Məhkəmə qərarları › İş №e-2-1(112)-7596/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7596/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7596/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" MMC-nin çoxmərtəbəli yaşayış binasının 105206.9 kv.metr sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə keçirilməsi barədə 01.11.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışın (yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinə həmin binada mənzillərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr, o cümlədən mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrin, sanitar-texniki və digər avadanlıq olan hissənin mülkiyyətə keçirilməsi hissəsində) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 27 aprel 2012-ci ildə onunla "xxxx" MMC arasında ünvan 1 ünvanda yerləşən yaşayış binasında El bloku, 14-cü mərtəbə, ümumi sahəsi 152,14 kv.m. olan 31 №li ünvanındakı mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Bağlanılmış alqı-satqı müqaviləsinə əsasən, müqavilənin predmeti olan mənzil dəyəri 168.000 manat, ümumi satış sahəsi isə 152.14 kv.m. olmaqla 3 otaqdan ibarətdir. "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən yaşayış binasında El bloku, 14-cü mərtəbə, ümumi sahəsi 152,14 kv.m. olan 31 №li mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş, 20 sentyabr 2016-cı il tarixdə 626 saylı maliyyə arayışı verilmişdir. 15 dekabr 2016-cı il tarixdən isə o, həmin mənzilə köçüb yaşamağa başlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 01.11.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışla "xxxx" MMC çox mərtəbəli yaşayış binasının 105206.9 kv.m sahəsini öz mülkiyyətinə keçirmişdir. İddiaçı ilə "xxxx" MMC arasında 12 mart 2019-cu il tarixdə bağlanılmış ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndində qeyd olunmuşdur ki, satıcı "xxxx" MMC, tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev küçəsi, 129, 133 ünvanında yerləşən "A3" tikilisi, 14-cü mərtəbə, ümumi sahəsi 148.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzili alıcı İddiaçı mülkiyyətinə verir. Qalan hissə mülkiyyətçinin öz mülkiyyətində qalır. "xxxx" MMC tərəfindən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan, binada 1-dən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən, mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, sanitartexniki və digər avadanlıq olan qaraj adlandırılan hissə də özəlləşdirilmiş və mülkiyyətinə keçirilmişdir. Hazırda məlum olmuşdur ki, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin mühəndis qurğuları olan zirzəmi hissəsində qaraj kimi istifadə olunan ərazi satışa çıxarılmışdır və bu haqda elanlar da yerləşdirilmişdir. Qarajların satışa çıxarılmasının bina sakinlərinin hüquqlarını pozduğuna istinad edən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev küçəsi, 129, 133 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “Vergi ödəyicisinin uçota alınması haqqında” Şəhadətnamə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya Qurumunun ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış, Bakı şəhərinin xəritəsindən çıxarış, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 27 mart 2014-cü il tarixli 0994 nömrəli icarə müqaviləsi, torpaq sahəsinin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarış, 001298 nömrəli “İstismara hazırlıq” aktı, 4 aprel 2018-ci tarixli 0149 nömrəli Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Tikinti obyektinin istismarına icazə, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Tikinti obyektinin istismarına icazə verilməsi haqqında 4 aprel 2018-ci il 166 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Özünəməxsus ərazidə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 13 may 2009-cu il tarixli 169 nömrəli Sərəncamı, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin İstifadəyə (İcarəyə) verilən torpaq sahəsinin 14/16 nömrəli ayrıc aktı ilə ilkin olaraq 02.10.2018-ci il tarixində **********40-05301 reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. İddiaçı müvafiq tələblə 30.04.2021-ci ildə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bununla bağlı, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə bilməsi, eləcə də hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi ilə bağlı iddiaçıya **********60 saylı, 01.06.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmənin 18.08.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Yeganlı etirazı müdafiə etdi və tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, o, öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda cavabdeh tərəfindən üçüncü şəxsə verilmiş çıxarışı mübahisələndirir, hansı ki, bununla əsas məqsədi çoxmənzilli binanın ümumi mülkiyyətində olan hissələrinə üçüncü şəxsin sərəncam vermək hüququnun məhdudlaşdırılmasından ibarətdir. İddiaçı bu zaman yaşayış binasında mənzillərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələrin, o cümlədən mühəndis qurğuları olan zirzəmilərin, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtüklərinin, həmçinin binaya xidmət göstərən elektrik, sanitar-texniki və digər avadanlıq olan hissənin yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinin ümumi mülkiyyətində olmasına, lakin üçüncü şəxsə verilmiş çıxarışla həmin sahələrin üçüncü şəxsin mülkiyyətinə verilməsinə istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (bundan sonra – MM) əsasən: - maddə 36.1. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. - maddə 36.2. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır. - maddə 36.3. Çoxmənzilli binada olan sahəyə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, sahənin yeni mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı sahənin əvvəlki mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payına bərabər olur. - maddə 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. - maddə 37.2. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Normadan görünür ki, çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir və çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. İşdən görünür ki, ünvan 2 ünvanında yerləşən 1.25247 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olmuş, Bakı şəhər İcra Hakimiyyətinin 13.05.2009-cu il tarixli 169 saylı sərəncamı ilə "xxxx" MMC-yə həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icazə verilmiş, üçüncü şəxs tərəfindən həmin ünvanda 11.03.2008-06.06.2013-cü illərdə 5 ədəd 7 girişli 20 mərtəbəli bina inşa edilmiş, 04.04.2018-ci ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin tikinti obyektinin istismarına icazə verilmişdir. Bundan sonra “Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202 və Şəfaət Mehdiyev 129, 133 ünvanında yerləşən həmin çoxmərtəbəli yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüququ 02.10.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 01.11.2018-ci ildə isə baş vermiş dəyişikliklər əsasında yenidən qeydiyyat aparılaraq RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, üçüncü şəxs müvafiq sənədləşmə aparmaqla ona məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binası inşa etmiş və həmin binaya hüquqlarını qeydə aldırmışdır. İşdən görünür ki, 12.03.2019-cu ildə AN-İ №0732130 nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev 129, 133 ünvanında yerləşən A3 tikilisi, 14-cü mərtəbə, ümumi sahəsi 148.6 kv.metr olan 3 otaqlı 31 nömrəli mənzili alıcı X1, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ 11.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda Gilan MMC-nin mübahisəli mənzili ona satmasına əsas olmuş çıxarışının ləğvini tələb edir və bu zaman hazırkı iddiaya hüquqi marağını yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsus ümumi mülkiyyətdə olmalı olan əmlaka üçüncü şəxsin hüquqularının qeydə alınması ilə izah edir. Halbuki yuxarıda sadalanan normalardan aydın olur ki, çoxmənzilli bina "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, MMC həmin binanın tərkib hissələrini özgəninkiləşdirdikcə, həmin hissəyə mütənasib olan binanın ümumi əmlakına ümumi mülkiyyətdəki payını da özgəninkiləşdirmiş olur. Bu hal iddiaçıya da aiddir. Belə ki, o, çoxmənzilli binanın "xxxx" MMC-nin mülkiyyətində olan bir hissəsini satın almaqla MMC-nin satdığı tərkib hissəyə mütənasib ümumi əmlaka ümumi mülkiyyət hüququndakı payı da əldə etmişdir. Qeyd edilməlidir ki, MM-in 36.4-cü maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: 36.4.1. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 36.4.2. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə. Məhkəmə iddiaçıya izah edir ki, onun müvafiq tələblə məhkəməyə müraciət etməyə hüquqi marağı və ya müvafiq hüquqi müdafiəyə ehtiyacı o vaxt yarana bilər ki, üçüncü şəxs MM-in 36.4-cü maddəsində göstərilən hərəkətləri etsin və ya iddiaçıya binanın ümumi mülkiyyətində olan əmlakdan istifadəsinə maneələr yaratsın. Bu zaman isə iddiaçı hazırkı iddia tələbi ilə deyil, yaranmış mübahisəyə uyğun düzgün hüquqi müdafiə vasitəsini müəyyən etməklə onunla üçüncü şəxs arasında yaranmış mübahisənin həlli məqsədilə aidiyyəti mülki məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağı müəyyən edilmədiyindən iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar