Məhkəmə qərarları › İş №e-2-1(112)-7556/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7556/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7556/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha olan 1420 saylı bağ sahəsinin mərhum X3 adına arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı BakıƏrazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1420 saylı bağ sahəsi keçmiş X2 və İnkişaf Birliyinin 31 yanvar 1992-ci il tarixli, 23894 saylı “bağın icarəyə verilməsi haqqında müqavilə” ilə iddiaçının atası X5 ayrılmış, o vaxtdan qanuni olaraq onların sahiblik və istifadəsindədir. Həmçinin, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla ilə sözügedən müqavilənin İdarənin arxivində mövcud olmasını təsdiq etmişdir. Daha sonra iddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün xx.xx.2025-ci il tarixli ********** saylı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixli bildirişlə iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina olunaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilərkən ümumi ərazidə olan torpaq sahəsinin sərhədlərinin şərti olduğu, mərzçəkmə və hasarlama işlərinin aparılmadığı, qonşu sahələr ilə bir hasar daxilində yerləşdiyi, elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlamanın sxematik xəritəyə uyğun aparılmadığı, şərti göstərilən torpaq sahəsinin bir hissəsinin digər bağların ərazisinə düşdüyü, torpaq sahəsində yerləşən qismən sökülmüş və yaşayışa yarasız olan tikilinin digər bağ sahəsinə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, elektron kadastr məlumatınsa əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir və İdarənin arxivində mövcud olan müqavilə ilə notariat ofisinin məktubu arasında hüquq sahibinin adı arasında uyğunsuzluq mövcuddur. Hesab edir ki, cavabdehin qeyd olunan imtinası qanunsuz və əsassızdır. Belə ki, sözügedən torpaq sahəsi 30 ildən artıqdır ki, iddiaçının qanuni olaraq sahiblik və istifadəsindədir, bütün lazımı hasarlama və mərzçəkmə işləri aparılmışdır və sözügedən torpaq sahəsinin yaxınlığındak hər hansı yüksək gərginlikli elektrik xətti keçmir. Elektrik xətti keçsə belə iddiaçının mülkiyyət hüquqlarımın qeydiyyata alınması baxımından hər hansı hüquqi əsası yoxdur. Mülkiyyətdə olan torpaq sahəsinin iddiaçı ilə hər hansı əlaqəsi olmayan hansısa sxematik xəritəyə uyğun gəlməməsi iddiaçının vəzifəsi deyil və qeyd olunan halın aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Əgər cavabdeh orqan imtinasında haqlıdırsa o zaman qonşuluqda olan bağ sahələrinə eyni məzmunlu sənədlər əsasında müxtəlif vaxtlarda reyestrdən çıxarışlar verə bilmədi. Qeyd olunanlardan da göründüyü kimi cavabdehin imtinası tamamilə formal xarakterlidir, heç bir hüquqi və məntiqi əsası yoxdur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilərkən göstərilən ümumi ərazidə yerləşən torpaq sahəsinin sərhədlərinin şərti olduğu, mərzçəkmə və hasarlanma işlərinin aparılmadığı, qonşu sahələr ilə bir hasar daxilində yerləşdiyi məlum olmuşdur (Torpaq sahəsi ərizəçinin istifadəsində deyil). O cümlədən, elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır və şərti göstərilən torpaq sahəsinin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsində yerləşən qismən sökülmüş və yaşayışa yararsız olan tikilinin yerləşmə cizgisində göstərilən və yaxud hər hansı digər bağ sahəsinə məxsus tikili olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, təqdim olunmuş və İdarənin arxivində mövcud olan bağın icarəyə verilməsi haqqında müqavilə ilə vərəsəlik işi üzrə vərəsələrin dairəsinin müəyyən olunması barədə notariat ofisinin məktubu arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasportda ad “Mehman”, məktubda isə “Meyman” qeyd olunmuşdur. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha olan 1420 saylı bağ sahəsinin mərhum X3 adına arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********38 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilərkən göstərilən ümumi ərazidə yerləşən torpaq sahəsinin sərhədlərinin şərti olduğu, mərzçəkmə və hasarlanma işlərinin aparılmadığı, qonşu sahələr ilə bir hasar daxilində yerləşdiyi məlum olmuşdur (Torpaq sahəsi iddiaçının istifadəsində deyil). O cümlədən, elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır və şərti göstərilən torpaq sahəsinin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsində yerləşən qismən sökülmüş və yaşayışa yararsız olan tikilinin yerləşmə cizgisində göstərilən və yaxud hər hansı digər bağ sahəsinə məxsus tikili olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinin bir hissəsi (246 kv.m) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. O cümlədən bazaya əsasən qalan 954 kv.m torpaq sahəsinin 15 metr məsafəsindən diametri 76 mm-lik aşağı təzyiqli qaz xəttinin keçdiyi məlum olmuşdur. Bundan əlavə, təqdim olunmuş və İdarənin arxivində mövcud olan bağın icarəyə verilməsi haqqında müqavilə ilə vərəsəlik işi üzrə vərəsələrin dairəsinin müəyyən olunması barədə notariat ofisinin məktubu arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, müqavilədə ad “Mehman”, məktubda isə “Meyman” qeyd olunmuşdur. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.

5. Bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli 23894 nömrəli Müqaviləyə (bağ 1420) əsasən “Birlik” (Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi) Ləhiş qəsəbəsində 0.12 hektarlıq bağ sahəsini, sahəsi 17,16 kv.metr olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədar”a (X6) vermiş və “İcarədar” (X7) həmin bağ sahəsini təhvil almışdır.

6. AZ-İİ 089266 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X8 xx.xx.2020-ci il tarixdə şokun digər növləri səbəbilə vəfat etmişdir.

7. ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası xx.xx.1959-cu il təvəllüdlü X1 qalmış miras (Bakı şəh, Sabunçu ray, Ləhiş bağ sahəsi 1420 saylı sahədə yerləşən torpaq sahəsinə) əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X3 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata Alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş forma 37 arayışını, forma 1 arayışının və ya yeni çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilir.

8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən bağ sahəsi qonşu bağlarla bir ərazi daxilindədir, ara sərhəd şərtidir. Bağ sahəsinin sərhədləri şimal tərəfdən qonşu hasarla ayrılıb, digər 3 tərəfi isə şərtidir. Nümayəndə 1421 saylı bağa dair sənəd təqdim edib. Yerli baxış zamanı nümayəndə bağ sahəsinin döngə nöqtələrini çərti göstərərək ona aid olduğunu bildirdi. Bağ sahəsində İ – uçurulmuş bağ evi var. Bağ sahəsinin şərq hissəsindən (faktiki yol tərəfdən) yüksək gərginlikli elektrik xətti keçir – 6 kV və ya 10kV.

9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin dəqiq hansı nömrəli bağ sahəsinə uyğun gəlməsini təyin etmək mümkün olmamışdır.

10. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektrik qurğularının mühafizə zonaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və qeyd olunan torpaq sahəsi yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsinin elektrik xəttinin istismarına maneə törətməməsi səbəbilə qeydiyyata alınmasına etiraz edilmir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

18. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

23. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

24. X12 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

25. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. İddiaçı Bakı şəhəri, Ləhiş qəsəbəsi 1420 saylı sahədə yerləşən 0,12 hektar bağ sahəsinin mərhum atası X5 məxsusluğu barədə arayışın verilməsini tələb etmişdir.

27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli 23894 nömrəli Müqaviləyə (bağ 1420) əsasən “Birlik” (Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi) Ləhiş qəsəbəsində 0,12 hektarlıq bağ sahəsini, sahəsi 17,16 kv.metr olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədar”a (X6) vermiş və “İcarədar” (X7) həmin bağ sahəsini təhvil almışdır.

28. Məhkəmə hesab edir, Bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli 23894 nömrəli Müqavilə iddiaçının mərhum atası X3 torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

29. Cavabdeh orqan imtinanın ilkin dəlili olaraq qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilərkən göstərilən ümumi ərazidə yerləşən torpaq sahəsinin sərhədlərinin şərti olduğu, mərzçəkmə və hasarlanma işlərinin aparılmadığı, qonşu sahələr ilə bir hasar daxilində yerləşdiyi məlum olmuşdur.

30. Məhkəmə nəzərə alır ki, göstərilən torpaq sahəsinin ümumi ərazidə yerləşməsi və torpaq sahəsində hasarlanma işlərinin aparılmaması qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Bununla bağlı qeyd edilir ki, “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 7.2-ci bəndindən göründüyü kimi, torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin və torpaq mülkiyyətçisinin (istifadəçisinin) iştirakı ilə aparılır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”: 1.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, «Torpaq islahatı haqqında», «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında», «Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan Respublikasının qanunlarına, «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə»yə, «Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası»na, «Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası»na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə»yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra — ƏMDK) tərəfindən həyata keçirilir. 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. 7.2. Mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır.

32. Məhkəmə nəzərə alır ki, cavabdeh orqan torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etdiyini və torpaq sahəsinin bir hissəsinin digər bağların ərazisinə uyğun gəldiyini bildirsə də, qeyd olunan faktları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

33. Cavabdeh orqan imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, təqdim olunmuş və İdarənin arxivində mövcud olan bağın icarəyə verilməsi haqqında müqavilə ilə vərəsəlik işi üzrə vərəsələrin dairəsinin müəyyən olunması barədə notariat ofisinin məktubu arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, müqavilədə ad “Mehman”, məktubda isə “Meyman” qeyd olunmuşdur.

34. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxsin (iddiaçının atası X3) adının yazılışı zamanı müqavilədə formal (texniki) yanlışlığa yol verilməsi iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Bu zaman məhkəmənin nəzərə aldığı hallar hazırkı işdə olduğu kimi torpaq sahəsinə dair iddiaçıya məxsus olan sənədlərin mötəbərliyinin hər hansı şübhə doğurmaması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmasıdır (bu faktı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir).

35. Odur ki, Bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli 23894 nömrəli Müqavilənin iddiaçının mərhum atası X5 məxsusluğu faktının (mülki mühakimə icraatı qaydasında) müəyyən edilməsi həddən artıq formallıqdır və təqdim edilmiş sənədlər hüquqların qeydiyyatı üçün yetərlidir.

36. Digər tərəfdən cavabdeh orqan bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi (246 kv.m) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. O cümlədən bazaya əsasən qalan 954 kv.m torpaq sahəsinin 15 metr məsafəsindən diametri 76 mm-lik aşağı təzyiqli qaz xəttinin keçdiyi məlum olmuşdur.

37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair" Qaydaların 1.4-cü bəndinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.

38. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

39. Məhkəmə eyni zamanda nəzərə alır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektrik qurğularının mühafizə zonaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və qeyd olunan torpaq sahəsi yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsinin elektrik xəttinin istismarına maneə törətməməsi səbəbilə qeydiyyata alınmasına etiraz edilmir.

40. Məhkəmə nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur.

41. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının mərhum atasının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

44. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

45. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Ləhiş qəsəbəsi 1420 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsinin iddiaçının atası mərhum X5 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar