Məhkəmə qərarları › İş №e-2-1(112)-7792/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7792/2025

20.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7792/2025 20.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və planölçünün verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 38 saylı qərar və “Torpaqların alqı-satqısına dair akt” ilə iddiaçının istifadəsində olan, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətində verilmiş, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 38 saylı qərarı və “torpaqların alqı-satqısına dair akt” ilə iddiaçının istifadəsində olan, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 495,6 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, həmin torpağa dair plan və ölçü sənədinin tərtib edilərək verilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu,M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 38 saylı qərarına əsasən iddiaçının istifadəsində olan 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə satılmışdır. İddiaçı torpaq sahəsinin dəyəri olan 12500 manatı Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinə ödəmişdir. İddiaçıya satılmış həmin torpaq sahəsi ilə bağlı Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddia olunan ərazi dövlət torpağıdır və torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, cizgidə bələdiyyə qərarına istinad olunmamışdır. Əlavə olaraq qeyd edilir ki, yerində inventarlaşdırma işləri aparmaq məqsədilə iddiaçı ilə əlaqə saxlanılmış, lakin mütəxəssislərə texniki baxışın keçirilməsinə imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 38/47 saylı qərarına əsasən iddiaçıya M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan torpaqların alqı-satqısına dair akta əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 500 kv.m torpaq sahəsini iddiaçıya satmışdır. İşdə olan BƏÜ seriyalı, 324783 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin hesabına 12500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 38/47 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda tərəfindən qəbul edilmiş qərarların Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi bildirilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə qeyd olunan torpaq sahəsinin yaxınlığında **********5 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlaın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsindəki torpaq sahəsi faktiki 495.6 kv.m təşkil edir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 495.6 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsinin sərhədləri şərq tərəfdən şərti, şimal tərəfdən mişar daş hasar və qismən şərtidir. Digər iki tərəfdən mişar daş hasarla sərhədlənib. Sahə üzərində tikili yoxdur. Sözügedən sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Zığ Zeytunçuluq sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 38 saylı qərarına əsasən alqı-satqı yolu ilə ona ayrılan torpaq sahəsi və üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, iddia olunan ərazi dövlət torpağıdır və torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, cizgidə bələdiyyə qərarına istinad olunmamışdır. İnventarlaşdırma işləri aparmaq məqsədilə iddiaçı ilə əlaqə saxlanılmış, lakin mütəxəssislərə texniki baxışın keçirilməsinə imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Göründüyü kimi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 38 saylı qərar və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçının tələbinin əsasını təşkil edən sənədlərin mötəbərliyi məhkəmədə şübhə doğurmur. İlk öncə qeyd edilməlidir ki, cavabdehin iddiaçının tələbindən imtina əsasları onun tələbinin təmin edilməməsi üçün əsas deyildir. Belə ki, torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülərin qeyd olunmaması, cizgidə bələdiyyə qərarına istinad olunmaması müvafiq orqanın səlahiyyətləri daxilində həll etməli olduğu məsələlərdir və bunda iddiaçının heç bir təqsiri olmadığı üçün həmin hallar onun ziyanına şərh edilə bilməz. Digər tərəfdən, bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsini bələdiyyə vətəndaşa ayıra bilməzdi. Göründüyü kimi mübahisəli torpaq sahəsi bələdiyyə ərazisi daxilində yerləşir və həmin sahənin dövlət mülkiyyətində olması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış və uzun illər iddiaçının qanuni sahibliyində və mübahisəsiz istifadəsində olmuşdur. Torpaq sahəsinə hər hansı digər şəxsin müraciəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Qeyd edilməlidir ki, cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə qeyd olunan torpaq sahəsinin yaxınlığında **********5 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən ərazidə bir şəxsə Bakı şəhəri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin qərarı ilə torpaq sahəsi ayrılmış və həmin qərar əsasında həmin şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxsin hüquqları qeydə alındığı halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün hər hansı əsas mövcud deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 38 saylı qərarı və “torpaqların alqı-satqısına dair akt” ilə iddiaçının istifadəsində olan, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 495,6 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınması, həmin torpağa dair plan və ölçü sənədinin tərtib edilərək verilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli, 38 saylı qərar və “torpaqların alqı-satqısına dair akt” ilə İddiaçı mülkiyyətinə verilmiş M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 495,6 kv.m. torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, həmin torpağa dair plan və ölçü sənədinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar