Məhkəmə qərarları › İş №e-2-1(112)-7533/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7533/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7533/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli, **********8850 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 yanvar 2015-ci il tarixdən vergi ödəyicisi kimi (VÖEN: **********) vergi orqanlarında qeydiyyata alınmışdır və əsas fəaliyyəti uçot-baza məlumatlarında “47810-İÇKİ VƏ TÜTÜN MƏMULATLARİ DA DAXİL OLMAQLA ÇADİRLARDA VƏ BAZARLARDA ƏRZAQ MƏHSULLARİNİN PƏRAKƏNDƏ SATİŞİ” İeyd edilmişdir. Əsas fəaliyyətindən də məhz alkoqollu işçilərin satışı və istehsalı ilə məşğul olan müəssisələrdən alkoqollu içkiləri alaraq pərakəndə qaydada vətəndaşlara satmaqdan ibarət olmuşdur. Lakin vergi qanunvericiliyinin tələblərinə əməl etmək məqsədi ilə pərakəndə satışla məşğul olmaq üçün müəyyən təsərrüfat subyektləri icarəyə götürmək və vergi orqanlarında qeydiyyata qoymaq, daha sonra isə nəzarət-kassa aparatı uçota qoymaq məqsədi ilə axtarsa da, müəyyən səbəblərdən həmin (istəklərinə uyğun) obyektin tapılması mümkün olmamışdır. O da əldə etdiyi malları təsərrüfat subyekti olmadan və nəzarət-kassa aparatı vergi orqanında uçota qoymadan pərakəndə qaydada satmışdır. İddiaçı 20 noyabr 2024-cü il tarixdə vergi orqanına dəvət olmuş və barəsində X2n keçirilməsi haqqında qərar təqdim edilmişdir. Ona izah edilmişdir ki, onun barəsində yoxlama başlanmışdır. Ona müəyyən sənədlər tanış olması üçün təqdim edilmiş və ondan izahat alınmışdır. İzahatda həmin anda heç bir təsərrüfat subyektinin olmadığı, mal qalığının olmadığı, bütün malları pərakəndə satdığını, malların üzərinə 3% ticarət əlavəsinin gəldiyini, bütün malları “X4” MMC-dən aldığını, satış zamanı heç bir e-qaimə və kassa çeki təqdim etmədiyini bildirmişdir. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixli **********9311 saylı qərarı ilə iddiaçı barəsində operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2024-cü il tarixli DVX seriyalı 104690 nömrəli akt tərtib edilmişdir. Sözügedən aktda 20 noyabr 2024-cü il tarixdə iddiaçının heç bir ünvanda təsərrüfat subyekti (obyekti) və mal-material qalığının aşkar olunmadığı, satış qiymətli ilə 375 547,65 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda e-qaimə təqdim edilmədən satıldığının müəyyən olunduğu qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 37 554,77 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən pərakəndə satış qaydasında təqdim etdiyi mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 24 yanvar 2025-ci il tarixdə **********8850 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 37 554,77 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin inzibati akt əsassız və qanunsuzdur. X2n keçirilməsi zamanı əvvəlki 3 il ərzində dövrlərin əhatə edilməsi hüququ cavabdeh vergi orqanına yalnız 1 yanvar 2024-cü il tarixindən verilmişdir. Elektron qaimə-fakturalardan görünür ki, iddiaçıya 2023-cü il ərzində “X4” MMC-dən ümumilikdə (9 ədəd e-qaimə üzrə) 173 486,79 manat məbləğində içki məhsulları almış və elə həmin ildə qeyd edilən məhsulları satmışdır. Vergi orqanı qanunla üzərinə vergi qanunvericiliyinin pozulması faktını sübut etmək vəzifəsi qoyulsa da, həmin vəzifəni yerinə yetirə bilməmişdir. O, müəyyən səbəblərdən təsərrüfat subyekti qeydiyyata alaraq nəzarət-kassa aparatı qoya bilməmiş və bu səbəbdən də həmin pərakəndə satış qaydasında satdığı mallara görə nəzarət-kassa aparatına məbləğləri daxil edə bilməmişdir. Lakin bu hal onu deməyə əsas vermir ki, o, həmin malları topdan satış qaydasında satmışdır. Bu yalnız cavabdeh vergi orqanın etimallar əsasında mülahizəsidir və buna dair hər hansı sübutlar vergi orqanında mövcud deyildir. Nə Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışı pərakəndə, hansı həddə və ya həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Lakin təəsüflər olsun ki, operativ vergi nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən onun 2023-2024-cü illər dövrü ərzində olan satış dövriyyəsinin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparmadan topdansatış kimi qəbul edilmiş, satdığı malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Qeyd edilən pozuntu hallarına yol verdiyinə görə vergi ödəyicisi olaraq ona təsərrüfat subyektinin uçota alınmamasına görə 40 manat və malların satışı zamanı nəzarət-kassa aparatı quraşdırmadığına görə birinci dəfə 1000 manat, ikinci dəfə 3000 manat və üç və daha çox dəfə isə 6000 manat maliyyə sanksiyası tətbiq edilə bilərdi. Lakin bu pozuntu halların olması cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tətbiqi üçün əsas ola bilməzdi. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Operativ vergi nəzarət üzrə tərtib edilmiş 20 noyabr 2024-cü il tarixli, DVX seriyalı, 101629 nömrəli malların siyahısında malların alış qiyməti kimi 308 990,99 manat və satış qiyməti kimi 375 547,65 manat göstərilmişdir. Öncə malların alış və satış qiymətlərin hansı tarix aralığında olduğu bəlli deyil. Yəni vergi orqanı məhz hansı tarixdən aldığı malların dəyərini hesablayaraq 308 990,99 manat məbləğin müəyyən etdiyi aydın deyil. Digər tərəfdən, malların satış qiymətinin məhz 375 547,65 manat olması ümumiyyətlə anlaşılan deyil. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, araşdırma zamanı cavabdehin xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanında keçirilmiş X2 tədbiri zamanı malların elektron qaimə-faktura təqdim etmədən 375 547,65 manat məbləğində olan hissəsini topdan satdığı müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-ci il tarixli, DVX seriyalı, 104690 nömrəli mavafiq akt tərtib edilmişdir. Həmin akt vergi ödəyicisinin iştirakı ilə tərtib edilmiş, vergi ödəyicisi heç bir səbəb göstərmədən aktı imzalanmaqdan imtina etmiş, aktın bir nüsxəsinin qəbul edilməsi (imza ilə təsdiq etmiş) müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, **********8850 nömrəli qərar qəbul olunaraq iddiaçıya 37554,77 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50.2.2-ci maddələri əsas tutulmuş və OVN tədbirinin keçirilmə səbəbi kimi qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən dövriyyə onun fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilər üzrə hesablanmış əmək haqqı məbləğinə, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 375 547,65 manat dəyərində malların təqdim edildiyi 2024-cü il ərzində hər hansı işçi ilə əmək müqaviləsinin bağlanmadığı, satışın həyata keçirilməsi üçün vergi orqanında təsərrüfat subyekti (obyektinin) qeydiyyata alınmadığı müəyyən olunmuşdur. İddiaçının uçot-baza məlumatlarının təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 2023-cü-2024-cü iilər ərzində “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumi dəyəri 308 995 manat məbləğində 163 707 ədəd Şərab və 15000 ədəd araq məhsulları əldə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş izahatına əsasən həmin malları EQF əsasında aldığını qeyd etmiş, heç bir mal qalığının olmadığını bildirmiş, satış qiyməti ilə 375 547,65 manat məbləğində malların (308995 manat malın maya dəyəri+3 faiz ticarət əlavəsi+18% ƏDV) topdan qaydada deyil pərakəndə qaydada satıldığını qeyd etsə də, belə həmin malların satışını təsdiq edici hər hansı bir sənəd təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi vergi orqanı tərəfindən OVN tədbiri keçirilən zaman vergi ödəyicisinin 2023-cü-2024-cü illər üzrə həyata keçirdiyi əməliyyatları əsas götürülmüşdür ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2023-cü-2024-cü illər üzrə əməliyyatların yoxlanılması vergi orqanının hüququ olmuşdur. Vergi ödəyicisi xx.xx.2015-ci il tarixdə vergi orqanında uçota alınan zaman “içki və tütün məmulatları da daxil olmaqla çadırlarda və bazarlarda ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növünə uyğun yox “Meyvə və tərəvəzlərin pərəkəndə satışı” uçota fəaliyyət növünə uyğun uçota alınmışdır. Daha sonra xx.xx.2019-cü il tarixdə “içki və tütün məmulatları da daxil olmaqla çadırlarda və bazarlarda ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növünə uyğun uçota alınsa da, xx.xx.2024-cü il tarixdə vergi orqanına ərizə ilə müraciət etmiş və müraciətində sadələşdirilmiş mükəlləfiyyətinin passivləşdirilməsini xahiş etmişdir. Beləliklə Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmadığını, bu səbəbdən də sadələşdirilmiş vergi mükələfiyyətinin passivləşdirilməsini, 2023-cü il üzrə dövriyyəsinin də gəlir vergisinə cəlb edəcəyini bildirmişdir. Göründüyü kimi vergi ödəyicisi iddia ərizəsində pərakəndə satış fəaliyyəti ilə məşğul olduğunu iddia etsə də, onun tərəfindən vergi orqanında təsərrüfat subyektinin (obyektin) və nəzarət-kassa aparatının uçota alınmaması, eyni zamanda vergi orqanına ünvanlanmış ərizədə hüquqi şəxslərə xidmət göstərildiyini (mal təqdim etmə) olunması onun pərakəndə deyil, topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğunu sübut edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, cavabdeh tərəfindən qəbul edilmiş operativ vergi yoxlamasının keçirilməsi haqqında qərarda iddiaçını yoxlanmalı olan fəaliyyət dövrü “cari fəaliyyət” kimi qeyd edilmişdir. Bu halda cavabdeh iddiaçının yoxlama dövrünə aid olan fəaliyyətini yoxlaya bilərdi. Lakin, cavabdeh iddiaçının əvvəlki dövrlər üzrə də fəaliyyətini yoxlayıb. İddiaçının fəaliyyəti pərakəndə satış fəaliyyətidir. Lakin, iddiaçının kassa nəzarət aparatı olmayıb. Cavabdeh hesab edib ki, iddiaçının kassa nəzarət aparatı olmadığı üçün o, həmin malları topdan satıb. Kassa nəzarət aparatı olmadığı halda cavabdeh bununla bağlı digər maddəyə istinad etməli idi. İddiaçı obyekt icarəyə götürüb və burada malların satışı ilə məşğul olub. Lakin, həmin obyektin çıxarışı olmadığı üçün icraə müqaviləsinin bağlanması və kassa nəzarət aparatının qoyulması mümkün olmayıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianını təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmunu ilə oxşar izahat verərək həmçinin bildirdi ki, iddiaçı 2023-cü-2024-cü iilər ərzində “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumi dəyəri 308 995 manat məbləğində 163 707 ədəd Şərab və 15000 ədəd araq məhsulları alıb. İddiaçının təsərrüfat subyekti kimi yalnız ona məxsus mənzil qeydə alınıb. Bundan başqa onun heç bir təsərrüfat subyekti yoxdur. İddiaçı pərakəndə satışla məşğul olduğu halda onun qeyd edilən məhsulları yığmaq üçün ən azından bir yeri olmalı idi. Lakin, iddiaçının öz mənzilindən başqa təsərrüfat subyekti yoxdur. İddiaçının ailəsi ilə birlikdə yaşadığı mənzilə həmin miqdarda malları yığması isə qeyri-mümkündür. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalından çıxarışa əsasən iddiaçı 10 yanvar 2015-ci il tarixdən ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir və əsas fəaliyyət istiqaməti “içki və tütün məmulatları da daxil olmaqla çadırlarda və bazarlarda ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarətdir. Cavabdehin “X2nin həyata keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli, **********9311 saylı qərarı ilə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə X2nin həyata keçirilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli tələbnamə ilə X2nin aparılması üçün iddiaçıdan tələbnamədə adları qeyd edilən zəruri sənədlər tələb edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024cü il tarixli, KY ********* saylı çıxarışdan görünür ki, ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı barəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X2 yoxlamasının olması reyestrə daxil edilmişdir. X2nin nəticəsi haqqında xx.xx.2024-cü il tarixli 102224 saylı aktda göstərilmişdir ki, X2nin həyata keçirilməsi zamanı iddiaçıya məxsus mal-material qalığı aşkar edilməmişdir. İddiaçı aktı imzalamışdır. X2nin həyata keçirilməsi zamanı xx.xx.2024-cü ildə alınmış izahatında iddiaçı bildirmişdir ki, fəaliyyət növü spirtli içkilərin pərakəndə satışından ibarətdir və hal-hazırda təsərrüfat subyekti yoxdur. Hazırda mal qalığı yoxdur və saxlanc müqaviləsi əsasında mallar mövcud deyil. Mallar “X4” MMC tərəfindən elektron qaimə əsasında alınmış və satışı isə pərakəndə satılmışdır. Mal qalığı mövcud deyil və alışı təsdiq edən sənədlər mövcuddur. İdxal malları mövcud deyil və mallar üzərində ticarət əlavəsi 3 % təşkil edir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 24 yanvar 2025-ci il tarixli, **********8850 nömrəli qərarına əsasən iddiaçı elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 37554,77 məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. İddiaçı bununla bağlı subyektiv hüquqa malikdir. Qərarın iddiaçıya rəsmi təqdim edilməsi ilə bağlı cavabeh tərəfindən sübut təqdim edilmədiyi üçün məhkəmə iddiaçının 30 günlük iddia müddətini ötürmədiyi qənaətinə gəlmişdir. Bu səbəbdən məhkəmə iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 50.1-ci maddəsinə əsasən X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələri X2nin əhatə etdiyi məsələləri özündə əks etdirir. Məcəllənin 50.1.3-cü maddəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.13-cü maddəsi isə malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi X2 tədbirlərinin əhatə etdiyi məsələlər sırasına aid edilmişdir. Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, X2nin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda (50.2.). X2 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X2 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X2nin müddəti və X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir (50.3.). X2 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir (50.4.). X2nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X2 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49-cu maddələrinin müddəaları tətbiq edilir (50.6.). İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş və iddiaçının fəaliyyətinə dair X2 keçirilmişdir. Keçirilmiş vergi nəzarəti nəticəsində akt tərtib edilmişdir. Malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməməsi səbəbindən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə qərar qəbul edilərək iddiaçı 37554.77 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda həmin qərarın ləğv edilməsini xahiş edir. Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər (85.4). Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (58.7.). Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilir ki, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İddianın mahiyyəti ondnan ibarətdir ki, iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasan deyil, 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilə bilərdi. Belə ki, iddiaçı malları topdan deyil, pərakənda satmış, sadəcə satış obyektində kassa nəzarət aparatı quraşdırmamışdır. Mübahisəyə mahiyyəti üzrə qiymət verilməsi üçün topdan və pərakəndə satış fəaliyyətinə vergi qanunvericiliyinin müddəaların əsasən qiymət verilməlidir. Vergi Məcəlləsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir (13.2.62). Topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir (13.2.63). Qeyd olunan normaların məzmununa əsasən pərakəndə satış malların elə bir satış üsuludur ki, satılan mallar alıcıların şəxsi istehlakı üçün təqdim edilir. Məlum məsələdir ki, şəxsi istehlak dedikdə alıcıların gündəlik tələbatlarının ödənilməsi nəzərdə tutulur. Belə olan halda malların satış porsiyaları kiçik miqdarda və kütləvi olmalıdır. Alınan malların satış dövrü isə nisbətən uzun sürməlidir. Bu isə təsərrüfat subyekti olmadan mümkün ola bilməz. Çünki şəxsi istehlak üçün malların alıcılara çatdırılması halında da, çatdırılma dövrü ərzində malların saxlanması üçün təsərrüfat subyektinin olması zəruridir. Topdan satış isə malların sahibkarlıq fəaliyyəti üçün (digər şəxsə və ya şəxslərə satış, ictimai iaşə obyektlərində istifadə edilməsi və sair) satışıdır. Topdan satış zamanı malların satış porsiyaları böyük miqdarda, nisbətən az kütləvi və satış dövrü qısa olmalıdır. Topdan satış fəaliyyəti zamanı təsərrüfat subyektinin mövcudluğu mütləq zəruri əhəmiyyət kəsb etməyə bilər. Çünki əldə edilmiş malları bir neçə sahibkara və ya hüquqi şəxsə dərhal çatdırılmaqla topdansatış fəaliyyəti həyata keçirilə bilər. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2023-cü-2024-cü iilər ərzində “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumi dəyəri 308 995 manat məbləğində 163 707 ədəd şərab və 15000 ədəd araq məhsulları almış və həmin dövr ərzində qeyd olunan məhsulları satmışdır. Lakin, iddiaçının şəxsi mənzilindən başqa təsərrüfat subyekti mövcud deyildir. Satılan məhsulların satışını təsiq edən hər hansı kassa nəzarət aparatından çıxarış da yoxdur. Belə olan halda iddiaçının qeyd edilən həcmdə məhsulu təsərrüfat subyekti olmadan pərakəndə satması məntiqli və inandırıcı görünmür. Belə ki, qeyd edilən zaman kəsiyində həmin həcmdə məhsulun pərakəndə satılması üçün onların yığılması üçün təsərrüfat subyekti olmalı idi. Həmin məhsulların iddiaçının şəxsi mənzilində saxlanması isə praktiki olaraq mümkün deyildir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Cavabdeh tərəfindən iddiaçı elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 37554.77 məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur və onun ləğvi üçün hər hansı əsas yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli, **********8850 nömrəli qərarın ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar