Məhkəmə qərarları › İş №e-2-1(112)-7522/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7522/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7522/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçünün və onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X5 adına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, 204 nömrəli BTK nəzdində 1208 saylı bağ sahəsinə (Yeni qaydalarla AZ 1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 8-ci Mərdəkan küçəsi, giriş 12) dair torpaq sahəsinin xx.xx.2022-ci il tarixli plan-ölçüsünün və onun əsasında aparılmış xx.xx.2024-cü il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 etibarnamə üzrə nümayəndəsi X7 Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “120H” nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizədə göstərilən bağ torpaq sahəsinə “Daşnmaz əmlakın texniki vəziyyətiniəks etdirən müayinə(baxış) aktı” tərtib edilmişdir. Müayinə Aktında torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha olduğu göstərilməsinə baxmayaraq faktiki torpaq sahəsinin göstərildiyi qrafa boş saxlanlıaraq “–“ işarəsi göstərilmişdir. Bundan sonra cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmmişdir. Bu səbəblərdən qeydiyyatın aparılmasından imtina edilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1627/2022 nömrəli Qərarına əsasən X2 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 204 nömrəli BTK nəzdində yerləşən “120B” nömrəli 0,0995 ha bağ sahəsi xx.xx.2024-ci il tarixli ********** qeydiyyat, **********47 reyestr nömrəsi ilə daşınmazəmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə nəticəyə gəlmək olur ki,X2 adına qeydiyyata alınmış torpaq sahəsi X3 istifadəsində olan 0,0995 ha torpaq sahəsidir. Torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məkanca düzgün müəyyənləşdirilməmişdir “Torpaq sahəsinin planı və ölçüsü”ndə koordinatların X=428509.4344, Y=4480420.4414 olduğu göstərilmişdir. xx.xx.2021-ci il tarixdə tərtib olunmuş Müayinə (baxış) Aktında isə koordinatlarının X=428509; Y=4480405 olduğu göstərilmişdir. Göründüyü kimi koordinatlarda fərqlidir. X2 etibarnamə üzrə nümayəndəsi X7 Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “120H” nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Bu isə sxematik xəritəyə əsassən başqa məkanda yerləşən torpaq sahəsidir. Sxematik xəritədən aydın görünür (sxematik xəritə əlavə olunur). Beləliklə, cavabdeh tərəfindən torpaq sahəsinin məkanca yeri düzgün müəyyən edilməmişdir.Göründüyü kimi sözügedən bağlar siyahı əsasında kollektiv formada verilmiş bağlar kateqoriyasına aiddir. Buna görədə bu kooperativ üzvlərinə orderlər verilmişdir. Tərəfinizdən araşdırılmanın tam aparılması üçün bu adlı siyahının (tam təsdiq olunmuş) İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilməsi (arxivlər 2007-ci ildə 1 saylı Bakı Ərazi İdarəsinə təhvil verilmişdir). Qarşı tərəf bu kollektivdə işləmədiyinə görə onun adının bu siyahıda olması mümkün deyil. Onun adına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Sərəncam və Bakışəhər Bağlar İdarəsi tərəfindən verilmiş orderin əsasız olduğu qənaətinə gəlmək olur. Vaxtilə Bakı şəhər icra hakimiyyəti tərəfindən sonuncu Sərəncamlar verilən zaman bu bağlar barədə ilk dəfə 1990 və 1991-ci illərdə verilmiş Sərəncamlar qüvvəddən düşməmişdir. Bu barədə sonuncu Sərancamlarda heç bir qeyd aparılmamışdır. Beləliklə, birinci verilmiş Sərəncamlar öz hüquqi qüvvəsini saxlamışdır. Deməli, birinci verilmiş sərəncamda adları göstərilmiş şəxslərə verilmiş orderdə göstərilənlər qanuni hüqüq sahibləridir. Birinci və sonuncu Sərəncamlarda göstərilmiş bağların liter nömrələri fərqlidir. Bağların nömrələri bağ torpaq sahəsinin ünvanını təyin edir. Bu bağ nömrələri 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sxematik planlarda özəksini tapmışdır. Müxtəlif zamanda hər iki tərəfdən bağın sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciətlər olmuşdur. Həmin dövdə bu torpaq sahəsinin üzərində layihə smeta sənədləriəsasında vaxtilə inşa olunmuş birincisərəncamçıya məxsus bağ evi mövcud olmuşdur. Cavabdeh tərəfindən verilən xx/xx/2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçıya Mərdəkan qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Bu da təsdiq edir ki, İddiaçı mübahisə edilən torpaq sahəsi üzərində subyektiv hüququ mövcuddur. İddiaçı həmin vaxtlar idarəyə torpağa dair orderin əslini təqdim edə bilməmişdi. Lakin hazırda həmin torpağa dair Orderin əslini əldə etmişdir. Ona görə də iddiaçıya məxsus torpağa sahəsinə X2 adına hüquqlarının qeydiyatı ləğv edilməlidir. Həmin torpağa dair X2 adına xx.xx.2024-cü il taruxdə torpaq sahəsinin plan və ölçüsü də tərtib edilmişdir. Nəzərinizə çatdırıram ki, Bakı şəhər İcra Hakimiyyətinin 25 sentyabr 1990-cu il tarixli 6\290 saylı qərarına əsasən Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli Orderi ilə mənə Mərdəkan qəsəbəsində 204 saylı БТК nəzdində sahəsi 0.12 ha olan 120 Б saylı bağ sahəsi ayrılmışdır. Məhkəmə tərəfindən X6 (bundan sonra – üçüncü şəxs) iş üzrə üçüncü şəxs kimi cəlb edilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sözügedən məsələ ilə bağlı idarəyə müraciət daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1627/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli 123 nömrəli qərarına əsasən üçüncü şəxsin Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “B” nömrəli ayrılmış bağ sahəsinə dair mülkiyyət hüquqlarının üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-997/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 1627/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı cra edilmiş, torpaq sahəsinə dair X2 adına elektron çıxarış hazırlanmışdır Üçüncü şəxs tərəfindən iddiaya yazlı etiraz təqdim edilmişdir. Etirazın ümumi məzmunu ondan ibarət olmuşdur ki, üçüncü şəxsin mübahisəli torpaq sahəsi üzərində hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən qeydə alınmışdır. İddiaçı isə həmin torpaq sahəsi ilə bağlı məhkəmələrdə müxtəlif iddialar irəli sürmüş və iddiaları məhkəmələr tərəfindən rədd edilmiş və ya qeyri-mümkün hesab edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur və iddia qeyri-mümkün hesab edilməlidir. Məhkəmə iclasında iddianın mümkünlük məsələsi müzakirə edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlə bir hasar daxilindədir. Həmin torpaq sahəsində iddiaçıya məxsus fərdi ev vardır. Lakin, torpaq sahəsinə dair plan-ölçü cavabdeh tərəfindən səhvən üçüncü şəxsə verilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın mümkün hesab edilərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya məhkəmə iclasında iddiaya yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddiaya məhkəmə iclasında iddiaya yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə hazırkı iş üzrə üçüncü şəxsin cavabdehə qarşı iddiası bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması barədə iddiası təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 123 nömrəli qərarına əsasən Bakı şəhəri Mərdəkan bağlar sahəsində, 204 nömrəli BTK nəzdində sahəsi 0,12 hektar olan 120B nömrəli bağ sahəsinə dair mülkiyyə hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-997/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığı üçün cavabdehə göndərilmiş və icra olunaraq həmin torpaq sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7070/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə iddiaçının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X6) Bakı şəhəri Mərdəkan bağlar sahəsində, 204 nömrəli BTK nəzdində sahəsi 0,12 hektar olan 120B nömrəli bağ sahəsinin üçüncü şəxs ayrılmasına əsas olmuş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 123 nömrəli qərarının və Bakı şəhəri Bağlar Təsərrüfatı idarəsinin 26 nömrəli orderinin etibarsız sayılması barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-7070/2022 saylı, xx.xx.2022-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7070/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Qərardaddan kassasiya şikayəti verilməmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6120/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Şüvəlan Köçəri bağları massivində yerləşən, sahəsi 0,12 hektar olan bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-464/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin -2-1(112)-6120/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2201/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-464/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, 204 nömrəli BTK nəzdində 1208 saylı bağ sahəsinə dair üçüncü şəxsə verilmiş plan-ölçünü və onun əsasında aparılmış qeydiyyatı mübahisələndirir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır”. Göründüyü kimi hazırda üçüncü şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati akt əsasında aparılsa da, həmin qeydiyyatın aparılması məhkəmə qərarına əsasən təmin edilmişdir. Yəni, həmin məhkəmə qərarı ləğv edilmədən üçüncü şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrindəki qeyd də ləğv edilə bilməz. Həmin məhkəmə qərarı isə qanuni qüvvəsini aldığı üçün onun əsaslılığına qiymət verilməsi hazırkı məhkəmə baxışının predmeti deyildir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı üçüncü şəxsin daşınma əmlakın xeyrinə dövlət reyestrində aparılmış qeydi onun düzgün aparılmaması səbəbindən, yəni planölçünün düzgün verilməməsi səbəbindən mübahisələndirir. Belə olan halda iddiaçı planölçünün verildiyi torpaq sahəsi üzərində hüquqlarının mövcud olduğunu əsaslandırmalıdır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə iddiası qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən təmin edilməmişdir. Yəni, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçünün və onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar