Məhkəmə qərarları › İş №e-2-1(112)-753/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-753/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-753/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş veri məbləğinin qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş veri məbləğinin qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 47281.5 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin ona ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və xx.xx.2015-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti ilə **********55200 nömrəli “Vergi partnyorluğu” Sazişi bağlamışdır. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş **********826300 nömrəli xx.xx.2019-cu il tarixli vergilərin, sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarla iddiaçıya gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2016-cı il üzrə 47000 manat gəlir vergisi hesablamışdır. İddiaçı **********826300 nömrəli xx.xx.2019-cu il tarixli qərarın ləğvi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etmiş, sonuncunun xx.xx.2020-ci il tarixli qərarı ilə inzibati şikayəti baxılmamış saxlanmışdır. Bundan sonra iddiaçı inzibati orqanın hərəktlərindən məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli, 2- 1(112)-297/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən İddiaçı Əbülfət oğlu barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********826300 nömrəli qərar ləğv edilmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1760/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh tərəfindən kassasiya şikayəti verilməsinə baxmayaraq Ali Məhkəmə tərəfindən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1760/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən şəxsi hesabında olan artıq ödəmənin geri qaytarılması ilə əlaqədar Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə müraciət etmiş lakin ona artıq ödəmənin geri qaytarılmasına beş illik müddətin keçməsi səbəbindən imtina verilmişdir. İddiaçl ona verilən imtina ilə bağlı razılaşmamış hesab etimişdir ki, ona məxsus pul vəsaiti hesabına geri qayıtmadan həmin vəsaiti tələb edə bilməzdir belə ki, ilk növbədə məhkəmə tərəfindən qəbul edilmiş qərar icra olunduqdan sonra yəni artıq ödəmə onun hesabına bərpa edildikdən sorar müraciət etmişdir. Lakin inzibati orqan 3 ilə yaxın davam edən məhkəmə mübahisəsi dövrünü nəzərə almamaqla qanunu pozmuşdur. Məsələ ilə bağlı iddiaçı aidiyyəti apellyasiyya şurasına, yuxarı vergi orqanlarına şikayətlər etmiş, qəbullarda olmuş lakin məsələ öz həllini tapmamışdır. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması AR Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Qaydaların 6.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Qaydaların 6.3-cü maddəsinə əsasən, büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qaydaların 7.2-ci maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən, bu məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılıərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi və AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları” ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) ilə əvəz edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş iddaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Vergi ödəyicisinin artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması barədə xx.xx.2023-cü il tarixli **********802700 nömrəli, xx.xx.2023-cü il tarixli **********582900 və **********608200 nömrəli, xx.xx.2023-cü il tarixli **********273300 nömrəli, xx.xx.2023-cü il tarixli **********912600 nömrəli məktubları vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********504100 nömrəli, xx.xx.2023-cü il tarixli **********116000 nömrəli, xx.xx.2023-cü il tarixli **********955100 nömrəli və xx.xx.2023-cü il tarixli **********263000 nömrəli məktublarla cavablandırılmışdır. Cavab məktublarında artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimləndiyi, həmin Qərarla təsdiq edilmiş müvafiq ərizə forması ilə qeydiyyatda olduğu vergi orqanına müraciət edildikdən sonra artıq ödəmənin qaytarılması məsələsinə yenidən baxılacağı, həmçinin Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən qeyd edilən artıq ödənilmiş vergi məbləği növbəti hesabat dövrlərindəki ödənişlərinə aid edilə bilməsi vergi ödəyicisinə bildirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini isə 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu göstərilmişdir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019- cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Qeyd edilənlər nəzərə alınaraq “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” bərədə müraciətdə qeyd olunmuş 47281,50 manat artıq ödəmə məbləğinin geri qaytarılması ilə əlaqədar müddət axımı bitdiyi üçün müraciətin icrasının mümkün olmaması onun nəzərinə çatdırılmışdır. Qeyd edilənlər nəzərə alınaraq “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” bərədə müraciətdə qeyd olunmuş 47281,50 manat artıq ödəmə məbləğinin geri qaytarılması ilə əlaqədar müddət axımı bitdiyi üçün müraciətin icrasının mümkün olmaması onun nəzərinə çatdırılmışdır. Belə ki, artıq ödəmə məbləğinin geri qaytarılması ilə əlaqədar müddət axımı bitdiyi halda həmin məbləğin vergi ödəyicisinə qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edirik ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 47281,00 manat artıq ödəmə məbləğinin həmin vərəqədə “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edildiyindən cari tarixə qeyd olunan məbləğ şəxsi hesab vərəqəsində artıq ödənilmiş məbləğ kimi müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili Qanuni nümayəndə ayrı-ayrılıqda verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçının müraciəti təmin olunmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 201/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki; İddiaçı xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və xx.xx.2015ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti ilə **********55200 nömrəli “Vergi partnyorluğu” Sazişi bağlamışdır. İddiaçı xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasında hər ay dövlət büdcəsinə 2500 manat vergi məbləği ödəmiş, lakin aylar üzrə müvafiq vergi bəyannamələri təqdim etməmişdir. Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən **********826300 nömrəli xx.xx.2019-cu il tarixli “Vergilərin, sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilməklə, iddiaçıya gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2016-cı il üzrə 47000 manat gəlir vergisi hesablamışdır. İddiaçı **********826300 nömrəli xx.xx.2019-cu il tarixli qərarın ləğvi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli qərar ilə inzibati şikayəti baxılmamış saxlamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, **********826300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(112)-297/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********826300 nömrəli qərar ləğv edilmişdir Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1760/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kasasiya şikayəti verərək apellyasiya məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 201/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1760/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri X6 üzrə Baş İdarəsinin İddiaçı ünvanlanmış “Müraciətə baxılması barədə” cavab məktubunda qeyd olunmuşdur ki, “Sizin artıq ödəmənin qaytarılması barədə müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********912600 nömrəli) Bakı şəhəri X6 üzrə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini isə 5 il ərzində tələb etmək hüququna malikdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, artıq ödəmə məbləğinin geri qaytarılması ilə əlaqədar müddət axımı bitdiyi halda həmin məbləğin vergi ödəyicisinə qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır Əlavə olaraq bildiririk ki, xx.xx.2023cü tarixə şəxsi hesab vərəqənizdə tələb etmə müddəti bitmiş 47281,00 manat artıq ödəmə məbləğinin həmin vərəqədə “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edildiyindən cari tarixə qeyd olunan məbləğ şəxsi hesab vərəqənizdə artıq ödənilmiş məbləğ kimi müəyyən edilməmişdir”. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Vergi Məcəlləsi 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”: 2.1. Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 2.4. Vergi ödəyicisi və ya sığortaedən vergi orqanı tərəfindən hesablanmış vergilər, işsizlikdən sığorta haqları, hesablanmış faizlər və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə, həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə Vergi Məcəlləsinin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Qaydaların 2.1-ci bəndində tələbetmə üçün müəyyən olunmuş müddətə daxil edilmir. 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. 3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1-ci bəndində əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı mübahisə iddiaçı tərəfindən artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması ilə bağlıdır. Məhkəmə tərəfindən araşdırılmalı hal ondan ibarətdir ki, ümumiyyətlə iddiaçının artıq ödəmələrin olub-olmaması, olduğu təqdirdə iddiaçının tələb etmə hüququ üzrə prosessual müddətin ötürüb-ötürməməsinə münasibət bildirilməldiir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbinin hər iki hissəsi Vergi Məcəlləsinin 87.1-ci və 87.1.2-ci maddələri, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin: - 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. - 24.1 və 24.1.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. Nəzərə almaq lazımdır ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından vergilərlə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin verginin hesablanması yaxud yenidən hesablanması barədə iddiaçıya heç bir əsaslandırma olmadan sadəcə olaraq bidiriş göndərməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ da tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Artıq ödənilmiş vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçının dəfələrlə edilən müraciətlərinə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması, vergi orqanının adının və ödəmə tarixinin düzgün göstərilməməsi şəklində verilən cavablar inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının müraciətinin baxılmasından imtina və səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. İddiaçının artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə onun həqiqətən də mübahisə edilən məbləğdə artıq ödəməsi mövcud olmuşdur. xx.xx.2023-cu il tarixə iddiaçının artıq ödəməsinin olduğu iş üzrə materiallara əlavə olunmuş şəxsi hesab vərəqəsi ilə də təsdiq olunur. Bununla yanaşı iddiaçıya aid olan şəxsi hesab vərəqəsindən görünür ki, onun tərəfindən tələb olunan artıq ödənilən vergi məbləğləri xx.xx.2015-ci il tarixdən başlanaraq büdcəyə ödənilmişdir. Artıq ödənilmiş vergi borcunun qaytarılmasını tənzimləyən yuxarıda qeyd olunan Qaydaların tələblərindən görünür ki, vergi ödəyicisi olan iddiaçı artıq ödənilmiş vergilərin (faizlər və maliyyə sanksiyası məbləğini) qaytarılmasını vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malik olmuşdur ki, vergi orqanı tərəfindən hesablanmış vergilər, işsizlikdən sığorta haqları, hesablanmış faizlər və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə, həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, tələbetmə üçün müəyyən olunmuş həmin müddətə daxil edilmir. “İnzibati icraat haqqında” Qanunun: 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İş materiallarından göründüyü kimi, iddiaçı vergi orqanı tərəfindən kameral qaydada 47000 manat gəlir vergisinin hesablanması barədə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə mübahisələndirmiş, qeyd olunan iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən yekun məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edildiyi halda, artıq ödənilmiş verginin qaytarılması üçün cavabdeh inzibati orqana 11 avqust 2023-cü il tarixdə müraciət etmişdir ki, bununla onun tərəfindən Qaydalarda müəyyən edilmiş 5 (beş) illik tələb etmə hüququ ötürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassızdır və təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar