Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7466/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 (keçmiş Naxçıvanski, 2566-cı məhəllə) ünvanında "xxxx" Mənzil Tikinti Kooperativinin (bundan sonra mətndə "xxxx" MTK) inşa etdiyi binada yerləşən və hərəsinin ümumi sahəsi 101.75 kv metr ölçüdə olan 74-75 nömrəli mənzillər üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı (nümayəndəsi və vəkili Vəkil vasitəsilə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ünvan 2 (keçmiş Naxçıvanski, 2566-cı məhəllə) ünvanında "xxxx" MTK-nın inşa etdiyi binada yerləşən 74 və 75 nömrəli mənzillər üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onla "xxxx" MTK arasında bağlanmış 05 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən həmin kooperativ ünvan 2 (keçmiş Naxçıvanski, 2566-cı məhəllə) ünvanında inşa etdiyi 14 mərtəbəli binada yerləşən, hərəsinin ümumi sahəsi 101.75 kv metr olan, 74-75-ci mənzillərin ona təhvil verilməsi, İddiaçı isə mənzillər üzrə pay haqqının ödənilməsi barədə öhdəlik götürmüşlər. Yuxarıda göstərilən ünvanda yerləşən mənzillərin dəyəri onun tərəfindən tam ödənildiyinə görə ona MTK tərəfindən qəbzlər və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə biavasitə tabe olan Mənzil İstismar Qrupu tərəfindən arayış təqdim edilmiş və həmin arayışda onun "xxxx" MTK-ya borcunun olmadığı göstərilmişdir. Hal-hazırda mənzillərə görə "xxxx" MTK-ya onun heç bir borcu yoxdur və o, ailəsi ilə həmin əmlaklardan istifadə edir. Sonradan İddiaçı ünvan 2 ünvanında "xxxx" MTK-nın inşa etdiyi binada yerləşən ümumi sahəsi 101.75 kv metr olan 74-75 nömrəli mənzillər üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. İddiaçı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubının əsaslarını qanuna zidd və əsassız hesab edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısının 482 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında sifarişçinin nümayəndəsi "xxxx" MTK göstərilmişdir. İddiaçının təqdim etdiyi sözügedən mənzillərə dair "xxxx" MTK tərəfindən verilmiş müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan mənzillərə dair "xxxx" MTK tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə iddiaçının müraciətinə qanunamüvafiq qaydada baxılacağı barədə iddiaçıya məktub ünvanlanmışdır. Həmçinin, qeyd olunan mənzilə yerli baxışın aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: "xxxx" MTK ilə iddiaçı arasında “Kooperativ binada mənzil tikintisi haqqında” xx.xx.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" MTK tərəfindən ünvan 5 ünvanında inşa edilməklə yeni yaşayış binasının 2 otaqdan ibarət, ümumi sahəsi 101.75 kv.m olan 74 saylı mənzili tikib İddiaçı təhvil verilməsini, iddiaçı isə tikilən mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını "xxxx" MTK-ya ödənilməsini öhdəsini götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tikilən mənzilin ümumi yaşayış sahəsinin ümumi dəyəri 35613 ABŞ dolları olaraq qiymətləndirilmişdir. "xxxx" MTK ilə iddiaçı arasında imzalanmış “Kooperativ binada mənzil tikintisi haqqında” xx.xx.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" MTK tərəfindən ünvan 5 ünvanında inşa edilməklə yeni yaşayış binasının 2 otaqdan ibarət, ümumi sahəsi 101.75 kv. m olan 75 saylı mənzili tikib X1 təhvil verilməsini, iddiaçı isə tikilən mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını "xxxx" MTK-ya ödənilməsini öhdəsini götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tikilən mənzilin ümumi yaşayış sahəsinin ümumi dəyəri 35613 ABŞ dolları olaraq qiymətləndirilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 tərəfindən 14.815 (on dörd min səkkiz yüz on beş) manat ödənilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 tərəfindən 43 600 (qırx üç min altı yüz) manat ödənilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 tərəfindən 8670.0 (səkkiz min altı yüz yetmiş) manat ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Mənzil İstismar qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 941 saylı arayışda qeyd olunmuşdur ki, X3 ünvan 2 ünvanında yerləşən 74-75 saylı mənzillində yaşayır. Onun mənzilləri Azərbaycan Respublikası Daxili X2 Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan mənzil istismar qrupunun balasındadır. Ləğv olunmuş, hal-hazırda fəaliyyət göstərməyən "xxxx" MTK-ya borcu yoxdur. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-47217/2024 saylı cavab məktubu ilə təqdim edilmiş təqdim edilmiş; xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında” göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən mənzilin hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 2 otaqdır. Mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 101,75 kv.metr, faktiki olaraq isə 88.3 kv.metr təşkil edir. Yaşayış sahəsi faktiki olaraq 45.4 kv.metr, köməkçi sahə isə 42.9 kv.metr təşkil edir. Mənzil 14 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir.Yeni qaydalarla giriş № 126, X – 411325, Y- 4473725; 2-ci giriş; soldan 3-cü qapı. xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında” göstərilmişdir ki, ünvan 7 ünvanında yerləşən mənzilin hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 2 otaqdır. Mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 101,75 kv.metr, faktiki olaraq isə 88.3 kv.metr təşkil edir. Yaşayış sahəsi faktiki olaraq 45.4 kv.metr, köməkçi sahə isə 42.9 kv.metr təşkil edir. Mənzil 14 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir.Yeni qaydalarla giriş № 126, X – 411325, Y- 4473725; 2-ci giriş; soldan 4-cü qapı. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********43 №-li cavab məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısının 482 saylı, xx.xx.2008- ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında sifarişçinin nümayəndəsi "xxxx" MTK göstərilmişdir. Qeyd olunan mənzillərə dair "xxxx" MTK tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edəcəyiniz təqdirdə müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsasdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: ... - Maddə 3.0.42. sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. ... - Maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. ... -Maddə 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: - 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; - 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: ... - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... - 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); .... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək.
3. Xidmətin vəzifələri. ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.25-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. İnzibati-Prosessual Məcəllə:
58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə tərəfindən iddiaçının mübahisə predmetini təşkil edən mənzil üzərində mülkiyyət hüquqlarının yaranıb-yaranmaması, həmçinin mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına dair istismara icazə sənədinin olub-olmaması araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, MTK isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci - maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahəsinə (mənzilə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının "xxxx" MTK ilə imzaladığı müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Cavabdehin etirazda göstərdiyi imtina əsaslardan biri odur ki, qeyd olunan ünvanda inşa edilmiş istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" MTK göstərilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Faktiki iş üzrə üzərində mülkiyyət hüququnun qeydə alınması mübahisələndirilən müvafiq mənzilin yerləşdiyi binanın tikinti obyektinin istismara icazə sənədinin hansı şəxsin adına rəsmiləşdirilməsi iddiaçının iradə və imkanlarının təsirindən kənarda qalan haldır. Tikinti obyektinin istismara icazə sənədində "xxxx" MTK-nın adının qeyd olunması sifarişçi ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin mötəbərliliyini şübhə altına almaq üçün əsas deyildir və bu hal iddiaçının mənzil üzərində olan hüquqlarının məhdudlaşdırılması üçün əsas vermir. Belə ki, Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Sadalanan qanunvericiliyin müddəalarından irəli çıxarıq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismara icazə” sənədinin hansı şəxsin adına verilməsi, iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Cavabdehin irəli sürdüyü digər imtina əsası ilə bağlı məhkəmə bildirir ki, cavabdeh müayinə aktına əsaslanaraq mənzillərin faktiki sahənin 88.3 kv. m. olduğunu qeyd etsə də, bu hal hazırki iddia tələbinin həllində əhəmiyyət daşımır. Çünki, mənzilə dair bağlanmış müqavilədə əmlakların (mənzillərin) ümumi ölçülərinin 101.75 kv.m göstərilmişdir ki, bu da mənzil ilə bağlı hər hansı artımların olmadığını, əksinə mənzili faktiki ölçülərinin sənəd ilə müqayisə də az olduğunu göstərir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının özü də mənzillər üzərində mülkiyyət mülkiyyət hüquqlarının reallaşdırılmasını arzulayır ki, bu səbəbdən cavabdehin imtina əsası kimi göstərdiyi həmin dəlil iddiaçının mənzilə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulmuş məbləğdə mənzilin dəyəri ödənildiyindən, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. ünvan 2 (keçmiş Naxçıvanski, 2566-cı məhəllə) ünvanında yerləşən hər biri 88,3 kv. metrdən ibarət 74 və 75 saylı mənzillər üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev