Məhkəmə qərarları › İş №e-2-1(112)-7750/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7750/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7750/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı X7, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazə müddətinin 2 il müddətinə uzadılması və bu barədə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında qərarın ləğv edilməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərarın ləğv edilməsi; müvəqqəti yaşamaq üçün icazə müddətinin 2 il müddətinə uzadılması və bu barədə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təqdim edilməsi” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, İran İslam Respublikasının vətəndaşı, 97171684 nömrəli pasporta malik olan iddiaçı xx.xx.2021-ci il tarixdə müvəqqəti yaşamaq üçün icazə almışdır və icazənin etibarlılıq müddəti xx.xx.2022-ci il olmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı, X14 ilə nikaha daxil olmuşdur. Bundan sonra o, müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. İmtina Qərarı 2 hissədən ibarət olmaqla 2 ayrı-ayrı maddi hüquqi məsələni nəzərdə tutmuşdur: Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması; Əcnəbinin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması. İmtina Qərarının (i) hissəsinin faktiki əsası ondan ibarət olmuşdur ki, İddiaçı müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olmuşdur. İmtina Qərarının (i) hissəsinin maddi hüquqi əsası isə Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsi. (Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə) olmuşdur. İmtina Qərarının (ii) hissəsinə əsasən İddiaçının üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. İddiaçı həmin qərarı xx.xx.2023-cü il tarixdə əldə etmişdir. “İnzibati icraat haqqında" Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan hüquqi qüvvəyə minir. Həmin Qanunun 48.2-ci maddəsinə əsasən müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən sonrakı gündən başlanır. Bu o deməkdir ki, İddiaçının 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyinin icrası müddətinin axımı xx.xx.2023-cü il tarixdən başlanmış sayılır və xx.xx.2023-cü il tarix həmin öhdəliyin icrasının son günüdür. Bu səbəbdən Ərizəni xx.xx.2023-cü il tarix saat 00:00 radəsinədək Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmalıdır. Aşağıdakı səbəblərə görə hesab edirik ki, İmtina Qərarı ləğv edilməli, müvəqqəti yaşamaq üçün icazənin müddətinin 2 il müddətinə uzadılması və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təqdim edilməsi vəzifəsi Cavabdehin üzərinə qoyulmalıdır. İmtina Qərarı əsaslandırılmamışdır. Belə ki, ilk növbədə bildiririk ki, inzibati akt hesab edilən İmtina Qərarı əsaslandırılmamışdır. Belə ki, “İnzibati icraat haqqında" Qanunun 61.1, 61.2 və 61.4-cü maddələrinə görə inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İmtina Qərarından isə göründüyü kimi, İddiaçının müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olması barədə nəticənin hansı dəlillərə (izahat və ya digər mötəbər sübutlara) əsaslanması təsvir edilməmiş, hətta qeyd edilən əsassız faktiki halın hansı hüquqi hala əsaslandığı izah edilməmişdir. X15 maddi hüquqi əsası kimi istinad edilən Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsindəki müddəa müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olmasını nəzərdə tutmur. İcazə almaq məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olması əsası Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməməsi, icazə müddətinin uzadılmaması, habelə əvvəl verilmiş icazənin ləğv edilməsi əsası kimi təsbit edilməmişdir. Həmin müddəa aşağıdakı 2 hüquqi halı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməməsi, icazə müddətinin uzadılmaması, habelə əvvəl verilmiş icazənin ləğv edilməsi əsası kimi təsbit edir: müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər təqdim edilməsi; müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə yalan məlumatlar təqdim edilməsi. Saxta sənəd dedikdə, yalan məlumat daxil edilmiş, habelə həqiqi məzmununu təhrif edən düzəlişlər edilmiş sənəd başa düşülür. Yalan məlumat dedikdə isə, həqiqətə uyğun olmayan məlumat başa düşülür. xx.xx.2023-cü il tarixli 547475 nömrəli nikah haqqında şəhadətnaməyə yalan məlumat daxil edilməmiş, həm arvad, həm də ər haqqında məlumatlar həqiqətə uyğun olmuş, həmin sənədin məzmununu təhrif edən düzəlişlər edilməmiş, habelə hər hansı bir həqiqətə uyğun olmayan məlumat Cavabdehə təqdim edilməmişdir ki, Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsindəki hallar meydana gəlsin. Nikah haqqında şəhadətnamənin mötəbərliyi prezumpsiyası mövcuddur və inzibati orqan öz mülahizəsinə əsaslanaraq müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılmasından imtina edə bilməzdi. Bundan başqa, inzibati orqan iddiaçının nikaha daxil olması səbəbini Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması məqsədi ilə olmasını öz mülahizəsinə əsasən heç bir sübutedici fakt olmadan qiymətləndirmişdir. Halbuki "İnzibati icraat haqqında" Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin, həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2019-cu il tarixli 2-1(104)-433/2019 nömrəli qərarı ilə formalaşmış təcrübəsinə əsasən də fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cinayət Məcəlləsinin 313-cü maddəsində saxtakarlığın və saxta sənədin terminin anlayışı verilmişdir. Habelə sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Əsl həqiqətdə, iddiaçı X14 ilə könüllü nikaha daxil olmuşdur və onların ailəsi qarşılıqlı məhəbbət, dostluq və hörmət hissləri əsasında qurulmuşdur. Bütün bunlar ona işarə edir ki, cavabdeh tərəfindən miqrasiya qanunvericiliyinin maddi normaları düzgün tətbiq edilməmiş və səhv hüquqi əsaslandırma (tövsif) həyata keçirilmiş, nəticədə qanunsuz və əsassız imtina qərarı qəbul edilmişdir. “İnzibati icraat haqqında" Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, imtina qərarı ləğv edilməlidir. İddiaya verməli olan inzibati orqan Dövlət Miqrasiya Xidmətidir. Bununla yanaşı, müvəqqəti yaşamaq üçün icazənin müddətinin 2 il müddətinə uzadılması və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təqdim edilməsi vəzifəsi Cavabdehin (Dövlət Miqrasiya Xidmətinin) üzərinə qoyulmalıdır. Belə ki, Miqrasiya Məcəlləsinin 44.2-ci maddəsinə əsasən əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən, əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər. “Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" xx.xx.2013-cü il tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin xx.xx.2013-cü il tarixli 938 nömrəli Fərmanının 5.4-cü bəndinə əsasən həmin Məcəllənin 44.2 və 44.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqan"ının səlahiyyətlərini Dövlət Miqrasiya Xidməti həyata keçirir. Odur ki, iddiaya cavab verməli olan inzibati orqan kimi Dövlət Miqrasiya Xidmətinin üzərinə müvəqqəti yaşamaq üçün icazənin müddətinin 2 il müddətinə uzadılması və bu barədə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təqdim edilməsi vəzifəsi qoyulmalıdır. İmtina Qərarının (ii) hissəsini təşkil edən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma barədə qərar ləğv edilməlidir. Qeyd edilənlərdən başqa, imtina qərarında Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma barədə öhdəlik İddiaçının üzərinə qoyulsa da, həmin qərar da heç bir dəlillə əsaslandırılmamışdır. Halbuki, Miqrasiya Məcəlləsinin 79.6-cı maddəsinə əsasən kənara çıxarma haqqında qərarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması əsaslandırılmalıdır. Həmin Məcəllənin 79.8-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Bu səbəbdən imtina qərarının Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma hissəsi də ləğv edilməlidir. MYİ seriyalı ******* saylı xx.xx.2021-ci il tarixli icazə vəsiqəsindən görünür ki, X8 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir (etibarlıdır: xx.xx.2022-ci il tarixədək). AZ-İİ seriyalı 547475 saylı xx.xx.2023-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X12 və X14 ilə xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İran İslam Respublikası vətəndaşı N97171684 nömrəli pasporta malik olan Malakoutipour Masoudun 12 fevral 2023-cü il tarixli müraciəti təmin edilməmiş və onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; xx.xx.2015-ci il) əsasən Bakı şəhəri Nərimanov rayonu X18 prospekti ev 98A mənzil 54 X3 xüsusi mülkiyyətindədir. **********254 saylı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X1 Masoud Esmaeilin Bakı şəhəri Nərimanov rayonu X18 prospekti ev 98A mənzil 54 ünvanına qeydiyyata alınmasına etiraz etməmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 021956 saylı 2020-ci il tarixli şəhadətnamədən görünür ki, X12 X17 Universiteti tərəfindən verilmiş ali təhsil haqqında 7552 saylı diplom ilə bədən tərbiyəsi və idmanda reabilitasiya fakültəsinin fiziki reabilitasiya üzrə mütəxəssis ixtisasını əldə etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/7-13-1024/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş X12 ilə X11 barəsində Bakı şəhəri üzrə “X10 X2 Sistemi’’ndəki məlumatlar yoxlanılmış və nikahın qüvvədə olmaması haqqında məlumatlar aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, bir neçə ildir ki, Azərbaycan Respublikası ərazisində, Bakı şəhərində yaşayır. Onun 2022-ci ilin dekabr ayının 22-dək Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olmuş, həmin icazə onun bu ölkədə işləməsi ilə əlaqədar cavabdeh tərəfindən verilmişdir. Ötən ilin dekabr ayında onun müvəqqəti yaşamaq üçün icazə müddəti bitdiyindən və daimi iş yeri olmadığından müvəqqəti yaşamaq üçün icazə müddətini uzada bilmədiyindən, uzun müddətdir qeyrirəsmi ailə münasibətlərində olduğu, lakin eyni evlərdə yaşamadığı və birgə təsərrüfat aparmadığı X14 ilə xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşdur. Hazırda Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikah münasibətlərindədir, nikahları saxta deyil, burada işləyir və ölkəni tərk etmək istəmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək onun Azərbaycan Respublikasının Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsini, yəni özünün xeyrinə əlverişli inzibati aktın qəbul olunmasını xahiş etmiş, lakin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarla onun müraciətin təmin edilməməsi, iddiaçının 10 gün müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulması qərara alınmışdır. Hazırkı iddia ərizəsində iddiaçı həmin qərarın ləğv olunmasını və müvəqqəti yaşamaq üçün icazənin 2 (iki) il uzadılması və bu barədə vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı bu iddia vasitəsilə həm ərizəsini rədd edən qərarın ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə növündə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən: 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): [46] 45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; 48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. 48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. 48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. 48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 76.3. Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı İran İslam Respublikasının vətəndaşıdır, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 68-ci maddəsinə əsasən: 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı məhz 2021-ci ildə bəyan etdiyi məqsədə uyğun ona verilmiş ölkədə müvəqqəti yaşamaq barədə icazəsinin müddəti bitdiyi üçün, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə nikaha daxil olmuş, cavabdeh inzibati orqan onun müraciəti ilə əlaqədar hərəkətsizlik göstərməmiş, qanunamüvafiq inzibati araşdırma aparılmış, həmin araşdırma materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməməsi (müddəti uzadılmaması), əvvəl verilmiş icazə isə ləğv edilməsi nəzərdə tutulduğundan, şəxsin barəsində cavabdeh tərəfindən verilmiş imtina qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “cavabdehin xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərarın ləğv edilməsi; müvəqqəti yaşamaq üçün icazə müddətinin 2 il müddətinə uzadılması və bu barədə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təqdim edilməsi” tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar