Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7575/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə qarşı “qərarın qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə həvalə edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində özünə məxsus 734 saylı bağ sahəsinin 0.0735 ha torpaq sahəsinə bitişik 650 kv.m. torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsi ilə bağlı Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə müraciət etmişdi. Cavabdeh Xəzər rayonu Şüvəlan Bələdiyyəsindən xx.xx.2023-cü il tarixli 09 saylı məktub ilə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh bu hərəkəti bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixindən torpaqların özəlləşdirilməsinin dayandırıldığı, bu məsələnin bələdiyyənin səlahiyyəti xaricində olması ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdeh Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində iddiaçıya məxsus 734 saylı bağ sahəsinin daxilindəki 650 kv.m. torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsi üçün əsasdır. Belə ki, İddiaçı oğlu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağ sahəsini xx.xx.2015-ci ildə X1 AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İddiaçı oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağsahəsində torpaq sahəsi rəsmi sənədlər üzrə 735 kv.m. (0.0735 ha), faktiki torpaq sahəsi isə 1385 kv.m. təşkil edir. Artıq 7 ildir ki, ona məxsus 0,0735 ha torpaq sahəsinə bitişik olan 0,065 ha torpaq sahəsindən də istifadə edir, orada təsərrüfat aparır, həmin sahədə onlarla ağac və qulluq olunmuş bağ var. Əlavə 0,065 ha torpaq sahəsi dörd tərəfdən orada yaşayan qonşular əhatə olunub, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxış yoxdur, küçəyə çıxmaq üçün mütləq şəkildə ona aid 0,0735 ha torpaq sahəsindən istifadə edilməlidir. İddiaçı oğlu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağsahəsini aldığı vaxtdan həmin 0.0650 ha sahəyə heç kimin torpaq iddiası olmamış və həmin torpaq sahəsinin onun istifadəsində olması hamıya bəllidir və orada yaşayan qonşular da bunu təsdiq edə bilər.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.
4. Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixindən torpaqların özəlləşdirilməsi dayandırılıb, ərizədə qaldırılan məsələ bələdiyyənin imkanları xaricindədir.
5. Məhkəmə hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
8. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati aktın qəbulundan imtinaya qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın (onun qəbulundan imtinanın) ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. İddia mümkündür.
9. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Odur ki, torpağın mülkiyyətə ayrılması haqqında qəbul edilən qərar qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
11. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
12. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur
II. Məhkəmənin mövqeyi
13. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı);
15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
16. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağ sahəsini xx.xx.2015-ci ildə X1 AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir.
17. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağ sahəsinə (sahəsi 0.0735 ha göstərilməklə) xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.8.“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
19. İddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin situasiya planından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha torpaq sahəsinin geri alınması və ya həmin torpaq sahəsindən digər şəxslərin istifadə etməsi mümkün deyil.
20. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il 534 nömrəli Fərmanının (bundan sonra 534 nömrəli fərman) 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətinə veriləcək torpaqlar bələdiyyələr yaradılanadək müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında saxlanılsın.
21. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999cu il tarixli Qanununa əsasən: - Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. - Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. - Sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi müddəti icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. - Bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin habelə "Şəhərsalmanın əsasları haqqında" və "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir.
22. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının qanununa əlavə üzrə Azərbaycan Respublikasının bələdiyyələrinin siyahısında Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisi üzrə Şüvəlan bələdiyyəsi nəzərdə tutulmuşdur.
23. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Fərmanının 3-cü bəndinə əsasən müəyyən edilir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara aid müvafiq sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılsın.
24. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında xx.xx.2000-ci il tarixli 835 nömrəli sərəncamına əsasən: - Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Əzizbəyov rayonu üzrə Şüvəlan qəsəbəsinin 1008,678 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Şüvəlan qəsəbə Bələdiyyəsinə təhvil verilsin. - Azərbaycan Respublikasının, Şəhərsalmanın əsasları haqqında və Memarlıq fəaliyyəti haqqında Qanunlarını əsas tutaraq, Bələdiyyə orqanlarına təhvil verilmiş torpaq sahələri üzərində yeni tikintilər üçün torpaq sahələri ayrılarkən onların seçilməsi, inşaat pasportunun hazırlanması və gələcək tikilinin layihəsinin müvafiq qaydada sənədləşdirilməsi Bakı şəhərinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılsın. - Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən xahiş edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq Şüvəlan qəsəbə bələdiyyəsinin mülkiyyətinə verilən ərazilər və torpaqlar üzərində hüquqları təsdiq edən rəsmi sənədlər hazırlanıb Şüvəlan qəsəbə Bələdiyyəsinə təhvil verilsin. - Şüvəlan qəsəbə Bələdiyyəsinə təhvil verilmiş ərazilər və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunarsa, bələdiyyə torpaqlarının sərhədləri yenidən dəqiqləşdirilsin.
25. Beləliklə, məhkəmə qeyd edir ki, bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara münasibətdə müvafiq yerli icra hakimiyyətlərinin sərəncam vermək səlahiyyəti 534 nömrəli Fərmana əsasən yalnız bələdiyyələr yaradılanadək saxlanmışdır və 237 nömrəli Fərmana əsasən torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılmalı idi. Odur ki, həmin torpaqlar üzərində sərəncam vermək səlahiyyəti qanuna əsasən bələdiyyələrə məxsusdur.
26. İddia ərizəsində göstərilən hal, yəni iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin üç tərəfdən orada yaşayan qonşularla əhatə olunması, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxışın olmaması (işıq dirəklərinin olması), küçəyə çıxmaq üçün iddiaçıya aid 0.0735 ha torpaq sahəsindən istifadə edilməli olması torpaq sahəsinin situasiya planına əsasən təsdiqini tapır.
27. Həmçinin, məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha torpaq sahəsində iddiaçı 5 ildən çox yaşayır və torpaq sahəsinin situasiya planından da göründüyü kimi mülkiyyətə verilməsi tələb olunan torpaq sahəsinə iddiaçının inşa etdiyi evin bir hissəsi düşməklə bağ salınmışdır. Odur ki, məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinə münasibətdə (mülkiyyətə verilməsi ilə bağlı) yerli icra hakimiyyəti orqanının rəyi tələb olunmadığından iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qərar qəbul edilməsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 16-cı maddəsinə uyğun olaraq “qanuni gözləntisi” var.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Qeyd edilənlərə əsasən iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsi İddiaçı mülkiyyətinə verilməlidir.
30. İPM-in 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva