Məhkəmə qərarları › İş №e-2-1(112)-759/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-759/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-759/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndələri X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********723000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın və onun nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2-380822/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın və onun nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********723000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən "xxxx" MMC-də (VÖEN: **********) aparılmış kameral vergi yoxlaması nəticəsində 2022-ci il üzrə 46.718,84 manat mənfəət vergisi hesablanmışdır. Qeyd olunan hesablamanın əsası kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş 240.596,75 manat dəyərində alınmış elektron qaimə fakturaların vergi orqanı tərəfindən xərc sənədi kimi nəzərə alınmaması və onların qəbul edilməməsi olmuşdur. Vergi orqanının xx.xx.2023-ci il tarixli, **********214700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubunda "xxxx" MMCyə (VÖEN: **********) 2022-ci il ərzində "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə 140,906.82 manat və "xxxx" MMC-dən (VÖEN: ********* xx.xx.2022-ci il tarixdə 99,689.94 manat olmaqla ümumilikdə 240.596,75 manat dəyərində elektron qaimə fakturalar alındığı və həmin fakturaların alındığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləri qrupuna daxil edildiyi əsas gətirilərək 240.596,75 manat dəyərində alınmış elektron qaimə fakturaların 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində silinməli olduğunu qeyd etmişdir. Cavabdeh Vergi orqanın xx.xx.2023-cü il tarixli **********723000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından bir neçə gün sonra İddiaçıya xx.xx.2023-ci il tarixli, **********214700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərmişdir. İddiaçı "xxxx" MMC həmin məktubda tələb olunan sənədləri cavabdeh Vergi orqanına müvafiq olaraq təqdim edərək, kameral vergi yoxlamasını başa çatdırmaqlarını istəmişdir. İddiaçı MMC ilə qeyd olunan riskli vergi ödəyiciləri arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, alınmış mallara görə tərəflər arasında 11 aprel 2022-ci il tarixli alğı-satqı müqavilələri bağlanmış və müvafiq olaraq “Qiymətlərin razılaşdırılması protokolu” imzalanmış və daha sonra satıcı şirkətlərin təqdim etdiyi elektron qaiməyə əsasən malların dəyəri İddiaçı MMC tərəfindən ödəniş tapşırığı ilə satıcıların bank hesablarına nağdsız qaydada ödənilmiş və alınmış mallar hər iki tərəfin imzaladığı “Görülmüş işlərin təhvil-təslim Aktı” ilə İddiaçı MMC tərəfindən təhvil alınmışdır. Qeyd olunan əməliyyatlar aparılan zaman yuxarıda adları çəkilən vergi ödəyiciləri riskli vergi ödəyiciləri qrupuna daxil edilməmişdir. İddiaçı MMC həmin ödəyicilərin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini əvvəlcədən bilə bilməzdi və bu barədə heç bir məlumata malik deyildi. Həmin ödəyicilərin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyyatlara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə İddiaçı MMCyə vergi hesablanması tamamilə qanunsuz və əsassızdır. Hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranmışdır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibatı Kollegiyasının 30 iyun 2021 -ci il tarixli 2- 1(102)-1143/2021 nömrəli qərarı). Digər tərəfdən, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması ilə bağlı qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilmişdir. İddiaçı MMC tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlar şərti olaraq riskli əməliyyat kimi qəbul etsə belə, cavabdeh vergi orqanı vergi hesablayan zaman Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərə əsasən vergilərin hesablanmasını nəzərədə tutan 109.9-cu və 175.11-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 240596,8 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********835700 nömrəli “Kameral vergi yoxlamasi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərclərdən 240596,8 manat silinməklə 46718.84 manat (zərər məbləği 7002.41 manat azaldılmış, 46718.84 manat vergi məbləği hesablanılmış) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********723000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş 2022-ci ilin mənfəət vergi bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş 2022-cü il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı xərclərə aid edilmiş 258 131,00 manat borca görə faiz və onunla bağlı xərclərə dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********864400 nömrəli “Kameral vergi yoxlamasi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərclərdən 258 131,00 manat silinməklə zərər məbləği 26623,31 manat azaldılmaqla 46 301.54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********097900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh həmçinin etiraza əlavə təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli **********097900 nömrəli Qərarla hesablanmış əlavə vergi məbləğinin əsasını əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar təşkil etmişdir. 2022-ci il ərzində İddiaçı MMC-nin əmtəəsiz əməliyyat apardığı "xxxx" MMC-nin (**********) və "xxxx" MMC-nin (**********) uçota alınmış təsərrüfat subyektinin (obyektinin) mövcudluğu müəyyən olunmamışdır. İddiaçı MMC ilə "OTEMOPOD SS” MMC-nin arasında əmtəəsiz əməliyyat aparılmasını təsdiq edən elektron qaimə fakturalarda tərəflər arasında “Sair tikinti materiallarının topdan satışı üzrə” əməliyyatlar (oda davamlı brezent, daş baltası, alçipan üçün profil və.s) aparıldığı müəyyən olunmuşdur. "xxxx"xxxx"xxxx" MMC-yə təqdim olunmuş mallar ödəyicinin alışında və ya idxalında müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alaraq ödəyicinin təqdim etmə əməliyyatları riskli hesab olunmuşdur. (Təsdiqedici sənədlər etiraza əlavə edilir). İddiaçı MMC ilə "xxxx" MMC-nin (**********) arasında əmtəəsiz əməliyyat aparılmasını təsdiq edən elektron qaimə fakturalarda tərəflər arasında “Sair tikinti materiallarının topdan satışı üzrə” əməliyyatlar ( emal məftili, pena köpük, kərki, diyircəkli fırça və.s) aparıldığı müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim olunmuş mallar ödəyicinin alışında və ya idxalında müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alaraq ödəyicinin təqdim etmə əməliyyatları riskli hesab olunmuşdur (Təsdiqedici sənədlər etiraza əlavə edilir). Beləliklə təqdim edilən sübutlardan o nəticəyə gəlmək olar ki, vergi orqanı tərəfindən riskli hesab edilən əməliyyatlar həqiqətən də həyata keçirilməmiş, yəni tərəflər arasında əmtəəsiz əməliyyat aparılmışdır. Qanunvericiliyin tələblərinə görə əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərarlar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********72300 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı MMC-yə 2022-ci il hesabat dövrü üzrə 46718,84 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 240596,75 manat təqdim edilmiş 2022ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********097900 nömrəli qərardan görünür ki, qərarından görünür ki, cavabdeh **********72300 nömrəli qərarını ləğv etmiş və İddiaçı MMC-yə 2022-ci il hesabat dövrü üzrə 46.301,54 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin xərclərə aid edilmiş 258131.00 manat borca görə faiz və onunla bağlı xərclərə dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380822/2024 saylı qərardan görünür ki, cavabdeh **********097900 nömrəli qərarını ləğv etmiş və İddiaçı MMC-yə 2022-ci il hesabat dövrü üzrə 8.838,90 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 55 nömrəli qərrına əsasən dürüstləşmə aparılmışdır. İddiaçı hazırda cavabdehin sonuncu qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, cavabdehin iddiaçı əlavə mənfəət vergisi hesablamasına əsas iddiaçının riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC və "xxxx" MMC ilə apardığı əməliyyatlar üzrə təqdim etdiyi sənədlərin xərc sənədləri kimi qəbul edilməməsi, buna görə də vergilərin Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən hesablanması təşkil etmişdir. Belə ki, vergi hesablanmış hesabat dövründə qüvvədə olan həmin maddəyə əsasən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Məcəllənin 83.9-cu maddəsinə əsasən isə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Qaydalar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”dır. Lakin məhkəmə aşağıda göstərilənlərə əsasən həmin Qaydaların iddiaçıya tətbiq edilməsini qanuni hesab etmir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin əlavə vergi hesablanan hesabat dövründə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya 2022-cü il üzrə əlavə mənfəət vergisi hesablayarkən riskli hesab edilən e-qaimələrə istinad etsə də, iddiaçı "xxxx" MMC və "xxxx" MMC ilə əməliyyat apardığı dövrdə həmin hüquqi şəxslər riskli vergi ödəyicisi olmamışlar. Çünki əməliyyatlar 2022-ci ilin aprel ayında aparılmış, hüquqi şəxslər isə xx.xx.2022-ci ildə riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman onun əməliyyat apardığı hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı da həmin əməliyyatlar üzrə e-qaimələri xərc sənədi kimi nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur. VM-in 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında əmtəəsiz əməliyyat olduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Bunun əksinə, iddiaçı həmin hüquqi şəxslərdən aldığı məhsulların təqdim edilməsinə dair bütün sənədləri (müqavilə, eqaimə v sair) məhkəməyə təqdim etmişdir. Bundan əalvəı, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək xərcini qəbul etməsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380822/2024 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar