Məhkəmə qərarları › İş №e-2-1(112)-7446/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7446/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7446/2022 03.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisasıhüquqşünas, 8 saylı vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, böyük hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında "xxxx" MMC (VÖEN **********) barəsində əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” yazısının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “İnternet Vergi İdarəsi portalında elektron qaimə- faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı, həmçinin ƏDV sub- uçot hesablarından vəsait köçürülən zaman "xxxx" MMC barəsində əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” yazısının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında "xxxx" MMC (VÖEN **********) barəsində əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” yazısının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” şəklində dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürülən zaman elektron altsistemdə "xxxx" MMC (VÖEN **********) barəsində "bu vergi ödəyicisi əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir!” yazısı əks olunur. Qeyd olunan xüsusatla bağlı müvafiq dəqiqləşdirmələrin aparılması məqsədilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubla iddiaçı tərəfindən müraciət olunmuş, sonuncu müraciətə cavab olaraq göndərilmiş xx.xx.2021 -ci il tarixli **********137500 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunur”. Bu məktubdan sonra elə təəssürat oyanmışdır ki, iddiaçı müəssisə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd olunan məsələnin aydınlaşdırılması üçün "xxxx" MMC-nin (VÖEN **********) riskli vergi ödəyisici siyahısına daxil ediliib-edilməməsi barədə məlumatın təqdim edilməsi, eləcə də "xxxx" MMC riskli vergi ödəyisici siyahısına daxil edilmişdirsə müvafiq qərarın təqdim edilməsi, belə bir qərar olmadığı təqdirdə isə başqa vergi ödəyicisi ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) elektron altsistemdə "xxxx" MMC barəsində yazılan “bu vergi ödəyicisi əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir!” məzmunlu xəbərdarlıq mesajının silinməsi barədə xx.xx.2022-ci il tarixli məktubla Dövlət Vergi Xidmətinə və eləcə də Lokal gəlirlər Baş İdarəsinə müraciət olunmuşdur. Müraciətə cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli **********650100 nömrəli məktubda qanunvericiliyin normaları ümumi qaydada sadalanmaqla iddiaçının müraciətində qeyd olunan suallara heç bir cavab verilməmiş, eləcə də elektron altsistemdə (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) "xxxx" MMC barəsində yazılan “bu vergi ödəyicisi əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir!” yazısının silinməsi ilə bağlı iddiaçının xahişi icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh göstərmişdir ki, iddiaçının fəaliyyəti “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə cavabdeh tərəfindən araşdırılmış, aparılan təhlillər nəticəsində müəssisənin riskli maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən olunmuş və xx.xx.2020-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. xx.xx.2019-xx.xx.2019-cu il tarix aralığında müəssisənin ƏDV sub-uçot hesabından fiziki şəxs X3 (VÖEN: **********) ƏDV sub-uçot hesabına 10,8 min manat, "xxxx" MMC-yə (VÖEN: **********) 55,9 min manat, "xxxx" MMC-yə (VÖEN: **********) isə 28,9 min manat olmaqla, cəmi 95,6 min manat vəsait köçürülmüş, vergi ödəyicisinin əldə etdiyi elektron qaimə-fakturalarda “kabelin xəndəkdə və boruda quraşdırılması, aqlay, qum, çınqıl” və sairə qeyd olunmuşdur. Fiziki şəxs X5, "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Müəssisənin təqdim etdiyi elektron qaimə-fakturalarda “yerinə yetirilmiş işlər” qeyd olunmuşdur. Həmçinin vergi ödəyicisinin idxalı müəyyən edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində "xxxx" MMC (VÖEN: **********) tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin istintaqı zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında əməliyyatlar aparılmışdır. Odur ki, istintaq zərurəti ilə əlaqədar olaraq, qeyd edilən əməliyyatlara dair müvafiq sənədlərin (o cümlədən müqavilələrin) surətləri ilə birlikdə şahid qismində dindirilməsi üçün həmin əməliyyatda iştirak edən əməkdaşın, müqaviləni imzalayan şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinə dəvət edilmişdir. Həmçinin, vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə- faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunur. 1 yanvar 2020-ci il tarixdən etibarən Vergi Məcəlləsinə “riskli vergi ödəyicisi" anlayışı daxil edilib. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar sayılır. Vergi Məcəllənin 13.2.82-ci bəndinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri müvafiq risk meyarları əsasında təhlil edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə cavabdehin yazılı etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına müraciət məktubları, müraciətlərə baxılmasının nəticələri barədə məktubları, cinayət işi ilə bağlı çağırış vərəqəsi əlavə edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Vergi Məcəlləsinin 1.3-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. İddiaçının tələbinin əsası ondan ibarətdir ki, vergi orqanı heç bir qərar qəbul edilmədən iddiaçının riskli vergi ödəyicisi kimi göstərilməsi əsassızdır və vergi qanunvericiliyinə ziddir; cavabdeh vergi orqanının etirazının dəlili - iddiaçı riskli maliyyə əməlliyatları həyata keçirdiyi aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Meyarların 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Həmin Meyarların 2.1-ci bəndinə əsasən aşağıda qeyd olunan meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:2.1.1.bu Meyarların 3cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5 vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6.bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin Meyarların 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il 393 nömrəli Fərmanının 1.12-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1-ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (üçüncü halda), 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1-ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1 -ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. İşin faktiki hallarına əsasən cavabdeh tərəfindən İnternet vergi portalında elektron qaimə faktura sistemi vasitəsi ilə aparılan əməliyyatlar zamanı, həmçinin ƏDV sub uçot hesablarından vəsait köçürülməsi zamanı iddiaçı barədə “bu vergi ödəyicisi əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir “ qeyd etsədə belə yazısının əsası ola bilən müvafiq qərarın mövcud olmasını sübut etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə Dövlət Vergi Xidmətinin İnternet vergi portalında "xxxx" MMC (VÖEN **********) barəsində “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” qeyd etməsinə dair hərəkətləri əsassız hesab edir və iddiaçının bir vergi ödəyicisi kimi qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında "xxxx" MMC (VÖEN **********) barəsində əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” yazısının silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında "xxxx" MMC (VÖEN **********) barəsində əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” yazısının silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar