Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7744/2023 10.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1, Adi cəlbetmə qaydasında üçüncü şəxs “X7” publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “test tapşırığının cavabının iddiaçının xeyrinə nəzərə alınması və yaş məhdudiyyyəti nəzərə alınmadan iddiaçının müsahibə mərhələsinə keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Gömrük Komitəsinə qəbulla bağlı 30 yaş məhdudiyyəti nəzərə alınmadan iddiaçının gömrük orqanlarına xidmətə qəbulla əlaqədar keçirilən müsabiqənin müsahibə mərhələsinə keçirilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə gömrük orqanlarına xidmətə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş və mümkün 100 baldan 69 bal toplamışdır. Müsabiqənin müsahibə mərhələsinə keçmək üçün tələb olunan keçid balı 80 baldan 70 bala endirilmişdir. İddiaçı hesab edir ki, test imtahanında tərtib olunmuş bir neçə sualın tərtibatında, mətnində, cavablarında və variant saylarında yanlışlıq olmuşdur və bu da onun nəticəsinə təsir göstərmişdir. Əgər yanlış tərtib olunmuş sulların hamısı iddiaçının xeyrinə düzgün cavab olaraq qəbul edilsəydi, iddiaçı test imtahanı mərhələsində tələb olunan 70 keçid balını keçmiş olacaqdı. xx.xx.2022-ci il tarixdə test imtahanının cavabları açıqlanmışdır. DGK-nın saytında hər imtahan vermiş namizədin elektron kabinetinə yalnız namizədin imtahanda topladığı balın sayı qeyd edilmiş, hansı suala yanlış cavabların verilməsi, yanlış cavab verilmiş sualda hansı variantın DGK tərəfindən düzgün olaraq qəbul edilməsi barədə isə heç bir məlumat yerləşdirilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə həm customs.gov.az saytındakı elektron müraciətlər bölməsindən, həm də Elektron ünvan e-mail ünvanına DGK-da yaradılmış apellyasiya şurasına imtahan suallarında yanlışlıqların olması səbəbindən imtahan nəticəsindən narazı olmağı barədə eyni məzmunda elektron müraciət ünvanlamışdır. Bundan əlavə heç bir cavab gəlmədiyini görərək Dövlət Gömrük Komitəsinin Sədrinə xx.xx.2023-cü il tarixdə customs.gov.az saytındakı elektron müraciətlər bölməsindən elektron, xx.xx.2023-cü il tarixdə isə eyni məzmunlu məktubla yazılı müraciət edərək imtahan suallarında olan yanlışlıqları nəzərə alaraq müsahibə mərhələsinə keçirilməyini xahiş etmişdir. Dövlət Gömrük Komitəsi xx.xx.2023-cü il tarixli, 3-33/2-002186/2023 nömrəli məktubla iddiaçıya müsahibə mərhələsinə keçirilməyindən imtina edilməsi barədə rəsmi cavab vermişdir. Həmin məktub iddiaçıya xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. İmtina cavabında müraciətinin araşdırıldığı və araşdırma zamanı X5 rəyinin öyrənildiyi qeyd edilmiş, lakin həmin “Rəy” məktuba əlavə edilməmişdir. Bundan əlavə imtina məktubunda Apellyasiya Komissiyası tərəfindən test tapşırıqlarının yenidən ekspertizasının keçirildiyi bildirilmiş, amma həmin ekpertiza rəyi də məktuba əlavə edilməmişdir. İmtina məktubunda yekun olaraq yazılmışdır ki, Apellyasiya Komissiyası X5 və aparılmış təkrar ekpertizanın rəyinə uyğun olaraq test tapşırıqlarında imtahan nəticəsinə təsir göstərə biləcək səhvlərin olmadığı barədə qərar qəbul etmişdir. İddiaçı imtina cavabını qanunsuz hesab edir. Belə ki, iddiaçının yanlış cavab verdiyi sualların nömrəsi (və ya mətni), həmin suallarda hansı cavab variantının doğru olması elektron kabinetində yerləşdirilməmiş və cavab məktubunda da iddiaçıya təqdim edilməmişdir. Bundan əlavə cavab məktubunda sualların yanlış olub-olmaması barədə iki qurumda (DİM və DGK) təkrar ekspertiza aparılması qeyd edilsə də, həmin ekspertizaların nəticəsi məktuba əlavə olunmamışdır. İddiaçı hesab edir ki, imtahanda təqdim olunmuş test tapşırıqlarının bir neçəsində onun imtahan nəticəsinə müsbət təsir edə biləcək yanlışlıqlar mövcud olmuşdur. Bu səbəbdən də hazırda Bakı İnzibati Məhkəməsinə müraciət edir.
3. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək gömrük orqanlarına xidmətə qəbulla əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilmiş test imtahanının C variantında verilmiş 96 nömrəli test tapşırığında iddiaçının qeyd etdiyi cavabın onun xeyrinə nəzərə alınması və iddiaçının yaş məhdudiyyəti nəzərə alınmadan müsabiqənin müsahibə mərhələsinə buraxılmağı vəzifəsinin Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunmuşdur ki, “hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən xüsusiyyətinə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın a) Baba b) Dost c) Düşmən d) Müştəri” Sualına iddiaçı “D) müştəri” cavabını doğru cavab olaraq qeyd etmişdir. Deməli iddiaçı müştəri cavabını digər cavablardan fərqli olduğunu sübut edə bilsə, suala düz cavab vermiş olacaq (digər növ məntiqə əsasən digər cavablar da düz ola bilsələr belə) və ona həmin suala görə 1 bal verilməlidir. İlk növbədə qeyd edir ki, “aşağıdakılardan fərqli olanı seç” sualının məntiqi həlli bütün cavabları hər hansı bir cəhətdən qiymətləndirilməli olduğu və həmin qiymətləndirilmə üsuluna görə 4 cavabdan 3-ü uyğunluq, yerdə qalan cavab isə fərqlilik təşkil etməlidir. Sualda qiymətləndirmə metodu müəyyən olunmadığından iddiaçı istənilən qiymətləndirmə metodunu seçə bilər. Bir şərt var: həmin metoda əsasən 4 cavabdan 3-ü uyğunluq, biri isə fərqlilik təşkil etməlidir. Cavablara nəzər yetirsək: baba, dost, düşmən, müştəri bu sözlər şəxslə müəyyən əlaqədə (münasibətdə) olan adamları (insanları) əks etdirir. Bu cəhət həmin cavabları birləşdirir. Elə bu cəhət üzrə də qiymətləndirməni aparaq. Diqqətlə cavablara nəzər yetirək: Baba (mənimlə babalıq münasibətində olan adam) mənimlə şəxsi əlaqədədir, yəni mənimlə mənim vəzifəmdən, işimdən, var-dövlətimdən, yaşayış yerimdən, maşınımın olub-olmamasından asılı olmayaraq babalıq münasibətində olan adamdır. Dost (dostluq münasibətində olan adam) mənimlə şəxsi əlaqədədir, yəni mənimlə mənim vəzifəmdən, işimdən, var-dövlətimdən, yaşayış yerimdən, maşınımın olub-olmamasından asılı olmayaraq münasibətdə olan adamdır; Düşmən (düşmənlik münasibətində olan adam) mənimlə şəxsi əlaqədədir, yəni mənimlə mənim vəzifəmdən, işimdən, var-dövlətimdən, yaşayış yerimdən, maşınımın olub-olmamasından asılı olmayaraq düşmənçilik münasibətində olan adamdır; Bu 3 növ şəxsi münasibətdən fərqli olaraq məsələn maşın ustası - mənim maşınımın olması ilə şərtlənir, şəxsi münasibət deyil. Qonşu – müəyyən yerdə yaşamaqla şərtlənir və s. 4-cü cavab - müştəri şəxsi deyil, mənimlə biznes münasibətində olan adamdır, mənim biznesimin, dükanımın, satmaq üçün malımın, göstərdiyim xidmətin olması ilə şərtlənir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçiriləsi qaydası Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydasf’na (bundan sonra - Qayda) uyğun olaraq həyata keçirilir (əlavə olunur). Qaydanın 1.1-ci bəndinə əsasən bu qayda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabrtarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”yə uyğun olaraq, gömrük orqanlarına xidmətə qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin keçirilməs: qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndində qeyd olunur ki, hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Qaydanın 3.1-ci bəndinə əsasən namizədlərin müsabiqəyə buraxılması, müsabiqənin şəffaf üsullarla keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunur və ictimaiyyətə çatdırılır. Komitənin 13 dekabr 2022-ci il tarixli 1000/284 nömrəli Sərəncamı ilə təsdiq edilmiş gömrük orqanlarına xidmətə müsabiqə vasitəsilə qəbul qaydaları haqqında Təlimat”ın bundan sonra - Təlimat) 1.1 -ci bəndinə əsasən bu Təlimat Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 11-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən hazırlanmışdır və gömrük orqanlarında xidmətə müsabiqə vasitəsilə qəbul, o cümlədən müsabiqənin təşkili, elan edilməsi və keçirilməsi, müsabiqənin nəticələrinə dair müvafiq qərarın qəbul edilməsi və müsabiqənin keçirilməsinə dair digər məsələləri tənzimləyir (əlavə olunur). Təlimatın 5.2-ci bəndinə əsasən gömrük orqanlarında xidmətə qəbul məqsədilə keçirilən test imtahanını test tapşırıqları ilə təmin etmək üçün konfidensiallıq qorunmaqla test bankı (bundan sonra-Test Bankı) formalaşdırılır. Təlimatın 5.8-ci bəndinə əsasən test tapşırıqlarının hazırlanması, ekspertizası, saxlanılması və istifadəsi zamanı onların konfidensiallığı Komitə və bu prosesə cəlb edilmiş digər şəxslər tərəfindən təmin edilir. Eyni zamanda sözügedən Təlimatın https://customs.qov.az/az/komite/xidmete-qebul ünvanını vasitəsilə əldə edilməsinin mümkünlüyünü də məhkəmənin diqqətinə çatdırır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatlar, habelə peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri konfidensial informasiya hesab olunur. Qeyd olunanları nəzərə alaraq iş üzrə məhkəmənin müvafiq sərəncamının 2-ci hissəsinə münasibətdə məhkəmənin diqqətinə çatdırır ki, konfidensiallığın qorunmasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclasında Komitənin səlahiyyətli nümayəndəsi tərəfindən sorğu edilən konfidensial sənədlər, məlumatlar və digər sübutlar məhkəməyə şəxsən təqdim ediləcəkdir. İddiaya münasibətdə bildirilmişdir ki, vətəndaşın inzibati qaydada müraciətinə ünvanlanmış cavab məktubunda qeyd edildiyi kimi Komitə xidmətə qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı mərhələsində istifadə edilən məntiqi təfəkkürün və Azərbaycanda baş verən mühüm tarixi hadisələrə dair dünyagörüşünün yoxlanılması üzrə test tapşırıqlarının yanlış olması barədə müvafiq araşdırma aparmışdır. Aparılmış araşdırma zamanı test tapşırıqlarının hazırlanması və ekspertizası üzrə ixtisaslaşmış qurum olan X5 də rəyi öyrənilmiş, həmin rəydə imtahan suallarının tərtibində səhv olmadığı bildirilmişdir. Bununla yanaşı obyektivliyin təmin edilməsi məqsədilə Komitənin Apellyasiya Komissiyası tərəfindən istər gömrük qanunvericiliyinə aid suallar üzrə, istərsə də qeyd olunan test tapşırıqlarının yenidən ekspertizasının keçirilməsi təşkil edilmiş, təkrar ekspertizanın rəyinə uyğun olaraq Apellyasiya Komissiyası müraciətdə qeyd olunan test tapşırıqlarında imtahan nəticəsinə təsir göstərə biləcək səhvlərin olmadığı barədə qərar qəbul etmişdir (25 yanvar 2023-cü il tarixli 01 nömrəli Protokol). Qanunçuluq, obyektivlik, qərəzsizlik, müstəqillik, bərabərlik, şəffaflıq və aşkarlıq, eləcə də peşəkarlıq prinsiplərinə riayət edilməsi Komitə tərəfindən gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar keçirilən müsabiqənin nə qədər şəffaf keçirilməsinin təzahürü və bariz nümunəsidir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq Komitə hesab edir ki, İddiaçı hazırki iş üzrə iddiası şəxsi mülahizələrə əsaslanan əsassız iddiadır və təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-AR İPM) 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəfindən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Odur ki, iddia tələbinin təmin olunmaması xahiş olunur.
6. Dövlət Gömrük Komitəsində xidmətə qəbul üzrə müsabiqənin xx.xx.2022-ci il tarixdə keçirilən test imtahanı mərhələsi ilə bağlı iddiaçının cavabdeh Dövlət Gömrük Komitəsinə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Dövlət Gömrük Komitəsində xidmətə qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı mərhələsində istifadə edilən məntiqi təfəkkürün və Azərbaycanda baş verən mühüm tarixi hadisələrə dair dünyagörüşünün yoxlanılması üzrə test tapşırıqlarının yanlış olması barədə müraciəti Dövlət Gömrük Komitəsində araşdırılmışdır. Araşdırma zamanı test tapşırıqlarının hazırlanması və ekspertizası üzrə ixtisaslaşmış qurum olan X5 rəyi öyrənilmişdir. X7 tərəfindən təqdim edilmiş rəydə imtahan suallarının tərtibində səhv olmadığı bildirilmişdir. Eyni zamanda Apellyasiya Komissiyası tərəfindən qeyd olunan test tapşırıqlarının yenidən ekspertizasının keçirilməsi təşkil edilmişdir. X5 və aparılmış təkrar ekspertizanın rəyinə uyğun olaraq Apellyasiya Komissiyası müraciətdə qeyd olunan test tapşırıqlarında imtahan nəticəsinə təsir göstərə biləcək səhvlərin olmadığı barədə qəbul etmişdir. Əlavə olaraq bildirilmişdir ki, müraciətinə uyğun olaraq gömrük qanunvericiliyinə aid suallar da Apellyasiya Komissiyasında araşdırılmış və müraciətində qeyd etdiyi test tapşırıqlarının yenidən ekspertizasının keçirilməsi təşkil edilmişdir. Aparılmış təkrar ekspertizanın rəyinə uyğun olaraq Apellyasiya Komissiyası müraciətdə qeyd olunan test tapşırıqlarında səhvlərin olmadığı barədə qərar qəbul etmişdir.
7. Məntiqi təfəkkürün və Azərbaycanda baş verən mühüm tarixi hadisələrə dair dünyagörüşünün yoxlanılması üzrə test tapşırığına dair cavabdeh tərəfindən Azərbaycan Respublikası X5 yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin magistratura və ali təhsil üzrə digər imtahanlar sektorunun baş məsləhətçisi Rövşən Əsədov tərəfindən təqdim edilmiş rəydə qeyd edilir ki, imtahan zamanı namizədə təqdim edilmiş test tapşırığı aşağıdakı kimi olmuşdur: “Hərf sırası pozulmuş beş sözdən dördü müəyyən xüsusiyyətinə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın. A) abba B) sodt C) mənşüd D) təmüşri” Bu test tapşırığının şərtindəki “beş sözdən dördü” ifadəsi DİM-in bankında da belədir. Çünki DİM-in test bankında məntiqi təfəkkürü yoxlayan test tapşırıqlarının hər birinin 5 (beş) cavab variantı vardır (Adı hallanan test tapşırığının 5-ci cavab variantında rəqib sözünün hərflərinin pozulmuş sırası verilmişdir). Gömrük orqanlarına qulluğa qəbulla əlaqədar keçirilən imtahanda isə test tapşırıqlarının hər birinin 4 (dörd) cavab variantı olmuşdur. Test tapşırığı imtahana hazırlananda cavab variantlarından biri silinməli və “beş sözdən dördü” ifadəsi “dörd sözdən üçü” ifadəsi ilə əvəzlənməli idi. Lakin texniki xəta nəticəsində ifadə dəyişilməmiş qalmışdır. Distraktorların (səhv cavab variantlarının) azalması testin mətnində göstərilmiş “Hərflərin sırasını düzəldərək fərqli sözün tapılmasını” tələb edən tapşırığın namizəd tərəfindən yerinə yetirilməsinə və düzgün cavabın tapılmasına təsir etmir. Test tapşırığının həlli aşağıdakı göstərilmişdir: Cavab variantlarındakı hərflərin sırası düzəldiləndə “A) baba (abba)”, "B) dost (sodt)”, “C) düşmən (mənşüd)” MƏ “D) müştəri (təmüşri)” sözləri alınır.
1. Baba sözündən fərqli olaraq dost, düşmən və müştərinin həmin sözlərini səsləndirən insanla genetik bağlılığı yoxdur. Dost, düşmən və müştəri istənilən anda statuslarını dəyişə bilərlər. Baba isə statusunu dəyişə bilmir.
2. Dost, düşmən və müştəri sözlərinin yazılışında qapalı hecalardan istifadə olunur. Baba sözünün yazılışında isə qapalı hecadan istifadə olunmur.
3. Dost, düşmən və müştəri sözlərinin yazılışında həm cingiltili, həm də kar samitlərdən istifadə olunub. Baba sözünün yazılışında isə yalnız çingiltili samitdən istifadə olunub.
8. Məhkəmə iclasında mütəxəssis qismində dindirilən X4 təqdim etdiyi rəyin məzmununa uyğun izahat verdi.
9. İddiaçının vəsatəsi əsasında cavabdehdən tələb olunmuş Apellyasiyasiya şurasının müraciətlərinin araşdırılması qaydalarını tənzimləyən sənədlərin surəti, xx.xx.2022-ci il tarixdə gömrük orqanlarına qəbulla əlaqədar keçirilmiş test imtahanında üzrə C variantı üzrə test tapşırıqlarının düzgün cavablarının siyahısı, İddiaçı sual kitabçasının və cavab kartının əsli məhkəməyə təqdim olunmuşdur.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.
12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”dən:
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir.
11. Vətəndaşların gömrük orqanlarında xidmətə qəbulu könüllülük prinsipi, müsabiqə və şəffaflıq əsasında həyata keçirilir. Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
15. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanından: 5.1. Komitənin aparatı, onun strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir 5.6. Sədr: 5.6.19. gömrük orqanlarına işə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir.
16. İddiaçı sözügedən test imtahanında 69 bal nəticə göstərmişdir. Onun test imtahanında göstərdiyi nəticə gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test tapşırığı mərhələsini uğurla keçmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid balından (70 bal) aşağı olduğu üçün test tapşırığını mərhələsini keçə bilməmişdir.
17. Odur ki, hazırkı iddia uğurlu olduğu təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradır, belə ki, o, gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test tapşırığı mərhələsindən uğurla keçə bilər. Bu isə onun üçün müsabiqənin müsahibə mərhələsində iştirak imkanı yaradacaqdır.
18. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 dekabr 2022-ci il tarixli 1000/284 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə müsabiqə vasitəsilə qəbul qaydaları haqqında” Təlimata əsasən: 5.1. Test imtahanında istifadə olunan test tapşırıqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na uyğun olaraq hazırlanır. 5.2. Gömrük orqanlarında xidmətə qəbul məqsədilə keçirilən test imtahanını test tapşırıqları ilə təmin etmək üçün konfidensiallıq qorunmaqla test bankı (bundan sonra-Test Bankı) formalaşdırılır. 5.3. Test bankına aid edilən test tapşırıqlarının aşağıdakı növləri var: 5.3.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 5.3.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 5.3.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 5.4. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 5.4.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 5.4.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 5.4.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 5.4.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 5.4.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.
20. Qeyd edilən şərtlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na uyğun hazırlanmışdır. Həmin Qaydalara əsasən: 2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X3 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. 2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. 2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.
21. Odur ki, məhkəmənin vəzifəsi test tapşırıqları üzrə cavabların təftişi deyil, yalnız test tapşırıqlarının qeyd edilən tələblərə uyğunluğunun yoxlanmasıdır.
22. Mübahisə gömrük orqanlarına xidmətə qəbulla əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında C variantı üzrə məntiqi təfəkkürün və Azərbaycanda baş verən mühüm tarixi hadisələrə dair dünyagörüşünün yoxlanılması aid olan 96 saylı test tapşırığı ilə bağlıdır.
23. Gömrük orqanlarına xidmətə qəbul üzrə C variantının 96-cı sualı: Hərf sırası pozulmuş beş sözdən dördü müəyyən xüsusiyyətinə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın. A) abba B) sodt C) mənşüd D) təmüşri
24. Məntiqi təfəkkürün və Azərbaycanda baş verən mühüm tarixi hadisələrə dair dünaygörüşünün yoxlanılması ilə bağlı 96-cı test tapşırığına dair məhkəmə qeyd edir ki, test tapşırığında qeyd olunan “fərqli olanı seç” şərtinə əsasən bütün cavablar hər hansı cəhətdən qiymətləndirilməli və həmin qiymətləndirilmə üsuluna görə 4 cavabdan 3-ü uyğunluq, biri isə fərqlilik təşkil etməlidir. Cavabdeh tərəfindən müvafiq test tapşırığının cavabının A variantı olmasına dair əsaslandırma təqdim olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən müvafiq test tapşırığın cavabının C olmasına dair məntiqi əsaslandırma təqdim olunmuşdur. İddiaçının əsaslandırılması test tapşırığının “şəxslə müəyyən əlaqədə (münasibətdə) olan adamları (insanları) birləşdirilməsindən” irəli gələn qiymətləndirmə ilə bağlıdır. Yəni iddiaçı bildirir ki, “baba, dost və düşmən”lə şəxsi münasibətlər, “müştəri” ilə digərlərindən fərqli olaraq olaraq xidməti münasibətlər mövcuddur, bu da onun fərqləndirici əlamətidir. Cavabdeh qurumun əsaslandırlması isə digərlərindən fərqli olaraq “baba”nın qohumluq münasibətləri ilə (genetik) bağlı olması ilə şərtlənir. Lakin məhkəmə hesab edir ki, cavabdehin, eləcə də mütəxəssisin dəlilləri iddiaçı tərəfindən təqdim edilən əsaslandırmanın yanlış olması və ya məntiqi təfəkkürə uyğun olmamasını istisma etmir. Odur ki, konkret halda test tapşırığının cavabları dəqiq və birmənalı deyil. Belə ki, qeyd edildiyi kimi iddiaçı tərəfindən seçilmiş cavabın da məntiqi əsaslandırlması təkzib edilə və ya yanlış olduğu iddia edilə bilməz.
25. Odur ki, sualın şərti və cavabları qeyd edilən şəkildə qoyulduğu təqdirdə həmin cavabın yanlış qiymətləndirilməsi yuxarıda qeyd edilən qaydaların 5.4.5-ci bəndinə əsasən test tapşırığının şərti və cavablarının dəqiq, aydın və birmənalı olması tələbinə uyğun deyildir.
26. İddiaçı test tapşırığı üzrə cavabını əsaslandırdığından iddia tələbinin təmini üçün zəruri faktiki şərtləri sübut etmişdir.
27. Odur ki, qeyd edilən test tapşırığının cavabı iddiaçının xeyrinə nəzərə alındığı təqdirdə, o, minimum keçid balını (70) toplamaqla (hazırda 69 bal toplayıb) müsabiqənin növbəti müsahibə mərhələsinə keçid hüququ əldə etmiş olur və bu zaman yaş məhdudiyyəti ondan asılı olmayan səbəblərdən ötürülmüş olur.
28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Gömrük orqanlarına xidmətə qəbulla əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilmiş test imtahanının C variantında verilmiş 96 nömrəli test tapşırığında İddiaçı qeyd etdiyi cavabın onun xeyrinə nəzərə alınması və yaş məhdudiyyəti nəzərə alınmadan müsabiqənin müsahibə mərhələsinə buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva