Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7463/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2024-ci il tarixli, **********16 nömrəli məktubla bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş torpaq sahəsinə dair yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilmədiyindən sənəd üzrə torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan irad aradan qaldırılacağı təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 2 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kvadrat metr torpaq sahəsi üzərində İddiaçı Ağaməmməd qızının mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 2 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində ona fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi mişar daşı ilə hasarlamışdır. Torpaq sahəsindən faktiki olaraq təyinatı üzrə həyətyanı sahə kimi istifadə edilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İdarə tərəfindən açıq şəkildə qanunvericiliyin tələbləri pozulmuş, torpaq sahəsinə bitişik qonşu torpaq sahələri haqqında İdarədə kifayət qədər məlumat olmasına baxmayaraq heç bir hüquqi əsası olmayan daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş torpaq sahəsinə dair yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilmədiyindən sənəd üzrə torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti Başçısının 395 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamından görünür ki, Badamdar qəsəbəsində fərdi ev tikmək üçün İddiaçı 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsində Nümayəndəsi tərəfindən verilmiş 12 mart 2004-cü il tarixli 51 nömrəli cizgidən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-cı il tarixli, 395 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 1212 nömrəli 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-1-3-30/2-20765/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Faktiki olaraq göstərilən torpaq sahəsi 600.0 kv.m təşkil edir. Sahə üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş torpaq sahəsinə dair yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilmədiyindən sənəd üzrə torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı hazırda göstərilən sənədlərə istinad edərək, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası – ona torpaq sahəsi ayrılması haqqında Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 395 nömrəli sərəncamı cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən mübahisəli torpaq sahəsinin yerləşmə cizgisini mübahisələndirmiş, lakin həmin cizginin qeyri-mötəbər olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh cizginin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirməyin mümkün olmamasına istinad etsə də, həmin ərazinin cizgidə qeyd olunan sahə olmasını təkzib edə biləcək əsasları da təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məsqədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Qanunvericiliyin həmin sənədi hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Bundan başqa, işdən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının İddiaçı torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında yerləşən 600 kv.metr sahəsi olan 1212 saylı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7463/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7463/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver