Məhkəmə qərarları › İş №e-2-1(112)-7653/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7653/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7653/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 195 nömrəli kooperativi tərəfindən verilmiş 19 nömrəli orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 bağ massivində yerləşən 788e nömrəli 0,12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması və həmin torpaq sahəsinə dair texniki sənədin - plan və ölçünün verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin X1 sxemində torpaq sahəsinin nömrəsi qeyd olunmamışdır. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m, faktiki isə 1186 kv.m təşkil edir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 195 nömrəli kooperativi tərəfindən verilmiş 19 nömrəli orderə və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, Y-53-112 nömrəli arvix arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 bağ massivində yerləşən 788e nömrəli 0,12 hektar torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın, həmçinin həmin torpaq sahəsinə dair texniki sənədin - plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, BŞİH Aparatının ƏXFBET üzrə Bİİ Bağlar Təsərrüfatı İdarəsinin 195 nömrəli kooperativi tərəfindən verilmiş 19 nömrəli orderə və BŞİH tərəfindən verilmiş arxiv arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 bağ massivində yerləşən 788e nömrəli 1186 kv.m torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın, torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi əbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli, 461 nömrəli qərarına əsasən iddiaçıya Vişnyovka 1 bağlar sahəsində 195 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 788e nömrəli bağ ayrılmış və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 195 nömrəli kooperativi tərəfindən 19 nömrəli order verilmişdir. İddiaçıya sözügedən bağ sahəsinin ayrılması Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, Y-53-112 nömrəli arvix arayışı ilə də təsdiq edilmişdir. İddiaçı həmin orderə və arxiv arayışına əsasən 788e nömrəli bağ sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq və müvafiq sənədlər almaq üçün bir neçə dəfə cavabdehə müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə iddiaçının hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Sonuncu dəfə sözügedən məsələ ilə əlaqədar cavabdeh iddiaçının nümayəndəsinə xx.xx.2024-cü il tarixli, **********77 nömrəli məktubla cavab vermiş və həmin məktubda qeyd olunan məsələ ilə bağlı xx.xx.2023-cü il tarixli **********72 nömrəli məktubla cavab verildiyini bildirmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, iddianın rədd edilməsini xahiş edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin Bağlar Tikinti Kooperativinin sxemində torpaq sahəsinin nömrəsi qeyd olunmamışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən sahənin digər bağlarla ümumi hasar daxilində olduğu, eyni zamanda torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd edilsə də, faktiki 1186 kv.m təşkil etdiyi müəyyən edilmişdir. O cümlədən elektron kadastr məlumatına əsasən ümumi əraziyə digər fiziki şəxslərin (X8, X4) müraciətləri qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamından görünür ki, bağ məsələləri üzrə komissiya yığıncağının 31.03.94-cü il tarixli, 57 nömrəli protokoluna əsasında Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara bağ sahələri ayrılmışdır: 3.19.İddiaçı Mayıl oğ.- - Vişnyovka 1 ВТК № 195 bağ 788e - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 195 nömrəli kooperativi tərəfindən verilmiş 19 nömrəli orderdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli, 461 nömrəli qərarına əsasən iddiaçıya Vişnyovka 1 bağlar sahəsində 195 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 788e nömrəli bağ İddiaçı Mayıl oğluna ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********36 nömrəli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq(bağ) sahəsi qonşu bağlarla bir hasar daxilindədir. Torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m, faktiki isə 1186 kv.m təşkil edir. Üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin X1 sxemində torpaq sahəsinin nömrəsi qeyd olunmamışdır. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, sahəsi 0,12 ha olan 788e saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla onun adına çıxarışın verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ayrılması barədə sərəncamı və orderi təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 788e saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Bakı şəhər icra Hakimiyyəti tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə sərəncamdan çıxarış, iddiaçı isə bağ sahəsi ilə bağlı müvafiq orderi məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə və X1 sxemində torpaq sahəsinin nömrəsinin qeyd olunmamasına istinad etmişdir. Məhkəmə cavabehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, 195 nömrəli Vişnyovka-1 bağ tikinti kooperativinin üzvləri Bakı Şəhəri XDS İKnin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarı ilə təsdiq edilmiş, BTK-nın həmin vaxt 29 üzvü olmuş, tərtib edilən bağların yerləşmə sxemində də həmin 29 üzvə ayrılmış 29 ədəd bağ sahəsinin yeri və nömrəsi göstərilmişdir. İşin yuxarıda göstərilən hallarından müəyyən olunur ki, iddiaçıya mübahisəli bağ sahəsi sonradan, 1994-cü ildə ayrılmışdır. Deməli, ona ayrılmış bağ sahəsinin nömrəsi xx.xx.1990-cı il tarixdə təsdiq edilmiş siyahıya uyğun tərtib edilən sxemdə ola bilməzdi. Sonrdan həmin bağ sahəsinin 195 saylı BTK-ya ayrılmış bağların yerləşmə sxeminə daxil edilməsi isə iddiaçının səalhiyyətində və məsuliyyətində olan hal deyildir. Bağ sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə gəldikdə, cavabdeh bağ sahəsinin yerləşməsinin uyğunsuzluq təşkil etdiyini göstərsə də, həmin ərazinin hansı nömrəli bağ sahəsinə uyğun gəlməsi barədə məlumatı məhkəməyə təqdim etməmiş, bununla da dəlilini sübuta yetirə bilməmişdir. Bundan əlavə cavabdeh etirazında ümumi əraziyə digər fiziki şəxslərin (X8, X4) müraciətlərinin daxil olduğunu bildirsə də, xx.xx.2024-cü il tarixli məktubunda göstərmişdir ki, digər fiziki şəxslər (ortofotoya əsasən) ümumi hasarın fərqli hissələrində qeydiyyata alınmışdır (bununla bağlı müvafiq qeydiyyat sənədləri məhkəməyə təqdim edilmişdir). Həmçinin işdə olan X3, X6 və X2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onlar Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağlar sahəsindəki 195 saylı BTK nəzdində 0.12 ha sahəsi olan 788 ünvanında yerləşən bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış almasına razıdırlar və heç bir etirazları yoxdur. Beləliklə, göstərilənləri, habelə iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi hüquqmüəyyənedici əsasların mötəbər olmaqla, hazırda qüvvədə olmasını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlıdır. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 bağ massivində yerləşən 788e nömrəli 1186 kv.metr bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar