Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7722/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Börosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixədək 25 saylı Təmir Tikinti Trestində və xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilədək “Şəfa-99” kommersiya firmasında işlədiyi dövrlərin əmək stajına əlavə edilməklə əmək kitabçasında qeyd edilən 28 illik sosial sığorta stajını nəzərə almaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı pensiya hüququ yarandığı yəni, 60 yaş 6 ayının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1973-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1982-ci ildən xx.xx.1988-ci il tarixədək hərbi qulluqda, 17 aprel 1993-cü ildən 24 avqust 1994-cü il tarixədək isə Milli Orduda xidmət etmişdir. Hərbi xidmətlə yanaşı onun 28 illik əmək stajı mövcuddur. Bu hallar, ona məxsus 05 iyul 1973-cü il tarixli əmək kitabçasında və HT-İ № ******* nömrəli əmək kitabçasında öz əksini tapmışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı o, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan 09 mart 2022-ci il tarixli **********2 №li imtina məktubunda qeyd etmişdir ki, onun xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixədək 25 saylı Təmir Tikinti Trestində və xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilədək “ŞƏFA-99’' kommersiya firmasında işlədiyi dövrləri yoxlamaq mümkün olmamışdır. Belə ki, 25 saylı Təmir Tikinti Tresti və “ŞƏFA-99” kommersiya firmasının faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxmında mümkün hesab edilməmişdir. İnzibati orqanın bu cür cavabının qanunsuz və əsassız hesab edir. Cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır və onun hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. İddia ərizəsinə əlavə etdiyi əmək kitabçalarının surətindən də göründüyü kimi onun işləməsi barədə sübutlar əmək kitabçası ilə təsdiq edilmişdir və həmin kitabçanı cavabdeh fonda da təqdim etmişdir. Lakin qeyd olunan faktlar heç bir əsas olmadan cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə **********6 nömrəli ərizə ilə Filiala müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın **********2 nömrəli imtina məktubuna əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən - xx.xx.1998-ci il tarixədək 25 saylı Təmir Tikinti Tresti və xx.xx.1999-cu il tarixdən - xx.xx.2005-ci il tarixədək “Şəfa-99” kommersiya firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlər əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1 -ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxanda qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasındakı bütün dövrlər nəzərə alınmaqla ümumillikdə 29 il 6 ay 2 gün iş stajı vardır. Mübahisələndirilən xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 25 saylı Təmir Tikinti Trestində (3 il 11 ay 11 gün), xx.xx.1999-cu il tarixdən - xx.xx.2005-ci il tarixədək “Şəfa-99” kommersiya firmasında (6 il 2 ay 26 gün) işlədiyi dövrlərin yoxlanılması mümkün olmadığı üçün həmin dövrlər əmək pensiyası hüququ verən sığorta stajına daxil edilə bilməz. İddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasının surətinə əsasən əmək fəaliyyət dövrləri nəzərə alınmaqla mübahisəsiz sığorta stajı 19 il 4 ay mübahisəli sığorta stajı isə 10 il 2 ay 2 gün təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 4/1042 nömrəli məktubunda 25 saylı Təmir Tikinti Trestinin və “Şəfa- 99” kommersiya firmasının arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilmiş xx.xx.2022-cİ il tarixli **********52 nömrəli məktubunda 25 saylı Təmir Tikinti Tresti barədə hər hansı məlumat yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vanında Dövlət Vergi Xidməti və Dövlət Statistika Komitəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********234200 nömrəli və xx.xx.2022-ci il tarixli 01/3-2090 nömrəli məktublara əsasən “Şəfa-99” kommersiya firması 30 sentyabr 1999-cu il tarixindən 22 oktyabr 2013cü il tarixinədək qeydiyyatda olmuşdur. "Şəfa-99” kommersiya firmasının qeydiyyatda olması İddiaçı həmin firmada işləməsi faktını təsdiq etmir. Həmin faktın təsdiq olunması üçün vətəndaşın işə daxiloma, işdən azad edilmə barədə əmrlərinin, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərinin olması zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, vətəndaşa xx.xx.2019-cu il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmşdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsnə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuşdur. - НЗ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.1982-ci ildən xx.xx.1988-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Müdafiə Nazirliyi 954 saylı Hərbi hissə tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 25 №-li arayışın notarial qaydada təsdiq (tərcümə) olunmuş surətindən görünür ki, X2 954 saylı Hərbi hissədə 17 aprel 1993-cü ildən 24 avqust 1994-cü ilədək hərbi xidmət keçmişdir. X1 aid 05 iyul 1973-cü il və 12 iyun 1980-ci il tarixlərdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçalarının notarial qaydada təsdiq (tərcümə) olunmuş surətlərində qeyd olunmuş məlumatlardan görünür ki, müvafiq olaraq xx.xx.1973-cü ildə Lenin adına Toxuculuq Kombinatında operator vəzifəsinə qəbul edilmiş (Əmr № 148, xx.xx.1973-сü il); xx.xx.1975-ci ildə kombinatdan işdən azad olunmuşdur (Əmr № 72, xx.xx.1975-сi il); xx.xx.1975-ci ildə SSRİ Kənd Tikinti Nazirliyinin Azərbaycan Kompleks Layihə şöbəsinin “İrihəcmliətrafmühitkəndsənayetikinti” institutunda təcrübi istehsalatla xüsusi konstruktor riyazi modelləşdirmə bürosunda-materialların sənədləşdirilməsi bürosuna 2-ci dərəcəli maşinist vəzifəsinə qəbul edilmiş (Əmr № 51-k; xx.xx.1975-ci il); xx.xx.1976-cı ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 101, xx.xx.1976-cı il); xx.xx.1977-ci ildə 20424 saylı h/hissədə köməkçi təsərrüfatda anbar işçisi vəzifəsinə qəbul olunmuş (Əmr № 914, xx.xx.1997-ci il); xx.xx.1978-ci ildə tutduğu vəzifəsindən azad olunmuşdur (Əmr № 192, xx.xx.1978-ci il); xx.xx.1978-ci ildə 365 №li Hərbi Ticarətin (Voyentorq) 2 №-li Yeməkxanasına köməkçi kimi işə qəbul olunmuş (Əmr № 67/l, xx.xx.1978-ci il); xx.xx.1979-cu ildə işdən azad olunmuşdur (Əmr № 55/1, xx.xx.1979-cu il); xx.xx.1981-ci ildə öz istəyinə əsasən tutduğu vəzifədən azad olunmuşdur (Əmr № 186/k 2, 0.11.1981-ci il); xx.xx.1981-ci ildə Az SSR Sənaye Tikinti Nazirliyinin 2 №-li Trestinin Tikinti İdarəsinə 3cü dərəcəli Operator vəzifəsinə qəbul olunmuşdur (Əmr № 154, 6.11.1981-ci il); xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 72-k, xx.xx.1982-ci il); xx.xx.1988-ci ildə Təsərrüfat hesablı layihə smeta bürosuna maşinist vəzifəsinə qəbul edilmişdir (Əmr № 22-lc, xx.xx.1988-ci il); xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 13-ls, xx.xx.1991-сi il); xx.xx.1991-ci ildə Xətai rayon ticarət şöbəsi 2 №-li Soyuducuya xadimə vəzifəsinə qəbul olunmuş (Əmr № 154, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə işdən azad olunmuşdur (Əmr № 195, xx.xx.1991-сi il). xx.xx.1991-ci ildə H.Z.Tağıyev adına Kombinatın Naxış istehsalına 2-ci dərəcəli parça komplektləşdirici vəzifəsinə qəbul olunmuşdur (Əmr № 67, xx.xx.1991-сi il); xx.xx.1992-ci ildə vəzifəsindən azad edilmişdir (Əmr № 46,xx.xx.1992-ci il); xx.xx.1994-cü ildə 25 saylı Təmir Tikinti Trestinə fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № 72, xx.xx.1994-cü il); xx.xx.1998-ci ildə öz xahişinə əsasən işdən azad olunmuşdur (Əmr № 66, xx.xx.1998-ci il); xx.xx.1999-cu ildə “Şəfa-99” kommersiya firmasına administrator təyin olunmuşdur (Əmr № 2, xx.xx.1999-cu il); xx.xx.2005-ci ildə öz xahişi ilə vəzifəsindən azad olunmuşdur (Əmr № 5, xx.xx.2005-ci il ). İddiaçı hazırki tələblə bağlı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2022-ci il tarixli **********2 saylı cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa ğörə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi xx.xx.1980-ci il tarixi, ИТ-İ № ******* saylı əmək kitabçasının, hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1982-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək və xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək hərbi xidmətdə olduğu dövrlər) 16 il təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il sığorta stajına uyğun olaraq 11.223,68 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.1980-ci il tarixli l/İT-l № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək 25 saylı Təmir Tikinti Trestində və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək “Şəfa-99” kommersiya firmasında olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixdə apardığı monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş 25 saylı Təmir Tikinti Trestinin və “Şəfa-99” kommersiya firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər.“Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2019-cu il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq məhkəməyə təqdim olunmuş aşağıdakı: - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 27 iyul 2022-ci il tarixli 01/3-2958 saylı məktubunda qeyd olunmuşdur ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində 25 saylı Təmir Tikinti Tresti 20 iyun 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. “Şəfa-99” Kommersiya firması 30 sentyabr 1999-cu il tarixindən 22 oktyabr 2013-cü il tarixinədək qeydiyyatda olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli 4/1436 nömrəli məktubda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan "xxxx" kommersiya firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivirin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********170000 saylı məktubda qeyd olunmuşdur ki, İdarədə olan reyestrdə xx.xx.1995-cı il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası İnşaat, istehsalat və Təsərrüfat idarəsinin 3 saylı Təmir-Tikinti Trestinin 25 saylı Təmir Tikinti İdarəsi” (VÖEN **********) adlı kommersiya qurumu aşkar edilmişdir. xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Kommersiya Firması (VÖEN **********) xx.xx.2013-cü il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Məktuba əlavə olunmuş “Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir-Tikinti Trestinin 25 saylı Təmir Tikinti İdarəsi” və "xxxx" kommersiya firmasının (ləğv edilmişdir) aşağıdakı sənədlərindən: "xxxx" Kommersiya firmasının nizamnaməsinin surətindən görünür ki, “Şəfa-99“ kommersiya firması 17 sentyabr 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində Dövlət qeydiyyatına alınmışdır. 15 fevral 2005-ci il tarixdə “ŞƏFA-99“ kommersiya firmasının nizamnaməsinə dəyişiklik təsdiq olunmuşdur. Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********41 №li bildirişdən müəyyən olunur ki, Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi bildirmişdir ki, xx.xx.1999-cu il tarixdə Ş-758 № ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış "xxxx" kommersiya firması xx.xx.2013-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsi üzrə 03 iyul 1994cü il tarixli 28 №-li əmrin surətindən görünür ki, 3 №-li Təmir-Tikinti Trestinin nəzdində Təmir Tikinti İdarəsi yaradılmışdır. Həmin İdarə 25 saylı Təmir Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfa İdarəsinin 3 saylı Təmir- Tikinti Trestinin nizamnaməsi xx.xx.1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı iddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. xx.xx.1992-ci il tarixli (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (“Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə 01 iyul 2017-ci il tarixdən 30 iyun 2018-ci il tarixədək qadınlar üçün yaş həddi 60 yaş 6 ay müəyyən edilmişdir) çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1957-ci il təvəllüdlü İddiaçı 60 yaş 6 ayının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 60 yaş 6 ayının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-7722/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7722/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver