Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7487/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki oğlunun mənzil sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyuıması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyini (bundan sonra mətndə Sosial Xidmətlər Agentliyi) göstərməklə, məhkəmədən İddiaçı və 2 oğlu - X5 və X2 mənzil sahəsi ilə təmin edilməsi öhdəliyinin Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, şəhid X6 anasıdır. Oğlu Natiq orta məktəbi bitirdikdən sonra 2015-ci ilin sonlarında hərbi xidmətə yollanmış və Sərhəd Qoşunlarının əsgəri kimi Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. Oğlu həmçinin 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Aprel döyüşlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri kimi vuruşmuş və döyüşlərdə fərqləndiyinə görə təşəkkürnamə ilə təltif edilmişdir. Natiq 17 may 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində, Tərtər-Goranboy istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində baş nahiyəsindən snayper gülləsinin dəyməsi səbəbilə şəhid olmuşdur. Mayın 18-i oğlu doğulduğu Lerik rayonunun Almu kəndində dəfn edilmişdir. Göstərdiyi qəhrəmanlığa görə o, Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" İİİ dərəcəli medalı ilə təltif edilmişdir. Onun ölümündən sonra 26 may 2016-cı il tarixdə akt qeydləri kitabında 282 nömrəsi ilə qeyd aparılmışdır. Oğlu Natiqin şəhid olmasından sonra şəhidin atası, yəni mərhum əri X11 yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) mənzil növbəsinə qəbul edilmək üçün Nizami Rayon İcra Hakimiyyətinən (bundan sonra mətndə Nizami RİH) müraciət etmişdir. Nizami RİH başçısının 10 oktyabr 2016-cı il tarixli, 106 №-li sərəncamı ilə mərhum əri X7 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşayış yeri üzrə şəhid ailəsi kimi imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi qərara alınmışdır. Mərhum əri 01 sentyabr 2021-ci il tarixdə vəfatından sonra şəhidin anası kimi o, ərinin ölümü və yaşayış yerinin dəyişməsi ilə əlaqədar mənzil-uçot işinin onun adına dəyişdirilməsi və Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra Binəqədi RİH) köçürülməsi barədə Nizami RİH-yə müraciət etmişdir. Buna görə də, Nizami RİHB-nın 21 dekabr 2021-ci il tarixli, 1-1/235 №-li sərəncamı ilə mərhum X7 mənzil uçot işinin 3 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu) və uçot tarixi saxlanılmaqla arvadı, yəni o – İddiaçı adına dəyişdirilməsi və mənzil-uçot işinin yaşayış yeri üzrə Binəqədi RİH-yə köçürülməsi və mərhum əri X7 Nizami rayonu üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin siyahısından çıxarılması qərara alınmışdır. Eyni zamanda Binəqədi RİHB-nın 11 fevral 2022-ci il tarixli, 20 №-li sərəncamı ilə onun, yəni İddiaçı Nizami RİH-də olan mənzil növbəsi yaşayış yeri üzrə Binəqədi RİH-yə keçirilməsi və onun şəhid ailəsi kimi mərhum əri X7 mənzil növbəsinə götürüldüyü 10 oktyabr 2016-cı il tarixdən güzəştli əsaslarla mənzil növbəsində hesab olunmağı və Binəqədi RİH-də mövcud olan güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Lakin onlar 10 oktyabr 2016cı il tarixdən etibarən şəhid ailəsi qismində mənzil növbəsinə qəbul edilsələr də, bugünədək – 7 il ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunmamışlar. Onu da qeyd edir ki, tərəfindən Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə bir neçə dəfə şifahi müraciətlər ünvanlanmışdır. Belə ki, bu ilin may ayında Agentlikdə olarkən ona ya bu ilin ortasında, ya da sonunda mənzillə təmin olunacağı qeyd olundu. Noyabr ayının 20-si tarixində etdiyi müraciət zamanı isə təminatda ev olmadığı üçün ona mənzilin gələn ilin sonunda veriləciyi bildirilmişdir. Göründüyü kimi ona mənzillə təmin olunacağımıza dair hər dəfə əsassız vədlər verilsə də, reallıq isə budur ki, onlar müraciət etdiyi vaxtdan bugünədək olan dövr, yəni 7 il ərzində mənzillə təmin olunmamışlar. Halbuki onlara verilən məlumata əsasən oğlu X1 şəhid olmuş şəxslərin ailələri artıq mənzillə təmin olunmuşdur. Belə olan halda nəyə görə hələ də onlar şəhidin ailəsi qismində mənzillə təmin olunmamalarının səbəbi ona məlum deyildir. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada müraciət edərək şəhid ailəsi kimi evlə təmin olunmasını xahiş etmişdir. Lakin bütün müraciətləri cavabsız və nəticəsiz qalmışdır. 23 yanvar 2024-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Binəqədi RİH-yə rəsmi qaydada müraciət edərək “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmiş şəhid ailəsi üzvlərinin tərkibinə aid edildiyi və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində siyahıya alınaraq mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürüldüyünü nəzərə alaraq onu və 2 oğlunu mənzil sahəsi ilə təmin edilməyini xahiş etmişdir. Lakin ƏƏSMN bu müraciətini də cavabsız qoymuşdur. Binəqədi RİH isə imtina məktubu göndərərək qeyd edir ki, şəhis ailə üzvlərinin mənzil ilə təmin edilməsi ƏƏSMN tərəfidən həyata keçirilir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim ediləmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, iddiaçı barəsində iki otaqlı mənzillə təmin edilməsi barədə qərar verildiyini, lakin hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında iki otaqlı mənzil olmadığına görə mənzil təminatını həyata keçirmək mümkün olmadığını, Nazirlik tərəfindən iki otaqlı mənzillər verilməyə başlandıqda ona mövcud qanunvericiliyə uyğun olaraq mənzil təklif ediləcəyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ № 813508 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X9 “başın dəlib keçən güllə” səbəbilə 17 may 2016-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 05-ci ayının 26-cı günündə 282 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, № 52 saylı arayışında göstərilmişdir ki, İddiaçı mərhum oğlu 1997-ci il təvəllüdlü əsgər X10 xx.xx.2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş və xx.xx.2016-cı il tarixdə döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan odlu silah (güllə) yaranlanmasından həlak olmuşdur. Mövcud qanunvericiliyə uyğun olaaq ŞƏHİD hesab olunur. Nizami RİHB-nın “X7 mənzil növbəsinə qəbul edilməsi haqqında” xx.xx.2016-cı il tarixli, № 106 saylı sərəncamında göstərilmişdir ki, X11 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşayış yeri üzrə şəhid ailəsi kimi imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə verilmiş № 006846 saylı “Şəhid ailəsi üzvünün vəsiqə”sindən müəyyən olunur ki, İddiaçı şəhid ailəsi üzvü hesab olunmuşdur. Binəqədi RİHB-nın “Vətəndaş İddiaçı mənzil növbəsinin yaşayış yeri üzrə Binəqədi RİH-yə keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli, № 20 saylı sərəncamından görünür ki, İddiaçı Nizami RİH-də olan mənzil növbəsinin yaşayış yeri üzrə Binəqədi RİH-yə keçirilməsi və İddiaçı şəhid ailəsi kimi mərhum əri X7 mənzil növbəsinə götürüldüyü xx.xx.2016-cı il tarixdən güzəştli əsaslarla mənzil növbəsində hesab olunması və vətəndaş İddiaçı mənzil növbəsinin Binəqədi RİH-də mövcud olan güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “Daşınmaz əmlakın dövlət reyestri”ndən arayışından müəyyən olunur ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli, № ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Sosial Xidmətlər Agentliyinin cavab məktubunda qeyd olunmuşdur ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən həyata keçirilir. Adıçəkilən Sərəncamda 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023- cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. 10 oktyabr 2016-cı il tarixində Binəqədi RİH-də yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailə üzvü mərhum əri -X7 mənzil növbəliliyi 11 fevral 2022-ci ildə adına keçirilmişdir. Müvafiq olaraq, iki otaqlı mənzillə təmin edilməsi barədə qərar verilmiş, lakin hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında iki otaqlı mənzil olmadığına görə mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirlik tərəfindən iki otaqlı mənzillər verilməyə başlandıqda ona mövcud qanunvericiliyə uyğun olaraq mənzil təklif ediləcəkdir. Tətbiq edilən hüquq. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir; Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr; Maddə 4. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar; Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: Bənd 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir; Bənd 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra - ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür; 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür;
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”: Bənd 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; Bənd 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir; Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək.
Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işdə iddiaçının hüquqi marağı şəhid ailəsi üzvü kimi imtiyazlı şəxs qismində mənzillə təmin olunması ilə bağlıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mərhum əri X11 şəhid ailəsi üzvü kimi Nizami RİH-nin xx.xx.2016-cı il tarixli, № 106 saylı sərəncamına əsasən 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Daha sonra isə iddiaçının ərinin ölməsi və hazırki iddiaçının yaşayış yerinin ünvan 1 ünvana pasport qeydiyyatına alınması əsası ilə Binəqədi RİH-nin xx.xx.2022-ci il tarixli, № 20 saylı sərəncamına əsasən İddiaçı şəhid ailəsi kimi mərhum əri X7 mənzil növbəsinə götürüldüyü xx.xx.2016-cı il tarixdən güzəştli əsaslarla mənzil növbəsində hesab olunaraq, onu mənzil növbəsi Binəqədi RİH-də mövcud olan güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Belə ki, iddiaçı xx.xx.2016-cı il tarixdən şəhid ailəsinin üzvü kimi mənzil növbəsində olmasına baxmayaraq, bugünki günədək mənzillə təmin olunmamışdır. Halbuki, qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Buna baxmayaraq, nə iddiaçı (valideyini), nədəki şəhid X6 qardaşları mənzillə təmin olunmamışdırlar. Halbuki, şəhid X6 valideyini yəni, anası hazırki iş üzrə İddiaçı və qardaşları sosial-məişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olan şəxlər hesab olunurlar. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında əlilliyi müəyyən edilmiş şəxslər üçün 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuşdur. Lakin, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və əlilliyi müəyyən edilmiş şəxslərə 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı xüsusi səbəblər əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2016-cı il tarixindən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayandığı və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamında nəzərdə tutulan şəxslərin əhatə dairəsi düşdüyü işin mübahisəsiz hallarına aiddir. Məhkəmə əlavə olaraq izah edir ki, iddiaçı imtyazlı şəxs kimi mənzil növbəsinə dayandığından, onun növbəlik qaydasında mənzillə təmin olunması “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına uyğun olaraq həyata keçirilməlidir. Bəhs olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə məhkəmə hesab edir ki, iddiaçı şəhid ailəsi üzvü hesab olduğundan, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi imtiyazlı mənzil növbəsində dayanması onun növbədənkənar qaydada mənzil ilə təmin olunmasına əsas verir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar) Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Sərəncamın gec icra etməsini məhkəmə iddiaçının ziyanına şərh edir, o cümlədən vətəndaşla inzibati orqan arasında yaranmış etimad hüququnun pozulmasına səbəb olur. Yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş həmin sərəncam əsasında iddiaçının mənzillə təmin olunmasına münasibətdə etimad hüququnun qorunması vacibdir. Başqa sözlə desək iddiaçı 2016-cı ildə mənzil növbəsinə götürüldüyü anda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikasının Qaydalarının 2.1.6-cı yarımbəndə nəzərdə tutulmuş şəxslərin əhatə dairəsi düşməklə şəhid ailəsi hesab olunduğundan, onun şəhid ailəsi olmadığı əsası ilə mənzilin verilməsindən imitna edilməsi bilavasitə cavabdeh inzibati orqanın hərəkətsizliyi ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməlidi. Beləliklə, iddiaçının həmin Sərəncamdan irəli gələn öhdəliyin icrası ilə bağlı hazırkı məzmunda tələb hüququ vardır. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olsa da, bu iddia növündə də öhdəliyin icra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin “Vətəndaş İddiaçı mənzil növbəsinin yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli, № 20 saylı sərəncamına əsasən mənzil uçotuna götürülümüş xx.xx.1975-ci il təvəllüdlü İddiaçı ailə üzvləri (oğulları) nəzərə alınmaqla, şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev