Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7520/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “əmək qabiliyyətinin itirilməsi ilə bağlı müavinətin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən X3 xx.xx.2022-ci il tarixində baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alaraq əvəzləşdirilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə əmək müqaviləsi bağlamış işçi – X5 əməkdaşı ƏMQ və QŞİA üzrə gecə növbə supervayzeri vəzifəsində çalışırdı. X5 09 dekabr 2022-ci il tarixində saat 08:00-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ünvanında yerləşən “Bakı Ağırlaşdırıcılar” zavoduna işə gəlmişdir. Soyunub - geyinmə otağında iş paltarlarını geyindikdən sonra sahə rəisi X16 işçilərə, o cümlədən T.Məmmədquliyevə görəcəyi işlərlə bağlı tapşırıqlar vermişdir. Həmin günü görüləcək işlərin xüsusiyyətlərinə uyğun olaraq sahə rəisi N.Qarayev əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimat keçdikdən sonra işçilər imzaları ilə həmin təlimatın keçirildiyini təsdiq etmişlər. Tapşırığa əsasən T.Məmmədquliyev, mexanik X8 və "xxxx" MMC-nin avtokran operatoru X12 üstü açıq konteynerin içinə müxtəlif avadanlıqların yüklənməsi işlərini yerinə yetirməliydilər. T.Məmmədquliyev və Z.Nərimanov izahatlarında saat 08:00-dan 13:30-dək avtokran operatoru N.Hacıyevlə birlikdə işlədiklərini və həmin dövr ərzində sahə rəisi N.Qarayevin 3-4 dəfə konteynerin yaxınlığına gələrək görülən işlərə nəzarət etdiyini bildirmişlər. Həmçinin sahə rəisi N.Qarayev izahatında həmin gün tez-tez T.Məmmədquliyevin və Z.Nərimanovun işlədiyi konteynerin yanına gələrək görülən işlərə nəzarət etdiyini, habelə konteynerin içində şaquli vəziyyətdə göydən yük asılan zaman işçilərin konteynerin içərisində olmadığını qeyd etmişdir. Konteynerin giriş-çıxışı bir cüt qapıdan ibarət olmuş və yükləmə işləri aparılan zaman avtokran operatoru N.Hacıyev konteynerin içini görə bilmədiyindən yükün yerləşdirilməsi konteynerin giriş-çıxış qapısından çöldə dayanmış Z.Nərimanovdan aldığı əl hərəkətləri ilə işarələrə əsasən icra edirmiş. T.Məmmədquliyev isə dəmir çərçivə konteynerə avtokran vasitəsi ilə endirildikdən sonra təxminən konteynerin döşəməsindən 15-20 sm yuxarıda şaquli vəziyyətdə göydə asılmış olan vaxt həmin yükün konteynerin mərkəzinə yerləşdirilməsi işlərini icra edirmiş. Qaydalara əsasən, yüklənmiş konteyner daşınan zaman dəmir yükün konteynerin içində stabil qalması üçün həmin dəmir yükün əvvəlcədən altına taxta döşənməlidir. Bu formada 1-ci yükləmə işi tamamlanmış və saat 13:30 radələrində növbəti yüklənmə işi konteynerin içində aparılan zaman T.Məmmədquliyev dəmir çərçivəni konteynerin mərkəzinə yerləşdirmək istəyən vaxt həmin dəmir çərçivə yırğalanan zaman künc hissəsi ilə T. Məmmədquliyevin sağ əlini və sol ayağını zədələmişdir. Hadisəni görən iş yoldaşı Z.Nərimanov dərhal avtokran operatoru N.Hacıyevə “dayan” işarəsi vermiş və dəmir çərçivə konteynerin döşəməsinə endirildikdən sonra o T.Məmmədquliyevə yaxınlaşmışdır. T.Məmmədquliyev sağ əlində və solayağında ağrılar olduğunu iş yoldaşına bildirmişdir. Daha sonra iş yoldaşının köməyi ilə T.Məmmədquliyev təhlükəsiz əraziyə aparılmış və həmin yerə gəlmiş sahə rəisi N.Qarayev dərhal ona ilkin tibbi yardım göstərmiş və T.Məmmədquliyevi iddiaçıya məxsus nəqliyyat vasitəsi ilə “Yasamal Hospital” xəstəxanasına aparmışdır. Orada T.Məmmədquliyev müvafiq tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılmışdır. “Yasamal Hospital” xəstəxanasından təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda T.Məmmədquliyev “Sağ bilək çıxığı, sol ayaq pəncəsi sınıqlı çıxığı və kompartman sindromu” diaqnozilə xəsarət aldığı qeyd edilmişdir. X14 Xidmətinin əmri əsasında yaradılmış Təhqiqat Komissiyasının tərtib etdiyi təhqiqat aktının 4-cü bəndində bədbəxt hadisənin səbəbləri qeyd edilmişdir. Təhqiqat aktına əsasən bədbəxt hadisənin baş verməsinə səbəb məhz zərərçəkən şəxsin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, əmək müqaviləsinin 3.1.20-ci bəndinin ( iş prosesində texniki təhlükəsizliyə cavabdehlik daşımaq) və 3.1.14-cü bəndinin (KSƏTƏM (keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) bütün norma və qaydalara riayət edir və personalın da buna riayət etməsinə Ərizəni imzalayan şəxs haqqında məlumat: nəzarət edir) üzrə vəzifə təlimatlarına riayət edilməməsi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməkdaşı, ƏMQ və QŞİA üzrə gecə növbə supervayzerində çalışan X2 əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı qanunvericiliklə tələb edilən müavinətinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə 3-17-1/2-26722/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli məktubla müavinəti ödəməkdən imtina etmişdir. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının qanunun (budan sonra – Qanun) 4-cü maddəsinə əsasən: “əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən edilmiş dövr üçün)” sosial sığorta hadisəsi hesab edilir. Qanunun 6-cı maddəsinin tələblərinə əsasən sosial sığorta hadisəsi baş verdikdə “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)” ödənilir. Qanunun 16-cı maddəsinin tələblərinə əsasən: “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 74-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən: “Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir”. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən “İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamə”nin 107-ci maddəsinin tələblərinə əsasən: “Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.” Cavabdeh müavinəti verməkdən imtina etməsini X14 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən tərtib edilən Təhqiqat aktına və həmin akt əsasında yazılmış İZ aktına, eləcə də X14 Xidmətinin 29 yanvar 2024-cü il tarixli məktubuna istinad edərək hadisənin iddiaçının (işəgötürənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirildiyini və bu səbəbdən müavinəti ödəməkdən imtina etməsi tamamilə qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 3cü maddəsinin 3-cü bəndində “İşəgötürən”in anlayışı verilmişdir. Həmin maddənin tələblərinə əsasən “İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir”. Hazırki işdə işəgötürən "xxxx" MMC-nin Baş direktoru işəgötürəndir. Nə Təhqiqat aktında, nə də İZ aktında "xxxx" MMC-nin Baş direktoru bədbəxt hadisənin baş verməsində təqsiri sübut edilməmiş və belə bir təqsirin olması ümumiyyətlə qeyd edilməmişdir. Hadisənin baş verməsinin əsas səbəbi məhz zərərçəkənin və onun iş yoldaşlarının əmək müqaviləsinin və vəzifə təlmatlarının tələblərini yerinə yetirməməsidir.
3. Cavabdeh iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına daxil olmuş, xx.xx.2024-cü il tarixdə 3-17-1/1- 4644/2024 nömrə ilə qeydiyyata alınmış əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı xx.xx.2024-cü il tarixli 105/1 nömrəli müraciətinizə yenidən baxılmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, tərəfinizdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş sığortaolunan X4 (SSN: **********292) aid xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cı il tarixədək olan dövrləri əhatə edən əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri qanunvericiliyə uyğun emal edilərək əsaslı səbəb göstərilməklə geri qaytarılmışdır. Bildiririk ki, “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 4-cü və 6-cı maddələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığoıta hadisəsi hesab olunur və sosial sığorta hadisəsi baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir. Qanunun 16-cı maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə (bundan sonra - Əsasnamə) uyğun olaraq həyata keçirilir. Əsasnamənin 107-ci hissəsinə əsasən müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. Məcəllənin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Müavinət sənədlərinə baxış keçirilən zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının bədbəxt hadisə nəticəsində baş verdiyi və həmin bədbəxt hadisənin istehsalatla əlaqəli olduğu aşkar olunmuşdur. Növbəti haqqhesab cədvəlinə tərəfinizdən əlavə edilmiş Nazirlik yanında X14 Xidmətinin (bundan sonra - Xidmət) təhqiqat aktında baş vermiş hadisədə "xxxx" MMC-nin supervayzeri X2 ehtiyatsızlığı ilə yanaşı həmin MMC-nin sahə rəisi X13 və mexaniki X6 cavabdehliyi müəyyən olunmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığortaolunana veriləcək müavinətin ödəmə mənbəyinin müəyyən edilməsi məqsədilə Fond tərəfindən Xidmətə xx.xx.2023-cü il tarixdə rəsmi məktub ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli cavab məktubunda Xidmət tərəfindən sözügedən hadisənin işəgötürənin (sığortaedənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığortaolunana əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi bütün dövr üçün hesablanmış müavinət məbləği sığortaedənin vəsaiti hesabına ödənilməlidir.
4. Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, 7520/2024 nömrəli iş üzrə iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; cavabdehin həmin iddiaya cavab verməli olubolmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; prosessual həmiştirakçılığın yol verilənliyi; tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. İddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsindən görünür ki, onun tələbi gələcəkdə müəssisə tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlıdır. Lakin hal-hazırda məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Buna görə də cavabdeh iddiaçının hal-hazırkı tələbinə cavab verməli deyil. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27-ci Fəslinin 3-cü paraqrafına əsasən, qarşılıqlı tələblərin əvəzləşdirilməsi öhdəliyə xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Belə ki, halhazırda iddiaçının iddia tələbinin əsasını məhz tələblərin əvəzləşdirilməsi təşkil edir. Məcəllənin 545.0.6-cı maddəsinə əsasən əgər tələb, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. Göründüyü kimi, hal-hazırkı iddia tələbi ilə bağlı olaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən gələcəkdə ödənilməsi nəzərdə tutulan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının ödədiyi müavinət məbləği ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının iddia tələbi həmçinin ona görə mümkün sayılmamalıdır ki, Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Bununla yanaşı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 29 aprel 2019-cu il tarixli Qərarında qeyd edilir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. İnzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallardır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1 -ci maddəsi) əməl olunmalıdır. Beləliklə, aydın olur ki, hal-hazırkı iş üzrə İddiaçı ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Hal-hazırkı baxılan inzibati iş üzrə cavabdah inzibati orqanın bununla bağlı səlahiyyəti yoxdur. Həmçinin qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır.
5. Məhkəmənın iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nüməyəndəsi etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir
7. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
İİ İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
9. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
11. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən:
1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 1.1. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 107... Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.
13. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir.
14. İddiaçının tələbi gələcəkdə müəssisə tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlıdır.
15. Məhkəmə qeyd edir ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edildiyindən hazırda iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibətlərindən əmələ gələn hər hansı mübahisə mövcud deyil. Beləliklə, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı müəyyən olunmur.
16. Həmçinin, məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir. Qeyd olunan qanunvericilik normalarında gələcəkdə müəssisə tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi barədə müddəalar nəzərdə tutulmamışdır.
17. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva