Məhkəmə qərarları › İş №e-2-1(112)-773/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-773/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-773/2024 02.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev (bina) № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən ünvan 1 ünvanında olan 155 saylı mənzilin faktiki ölçüdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" MTK ilə aralarında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində iddiaçı mənzilin dəyərini ödəmişdir. İddiaçının müqavilə üzrə borcunun olmaması müvafiq qəbz və maliyyə arayışı ilə təsdiq edilmişdir.İddiaçı hazırki iddia tələbi ilə eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, 155 saylı mənzilin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair elektron qaydada göndərilmiş 159 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olmadığı müəyyən edilmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 011 saylı protokolundan çıxarışean görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin payçısı olaraq təsdiq edilmişdir. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzili İddiaçı təhvil verilməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi, o cümlədən bu müqavilənin 03 saylı əlavəsi lə müəyyən edilmiş qaydalara əməl etməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı müqavilədə nəzərdə tutulmuş məbləğdə Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev (bina) № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin dəyərini tam ödəmiş və onun müqavilə üzrə borcu qalmamışdır. "xxxx" MTK tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, 155 saylı mənzil mövcuddur, lakin mənzillərdən biri MTK—nın ofisi kimi binanın inzibati idarəçiliyi üçün nəzərdə tutulmuş və onun satışı nəzərdə tutulmamışdır. İddiaçıya təqdim edilən mənzil məhz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 159 saylı istismara icazə sənədində əks edilmiş 154 ədəd mənzildən biridir İmtina məktubunun surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, 155 saylı mənzilin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair elektron qaydada göndərilmiş 159 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olmamış, bundan başqa İdarənin mütəxəssisləri texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsini əhatə edən məhəllə ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına 20 sentyabr 2019-cu il tarixdə 159 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Ekspert rəyindən görünür ki: - Bakı şəhəri, Xətai rayonu, “Ağşəhər”, 1-fəvvarələr küçəsində yerləşən, "xxxx" yaşayış komleksində yerləşən 155 saylı mənzilin ümumi sahəsinin faktiki olaraq 154.35 kv.m təşkil etdiyi müəyyən edilmişdir. - ünvan 2 ünvanında yerləşən mənzilin çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə sənədində göstərilən mənzillərin sahələrinin ümumi sahəsinə aid olduğu müəyyən edilmişdir. - ünvan 2 ünvanında yerləşən mənzilin "xxxx" MTK-nın adına tərtib edilmiş memarlıqplanlaşdırma həllində (eskiz layihəsində) nəzərdə tutulduğu müəyyən edilmişdir. - ünvan 2 ünvanında yerləşən mənzilin yerləşdiyi mərtəbədə mövcud olan mənzillərin, eləcə də tədqiq olunan mənzilin giriş-çıxış qapıları ayrı-ayrılıqda olduğundan, hər bir mənzilin giriş-çıxış qapıları pilləkən qəfəsəsinə açıldığından, tədqiq olunan mənzilə giriş-çıxışın digər mənzillərə hər-hansı maneçilik yaratmadığı müəyyən edilmişdir. - ünvan 2 ünvanında yerləşən mənzil təmirsiz olduğundan (podmayak), mənzilin tikililərinin faktiki yerləşməsinin və digər texniki parametrlərinin (sahəsinin, ölçülərinin və.s) "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə uyğun olduğundan, həmin mənzil üzrə yenidənqurma işlərinin aparılmadığı müəyyən edilmişdir. Bu səbəbdən də altıcı sual üzrə tədqiqat aparılmadı. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, "xxxx" MTK ilə iddiaçı arasında imzalanmış müqaviləyə əsasən, "xxxx" MTK ünvan 1 ünvanında olan 155 saylı mənzili İddiaçı təhvil verilməsini, iddiaçı isə mənzili qəbul edib haqqının "xxxx" MTK-ya ödənilməsi öhdəsini götürmüşdür. Maliyyə arayışına əsasən iddiaçı həmin mənzilə görə mənzilin dəyərini ödəmiş, onun həmin müqavilə üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubunda və yazılı etirazda göstərdiyi əsaslara nəzər yetirdikdə məlum olur ki, cavabdeh imtina üçün iki əsas gətirir: - 155 nömrəli mənzilin mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olmadığı; - İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmaması; Məhkəmə tərəfindən iddiaçının mübahisə predmetini təşkil edən mənzil üzərində mülkiyyət hüquqlarının yaranıb-yaranmaması, həmçinin mübahisəli mənzilin mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olub-olmadığı araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, MTK isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahəsinə (mənzilə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının "xxxx" MTK ilə imzaladığı müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Cavabdehin etirazda göstərdiyi imtina əsaslardan biri odur ki, iddia olunan mənzl mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olmamışdır. Məhkəmə bununla bağlı ilk növbədə bildirir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Belə ki, Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Məhkəmə bildirir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı cavabdehin istinad etdiyi hal üzrə araşdırmanın aparılması məqsədi ilə müvafiq olaraq eksprtiza təyin edilmişdir. Ekspertiza tədqiqatı nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, “Ağşəhər”, 1-fəvvarələr küçəsində yerləşən, "xxxx" yaşayış komleksində olan 155 saylı mənzil çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə sənədində göstərilən mənzillərin sahələrinin ümumi sahəsinə aid olduğu, "xxxx" MTK-nın adına tərtib edilmiş memarlıq-planlaşdırma həllində (eskiz layihəsində) nəzərdə tutulduğu, ümumiyyətlə girişçıxışın digər mənzillərə hər-hansı maneçilik yaratmadığı müəyyən olunmuşdur. Göründüyü kimi cavabdeh iddia olunan mənzilin istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə aid olmadığını bildirsə də, ekspertiza tədqiqatı zamanı həmin mənzilin əslində memarlıq-planlaşdırma həllində (eskiz layihəsində), o cümlədən də istismara icazə sənədində göstərilən mənzillərin ümumi sahəsinə aid olduğu müəyyən olunmuşdur. Eyni zamanda "xxxx" MTK-nın özü də bu hal üzrə aydınlıq gətirmiş, 155 saylı mənzilin mövcud olduğunu, lakin mənzillərdən birinin MTK—nın ofisi kimi binanın inzibati idarəçiliyi üçün nəzərdə tutulduğu və onun satışının nəzərdə tutulmadığını, iddiaçıya təqdim edilən mənzilin məhz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 159 saylı istismara icazə sənədində əks edilmiş 154 ədəd mənzildən biri olduğunu təsdiq etmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia olunan mənzil çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə sənədində göstərilən mənzillərin sahələrinin ümumi sahəsinə, həmçinin "xxxx" MTK-nın adına tərtib edilmiş memarlıq-planlaşdırma həllində (eskiz layihəsində) nəzərdə tutulduğundan, cavabdehin imtina əsası kimi göstərdiyi dəlil iddiaçının gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Cavabdehin irəli sürdüyü digər imtina əsası ilə bağlı Məhkəmə bildirir ki, yazılı etirazda İdarənin mütəxəssislərinn texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı bildirilsə də, göstərilən bu hal “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsaslarının əhatə dairəsinə düşmür. Lakin nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı alınmış ekspert rəyində mənzilin faktiki ölçüsünün 154.35 kv.m olduğu, mənzilə giriş-çıxışın digər mənzillərə hərhansı maneçilik yaratmadığı, mənzilin tikililərinin faktiki yerləşməsinin və digər texniki parametrlərinin (sahəsinin, ölçülərinin və.s) "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə uyğun olduğu müəyyən edilmişdir. Xülasə qeyd olunmalıdır ki, mənzilə dair bağlanmış müqavilədə əmlakın ölçüləri 158.35 kv.m göstərilmişdir ki, bu da mənzil ilə bağlı hər hansı artımların olmadığını, əksinə mənzili faktiki ölçülərinin sənəd ilə müqayisə də az olduğunu göstərir. İddiaçının özü də məhz mənzilin faktiki ölçüsünə münasibətdə mülkiyyət hüquqlarının reallaşdırılmasını arzulayır ki, mənzilin faktiki ölçüsü ilə sənəddə olan ölçüdə fərqin olması onun mənzilə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulmuş məbləğdə mənzilin dəyəri ödənildiyindən, həmçinin həmin mənzil istismara icazə sənədində göstərilən mənzillərin ümumi sahəsədə aid olduğundan iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin mənzilə münasibətdə plan-ölçü sənədinin verilməsi də təmin olunmalıdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Məhkəmə tərəfindən iddia tam təmin olunduğundan, ekspert xərci cavabdehdən tutulmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında olan 155 saylı mənzilin faktiki ölçüdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar