Məhkəmə qərarları › İş №e-2-1(112)-773/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-773/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-773/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı 3-cü şəxs qismində Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı Cavabdehnə qarşı 3-cü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 işə cəlb edilməklə xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs3 uşaqları xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs1 və 030.3.2009-cu il təvəllüdlü Maraqlı şəxs2 ilə birlikdə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97 A ünvanında yerləşən 41 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97 A ünvanında yerləşən 41 nömrəli mənzil 2003-cü ildən mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözügedən mənzilə dair 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-c il tarixli ******* nömrəli forma 2 arayışına əsasən məlum olmuşdur ki, uzun müddətdir heç bir əlaqəsi olmayan, iddiaçının ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin uzun müddətdir həmin mənzildə yaşamayan Maraqlı şəxs3 və uşaqları Maraqlı şəxs1 və Maraqlı şəxs2 mənzildə yaşamamalarına baxmayaraq formal olaraq qeydiyyatda qalmışdır. İddiaçının uzun müddətdir ki, Maraqlı şəxs3 və uşaqları ilə heç bir əlaqələri yoxdur, həmin mənzildə yaşamırlar və onların harada yaşamaları ona məlum deyildir. Odur ki, həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasının təmin olunması məqsədilə cavabdehə müraciət ünvanlamış, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 091- 3834C-3222 nömrəli məktubla müraciətinin təmin edilməsindən imtina edilmiş və məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh məhkəməyə məktubla müraciət edərək işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 152255 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 97 a saylı evin 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 41 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1273 saylı reyestr kitabına 191135-ci səhifə, 30/1911.24 qeydə alma nömrəsi, xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır.

7. 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Forma 2 arayışına əsasən xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs3, xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs1 və xx.xx.2009-cu il təvəllüdlü Maraqlı şəxs2 yaşayış yeri üzrə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

8. cavabdeh tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarilxi 091-3834C-3222 nömrəli imtina məktubuna əsasən iddiaçının müraciətindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməklə sözügedən şəxslərin qeydiyyat çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etməli olması bildirilərək imtina edilmişdir.

9. Məhkəmənin sorğusuna cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 091-25804- 1222 nömrəli məktubla verilmiş cavab məktubuna əsasən Maraqlı şəxs1 və Maraqlı şəxs2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Maraqlı şəxs3 məxsus fərdi uçot kartoçkasının surəti məhkəməyə təqdim edilmişdir.

10. Bakı Qarnizonu MİH-nin 3 nömrəli Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 43 nömrəli Forma 2 arayışına əsasən iddiaçının gəlini Maraqlı şəxs3, nəvəsi Maraqlı şəxs2 və nəvəsi Maraqlı şəxs1 ünvan 3 ünvanında qeydiyyatda olsalarda hal-hazırda yaşamırlar.

11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********62 nömrəli cavab məktubuna əsasən Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs2 sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2403/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs3 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Maraqlı şəxs3 və övladları xx xxxx 2004-cü il təvəllüdlü Maraqlı şəxs1 və xx.xx.2009-cu il təvəllüdlü Maraqlı şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97 A, 41 saylı mənzilə istifadə hüququnun bərpa edilməsi və onların həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən iddia ərizəsi təmin olunmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6891/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs3 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli e-2(004)-2403/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli e-2(004)-2403/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan cavabdeh İddiaçı ilə iddiaçı Maraqlı şəxs3 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamış, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, bununla da Maraqlı şəxs3 qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Aparatı tərəfindən iddiaçının müraciətinın nümayəndəsi və vəkilinin müraciətinə cavab olaraq verilmiş 23 fevral 2023-cü il tarixli 3-6/2- C-4409-1/2023-67 nömrəli cavab məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olmuş 2(103)-6891/2022 nömrəli iş üzrə elektron kabinet vasitəsi ilə daxil olmuş müraciətə baxılaraq bildirilmişdir ki, iddiaçı Maraqlı şəxs3 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli e-2(004)-2403/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6891/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e2(004)-2403/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6891/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən, qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Bununla yanaşı qeyd olunan mülki iş baxıldıqdan sonra 19 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, işin hallarından müəyyən edilir ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxs Maraqlı şəxs3 İddiaçı keçmiş gəlini olmaqla, oğlu X2 ilə rəsmi nikahda olmuşdur. İddiaçının oğlu vəfat etmişdir. İddiaçının gəlini və onun yetkinlik yaşına çatmayan övladılar sözügedən ünvanda yaşamırlar. Maraqlı şəxs3 və onun övladlarının qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən sözügedən ünvana istifadə hüquqlarının olmaması öz təsdiqini tapmış, Maraqlı şəxs3 övladları ilə birlikdə iddiaçıya məxsus mənzilə köçürülmə tələbi rədd edilmişdir.

22. Məhkəmə qeyd edir ki, qüvvədə olan mənzil qanunvericiliyinə əsasən Maraqlı şəxs3 qeyd olunan mənzilin 2003-cü ildən mülkiyyətçisi olan İddiaçı ailə üzvü, eləcə də, ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq, ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığından, iddiaçı ilə mənzilindən istifadəyə dair heç bir notarial razılaşması olmadığından qeyd olunan mənzildə qeydiyyatda olması onun həmin mənzilə hansısa subyektiv hüquqlarını yaratmamışdır.

23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 3-cü şəxs Maraqlı şəxs3 mübahisəli mənzilə dair hər-hansı bir subyektiv hüququnun olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, eləcə də, qanunvericiliyin tələblərinə əsasən 14 yaşına çatmayan Maraqlı şəxs1 və Maraqlı şəxs2 yaşayış yeri onun qanuni nümayəndəsinin – müvafiq olaraq valideyni Maraqlı şəxs3 yaşayış yeri sayıldığından bununla da, onların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

24. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına da, səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərədə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir.

25. Göründüyü kimi, cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçıların müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.

26. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçının həmin şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

28. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

30. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

31. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

35. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

36. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

37. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

38. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

40. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

44. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs3 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs1 və xx.xx.2009-cu il təvəllüdlü Maraqlı şəxs2 ilə birlikdə yaşayış yeri üzrə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97 A ünvanında yerləşən 41 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar