Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7566/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılması və həmin məbləğ geri qaytarılacağı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil. Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılması və həmin məbləğ geri qaytarılacağı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ********** VÖEN-lə qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. xx.xx.2017-ci il tarixdə iddiaçı 300037,29 manat əlavə dəyər vergisi qismində artıq ödəmə etmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə xx.xx.2013-cü il tarixə 300000 manat artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, "...müraciətinizə baxılarkən tərəfinizdən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixi düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Qeyd olunan çatışmazlıqlar aradan qalxdıqdan sonra yenidən müraciət edəcəyiniz təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır...” İddiaçı xx.xx.2019-cu il tarixdə yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, “...təqdim edilmiş ərizədə artıq ödəmənin ödənilmə tarixi və yaranma səbəbi düzgün qeyd olunmaması səbəbindən müraciətin icrası mümkün olmamışdır...” İddiaçı xx.xx.2020-ci il tarixdə yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, “...artıq ödənilmiş vergilərin borcların hesabına aid edilməsi, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malikdir...” İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, “...silinmiş artıq ödəmə məbləğinizin şəxsi hesab vərəqəyə geri qaytarılması barədə müraciətiniz Baş İdarə tərəfindən araşdırılır və nəticəsi barədə məlumat veriləcəkdir...” İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, “...tələbetmə müddəti bitmiş artıq ödəmə barədə məktublarınıza baxılmışdır. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödöyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir”. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı müraciətə cavab məktubunda bildirmişdir ki, “...araşdırma zamanı müəyyən edilmişdir ki, şəxsi-hesab vərəqənizdə olan 300.000,00 manat artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı xx.xx.2017-ci il tarixli ərizəniz vergi orqanının kargüzarlıq strukturu tərəfindən xx.xx.2018-ci il tarixində qəbul olunaraq, həmin gün qeydiyyata alınmış və aidiyyəti üzrə icraya göndərilmişdir. İcraçı struktur tərəfindən isə xx.xx.2018-ci il tarixində sizə cavab sənədi ünvanlanmışdır. Bununla yanaşı bildiririk ki, müraciətinizlə bağlı arxiv sənədlərinə baxış keçirilən zaman, sənədin YAPS kuryer şirkəti vasitəsilə göndərildiyi və sənədin göndərilmə tarixinin xx.xx.2017-ci il qeyd olunduğu müəyyən edilmişdir". İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən artıq ödənilmiş 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitinin onun şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının müraciət etdiyi 19 dekabr 2017-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 300.000 (üç yüz min) manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacağı günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, müəyyən dövrlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində nümunəvi vergi ödəyicisi kimi seçilmiş və vaxtlı-vaxtında dövlət büdcəsinə yaranmış vergi öhdəliklərini tam icra etmişdir. xx.xx.2013-cü il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində 300.037,29 manat məbləğində artıq ödənilmiş vergilər mövcud idi. Qeyd olunan artıq ödənilmiş vergilərin yaranmasına səbəb isə iddiaçı tərəfindən real vergi öhdəliklərindən artıq məbləğdə ödənişlərin həyata keçirilməsindən ibarət olmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 300.037,29 manat artıq ödənilmiş vergilər mövcud idi ki, iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin həmin tarixə 5 illik tələbetmə müddəti keçməmiş 300.000,00 manat artıq ödənilmiş vergilərin qaytarılması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdir. Həmin ərizə poçt vasitəsilə xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən təhvil alınmışdır. Vergi orqanı həmin ərizəyə bir müddət cavab vermədikdən sonra, qeyd olunan ərizə ilə bağlı iddiaçı vergi orqanı ilə yenidən əlaqə saxlamış və həmin zaman ona bildirilmişdi ki, artıq ödənilmiş vergi məbləği, yəni 300.000,00 manat hissə-hissə olaraq qaytarılacaq və ondan artıq ödənilmiş vergilərin 50.000 manat məbləği ilə bağlı yenidən ərizə yazmaq tələb olunmuşdu. Bununla əlaqədar, iddiaçı yenidən 50.000 manat artıq ödənilmiş vergilər ilə bağlı vergi orqanına müraciət etsə də, bir nəticə əldə edə bilməmişdir. İddiaçının xx.xx.2017-ci il tarixli ilkin müraciəti vergi orqanı tərəfindən yalnız xx.xx.2018-ci il tarixli məktubla cavablandırılmışdır. Həmin məktubla iddiaçıya bildirilmişdir ki, onun müraciəti müvafiq olaraq araşdırılacaq və nəticəsi barədə ona məlumat veriləcəkdir. Göründüyü kimi iddiaçı öz tərəfindən 300.000,00 manat artıq ödənilmiş vergilərin qaytarılması üçün müvafiq ərizəni həmin tarixə 5 illik tələbetmə müddəti bitmədən göndərməklə qanunvericiliyin tələblərinə tam riayət etmişdir. Bundan əlavə artıq ödənilmiş vergilərin qısa zaman ərzində ona qaytarılması üçün mütəmadi olaraq vergi orqanı ilə əlaqə saxlamış və qanunla ona qaytarılmalı olan məbləğin ödənilməsi üçün bütün tələb olunan qaydalara əməl etmişdir. Lakin cavabdeh vergi orqanı artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı iddiaçıya nə imtina məktubu göndərmiş, nə də məsələnin həlli istiqamətində bir addım atmışdır. Bununla, vergi orqanı müvafiq qanunvericiliyin tələblərinə riəyət etməmiş və artıq ödənilmiş vergiləri iddiaçıya qaytarmamaqla süni şəkildə süründürməçiliyə yol vermişdir. Bundan sonra, iddiaçı qeyd olunanlarla bağlı dəfələrlə vergi orqanına müraciət ünvanlamışdır. Cavabdeh vergi orqanı müxtəlif bəhanələr gətirməklə və əsassız olaraq iddiaçıya geri qaytarılmalı olan artıq ödəmə məbləğini ona qaytarmaqdan imtina edir. Belə ki, vergi orqanı bugünədək formal mülahizələrə istinad edərək əsassız və qanunsuz olaraq iddiaçının şəxsi hesab vərəqəsi üzrə müraciət etdiyi tarixə 5 illik tələbetmə müddəti keçməmiş 300.000,00 manat artıq ödənilmiş vergilərin qaytarılmasını süni şəkildə uzadaraq qaytarmamışdır. Qeyd olunanlara əlavə olaraq, iddiaçının xx.xx.2013-cü il növbəti sorgusuna cavab olaraq cavabdeh vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsində olan artıq ödənilmiş vergilərlə bağlı xx.xx.2017-ci ildə YAPS kuryer şirkəti vasitəsilə göndərdiyi ərizəsini xx.xx.2017-ci il tarixdə rəsmi olaraq aldığını təsdiq etmiş və müvafiq poçt qəbzini həmin cavab məktubunun qoşmasına əlavə etmişdir. Hesab edir ki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının şəxsi hesab vərəqəsi üzrə artıq ödəmə məbləğinin vergi orqanı tərəfindən qaytarılmaması əsassız və qanunsuz hesab edilməli və iddiaçının şəxsi hesab vərəqəsi üzrə ərizə ilə müraciət etdiyi həmin tarixə 5 illik tələbetmə müddəti keçməmiş 300.000,00 (üç yüz min) manat artıq ödənilmiş vergilərin ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə qaytarılmalı, həmçinin həmin məbləğ ona qaytarılana qədərə həmin məbləğin 0,1 faiz məbləğində pul ona verilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisi xx.xx.2013-cü ildə 309572,29 manat əlavə dəyər vergisi üzrə artıq ödəniş etmiş və bundan 9535,0 manat hesablama verildikdən sonra qalıq artıq ödəmə məbləği 300000,0 manat təşkil etmişdir. Vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə artıq ödəmə məbləğinin olmaması müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisinin 300000 manat artıq ödəmə məbləği silinmişdir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsinə baxılmasına həmçinin “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlara bağlı deyildir. Maddələrin məzmunundan göründüyü kimi işin tam və hərtərəfli araşdırılması inzibati orqanın nəinki hüququ, hətta vəzifəsidir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri dəqiq göstərilməlidir. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Yuxarıda adıçəkilən Qaydaların 6.3-cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, vergi ödyicisi olan iddiaçının şəxsi hesab vərəqindən 300000 manat artıq ödənilmiş vəsait olmuşdur. İddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixdə, sonradan isə müxtəlif vaxtlarda ərizələr ilə həmin məbləğin geri qaytarılması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə həmin məbləğin qaytarılmasından imtina etmişdir. Məhəmə cavabdehin imtinasını aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. - 24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Baxılan işdə cavabdeh iddiaçının ilk müraciətinə cavab olaraq bildirmişdir ki, müraciətdə artıq ödəmənin yaranma tarixi düzgün əks olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçı ərizəsində 9.01.2013-cü il tarixə 300000 manat əlavə dəyər vergisinin olmasını göstərmişdir. Artıq ödəmənin yaranma tarixi vergi ödəyicisinin şəxsi hesab vərəqində əks olunmaqla vergi orqanına məlumdur. Vergi orqanı artıq ödəmənin hansı tarixdə yaranmasının göstərilməməsi ilə bağlı formal tələb göstərərək pulun qaytarılmasından imtina edə bilməz. Bundan sonra iddiaçı cavabdehə yeni müraciətində cədvəl şəklində “Artıq ödəmənin” adı, “tədiyyə kodu”, “artıq ödəmənin ödənilmə tarixi”, “artıq ödəmənin yaranma səbəbi”, “artıq ödəmənin məbəği” göstərilməklə xx.xx.2019-cu il tarixdə yeni ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh bu dəfə də formal əsasa söykənərək artıq ödəmənin ödənilmə tarixi və yaranma səbəbinin düzgün göstərilməməsi əsası ilə artıq ödəmənin qaytarılmasından imtina etmişdir. İddiaçının sonrakı müraciətləri isə 5 illik tələbetmə müddətinin keçməsinə görə şəxsi hesabdan silinməsi əsas gətirilərək artıq ödəmənin qaytarılmasından imtina edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçının müraciətini təmin etməkdən formal səbəblər göstərərək imtina etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi kimi hazırkı iddiaçının “artıq ödənilmiş vergi məbləğlərinin qaytarılması barədə” müraciətini əvvəlcə müvafiq formada və məzmunda tərtib olunmaması, sonradan isə tələb etmə müddətinin keçməsi və işə artıq məhkəmə icraatında baxılması səbəbi ilə təmin etməməklə «İnzibati icraat haqqında» AR Qanununun 13, 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının ilkin müraciəti elə vaxta təsadüf edir ki, həmin tarixdə iddiaçı qanunla müəyyən edilmiş tələb etmə müddətini ötürməmişdir. Onun müraciətinin forma və məzmunundakı çatışmazlıqlar isə, hətta mövcud olsa da, formal xarakterli xüsusatlardır və qaldırılan məsələnin müsbət həllindən imtina üçün əsas ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, vergi orqanları hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək, eləcə də həmin vergilərin uçotunu aparmaq vəzifəsi daşıdığından, artıq ödənilmə kimi geri tələb olunan məbləğlə bağlı xüsusatların (hansı növ vergi olması, hansı tarixdə ödənilməsi və s.) müraciətdə göstərilməməsini səbəb gətirərək həmin məsələnin həllindən imtina etməkdə haqlı sayıla bilməz.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. -52.5-ci maddəsinə görə inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından imtinaya əsas kimi iddiaçının müraciətinin araşdırılmasını göstərsə də, hansı halların araşdırılması və araşdırma materialları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinin 0,1 % pulun ödənilməsi hissəsini də əsaslı hesab edərək qeyd edir ki, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanına 0,1 faiz məbləğində faiz tətbiq edilməsini nəzərdə tutmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdən gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) 300000,00 (üç yüz min) manat vəsaitin 0,1 faizi əlavə olaraq ödənilməlidir. Qanunvericliyin bu normasının mahiyyəti, inzibati orqan olan vergi orqanının vergi ödəyicisinin tələbini formal əsaslara söykənərək icrasız saxlamağı və sonradan tələbetmə müddəti keçməsi əsası ilə qaytarmaqdan imtina etməsi üçün nəzərdə tutulmuş sanksiya (cərimə) tədbiridir və vergi ödəyicisinin qaytarılmalı olan vəsatinin vaxtında qaytarılmasından imtina edilməsi nəticəsində uğradığı mümkün maliyyə itkisinin (əldən çıxmış fayda və s.) kompensasiyasıdır. İşin mübahisələndirilməyən hallarına görə iddiaçının cavabdeh orqana ilk müraciəti xx.xx.2017-ci il tarixdə (YAPS kuryer şirkəti vasitəsi ilə surətli poçt göndərişi ilə) olmuşdur. Cavabdeh orqan da bu halı mübahisələndirməyərək iddiaçıya ünvanladığı məkublarda iddiaçının artıq ödəmənin qaytarılması ilə bağlı ilk müraciətinin həmin tarixdə olmasını etiraf etmişdir. Ona görə də, 300000 manat artıq ödəmənin qaytarılmamasına görə 0,1 % pul vəsaitinin tutulması da həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin büdcəyə artıq ödəmələrin yazılı ərizəsinə əsasən vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə rəyin tərtib edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), cavabdehə Vergi Məcəlləsinin və “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müvafiq müddəaları ilə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə də mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri) İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 300.000,00 (üç yüz min) manat məbləğin və xx.xx.2017-ci il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0.1 % məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7566/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7566/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver