Məhkəmə qərarları › İş №e-2-1(112)-7695/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7695/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7695/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 322.5 kv.metr torpaq sahəsinin mülkiyyət növünün “xüsusi” hüququn növü "mülkiyyət" olaraq dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi fərdi yaşayış evinin altında yerləşən 322,5 kv.m. torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixində alqı-satqı yolu ilə əldə etdiyi Çıxarış nömrəsi **********, Reyestr nömrəsi **********13-10301 olan daşınmaz əmlaka sahibiir. Bu əmlakın ümumi tikili sahəsi 136.3 kv.m, ümumi yaşayış sahəsi isə 89.7 kv.m təşkil edir. Torpaq sahəsinin tikili altında qalan hissəsi 136.3 kv.m, ümumi torpaq sahəsi isə 322.5 kv.m (və ya 0.03225 ha-dır). Çıxarışda tikili sahəsi 89.7 kv.m olaraq göstərilmiş, lakin ümumi sahə olan 136.3 kv.m qeyd edilməmişdir. Mülkiyyət növü xüsusi, daşınmaz əmlak üzərində hüququn növü isə mülkiyyətdir. Əlavə olaraq, torpaq sahəsinin mülkiyyət növü "dövlət", hüququn növü isə "istifadə" kimi göstərilmişdir. Qeyd edilən əmlak 1970-ci illərdən etibarən tikilmiş və torpaq sahəsi üzərində 30 ildən çox müddət ərzində istifadə olunmuşdur. Həm əmlak, həm də torpaq sahəsi üçün bu müddət ərzində müntəzəm olaraq vergi ödənilmişdir və vergi borcu yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı Əmlak Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətdə torpaq sahəsinin mülkiyyət növünün “xüsusi” olaraq dəyişdirilməsi tələb olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin cavabında hüquqmüəyyənedici sənəd təqdim etməklə ASAN xidmətə müraciət edərək mülkiyyət hüququnun dəyişdirilməsinin mümkün olduğu bildirilmişdir. Lakin bu torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri əldə etmək üçün Xətai Rayon İcra Hakimiyyətinə və Xətai Rayon Əhmədli Bələdiyyəsinə də müraciət olunmuşdur. Xətai Rayon İcra Hakimiyyəti sənədlərin 5 ildən çox müddət ərzində saxlandıqdan sonra Milli Arxiv İdarəsinin Bakı filialına göndərildiyini bildirmişdir. Bu cavaba əsasən, iddiaçı Milli Arxiv İdarəsinə də müraciət etmişdir, lakin müraciət etdiyi tarixə uyğun dəqiq məlumat əldə etmək mümkün olmamışdır. Bunun səbəbi isə bütün illər üzrə sənədlərin araşdırılmalı olması və hüquqmüəyyənedici sənədin hansı il təqdim olunduğunun dəqiq məlum olmamasıdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin əsli “ASAN Xidmət” mərkəzlərindən birinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ X2 (“B” tikilisi, xx.xx.2008), X1 (“J” tikilisi), X5 (“A” tikilisi) və X6 (“V” tikilisi) adına qeydiyyata alınmışdır.

6. ünvan 2 ünvanının X4 məxsus hissəsinin bölgü sxeminə əsasən X2 mülkiyyətində olan hissə B yaşayış evi, “İ” və “E” yardımçı tikililəri, ümumi torpaq sahəsi 322,5 kv.m ibarət olmuşdur.

7. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2014-cü il tarixdə tərtib olunmuş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur. Texniki Pasporta əsasən: B tikilisi – tikildiyi il 1994 E sanitar qovşaq – tikildiyi il 1994 İ qaraj – tikildiyi il 1976

8. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X2 adına xx.xx.2015-ci il tarixdə tərtib olunmuş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ X2 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

10. Reyestrdə 4Ə-52 nömrə ilə qeyd olunan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinə əsasən satıcı X7 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 89,7 kv.m olan fərdi yaşayış evini alıcı X8 mülkiyyətinə vermişdir.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ X8 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

12. Reyestrdə 4Ə-3030 nömrə ilə qeyd olunan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinə əsasən satıcı X10 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 89,7 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermişdir.

13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

14. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən m/daşı hasar daxilindədir, 2 tərəf qonşu, 1 tərəf yoldur, 1 tərəf isə dalandır.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

16. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

20. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

21. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

24. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

26. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

27. Məhkəmə ilkin olaraq müəyyən edir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması işin mübahisəsiz halıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

28. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı 322,5 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir.

29. Mülki Məcəllənin 243.2-ci maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

30. Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

31. Məhkəmə nəzərə alır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ ilkin olaraq X2 adına qeydiyyata alınmışdır (xx.xx.2015-ci il tarixdə). xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X7 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 89,7 kv.m olan fərdi yaşayış evini X8 mülkiyyətinə vermiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ X8 adına qeydiyyata alınmışdır (xx.xx.2021-ci il tarixdə). Daha sonra xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X10 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 89,7 kv.m olan fərdi yaşayış evini İddiaçı mülkiyyətinə vermişdir. Nəticədə hazırda fərdi yaşayış evinə dair İddiaçı xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Odur ki, İddiaçı daşınmaz əmlakı (fərdi yaşayış evi) Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında satın aldığından fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi üzərində hüquqlar da ona keçmişdir.

32. Məhkəmə nəzərə alır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak ilkin olaraq X2, X1, X5 və X6 birgə mülkiyyətində olmuşdur. ünvan 2 ünvanının X4 məxsus hissəsinin bölgü sxeminə əsasən X2 mülkiyyətində olan hissə B yaşayış evi, “İ” və “E” yardımçı tikililəri, ümumi torpaq sahəsi 322,5 kv.m ibarət olmuşdur (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2014-cü il tarixdə tərtib olunmuş Texniki Pasporta əsasən B tikilisi və E sanitar qovşağı 1994-cü ildə, İ qarajı 1976-cı ildə tikilmişdir). İlkin olaraq X2 mülkiyyətində olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə X8 adına, xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınarkən fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

33. Məhkəmə müəyyən edir ki, ünvan 2 ünvanının Bölgü Sxeminə əsasən əsasən X4 (hazırda İddiaçı) məxsus torpaq sahəsinin ölçüsü 322,5 kv.m qeyd edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə və faktiki ölçüsü 322,5 kv.m təşkil edir. İddiaçı ünvan 3 ünvanında yerləşən 322,5 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir.

34. Odur ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü ilə bağlı hər hansı mübahisə yoxdur.

35. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi xx.xx.2023-cü il tarixdən (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında iddiaçıya satıldığı tarixdən) İddiaçı istifadəsinə olmuşdur, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaranmamışdır və ya torpaq sahəsinə dair hər hansı digər şəxsin tələbi olmamışdır.

36. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı təqdirdə, həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qanuni deyil.

37. Belə ki, iş materiallarında göründüyü kimi torpaq sahəsinin ölçüləri fərdi yaşayış evinə dair hələ 1990-cu ildə tərtib olunmuş texniki pasportda nəzərdə tutulmuş, daha sonra paylı mülkiyyətçilər arasında literlər və torpaq sahəsinin bölgüsü həyata keçirilmiş və sonda mövcud vəziyyətdə müvafiq hissə iddiaçının adına özgəninkiləşdirilmişdir.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

39. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

40. Məhkəmənin hazırki iş üzrə mövqeyi “vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti” anlayışlarına əsaslanır.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

245. ...Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

42. Məhkəmə hesab edir ki, şəxsin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydə alındığı təqdirdə həmin evin altındakı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qeyd edilən yanaşmaya (“vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti”) əsasən qanuni hesab edilə bilməz. Belə ki, şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evi məhz onun isifadəsi üçün zəruri olan torpaq sahəsinin üzərində yerləşir və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) daşınmaz əşyadır. Eyni zamanda torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınarkən torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak və həmin daşınmaz əmlakın istifadəsi üçün zəruri olan sahə nəzərə alınmaldır.

43. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

44. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı 322,5 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyin öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar