Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7765/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “əldən çıxmış fayda kimi maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı qanuni təmsilçisi X2 və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “əldən çıxmış fayda kimi maddi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MKM) cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (bundan sonra mətndə Bakı şəhər İH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 167.911 (bir yüz altmış yeddi min doqquz yüz on bir) manat məbləğində əldən çıxmış fayda kimi maddi zərərin və 300 (üç yüz) manat vəkil xərcinin İddiaçı MKMya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 41 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun altındakı torpaq sahəsi Seriya MA № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı MKM-ya məxsusdur. xx.xx.2009-cu il tarixdən həmin daşınmaz əmlak iddiaçıya hər hansı bir kompensasiya ödənilmədən hasara alınmış və iddiaçı mülkiyyətində olan əmlaka daxil ola bilməmişdir. Məsələ ilə bağlı iddiaçının qanuni təmsilçisi bir neçə quruma, o cümlədən cavabdehə müraciət etmişdir. Nəhayət ki, cavabdeh qurum 26 noyabr 2010-cu il tarixli məktubu ilə iddiaçıya məxsus əmlakın xx.xx.2009-cu il tarixdən kompensasiya ödənilmədən sonuncunun sərəncamından alındığını etiraf edərək, həmin əmlakın yerləşdiyi torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 273 saylı sərəncamı ilə tikinti işlərinin aparılması məqsədilə "xxxx" MTK-ya verilməsini bildirmişdir. Həmçinin cavabdeh qurum köçürülmənin (kompensasiyanın ödənilməsi daxil olmaqla) məhz "xxxx" MTK tərəfindən aparılmalı olduğunu qeyd etmişdir. İddiaçı üç il ərzində "xxxx" MTK-dan ona məxsus əmlaka dair kompensasiyanın alınması ilə bağlı mücadələ aparsa da, müxtəlif qurumlara çoxsaylı şikayətləri hər hansı bir nəticə verməmişdir. Nəticədə iddiaçı məcbur qalaraq 2013-cü il tarixdə "xxxx" MTK-ya qarşı pul tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müracət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etsə də (№ 2iqt (81)-2424/2013 saylı, 29 noyabr 2013-cü il tarixli qətnamə), illərlə sürən məhkəmə çəkişmələri nəticəsində həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən o əsasla rədd edilmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak "xxxx" MTK tərəfindən deyil, məhz cavabdeh tərəfindən sökülmüşdür. Nəticədə iddiaçı Bakı İnzibati Məhkəməsinə Bakı şəhər İH-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin iş № 2-1(112)-457/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 (bir yüz iyirmi üç min) manat kompensasiyanın “Əlioğlu” kiçik müəssisəsinə ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhər İH-nin üzərinə qoyulması qət edilmişdir. Yuxarıda göstərilən bütün hallar həmin qərarda öz əksini tapmışdır. Sözügedən qərar qanuni qüvvəyə minmiş və 31 yanvar 2024-cü il tarixdə icra edilmişdir. Qeyd edək ki, iddiaçı sözügedən məhkəmə prosesində cavabdehdən yalnız sökülmüş əmlakın bazar dəyərini istəmiş, onun əldən çıxmış fayda qismində vurulan maddi ziyanı tələb etmək kimi hüququnun olduğunu bilməmişdir. Odur ki, hazırda iddiaçı sözügedən hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət edir. İddiaçı bununla bağlı cavabdeh quruma müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. İşin faktiki hallarından müəyyən edilir ki, xx.xx.2009-cu il tarixdən iddiaçının əmlakı cavabdeh tərəfindən birtərəfli qaydada götürülmüş, lakin kompensasiya yalnız 31 yanvar 2024-cü il tarixdə ödənilmişdir. Halbuki, iddiaçı ədalətli kompensasiya almadan mülkiyyət hüququndan məhrum edilə bilməz idi. İddiaçı vaxtında almış olduğu kompensasiyanı mülki dövriyədə istifadə edərək qazqanc əldə edə bilərdi, yaxud da kompensasiya ödənilməyənə qədər ona məxsus əmlakı kirayə verə bilərdi. Beləliklə, cavabdeh iddiaçıya xx.xx.2009-cu il tarixdən -31 yanvar 2024-cü il tarixə qədər olan müddət üçün (iddiaçıya qanunsuz qaydada əlindən alınmış daşınmaz əmlaka dair kompensasiyanın ödənilməməsini əhatə edən müddətdir ki, həmin müddət ərzində iddiaçıya məxsus əmlak ondan alına bilməzdi və o, bu müddət ərzində əmlakını kirayə verə bilərdi) əldən çıxmış fayda qismində maddi zərəri ödəməlidir. "xxxx" MMC tərəfindən verilmiş № MB-17/0156 saylı Qiymətləndirmə Hesabatına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 41 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması (əmlakın kirayə verilməsinin mümkün olmaması) nəticəsində 01 dekabr 2009-31 yanvar 2024-cü il ərzində əldən çıxmış faydanın hesablanmış həcmi 167.911 manat təşkil edir. Qeyd edək ki, hər ay üzrə sözügedən əmlakın kirayə haqqına dair cədvəl hesabatda öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı şəhər İH-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MKM-nin qanuni təmsilçisi X3 və nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İPM-in 39.1-ci maddəsinə görə, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçı hazırki iddia ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 2- 1(112)-457/2023 saylı Qərarından görünür ki; - iddiaçı “Əlioğlu” KM cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən, torpağı da özəlləşdirilmiş qeyri-yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 (bir yüz iyirmi üç min) manat kompensasiyanın “Əlioğlu” KM-yə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. - 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2iqt(81)-2424/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə “Əlioğlu” KM-nin iddiası qismən təmin edilərək cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə 123.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2iqt(81)-2424/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi və cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə 123.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə göstərilmişdir ki, “Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını, habelə ekspert rəylərini müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 397 saylı sərəncamı ilə Nəsimi rayonu Füzuli və Mərdanov qardaşları küçələrinin kəsişdiyi ərazidə “SKS Tradinq İndustrial” müəssiəsinə yaşayış binasının tikintisinə icazə verilmiş, ərazidə yerləşən qeyri- yaşayış sahələrinin sökülməsinin "SKS Tradinq İndustrial" müəssiəsinin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Daha sonra, Bakı Şəhərinin Baş Planına uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 273 saylı sərəncamı ilə Nəsimi rayonu Füzuli küçəsi 307-ci məhəllədə "SKS Tradinq İndustrial" müəssiəsinə ayrılmış torpaq sahəsinə əlavə olaraq 0,43 ha ərazi yaşayış binalarının tikintisi üçün cavabdehin istifadəsinə verilmiş və həmin sərəncamın 1.1-ci bəndi ilə ərazidə yerləşən fərdi yaşayış və qeyri yaşayış tikililərinin sökülməsi cavabdehə həvalə edilmişdir. Bu məqsədlə cavabdehə Bakı şəhəri İcra Hakimiyyətinin struktur vahidi olan Bakı şəhər Baş Memarlıq və Şəhərsalma İdarəsindən 27 fevral 2007-ci il tarixli, sonradan isə də 29 iyun 2010-cu il tarixli dəqiqləşdirilmiş ayrıc aktları təqdim olunmuşdur. Cavabdeh sərəncamdan irəli gələn vəzifələrini yerinə yetirmək üçün ilk ayrıc aktı üzrə hasarlama işləri aparmış və vəsaiti hesabına həmin əraziyə düşən qeyri-yaşayış sahələrinin köçürülməsi üçün danışıqlara başlamışdır. Bu zaman iddiaçının hazırda mübahisləndirdiyi qeyri-yaşayış sahəsi həmin ayrıc aktının hüdudları daxilində olmuşdur. İddiaçının hazırda mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin cavabdehə təqdim olunmuş 29 iyun 2010-cu il tarixli dəqiqləşdirilmiş ayrıc aktı ilə ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda qalması iş materialları ilə sübut olunduğundan iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılmamış və nəticədə cavabdehin hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir.” (Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi 9-cu səhifənin ikinci abzası) - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-375/2014 saylı xx.xx.2014cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda göstərilmişdir ki, “Hazırkı halda, Bakı şəhər İcra Hakimiyyəti sərəncam verərkən iş üzrə iddiaçının mülkiyyət hüquqlarına müdaxilə etmişdir. Buradan, cavabdeh "xxxx" MTK-ya qarşı irəli sürülmüş tələbin təmin olunmaması ayrıca icraatda hazırkı iş üzrə 3-cü şəxsə qarşı tələb irəli sürülməsinə səbəb ola bilər”. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-375/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı 3-cü səhifənin aşağıdan birinci abzasının son iki cümləsi). Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 2-1(112)-457/2023 saylı qərarından müəyyən olunur ki, qeyd olunan qərarla ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 (bir yüz iyirmi üç min) manat kompensasiyanın İddiaçı KM-yə ödənilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən qərar qanuni qüvvəyə minmiş və 31 yanvar 2024-cü il tarixdə icra edilmişdir. "xxxx" ASC-nin və "xxxx" ASC-nin ödəniş qəbzlərindən müəyyən olunur ki, qeyd olunan məbləğ İddiaçı KM-yə 31 yanvar 2024 və 23 fevral 2024-cü il tarixlərdə tam ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. .... 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. ... Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: Maddə 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi. Maddə 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. ... Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. ... Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur “İnzibati icraat haqqında” Qanun Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi 167.911 (bir yüz altmış yeddi min doqquz yüz on bir) manat məbləğində əldən çıxmış fayda kimi maddi zərərin və 300 (üç yüz) manat vəkil xərcinin İddiaçı MKM-ya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İH-nin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İlkin olaraq məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd olunan normaların məzmununa görə, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə, həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Həmçinin qeyd edilməlidir ki, “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar). Bundan başqa, məhkəmə qeyd edir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır. Belə ki, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir. Məhkəmə vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir. Eyni zamanda, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən zərər dedikdə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Başqa sözlə desək, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 3) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 41 ünvanda yerləşən ümumi ölçüsü 7.93 kv.m olan qeyri-yaşayış binası və həmin əmlakın yerləşdiyi 0.001292 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq iddiaçı “Əlioğlu” KM-yə məxsus olmuşdur. xx.xx.2009-cu il tarixdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hasara alındığı üçün sonuncunun qanuni nümayəndəsi X4 tərəfindən cavabdeh Bakı şəhər İH-yə müraciət olunaraq zəruri tədbirlərin görülməsi xahiş edilmiş, daha sonra isə İddiaçı KM cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 (bir yüz iyirmi üç min) manat kompensasiyanın “Əlioğlu” KM-yə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş və məhkəmə qərarı əsasında həmin məbləğ 2024-cü ildə ödənilmişdir. İddiaçı 167.911 (bir yüz altmış yeddi min doqquz yüz on bir) manat məbləğində əldən çıxmış fayda kimi maddi zərərin cavabdehən tutularaq ona ödənilməsini tələb edərkən, qeyd olunan məbləğdə maddi zərərinin xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi yarandığına istinad etmişdir. Məhkəmə isə qeyd edir ki, iş materilları ilə müəyyən olunur ki, iddiaçı ilk dəfə 2013cü ildə xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərarı ilə iddiası təmin edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2iqt (81 )-2424/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi və cavabdeh "xxxx" MTKdan iddiaçının xeyrinə 123.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 2-2(102)- 375/2014 saylı xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir: “Hazırkı halda, Bakı şəhər İcra Hakimiyyəti sərəncam verərkən iş üzrə iddiaçının mülkiyyət hüquqlarına müdaxilə etmişdir. Buradan, cavabdeh "xxxx" MTK-ya qarşı irəli sürülmüş tələbin təmin olunmaması ayrıca icraatda hazırkı iş üzrə 3-cü şəxsə qarşı tələb irəli sürülməsinə səbəb ola bilər.” Belə ki, kassasiya instansiyası tərəfindən sözügedən "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulmalı olan 123.000 manat məbləğin hazır ki iş üzrə cavabdeh Bakı şəhər İHdən tələb edilməsinin mümkünlüyü izah olunmuşdur. Lakin iddiaçı isə həmin qərarlarla bağlı hüquqi müdafiə vasitələrini tükətməmiş və bu hüququndan isə 9 il keçdikdən sonra daha dəqiq desək, 2023-cü ildə Bakı İnzibati Məhkəməsinə müraciət edərək istifadə etmiş, iddia tələbi təmin edilmiş və eyni zamanda iş üzrə cavabdeh tərəfindən məhkəmənin müvafiq qərarı icra olunaraq, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 41 ünvanda yerləşən ümumi ölçüsü 7.93 kv.m olan qeyriyaşayış binasının sökülməsi sökülməsinə dair alınma dövrünə uyğun olaraq müəyyən edilmiş 123.000 manat məbləğin kompensasiya şəkilində ödənilmişdir. Yekun olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi iddiaçının iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçının hüquqlarına qanunsuz müdaxilə edilmişdir. Bu konteksdə isə nəzərə alınmalıdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunmaqla Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 41 ünvanda yerləşən ümumi ölçüsü 7.93 kv.m olan qeyri-yaşayış binasının sökülməsinə dair alınma dövrünə uyğun olaraq müəyyən edilmiş 123.000 manat məbləğin kompensasiya şəkilində ödənilməsi sonuncunun xüsusi mülkiyyət hüququnun pozulmasını istisna edir. Belə olan halda isə mövcud olmayan əsasa görə əldən çıxmış faydanın tələb edilməsi əsaslı sayıla bilməz. Bundan başqa, iddiaçı hüquqi xidmət haqqı kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. İPM-nin: 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. 109-cü maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Hazırda iddiaçı tərəfindən verilmiş əldən çıxmış faydanın tələb edilməsi ilə bağlı iddia təmin olunmadığından, məhkəmə hesab edir ki, iddia hüquqi xidmət haqqı ilə bağlı xərclərin cavabdehdən tutulması hissəsində də təmin olunmamalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “əldən çıxmış fayda kimi maddi zərərin ödənilməsi və s.” barədə iddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-7765/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7765/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver