Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7791/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi) “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, fərdi yaşayış evinin inşa edilməsi üçün X1 “Vətəndaşların fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” 05 dekabr 2000-ci il tarixli 04 nömrəli qərarına əsasən ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində İstiqlaliyyət küçəsində yerləşən 1050,0 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsində əvvəllər mövcud olmuş ümumi sahəsi 46.80 kv.m. olan birmərtəbəli 31 saylı fərdi yaşayış evinin sökülərək, əvəzində yeni inşa edilmiş ümumi sahəsi 298,7 kv.m. olan yeddi yaşayış otağından ibarət bir mərtəbəli və mansardlı 31 saylı fərdi yaşayış evi üzərində tam xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “İddiaçı fərdi yaşayış evinin inşa edilməsi üçün X1 05 dekabr 2000-ci il tarixli 04 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində İstiqlaliyyət küçəsində yerləşən 1050,0 kv.m yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsində yeni inşa etdiyi ümumi sahəsi 298,7 kv.m olan yeddi yaşayış otağından ibarət bir mərtəbəli və mansardlı 31 saylı fərdi yaşayış evi üzərində tam xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində daimi istifadəsində olan 0.0068 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsində inşa etdikləri, tam xüsusi mülkiyyətində olan ümumi sahəsi 46.80 kv.m-dən ibarət birmərtəbəli 31 saylı fərdi yaşayış evində yaşayırdılar. Həmin fərdi yaşayış evinin ailə üzvlərinin yaşamaları üçün çox darısqal olduğuna görə 2023-cü ildə tamamilə sökülmüş, əvəzində ümumi sahəsi 298,7 kv.m. olan yeddi yaşayış otağından ibarət 1.235 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsində yerləşən yeni bir mərtəbəli və mansardlı fərdi yaşayış evi tikilmişdir və hal-hazırda orada yaşayırlar. Fərdi yaşayış evinin yerləşdiyi 1235 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsinin 680 kv.m. hissəsi üzərində daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********41-10301, qeydiyyat tarixi isə xx.xx.2023-cü il olan çıxarışa əsasən o İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alınsa da, qalan 555 kv.m. hissəsi Bilgəh bələdiyyəsinə məxsusdur. Qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi qeyd olunmuşdur. Yenə həmin Qanunun 7.3-cü və 7.3.1-ci maddələrinə görə bələdiyyə torpaqları fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına haqqı ödənilməklə xüsusi mülkiyyətə verilir. Qeyd edir ki, yuxarıda adıçəkilən çıxarışın verilməsinə əsas olmuş hüquq müəyyənedici ilkin arxiv sənədlərinin surətləri sorğu əsasında cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən (bundan sonra - 1 saylı Bakı Ərazi İdarəsi) əldə ediləndə məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi istifadəsində olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsinin ölçüləri rəsmi sənəddə olduğundan az göstərilmişdir. Belə ki, “Vətəndaşlara fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılması haqqında” X1 14 nömrəli xx.xx.2002-ci il tarixli qərarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.2000-ci il tarixli 04 nömrəli protokoluna əsasən vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün Bilgəh qəsəbə ərazisindən 10,5 ha torpaq sahəsi ayrılmışdır. Bununla da təsdiq edilir ki, sökülən 31 saylı fərdi yaşayış evinin əvəzinə yeni inşa edilən fərdi yaşayış evinin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində daimi istifadəsində olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsinin ölçüsü 0.0068 ha deyil, 10,5 ha təşkil edir. Lakin, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********41-10301, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində İddiaçı tam xüsusi mülkiyyətində olan 31 saylı fərdi yaşayış evinin 0.0068 ha torpaq sahəsində yerləşdiyi göstərilmişdir. Məlumdur ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair əsas hesab olunur. Hazırkı vəziyyətdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində İddiaçı tam xüsusi mülkiyyətində olan 31 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0.0068 ha ölçüdə deyil, 1050,0 kv.m. ölçüdə olmalı, bu səbəbdən də Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda müvafiq düzəlişlər edilməlidir.
5. Cavabdeh imtinasını onunla əslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin söküldüyü nəzərə alaraq, xx.xx.2025-ci il tarixli ərizəyə əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna daşınmaz əmlakın dövlət reyestrində xitam verilmişdir.
6. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeydiyyatdan keçmiş fərdi yaşayış evinin söküldüyü, yeni fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Odur ki, sökülmüş fərdi yaşayış evinin məhvinə dair notariat qaydasında təsdiq edilmiş ərizə təqdim edilməlidir. Bundan başqa, təqdim edilmiş X1 xx.xx.2002-ci il tarixli, 14 nömrəli qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu təqdim edilməmişdir. Eyni zamanda, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla Bilgəh bağ massivi ərazisində yerləşir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
7. Məhkəmə sorğusu əsasında əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan 679852 nömrəli çıxarışında qeyd edilmişdir ki, ünvan 2 ünvanında qeydə alınmış 46.8 kv.metr fərdi yaşayış evi İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.
8. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.105 ha, faktiki sahə üzrə 0,123 ha təşkil edir. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Torpaq sahəsi üzərində qeydiyyatdan keçmiş **********41-10301 reyestr nömrəli fərdi yaşayış evi sökülmüşdür, yeni ev inşa edilmişdir. Göstərilən torpaq sahəsinin mövcud vəziyyətinin koordinat cədvəli əlavə edilir.
9. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş X1 vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında xx.xx.2002-ci il tarixli 14 nömrəli qərarından olan çıxarışda qeyd edilmişdir ki, İddiaçı fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisində 10,5 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 117 nömrəli məktubunda qeyd edilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000-2008-ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün arxiv idarəsinin xx.xx.2009-cu il tarixli akta əsasən məhv edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
22. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
23. Məhkəmə qeyd edir ki, dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr səlahiyyətlidir.
24. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən:
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
25. Torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur.
26. İş materiallarına olan X1 xx.xx.2002-ci il tarixli 14 nömrəli qərarından görünür ki, İddiaçı istifadəsinə 0.105 ha torpaq sahəsi ayrılmışdır, lakin məhkəmə iş materiallarını nəzərdən keçirərkən İddiaçı ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hər hansı bir mötəbər sənəd (yerləşmə cizgisi) aşkar etməmişdir. Həmçinin alqı-satqı aktı iş materiallarına əlavə edilməmişdir.
27. Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 9-cu maddəsinə (23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunundan əvvəlki redaksiyasına əsasən) əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir.
28. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
29. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
30. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.
31. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
32. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
33. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən təqdim edilən sənədlərdən müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda inzibati orqan tərəfindən qeydiyyatdan keçmiş torpaq sahələri bələdiyyələrin müvafiq qərarları ilə verilməmişdir, bağların ərazisi olmaqla, Bağlar Təsərrüfatı İdarəsinin orderləri ilə ayrılmışdır. Odur ki, qeyd edilən torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aiddir. Həmin torpaq sahəsinin “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilməsi isə müəyyən olunmur.
34. Məhkəmə iddiaçının torpaq sahəsi üzərində yeni inşa edilmiş ümumi sahəsi 298,7 kv.m olan 7 (yeddi) yaşayış otağından ibarət bir mərtəbəli və mansardlı 31 saylı fərdi yaşayış evinin qeydiyyata alınması tələbinə münasibətdə qeyd edir ki, sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasını təsdiq edən qanunvericilikdə təsbit edilmiş hər hansı hüquqmüəyyənedici sənədi iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
35. Belə ki, fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektin olub-olmamasını və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə müvafiq icra hakimiyyətinə məlumat verilməsini təsdiq edən ərizə məhkəməyə təqdim edilməmişdir.
36. Yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
37. Bu səbəbdən iddia əsassız hesab edilməli və rədd edilməlidir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva