraciətinin araşdırılması nəticəsində yaranmış uyğunsuzluq (boş sahənin olmaması) səbəbindən vergi orqanı tərəfindən obyektin qeydiyyata alınması barədə ərizələrin icrasından imtina edilmişdir. Belə ki, vergi ödəyicisi X2 (VÖEN: **********) tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli **********704800 nömrəli obyektin qeydiyyat ərizəsinə əsasən X3 (VÖEN: **********) alqı-satqı nəticəsində alınmış xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən ünvan 2 ünvanında yerləşən 4457.75 kv.m sahə əmlak **********-20001 kodu ilə icarə obyekti kimi qeydiyyata alınmışdır. Həmin obyektin 2025 kv.m sahəsi "xxxx" MMC-yə (VÖEN:**********) icarəyə verilmişdir. Lakin faktiki olaraq eyni əmlak X5 tərəfindən icarə obyekti kimi xx.xx.2023-cü il tarixdə 8915.5 kv.m sahə ilə qeydiyyata alınaraq, **********-20001 saylı kod alınmışdır. Hazırda qeyd edilən icarə obyektinin 5800.5 kv.m sahəsi digər vergi ödəyiciləri ("xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) tərəfindən icarəyə götürülmüşdür. Eyni zamanda vergi ödəyicisi X5 (VÖEN: **********) tərəfindən alqısatqı əməliyyatı aparılmasına və bu barədə icarəçilərə bildirişlər göndərilməsinə baxmayaraq, bütün icarəçilər tərəfindən icarə müqavilələrinə dəyişiklik edilərək, obyekt məlumat dəyişikliyi barədə ərizə ilə vergi orqanına müraciət edilməmişdir. Nəticədə vergi orqanında yeni qeydiyyata alınacaq təsərrüfat subyekti (obyekti) üçün faktiki olaraq boş sahənin olmaması səbəbindən obyektin qeydiyyatı mümkün olmamışdır. Cəmiyyətin ünvan 1 ünvanda yerləşən obyektinin vergi uçotuna alıması ilə bağlı 78 dəfə müraciəti olmuşdur ki, yaranmış uyğunsuzluq (boş sahənin olmaması) səbəbindən vergi orqanı tərəfindən obyektin qeydiyyata alınması barədə ərizələrin icrasından imtina edilmiş və bu barədə vergi ödəyicisinə bildirişlər göndərilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə göndərilmiş ərizəyə əsasən təsərrüfat subyekti (obyekt) proqram təminatında baş vermiş texniki xəta səbəbindən qeydiyyata alınsa da, xəta aradan qaldırıldıqdan sonra qeydiyyatı ləğv edilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunanlara əsasən təsərrüfat subyektinin (obyektin) qeydiyyata alınması mümkün olmamışdır.
4. Cavabdehin xx.xx.2025-ci il tarixli vəsatətində bildirilmişdir ki, mübahisə predmeti artıq aradan qalxmış, iddiaçının uçota alınmasını tələb etdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) uçota alınması xx.xx.2025-ci il tarixdə vergi orqanı tərəfindən təmin edilmiş və bu barədə iddiaçıya xx.xx.2025-ci il tarixli **********942800 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayış göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə cavabdehin məhkəməyə ünvanlanmış məktubunu, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, cavabdeh tərəfindən təqdim edilən məlumata əsasən iddia tələbi üzrə tədbir görülərək iddiaçının istifadəsində olan ünvan barədə xx.xx.2025-ci il tarixli **********942800 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayış ona təqdim edilmişdir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
10. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
11. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva