Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7789/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küç 197 saylı yüksək mərtəbəli çoxmənzilli yaşayış binasında yerləşən , 2-ci blok, 2-ci mərtəbə , ümumi sahəsi 99.08 kv.m olan üç otaqlı , 4 saylı mənzilin müvafiq qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksində, Yusif Eyvazov küç 197 saylı binada inşa edilmiş yüksək mərtəbəli çoxmənzilli yaşayış binasında yerləşən , 2-ci blok, 2-ci mərtəbə ümumi sahəsi 99.08 kv.m olan üç otaqlı , 4 saylı mənzili əvəzi ödənmək (alqı-satqı) yolu ilə pulunu tam ödəməklə ildə almışdır. Bu barədə xx.xx.2021-ci il tarixli , 004003 saylı müqavilə bağlanmış, maliyyə arayışı verilmişdir. Kooperativin həmin tarixli üzvlərin ümumi iclasının 281 saylı protokolundan çıxarışla mənzilə dair payçı olmağı təsdiqlənmişdir. Əmlak illərdir sərəncamındadır, təmir edib orada ailəsiylə yaşayır. Onun barəsində heç bir məhkəmə mübahisəsi yoxdur, üçüncü şəxslərin iddiasından azad əmlak hesab olunur. Mövcud qanunvericiliyi və « Daşınmaz əmlakın Dövlət reyestri » Haqqında Qanunun 2-ci maddəsini və digər müddəalarını rəhbər tutaraq qeydiyyat orqanına müraciət etmiş və əmlakın rəsmi qeydiyyatının aparılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-21-3-30/2-M-0036-8/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə imtina verilmişdir. İmtinanın əsası kimi guya kompleksin 2-ci girişinin istismarına icazəyə dair sənədlərin olmaması göstərilmişdir. Bununla da qeydiyyat orqanı faktiki olaraq qanunsuz və əsassız bəhanə gətirərək çıxarışın verilməsindən imtina etmişdir. Yuxarıda qeyd etdiyi kompleksə dair bütün sənədlər mövcuddur və fakt binalar istismara qəbul edilmişdir. Mənzil illərdir istifadəsindədir və təmir edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi istinad etdiyi yanaşmalar anlaşıqlı deyil və mənzil sahəsinin qeydiyyata alınmasından imtina verilməsi üçün əsassız bir yanaşmadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının 2-ci girişinin istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvanda yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki ümumi sahəsi 92.3 kv.m təşkil edir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -xx.xx.2021-ci il tarixli 004003 nömrəli Müqaviləyə əsasən icraçı "xxxx" MTK və payçı İddiaçı öz aralarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 197 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə imzalayırlar. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 197 ünvanında inşa olunan yüksək mərtəbli yaşayış binasının 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 99.08 kv.m olan, 4 nömrəli mənzil izolə olunmuş ibarət olub 1 pay kimi verilir. -xx.xx.2021-ci il tarixli "xxxx" MTK üzvlərinin ümumi iclasının 281 nömrəli Protokolundan Çıxarışa əsasən İddiaçı "xxxx" MTK-ya üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 197 ünvanında giriş 2, mərtəbə 25, ümumi sahəsi 99.08 kv.m olan 3 otaqlı 4 saylı mənzilin 1 nəfər (özü) ailə tərkibi ilə payçısı olması qəraraq alınmışdır. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Arayışda göstərilmişdir ki, İddiaçı "xxxx" MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 197 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 2-ci mərtəbədə, ümumi sahəsi 99.08 kv.m olan, 3 otaqlı 4 saylı mənzilin dəyərini tam ödəmişdir. -xx.xx.2024-cü il tarixli Ö/006561 nömrəli İstismara hazırlıq Aktına əsasən bu akt Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 197 ünvanında yerləşən 1 ədəd 1 girişli 17 mərtəbəli yaşayış binasında tikinti-quraşdırmaq işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X2 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 28225 nömrəli Rəyə əsasən “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 ünvanında yaşayış binasının tikinti layihəsini konstruktiv dayanıqlılıq baxımından qənaətbəxş hesab edib razılaşmaq olar” nəticəsinə gəlinmişdir. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xx-xx/2025 nömrəli Arayışa əsasən Elita-R" MTK, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il, 115 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048/49 ünvanında yerləşən 3 bloklu, yüksək mərtəbəli yaşayış binalarını inşa etmişdir. 2019-cu ildə binalar istismara qəbul olunanda ünvan təzə qaydalara uygun olaraq dəyişdirilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 193, 195, 197 kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli Sərəncamına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 386 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2004-cü il tarixli, 02 saylı müraciəti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2002-ci il tarixli, 001594 saylı şəhadətnaməsi nəzərə alınaraq, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə, Elita-R MTK-na 3507,1 m² ha torpaq sahəsində yaşayış binaların layihələşdirilməsi və tikintisinə icazə verilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2025-ci il tarixli 3-35/2-2343/2025 nömrəli məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli 346 nömrəli istismara icazə sənədindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllə, Y.Eyvazov küçəsi, 1 girişli, zirzəmili, 17 mərtəbəli (Bina 1) və 1 girişli, zirzəmili, 11 mərtəbəli (bina 3) yaşayış binalarına istismara icazə verilmişdir. Tkintiyə dair icazəverici sənədlər qismində Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı çıxış edir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2020-ci il tarixindən yaşayış binalarının istismarına icazə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-20035/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 197, 4 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-22997/2025 nömrəli məktubu ilə təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 197 ünvanında yerləşən 4 saylı mənzilin faktiki sahəsi 92.3 kv.mtəşkil edir. Mənzil 17 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Faktiki vəziyyətinə görə eskiz tərtib olunmuşdur. Bina istismara qəbul olunmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-42664/2025 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanda çoxmərtəbəli binada mənzillərin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli **********49 nömrəli bməktubda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Yusif Eyvazov küçəsi 197 unvanında inşa edilmiş yaşayış binasının 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən 4 saylı manzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2025-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının 2-ci girişinin istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, İcarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 01 yanvar 2013-cü il tarixədək qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Qanunun: -1-ci maddəsinin 6-cı abzasına əsasən dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ-hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur. -12-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. -17-ci maddəsinə görə şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmə hüquqi və fiziki şəxslərin vəzifələridir. -19-cu maddəsinə görə şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. -25-ci maddəsinin 7-ci abzasına əsasən tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. ““Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 30 avqust 1999-cu il tarixli 187 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 158 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıqtikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, Respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıq tikinti-xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndis-nəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyələrinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1-3.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin, Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X4 Görülməsi və X6 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. 2013-cü il yanvarın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Sadalanan normalardan müəyyən olunur ki, istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyata alan orqana təqdim edilməli olan sənədlər sırasında binanın istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazəni nəzərdə tutmuşdur. Hazırkı halda iddiaçının iddia etdiyi mənzilərin yerləşdiyi çoxmərtəbəli yaşayış binası olmaqla binanın istismara qəbul aktı (istismara icazəsi) yoxdur. Belə olan halda cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2, 8.0.10.1-ci maddələrinə əsaslanaraq, mənzillərin yerləşdiyi yüksəkmərtəbəli yaşayış binasının istismara qəbul aktını tələb etməkdə haqlıdır, cavabdeh inzibati orqana müvafiq yaşayış binasının istismara qəbul aktı təqdim edilmədiyindən, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinası qanunvericiliyin müddəalarına uyğun olmuşdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia olunan mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasında digər əmlaklara dair mülkiyyət hüququ qeydiyyata alınmamışdır. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilə bilməz. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi mənzil 17 mərtəbəli 2 nömrəli yaşayış binasında yerləşən çoxsaylı mənzillərdən yalnız biridir, bina istismara qəbul edilməmiş və həmin binada da (Bina 2) heç bir əmlak qeydiyyata alınmamışdır. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yalnız 2 bina -1 girişli, zirzəmili, 17 mərtəbəli (Bina 1) və 1 girişli, zirzəmili, 11 mərtəbəli (Bina 3) yaşayış binalarının isə istismarına icazə verilmişdir. İddiaçının tamamilə fərqli ünvanlarda yerləşən binalardakı mənzillərə dair mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı məhkəmə qərarlarına gəlincə qeyd edilməlidir ki, həmin binaların iddiaçının iddia etdiyi binaya aidiyyəti olmayıb, fərqli ünvanlarda yerləşir. Məhkəmənin digər binada yerlşən əmlaklara bağlı gəldiyi nəticə yalnız həmin əmlaklarla bağlı olduğundan və cavabdeh inzibati orqan məhkəmə aktından sonra da ümumilikdə istsmara icazə verilməmiş əmlaklara dair hüquqları qeydiyyata alaraq öz inzibati praktikasına çevirmədiyindən, hazırkı halda mövcud olmayan inzibati praktikaya etimad və ya bərabər yanaşılma prinsipi qorunmur və tətbiq edilmir. İddiaçının X1 və Nuriyev Teymurun adına əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasına gəlincə, əvvəla, həmin mənzillərin yerləşdiyi bina Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yerləşən 193 və 195-ci binalardır. İddiaçı tərəfindən mülkiyyət hüququnun qeydiyyatı tələb olunan 197 nömrəli binada isə heç bir mənzil qeydiyyata alınmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7789/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7789/2025
31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver