Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7688/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin bərpa edilməsii” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 xx.xx.2018-ci ildə təyin edilmiş 2-ci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı vəfat etmiş X3 həyat yoldaşıdır. X4 xx.xx.2018ci ildə ümumi xəstəlik-Gözdən əlilliyi olan şəxs səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz olaraq müəyyən edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H46-H48 - Görmə sinirinin və görmə yollarının xəstəlikləri => H47 - Görmə sinirinin (2-ci) və görmə yollarının digər xəstəlikliri => H47.2..." qeyd olunmuşdur. Vəfat etmiş həyat yoldaşı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi şəxsə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən X4 təyin edilmiş əlillik ona heç bir məlumat verilmədən Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. X6 vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu və İnzibati icraat haqqında qanunun tələblərini kobud formada pozmuşdur.
3. İddia ərizəsinə əlavə təqdim edilərək bildirilmişdir ki, hazırki mübahisə üzrə artıq Azərbaycan Respublikası Ali məhkəməsinin mövcud praktikası vardır. Həmin praktika bu mübahisələrin vətəndaşların xeyrinə həll olunmasını özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanaşmasına və mövqeyinə əsasən hazırkı mübahisə üzrə əsas diqqət yetirilməli olan 4 məqam vardır. İnzibati icraat aparılıb mı? Yəni inzibati icraatın başlanılması barədə qərar qəbul edilib mi? İnzibati icraat aparılan zaman vətəndaşın yəni maraqlı şəxsin iştirakı təmin edilib mi? Əlilliyin etibarsız hesab edilməsi barədə yekunda inzibati akt formasında qərar qəbul edilib mi? Hətta inzibati icraat aparılmış olsaydı belə yəni müvafiq sorğular verilmiş olsaydı belə əlilliyin qiymətləndirilməsinə əsaslı şübhələr yalnız qiymətləndirilmiş əlilliyin qərarının ləğv edilməsinə yönələ bilərdi. Etibarsız hesab edilməsinə yox. Hazırkı mübahisə üzrə göründüyü kimi yuxarıda sadalanan dörd məqamın heç biri cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilməmiş və bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və əsassız olduğundan əlilliyin etibarsız hesab edilməsinə yönəlmiş hərəkətlər də qanunsuz hesab edilməlidir.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1.9-cu bəndində qeyd olunur ki, Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. İddiaçı xx.xx.2020-ci il tarixli Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin verdiyi göndəriş əsasında Agentliyə müraciət etmiş və ona xx.xx.2020-ci il tarixində “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnozun fəsadlarını (ÜÇ) dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir” səbəbilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Lakin iddiaçı iddia müddəti çərçivəsində inzibati orqanın qərarını mübahisələndirməmişdir. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Hesab edilir ki, iddia müddətinin 4 il 2 ay ötürülməsinin üzrlü səbəbi ola bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
5. İş materiallarında olan TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2019-cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müalicəyə ehtiyacın olması - səbəb: Kadriologiya İnstitutunda müayinə və müalicə davamı məsləhət görülür. xx.xx.2020-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müalicəyə ehtiyacın olması - səbəb: diaqnozun fəsadlarını (ÜÇ) dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir. xx.xx.2020-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulması - səbəb: əsas diaqnozun ağırlaşmaları (ÜÇ), ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
9. İddia tələbi iddiaçının mərhum əri X4 xx.xx.2018-ci ildə təyin edilmiş 2-ci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
10. İddiaçının mərhum ərinin əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
12. Hazırki iddia məcburetməyə dair iddiadır.
13. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
16. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
17. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
18. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 əlillik vəziyyəti 4 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının Poliklinika Şöbəsinin göndərişləri əsasında müvafiq olaraq xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərində qiymətləndirilmiş və hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilərək əlilliyin təyinindən imtina edilmişdir.
19. Sonuncu dəfə müraciəti ilə X3 əlillik vəziyyətinə xx.xx.2020-ci il tarixdə 4 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının Poliklinika Şöbəsinin 0530003AAFJ0 nömrəli xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılaraq “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmaları (ÜÇ), ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbilə əlilliyin təyin edilməsindən imtina edilmiş və göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır.
20. Lakin iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində inzibati orqanın qərarını mübahisələndirməmişdir.
21. Göründüyü kimi, iddiaçı 3 ildən artıq müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
22. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva