Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7770/2024 29.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Fərzəliyeva (Seyidova) Dilşadxanım Mirtağı qızının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X9 “Bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 oğlunun iştirakı ilə, iddiaçı Fərzəliyeva (Seyidova) Dilşadxanım Mirtağı qızının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə inzibati işə 29 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 730 № li Sərəncamı ilə X1 (bundan sonra – iddiaçı), Vişniyovka 1 bağlar sahəsindən 13 nömrəli BTK-ya aid torpaq sahəsi ayrılmışdır. 13 № li BTK tərəfindən torpaq sahəsinə dair iddiaçının adına 86 №-li order verilmiş və həmin orderdə bağın nömrəsi 1711B, bağın sahəsi 0,12 ha göstərilmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdə X6 ilə rəsmi nikah daxil olmuş, nikahdan sonra iddiaçıya Fərzəliyeva soyadı verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 6.03.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, göstərilən torpaq sahəsinin nömrəsi X2 dair yerləşmə sxemində əksini tapmamışdır. Bundan əlavə, İdarənin arxiv məlumatına əsasən, eyni X3 (BTK) nəzdində eyni bağ nömrəsinə dair digər fiziki şəxsin adına order mövcuddur. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vişniyovka 1 bağlar sahəsində, 13 nömrəli BTK-ya aid, ümumi sahəsi 0,12 ha olan 1711B nömrəli bağ sahəsinə dair Fərzəliyeva (Seyidova) Dilşadxanım Mirtağı qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin bağ sahəsinə dair ona, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, bağ sahəsinin ona ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli Arxiv arayışı və bağ sahəsinin yerləşmə xəritəsi təqdim digər sənədlərlə birlikdə cavabdehə edilməsinə baxmayaraq, yenə də, hüquqları dövlət qeydiyyatına alınamışdır. Halbu ki, bağ sahəsi ayrılan vaxtdan bugünədək fasiləsiz və etirazsız olaraq onun qanuni istifadəsindədir və o, qeyd edilən bağ sahəsində tikdirdiyi evdə yaşayır. Üçüncü şəxs X9 və onun həyat yoldaşı X10 notarial qaydada ərizə verərək göstərmişlər ki, qeyd edilən torpaq sahəsi onların razılığı əsasında iddiaçının adına keçirilmiş, həmin vaxtdan bugünədək fasiləsiz və etirazsız olaraq həmin bağ sahəsi iddiaçının qanuni istifadəsindədir və qeyd edilən bağ sahəsində tikdirdiyi evdə yaşayır. Üçüncü şəxsin və ailəsinin qeyd edilən torpaq sahəsi ilə bağlı hal-hazırda heç bir iddia və tələbi yoxdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İşə baxılması barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 730 № li Sərəncamı ilə iddiaçıya Vişniyovka 1 bağlar sahəsindən 13 nömrəli BTK-da torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı: Bənd 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 730 № li Sərəncamını və 13 nömrəli BTKtərəfiondən verilmiş 86 №-li orderi təqdim edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) təqdim olunmuş X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir; 2) İdarənin arxiv məlumatına əsasən eyni X3 (BTK) nəzdində eyni bağ nömrəsinə dair digər fiziki şəxsin (X8) adına order mövcuddur. 3) Göstərilən torpaq sahəsinin nömrəsi X2 dair yerləşmə sxemində əksini tapmamışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı qeyd edilən normalarda sadalanmış hüquqmüəyyənedici sənəd kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixli, 730 №-li sərəncamı təqdim edir. İddiaçı orderi təqdim etməsə belə, iddiaçının təqdim həmin sərəncam torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. Digər tərəfdən iddiaçı həmin orderin əslini məhkəməyə təqdim etmişdir. Orderin surətinin idarənin arxivində olmaması iddiaçının təqsiri deyil. Həmçinin iddiaçının nümayəndəsi orderin əslini məhkəməyə təqdim etmişdir. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş X9 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsində və məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, “iddiaçının iddia tələbi qanuni və əsaslıdır. Belə ki, Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 6/290 nömrəli qərarına əsasən, Vişniyovka 1 bağlar sahəsindən 13 nömrəli BTK-ya aid 0,12 ha torpaq sahəsi, Б/C №-li order əsasında 1711Б nömrəli bağ sahəsi olaraq ona ayrılmışdır. Daha sonra həmin torpaq sahəsi, onun razılığı əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1993cü il tarixli, 730 №-li sərəncamla Fərzəliyeva (Seyidova) Dilşadxanım Mirtağı qızına verilmiş, həmin torpaq sahəsinin ayrılması barədə Fərzəliyeva (Seyidova) Dilşadxanım Mirtağı qızına 86 №-li order verilmiş və həmin orderdə də bağın nömrəsi 1711Б olaraq göstərilmişdir. Bildirmişdir ki, qeyd edilən torpaq sahəsi onun razılığı əsasında Fərzəliyeva (Seyidova) Dilşadxanım Mirtağı qızın adına keçirilmiş, həmin vaxtdan bugünədək fasiləsiz və etirazsız olaraq həmin bağ sahəsi iddiaçının qanuni istifadəsindədir və iddiaçı qeyd edilən bağ sahəsində tikdirdiyi evdə yaşayır. Onun və ailəsinin qeyd edilən torpaq sahəsi ilə bağlı hal-hazırda heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. O və həyat yoldaşı bu barədə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə notarial təsdiq olunmuş ərizə də vermişlər. Odur ki, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Fərzəliyeva (Seyidova) Dilşadxanım Mirtağı qızının iddia tələbinin təmin edilməsini və qeyd edilən bağ sahəsinə dair onun adına çıxarış verilməsini xahiş etmişdir” Göründüyü kimi qeyd edilən bağ sahəsinə dair iddiaçı və üçüncü şəxs arasında hər hansı mübahisə mövcud deyildir. Hazırkı işin mübahisələndirilməyən halıdır ki, iddia olunan bağ sahəsi iddiaçının faktiki sahiblik və istifadəsindədir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada ailə üzvləri ilə birlikdə yaşayır. Bu fakt üçüncü şəxs tərəfindən də təsdiq olunur və üçüncü şəxsin qeyd edilən bağ sahəsinə dair hər hansı mübahisə və ya tələbi yoxdur. Ona görə də, eyni bağ sahəsinə dair üçüncü şəxsin də adına orderin olması, iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun reallaşdırması üçün mane olmamalıdır. 3-cü halla bağlı məhkəmə qeyd edir ki, göstərilən torpaq sahəsinin nömrəsinin BTKya dair yerləşmə sxemində əksini tapmaması iddiaçının təqsiri deyil. Belə ki, hazırkı işdə BTK-nın yaradılması ilə iddiaçıya torpaq sahəsinin ayrılması eyni vaxta təsadüf etmir. Belə ki, hazırkı torpaq sahəsinin yerləşdiyi Bağ Tikinti Koopeartivi Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 № li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2.06.1988-ci il tarixli 195 № li qətnaməsinə əsasən yaranmış, BTK yaradılarkən ilkin olaraq üzvlərə aid olan bağların yerləşmə sxemi tərtib edilmişdir. Sonradan BTK-ya yeni üzvlər qəbul edilərkən və yeni bağ sahələri ayrılarkən ayrıalan yeni sahələrə uyğun olaraq yerləşmə sxemlərin yenilənməmiş, sonradan ayrılan bağ sahələri sxemdə əksini tapmamışdır. Bu isə iddiaçının məsuliyyət sferasına aid edilən hal deyildir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. “Vişnyovka 1 bağlar sahəsində, 13 nömrəli BTK-ya aid, ümumi sahəsi 0,12 ha olan 1711B nömrəli bağ sahəsinə dair Fərzəliyeva (Seyidova) Dilşadxanım Mirtağı qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin bağ sahəsinə dair ona, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7770/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7770/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver